25 illik sirr
Azərbaycan Dövlət İqtisad
Universitetinin əbədi tələbəsi Baxış
Hüseynov
Lent.az-da
“Əbədi tələbələr” layihəsinə davam
edirik. Bu dəfə Azərbaycan Dövlət İqtisad
Universitetinin əbədi tələbəsi Baxış
Hüseynovun doğmalarının, dostlarının yaddaşındakı
xatirələri bir araya toplamışıq...
Amma
öncə öz yaddaşıma həkk olunan bir məqamı
qeyd edəcəyəm. Təxminən bir il öncə idi.
Baxışın anası Diləfruz xanım oğlunun
universitetin arxivində qorunan şəxsi işini vərəqləyib,
onun öz xətti ilə yazdığı cümlələrə,
həll etdiyi tənliklərə sükutla sığal
çəkəndə mən rəssam olmağı həyatda
hər şeydən çox istəmişdim... Onun hərflərə,
rəqəmlərə çəkdiyi sığalın rəsmini
çizmək üçün... Bilmirəm, gözüm
önündə canlanan bu rəsm dünyadakı
savaşları durdurardı, yoxsa qadınlar ana olmaqdan imtina edərdi...
Amma bu, mənim həyatda gördüyüm və heç
unutmadığım ən kədərli mənzərələrdən
biri idi...
Onun bu
sözləri də yaddaşıma güllə kimi
sancıldı:
-
Qızım, mən onu iki gün gözlədim... Bax, onda
inandım ki, dünyada cənnət də, cəhənnəm
də var... (Ağlayır...) Məndən gizlətdilər...
Balam harasından yaralanıb, necə həlak olub, demədilər...
Onu
torpağa tapşırdığımız gecə evdə
hamının yatmasını gözlədim... Gecə
yarısı... hamının yatdığından əmin
olandan sonra gizlicə həyətə çıxıb,
balamın qanlı paltarları basdırılan yeri tapıb,
qazdım... Övladımın bir neçə gün öncə
əlimlə geydirdiyim maykasını çıxartdım...
Sonuncu döyüşündən bir neçə gün əvvəl
evə gəlmişdi, paltarlarını yuyub təmizləyib,
təzə mayka geydirmişdim... Həmin mayka idi... bircə...
bircə sinəsi yox idi... Bildim ki, balamı ürəyindən
vurublar... Baxışımın qoxusu hopan, qanı
qarışan maykanı o vaxtdan qoruyub saxlayıram... Son
günümə qədər də saxlayacağam...
O vaxtdan
25 il keçib... İndi mən onlu xatirələri bir araya
toplamaq üçün Baxış Hüseynovdan qalan əşyalarla
tanış olanda ilk diqqətimi çəkən 20 yanvar
şəhidləri haqqında hazırlanan buklet oldu... Hadisə
vaxtı Baxış məktəbin sonuncu sinfində
oxuyurmuş... Elə bu bukletin izi ilə də yola
çıxıb onu ən yaxın dostu, sinif yoldaşı
Nurəddin Neciyevin dilindən dinləyirəm:
- Sinifdə
29 uşaq idik... Sinif nümayəndəmiz Baxış həm
də ən yaxşı oxuyanımız idi. Onun
qarşısında çox işıqlı gələcək
var idi. Çünki savadı və bacarığı ilə
bütün sinifdən seçilirdi... Hamımıza nümunə
idi... Kimin ağlına gələrdi ki, bu qədər həyat
dolu bir insan cəmi iyirmi il ömür yaşayacaq? Məktəbi
bitirən ili Baxış ali məktəbə qəbul
olundu... Belə də gözləyirdik, çünki tək
sinfin yox, məktəbin əlaçısı idi... Amma təhsilini
yarımçıq qoyub, döyüşə yollandı... Nə
deyim... Mən onunla bağlı ancaq gözəl günlərimi
xatırlayıram, çünki Baxışla birlikdə
uşaqlığımızın xoş, qayğısız,
unudulmaz günlərini yaşamışıq... Sonra isə
yaddaşımda çox qısa-qısa xatirələrim
var... Çünki arada bir neçə günlük evlərinə
gələndə görüşürdük... Çox vətənpərvər,
igid oğlan idi. İştirak etdiyi döyüşlərdən
elə şövqlə, ümidlə danışırdı
ki... Sonuncu görüşümüz yadımdadır...
Söhbət etdik, dedim qardaş, bir-iki gün də qal, dedi,
yox, Nurəddin, ürəyim ordadır, getməliyəm...
Nurəddin
“Baxışın məktəbdən sonrakı həyatı haqda
sinif yoldaşımız Nazim daha ətraflı danışa
bilər, cəbhəyə birlikdə getmişdilər”, -
deyir. Nazim Ərəbov isə xatirələrini bir
döyüşçü dəqiqliyi ilə gününə,
ayına, ilinə qədər danışır:
- 1980-ci
ildə 1-ci sinfə getdik... 1990-cı ildə məktəbi
bitirdik... Baxış bütün fənləri yaxşı
oxuyurdu, rus, alman dillərində sərbəst
danışırdı, amma riyaziyyat sahəsində fitri
istedadı var idi. Atası, böyük qardaşı Azərbaycan
Dövlət İqtisad Universitetini bitirmişdilər,
anası mühasib idi, Baxış da mühasib olmaq istəyirdi...
Ancaq müharibə o illərin çox gənci kimi
Baxışın da arzusunu yarımçıq qoydu... 1992-ci
il mayın 4-də biz milli ordunun ilk əsgərləri kimi
birlikdə döyüşə yollandıq... Sinif
yoldaşından döyüş yoldaşına
çevrildik... Baxış necə ki, sinfin ən
yaxşı şagirdi idi, şəhid olduğu günə
kimi də batalyonun ən nümunəvi əsgəri oldu...
Beyləqanın
Şərq kənd tam orta məktəbinin müəllimi
Ülkər Mirzəliyeva isə tək onu yox, bütün
şəhid şagirdlərini xatırlayır:
- Uzun illər
kənd məktəbində ədəbiyyat dərsi demişəm.
Yüzlərlə məzunumuz olub, ancaq o oğulların...
ömrü yarıda qırılmış o balaların
üzünü bu gün də unutmuram... Neçə-neçə
məzunumuz şəhid oldu... İndi o illəri yenidən
xatırlayıram... Kəndimizin müəllimləri
üçün bu əsl dəhşət idi... Təsəvvür
edin, körpəliyindən əlindən tutub yazmağı
öyrətdiyimiz uşaqlar cəmi bir neçə ildən
sonra bizi qorumaq üçün döyüşə
yollandılar... Onlar müharibəyə gedəndə də hələ
bizim üçün uşaq idilər... Amma... amma kəndimizə
tabutlarına sığmayan balalar kimi qayıtdılar...
...Baxış
da onlardan biri idi. İftixar hiss ilə deyirəm ki,
bütün məktəbin əzizi olan Baxış çox
şərəfli ömür yaşadı. Şagird kimi
bütün müəllimlərin sevimlisi idi. Özünəməxsus
xarakteri ilə bütün yoldaşlarından seçilirdi.
Onu həmişə səliqəli məktəb formasında
görməyə alışmışdıq, sonra Bakıya
oxumağa getdi, bir də gördük əsgər
formasında kəndə qayıdıb...
Yaraşırdı... Şux qaməti, gözəl siması,
elmə açıq zəkası və ağıllı
baxışları var idi... Bu gün kəndimizin girişində
şəhidlərin xatirəsinə ucaldılan lövhədə
o yenə də ağıllı baxışları ilə gələnləri
salamlayır... Və bu, həmişə də belə
olacaq... Bir gün biz dünyada olmayanda da Baxış
ağıllı baxışları ilə kəndin
girişində hər kəsi salamlayacaq... Bizi son mənzilə
yola salacaq...
Baxış
altı uşaqlı ailənin beşinci övladı olub.
Kiçik bacısı dünyaya gələnə qədər,
on il ərzində hamı ona sonbeşik kimi yanaşıb, əzizləyib.
Baxış sevgi içində böyüyüb. Atası
müharibədən qayıtmayan atasının adını
verib ona – Baxış... Adı ilə bir yerdə taleyini də
verdiyinin fərqində olmadan...
Baxışın
bacısı Afət xanım onu belə xatırlayır:
-
Çox cılız, cansız bir uşaq idi... Məktəb
şəkillərinə fikir verin, uşaqların
çoxundan balacadır... Sonra qəfil boy atdı... Düz
qamətli, yaraşıqlı, alagözlü oğlan idi və
görkəmi ilə diqqəti cəlb edirdi... Daxili aləmi də
çox zəngin idi, kəndimizin kitabxanasında
oxumadığı kitab qalmamışdı... Dostluq etməyi
bacarırdı, sinif yoldaşları ilə çox mehriban
idi... Hətta Nurəddinlə o qədər yaxın idi ki,
indi hərdən düşünürəm yəqin
Baxış bizə demədiyi sözləri onunla
bölüşüb... Yəqin Nurəddin Baxış
haqqında bizdən çox bilir...
Qəribə
idi, məndən yeddi yaş kiçik olsa da onun yanında
özümü çox rahat, arxayın hiss edirdim. Bilirdim ki,
nə baş versə, Baxış həll yolunu tapacaq...
Sonralar, o dünyadan köçəndən sonra bildim ki,
Baxış bu güvən hissini tək mənə yox,
bütün ətrafına verirmiş. Rəhmətə gedəndə
onu tanıyanlar, dostları, kənd camaatı deyirdi ki, sanki
iyirmi yaşlı oğulu deyil, qırx yaşlı bir
kişini itirdik... O, hər kəsin xatirəsində belə
qalmışdı...
Baxışın
həyat eşqi çox güclü idi... Çox zəhmli
baxışları var idi... Ciddi, amma yaxınlaşıb
danışanda çox zarafatcıl idi... Sinif
yoldaşları ilə daima zarafat edir, onlara gülməli
şeirlər həsr edirdi... Yumor hissi çox güclü
idi və istedadlı zarafatları olurdu... Bəlkə elə
buna görədir ki, onu üzümdə təbəssümlə
xatırlayıram...
Universiteti
bitirib kəndimizə yeni qayıtmışdım. Məktəbdə
alman dilindən dərs deyir, Baxışgilin müəllimləri
xəstələnəndə onu mən əvəz edirdim. Bir
dəfə soruşdu ki, bacı, elə bilirsən uşaqlar
dərsdə sənə görə sakit otururlar? Dedim, bəs
necə? Cavab verdi ki, yox, mənə görə sənə
hörmət edirlər...! (Gülür...) Bax,
Baxışı düşünəndə xatirələri
onun yoxluğunu unutdurur və üzüm gülür...
Özüm güləndə onun gülüşünü də
xatırlayıram... Soğan oğlan Çippolinoya necə
gülürdü, o yadıma düşür... Sevinirəm,
elə bilirəm yanımdadır, indi əlindən tutacam.
Sonra anlayıram ki, Baxış artıq 25 ildir yoxdur...
Könül
bacısı da Baxışı təbəssümü ilə
xatırlayır:
-
Qardaşım çox zarafatcıl, həyat dolu insan idi. Onu
ancaq üzündə təbəssümü ilə
xatırlayıram... Tələbə olmaq ən böyük
arzularından biri idi, ancaq bu sevinci sonuna qədər yaşaya
bilmədi. “Müharibə qurtarandan sonra oxuyaram. İndi əsas
məsələ odur ki, torpaqlarımızı düşməndən
qoruyaq. Əgər torpaqlarımızı qoruya bilməyəcəyiksə,
onda bizim oxumağımızın, ali təhsil
almağımızın nə mənası var” deyirdi...
İl yarım ən ağır döyüşlərdə
iştirak etdi... Odun, alovun içindən bir neçə
saatlığa vaxt tapıb evimizə gələndə də
öz zarafatlarından qalmır, mütləq nəsə bir
söz deyib üzümüzü güldürürdü...
Onunla birlikdə bizim həyatımızdan o sevinc, o
gülüş də getdi...
Ailənin
sonbeşiyi Aynur:
-
Baxışla 11 yaş fərqimiz var idi. Mənə qədər
evin kiçiyi o olmuşdu, ailənin bütün sevgisini,
xüsusi diqqətini görmüşdü. Həmin sevgi və
qayğını da daima mənə göstərirdi... Bu
gün kimi xatırlayıram, valideynlərim işdə,
bacı-qardaşım məktəbdə olanda
saçlarımı Baxış darayıb, hörərdi ki,
səliqəsiz, baxımsız uşaq kimi görünməyim...
25 il keçib, amma onun sığalını bu gün də
saçlarımda hiss edirəm...
- Əsgər
Baxışı necə xatırlayırsınız?
Könül:
Çox qorxmaz, cəsur insan idi. Arada imkan edib evə gələndə
də döyüşdən danışmaz, daha çox şən
əhvalda görünməyə cəhd edər, ürəyimizi
sevindirməyə çalışardı. Onun
döyüşdə etdiyi qəhrəmanlıqları ancaq cəbhə
dostlarından eşidib öyrənərdik... Biz
döyüşlər haqda soruşanda
narahatlığını büruzə verir, “axı niyə
biz torpaqlarımızı itirməliyik”, deyirdi... Bir neçə
günlük məzuniyyətində kənddə camaatın
sakit həyatına davam etməsinə əsəbiləşirdi.
Deyirdi, “bu saat bütün ölkə bu barədə
düşünməlidir ki, biz torpağımızı
itiririk...”
Söhbətimizə
böyük bacısı Məhruzə xanım qoşulur:
-
Baxış Xocavənd rayonu ərazisində Ağburun
yüksəkliyində xidmət edirdi. Bir dəfə möhkəm
atışma oldu. Səs bizim kəndə qədər gəlirdi...
Bilirdik ki, atəş o olan istiqamətdədir... O
döyüşdən sonra Baxışı bir günlük
evə buraxmışdılar, onu sağ-salamat görməyimizə
elə sevindik ki... O isə çox qayğılı idi.
Heç unutmuram, dedi ki, “bacı, bilirsən, Ağburun
alınsa, Beyləqan da gedəcək...”
Baxış
məndən 9 yaş kiçik idi... Biz böyüdük,
yaşa dolduq... O isə elə 20 yaşında qaldı...
Düz 25 ildir ki, onunla bağlı qəlbimdə ancaq Ramiz
Rövşənin bu misraları səslənir:
Mən elə
bilirdim sənsiz ölərəm,
Mən sənsiz
ölmədim, məni bağışla...
Ölmədik...
Böyük qardaşımız Azər də avtomobil qəzasında
həlak oldu... Bu gün ailəmizdən kənddə qalan
yalnız mənəm... İndi onun gəzdiyi yollarda,
cığırlarda dolaşıram... Bilirsiniz, mən bu torpaq
üzərində hələ də Baxışın mətin
addımlarını hiss edirəm. Bəzən mənə elə
gəlir ki, mən Baxışın ayaq izləri ilə
yeriyirəm... Tək təsəllim odur ki,
qardaşımın ölümü ən şərəfli
ölümdür... O, canını vətən
üçün, torpaq üçün fəda edib. Anam da,
biz də Baxışla qürur duyuruq!
Və...
Baxışın son döyüşü haqqında sinif və
silah yoldaşı Nazim danışır:
- 23
sentyabr 1993-cü il... Biz öz mövqeyimizdə 8 nəfər
idik... Tank səsini qəfil eşitdik... Komandir İsim
Tapdıqov, mən və başqa bir əsgər səs gələn
tərəfə getdik... Komandir digər uşaqları
Baxışa tapşırdı... Biz təpəyə qalxanda
mühasirəyə düşdük... Onda Baxış
döyüşə atılıb, atəş açdı...
Böyük məharətlə bizi mühasirədən
çıxartdı... Özü isə... özü isə
son damla qanına qədər döyüşdü...
Gözümüzün qarşısında qəhrəmanlıqla
həlak oldu...
Və
sonda yenə Diləfruz xanımla söhbət edirik...
- Əvvəlcə dəqiq bir
söz demədilər... İki gün axtardılar... Sən
demə, ermənilər şəhidlərin nəşlərinin
döyüş meydanından çıxarılmasına imkan
vermirmiş... Balam iki gün, iki gecə çöldə
qaldı... İki gündən sonra, sentyabrın 25-də
tapıb gətirdilər, sevindim... Bir gecə qaldı, səhər
apardılar... Mən elə bilirdim artıq balam evinə gəlib...
Sağ-salamatdır... Amma dəfn etməyə
aparırdılar... Rayonun “Şəhidlər Xiyabanı”nda dəfn
etdilər, özüm də getdim... Qızım, inan ki, istəyirdim
yorğan döşək aparıb gecələri balamın
yanında yatam... İyirmi yaşlı oğulu soyuq
torpağın altında qoyub, gəlib isti yorğan-döşəkdə
necə yatmaq olar axı...?
Bax, həmin
gecə... balamı torpağa
tapşırdığımız gecə axtarıb tapdım
onun paltarlarını... Onda bildim ki, balam sinəsindən
yaralanıbmış... Tək Baxış yox, mən də...
Biz ikimiz də yaranı ürəyimizdən
almışıq... Qızım, mənim ürəyimdə
düz 25 illik Baxış adlı yara var... 20 yaşlı
oğul bilirsən nə deməkdir...? Nə arzularla
böyüt, tələbə adını qazanan kimi
döyüşə yollansın... Sinəmdə 25 ildir məni
yandıran bu yara ancaq torpaqlarımız işğaldan azad
olunandan sonra sağalacaq...
Əgər
mən o günü görməsəm, siz, qızlarım
getsin o torpaqlara və mən onda dünyada olmasam da bunu hiss edəcəm.
Bax, o zaman ürəyimdəki nakam oğul yarası
sağalacaq... Biləcəyəm ki, Baxışımın
uğrunda həlak olduğu torpaq artıq erməni
tapdağı altında deyil...
***
...Bu, 20
yaşlı bir gənc haqqında yaddaşlarda qalan xatirələr
idi... Əgər sizin də ailənizdə,
yaxınlarınızda təhsilini yarımçıq qoyub
könüllü döyüşə yollanan və şəhid
olan varsa, redaksiyamızla əlaqə saxlayın. Gəlin
onların hekayəsini birlikdə yazaq...
Vüsalə Məmmədova
Azərbaycan müəllimi.-
2018.- 13 aprel.- S.13.