Görkəmli ədibin pedaqoji ideyalarının

araşdırılmasına həsr olunmuş monoqrafiya

 

Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətə və həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi ilə  bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi-əxlaqi-pedaqoji sərvətləri öyrənmək, onları pedaqoji təfəkkür süzgəcindən keçirib müasir gəncliyin tərbiyəsində istifadə etmək və məktəb təcrübəsinə gətirmək tədqiqatçıları düşündürən ciddi problemlərdən biri olmuşdur. Çünki yeni pedaqoji fikir keçmişin mütərəqqi irsi ilə orijinal fikirlərin sintezindən yarana bilər. Elə buna görə də Azərbaycanda təlim və tərbiyənin yeni konsepsiyasını, inkişaf tendensiyalarını müəyyənləşdirməyə çalışan tədqiqatçılar Azərbaycan pedaqoji irsindəki qabaqcıl ideya, fikir və təcrübələrin, ayrı-ayrı söz xiridarlarının (Nizami Gəncəvinin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Seyid Əzim Şirvaninin, Həsənbəy Məlikovun, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Firidun bəy Köçərlinin, Məhəmməd Tağı Sidqinin və b.) təlim-tərbiyə ilə bağlı fikirlərinə girişdilər. Bu istiqamətli tədqiqatların indi də davam etdirilməsinə çox böyük ehtiyac vardır. Çünki hələ də xalqımızın bəşəri övladlarının heç də hamısının pedaqoji irsi layiqincə araşdırılmamışdır. Bu baxımdan, Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində Hüseyn Cavidin pedaqoji fəaliyyətinə dair araşdırma gərəklidir, əhəmiyyətlidir və aktualdır. Xalqın gələcək taleyinin böyüyən nəslin məqsədəmüvafiq təlim-tərbiyəsindən çox asılı olduğunu aydın dərk edən Hüseyn Cavid həm də alovlu maarifçi-pedaqoq olmuşdur. Fikrimizcə, ulu öndər Heydər Əliyevin böyük mütəfəkkir Hüseyn Cavid haqqında yürütdüyü mükəmməl fikir Cavid əfəndini Azərbaycan pedaqoji fikir nümayəndələri sırasına daxil etməyə tam əsas verir: “Hüseyn Cavidin əsərlərini alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də, böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə edənlərin borcu ondan ibarətdir ki, Hüseyn Cavidin əsərlərini hamıya çatdırsınlar, xüsusən bizim gənclərə”.

Təbii ki, görkəmli Azərbaycan maarifpərvəri Hüseyn Cavidin ədəbi, bədii, fəlsəfi irsi ilə bağlı dəyərli araşdırmalar aparılmış, haqqında monoqrafiyalar, dissertasiyalar və məqalələr yazılmışdır. Çünki ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Hüseyn Cavidin zəngin pedaqoji irsinə: maarif, məktəb, təlim-tərbiyə, qadın təhsili, uşaq ədəbiyyatı ilə bağlı fikirlərinin təhlilinə bu gün də belə ehtiyac duyulmaqdadır. Hüseyn Cavidin zəngin irsi bu gün də böyüyən nəslin təlim-tərbiyəsində mühüm rol oynayır. XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikrini və təhsil tarixini onsuz təsəvvür etmək qeyri-mümkündür. Dövrün elə bir mühüm pedaqoji problemi yoxdur ki, Cavid əfəndi ona müdaxilə etməsin və onun yüksək səviyyədə həllinə nail olmasın. Bu baxımdan, Əməkdar müəllim Kamal Camalovun “Hüseyn Cavid və məktəb” adlı monoqrafiyası xüsusi maraq doğurur. Bu əsər Hüseyn Cavid kimi görkəmli bir şəxsiyyətin pedaqoji ideyalarının araşdırılmasına həsr olunmaqla yanaşı, həm də pedaqoji fikir tariximizin indiyə qədər boş qalan bir hissəsini doldurmağa xidmət edir.

Belə hesab edirəm ki, oxucularının görüşünə “Hüseyn Cavid və məktəb” adlı monoqrafiya ilə gəlmiş Kamal Camalovun bu əsəri həmişə aktual olacaq bir mövzuya həsr olunduğundan gərəklidir, Cavidlər ailəsinin ruhuna ehtiramın ifadəsidir və cavidşünaslığa bir töhfədir.

144 səhifədən ibarət olan bu əsər giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyatdan ibarətdir. “Hüseyn Cavid və məktəb” adlı monoqrafiyanın girişində mövzunun aktuallığı əsaslandırılır. Hüseyn Cavidin pedaqoji fəaliyyətinin, yeri və əhəmiyyətinin tədqiqi zərurətinin müstəqil dövlətimizin milli-mədəni irsə qayğıkeş münasibətindən, gənc nəsli məktəb və pedaqoji fikir tarixi ilə yaxından tanış etməyin əhəmiyyətindən irəli gəldiyi göstərilir. Qeyd olunur ki, Cavid əfəndi ötüb keçənlərə deyil, dünəndən bu günə baxmış, sanki dünəni bugünləşdirmiş, dünənə bu günün çalarlarını əlavə edərək sabaha aparmış, əbədiləşdirmişdir. Azərbaycan xalqının milli-ictimai oyanışına, özünütəşkili, özünüifadə və özünütəsdiqinə demək olar ki, bir zəmin yaratmışdır. Artıq H.Cavid inqilabi-siyasi mübarizənin hazırlanma yolunu ideoloji maarifçi problemlərinin həllində axtarmağa başlamışdır.

Monoqrafiyanın birinci fəsli “Hüseyn Cavidin həyatı, yaradıcılığı və müəllimlik fəaliyyəti” adlanır və üç yarımfəsildən ibarətdir. Burada, XX əsrin əvvəllərində Azərbaycanda məktəb və maarifin, təlim və tərbiyənin ümumi məsələlərinə toxunulur, pedaqoji fikrin inkişafında mühüm xidmətləri olan Hüseyn Cavidin həyatının və yaradıcılığının ən mühüm dövrləri təhlilə cəlb olunur. Maarifçilik fəaliyyəti, ictimai-siyasi görüşləri ilə bağlı daha ətraflı və səhih məlumat vermək məqsədilə tədqiqatçı xeyli arxiv materiallarını və ilk mənbəni tədqiqata cəlb etmiş, Hüseyn Cavidlə bağlı yazılmış demək olar ki, bütün elmi əsərləri saf-çürük etmişdir. Bütün bunlar tədqiqatçıya imkan vermişdir ki, mükəmməl bir monoqrafiya yazsın. Birinci fəsildə ön söz müəllifi akademik İsa Həbibbəylinin sözləri ilə desək, “Kamal Camalov ilk dəfə olaraq Hüseyn Cavidin həyatı və yaradıcılığını pedaqoji aspektdən əhatəli və sistemli şəkildə tədqiqata cəlb etmiş, geniş təhlillər aparmış, zəruri və əhəmiyyətli nəticələrə gəlmiş” və yaxud, Hüseyn Cavidin ömür və sənət yolu şəxsiyyət və mühit münasibətləri sistemi daxilində öyrənilmiş, dövrün ictimai-siyasi hadisələri və pedaqoji hərəkat şərtləndirilmiş, onun yaradıcılığı, zəmanəsində baş verən ictimai-siyasi proseslərin və mədəni quruculuğun meyilləri, müəllimlik fəaliyyəti, həmçinin müəllim şəxsiyyəti və müəllim hazırlığı haqqında olan fikirləri ümumiləşdirilərək monoqrafiyada əks etdirilmişdir.

Monoqrafiyanın “Hüseyn Cavidin maarifçilik ideyaları” adlı ikinci fəslində Hüseyn Cavidin ümumi təhsil, təlim məsələləri, ana dilinin tədrisi, müəllim-tərbiyəçi şəxsiyyəti ilə bağlı fikirləri təhlil predmetinə çevrilir. Təlimin mahiyyəti, məzmunu, prinsip və metodları, ümumi, icbari, pulsuz olması ilə bağlı H.Cavidin fikirləri üzə çıxarılır və eləcə də romantik şairin nəzəri irsindəki ideyalar elmi-pedaqoji aspektdən təhlil olunur. Maraqlı cəhət odur ki, Hüseyn Cavidin fikirləri sadəcə təsvir olunmur, təhlil olunur və ümumiləşdirilir.

“Hüseyn Cavidin milli-mənəvi tərbiyə ideyaları” adlı üçüncü fəsildə isə böyük mütəfəkkirin əxlaq tərbiyəsi ilə bağlı fikirləri sistemləşdirilir, ümumiləşdirilir və müasir məktəb təcrübəsində istifadə imkanları üzə çıxarılır. Onun tərbiyə ilə bağlı ideyaları həm Şərq, həm də Qərbi Avropa alimlərinin fikirləri ilə səsləşir. Hüseyn Cavidə görə, tərbiyənin məqsədi saf əxlaqa malik əqilli, kamil və vətənpərvər insan tərbiyə etməkdən ibarətdir.

Monoqrafiyada Hüseyn Cavidin vətənpərvərlik, humanizm, dostluq və yoldaşlıq, əmək tərbiyəsi, ailə tərbiyəsi ilə bağlı fikirləri sistemləşdirilir. Bu məqsədlə Hüseyn Cavidin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Knyaz”, “Peyğəmbər”, “Afət”, “Topal Teymur” və s. əsərləri pedaqoji aspektdən təhlilə cəlb olunur. H.Cavid tərbiyənin məqsədi, vəzifələri ilə bağlı aydın fikrə malik olduğu kimi, təlim-tərbiyədə yol verilən qüsurların aradan qaldırılması ilə bağlı da aydın təsəvvürə malikdir. O, insan tərbiyəsindəki qüsurların səbəbini üzə çıxarır, onların islah yolunu müəyyənləşdirir. Monoqrafiyada işıqlandırılan bir məsələyə nəzər salaq: “Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlasın” - deyir (səh.115). Tərbiyə prosesində gərəkli olan bu vasitələr haqqında monoqrafiyada kifayət qədər material vardır. Hüseyn Cavid böyüyən nəslin təlim-tərbiyəsi, onun mahiyyəti, məzmunu, prinsip və metodları ilə bağlı orijinal fikirlər müəllifidir. Azərbaycanda yeni üsullu məktəblərin açılmasında, milli dərsliklərin yaradılmasında, təlimin ana dilində aparılmasında Cavid əfəndinin böyük xidmətləri vardır. Qeyd etdiyimiz kimi, Hüseyn Cavidin fəaliyyəti çoxşaxəlidir. Onun uşaq ədəbiyyatı ilə bağlı maraqlı fikirləri vardır. Cavid uşaqlar üçün yazdığı şeirlərdə artıq romantik yox, realist uşaq ədəbiyyatının yaradıcısı olmağa çalışmış, yoruculuğa, darıxdırıcılığa, sıxıntıya, səmərəsizliyə qarşı çıxmışdır. Öz uşaq ədəbiyyatı nümunələri ilə (“Qız məktəbində”, “Sevinmə, gülmə quzum”, “Öksüz Ənvər”, “İlk bahar”, “Çiçək sevgisi”, “Qoca bir türkün vəsiyyəti”, “Hərb və fəlakət”, “Kiçik sərsəri” və s.) uşaqlarda ideyalılıq, həyatilik, doğruçuluq, yüksək bədiilik, zəngin bədii təxəyyül və s. kimi əxlaqi keyfiyyətlər aşılamağa çalışmışdır.

Monoqrafiyanın nəticə hissəsi əsərin məzmununu əhatə edən ümumi müddəalar, ümumiləşdirmə səviyyəsi və lakonikliyi ilə seçilir. Nəticə on müddəa ilə ümumiləşdirilir. Əsərin dili aydındır, səlistdir və elmi üslubda yazılıbdır.

Mədəni aləmin görkəmli nümayəndəsi olan Hüseyn Cavidin pedaqoji ideyalarını “Hüseyn Cavid və məktəb” adı altında tədqiqata cəlb edən, gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini əsaslandıran, çağdaş dövrümüz üçün əhəmiyyətli elmi müddəalar irəli sürən Kamal Camalovun bu istiqamətdə tədqiqatı davam etdirməsini yüksək qiymətləndirir və ona yeni-yeni uğurlar diləyirəm.

 

Piralı ƏLİYEV,

 

pedaqogika üzrə elmlər doktoru, professor,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Azərbaycan müəllimi.- 2018.- 13 aprel.- S.15.