Cəmiyyətin əsası və
insanlığın akademiyası
Ailə
intizamlı məktəb kimi cəmiyyətə görk
olmalıdır.
Ailə cəmiyyətin ən mühüm
institutlarından biridir. Ailən yoxdursa, deməli heç nəyin
də yoxdur. Ailə kiçik dövlət,
mən deyərdim ki, elə dövlətin özüdür.
Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi
xalqdır” ifadəsi işlədilmir. Ailə
cəmiyyətin əsas özəyi kimi xalqı
yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin
ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada
ailə hər şeyi əvəz edir və onu qurmaq üçün
sevgi, bir az da ciddilik kifayətdir. Amma onu
qorumağa səbr, çox şeyi
bağışlamağı, bəzən də çox
şeyi unutmağı bacarmaq lazımdır.
Mübaliğəsiz
belə bir fikir səsləndirmək olar ki, ailəni əvəzi
olmayan nadir və az tapılan qiymətli sərvət
kimi dağıtmaq yox, qorumaq hər bir vətəndaşın
borcudur. Zənnimcə, ailəni quran hər iki
tərəf birgə həyata başlarkən
hüquqlarını yarıbayarı azaltmalı, vəzifələrini
isə iki dəfə artırmalıdır. Ər də, arvad da yaşadıqları birgə həyat
zamanı ağılla hərəkət etməli, hissə qapılma
halları zamanı onu içində boğmağa cəsarət
və iradə tapmalıdır. Qarşılıqlı
güzəştə getmək ailənin
özülünü bərkidir. Təcrübə
göstərir ki, əksər hallarda tərəflər
arasında əvvəlki sevgi uzun çəkmir. Ona görə də ailənin qorunması
üçün başlıca məsələ səbr
nümayiş etdirməkdir. Nikahın təntənəli
qeyd olunmasına qədər
hər iki tərəf bir-birlərinin xarakterini, vərdişlərini,
cəmiyyət üçün önəm daşıyan mənəvi dəyərləri nə dərəcədə
qoruya biləcəklərinə əmin olduqdan sonra
razılığa imza atmalıdırlar.
İki qəlb, bir iradə
Ailə uşaqlardan başlayır. Uşaqların
gələcəyi və ailənin müqəddəsliyini
qorumaq xətrinə ailədə orta xətt
olmamalıdır. Ailə yeganə yerdir
ki, qarşılıqlı hörmət və ehtiramı
yalnız orada ərsəyə gətirib, gələcək nəslin
sağlam inkişafına da orada zəmin yaratmaq olar. Ailənin
xoşbəxtliyini hiss etmək və yaxud görmək
üçün səbr və yenə də səbr etmək
lazımdır. Bütün hallarda səbirsizlik
ailəni uğursuzluğa aparır. Böyük mütəfəkkir
R.Taqor deyir: “Ailə istənilən sivilizasiyanın və cəmiyyətin
əsas özəyidir”. Mən deyərdim ki, tərəflərin
iki qəlbi olsa da iradələri bir olmalıdır ki, daha da
möhkəmlənsin. Bu mənada ailə
intizamlı məktəb kimi cəmiyyətə görk
olmalıdır. Bir az da obrazlı
ifadə etsək, ailə (uşaqların olduğu ailəni nəzərdə
tuturuq) insanlığı da öyrədən bir
akademiyadır.
Son zamanlar ailə-nikah münasibətlərindəki
mübahisələr ictimai müzakirələrin predmetinə
çevrilib. Cütlüklər sevgi və məhəbbətə,
qarşılıqlı hörmət və ehtirama söykənən
bəşəri dəyərlər əsasında ailə həyatı qursalar da
çox çəkmədən yollar ayrılır. “Xasiyyətimiz
uyğun gəlmədi”, “Məni tez-tez
aşağılayır”, “Kobudluq edir, uşaqlara baxmır!” və
s., və i.a. Səbəbləri aradan qaldırmaq
üçün müxtəlif təkliflər irəli
sürülür. Nikah qeydə alınan zaman tərəflər
arasında ailə müqaviləsinin imzalanması təklif edilir. Guya
bu təklifin qəbulu
boşanma zamanı əmlakın bölünməsi məsələsinin
həllində məhkəmələrə çətinlik
yaratmayacaq.
Nikahın pozulmasına təsir edən digər səbəblər
sırasında tərəflərin bilik səviyyəsi,
intellekt qabiliyyəti vurğulanır. Cütlüyün mədəni və
əxlaqi keyfiyyətləri də bu məsələdə rol
oynayır... Daha sonra sosial səbəblərin-işsizliyin,
yoxsulluğun, narkomanlığa və spirtli içkilərə
aludəçilik hallarının olmasını da qeyd edənlər
var.
Lakin boşanmaya gətirəcək real səbəblərin
tapılması, həmin səbəblərin təhlili,
doğuran şəraitin - sosial faktorların öyrənilməsi
və aradan qaldırılması üçün sosial
institutların rolu hiss olunmur. Bir az keçmişə nəzər yetirsək bu
gün üçün ibrət götürüləsi
faktorların olduğunu görə bilərik. Keçmişdə
ata-babalarımız ailə həyatı qurarkən heç
birinin nə təhsili varıydı, nə oxuya, nə də
yaza bilirdilər. Amma ailə həyatı
davamlı olurdu. 10-11 uşaq böyüdən valideynlərin həyatı
bugünkü gənclərə görk olmalıdır.
Yoxsulluq və işsizlik şəraitində yaşayan
keçmiş kişi və qadınlarda gərginliyə
gətirib çıxaracaq fikir ayrılıqları
olmuşsa da ailə həyatı məcrasından
çıxmazdı. Çünki ailənin müqəddəsliyi
və Allah tərəfindən
“himayə” olunması faktoru təkzib olunmurdu. Həmin
dövrün deyiminə görə, “Ailə yalnız xəyanət
olarsa dağıla bilər”di!
Kişi bir az ucadan
danışardısa, qadın həddini aşmazdı. Nə yoxsulluq, nə işsizlik, nə də təhsilin
səviyyəsi həmin dövrdə boşanmağa təsir
edə bilməzdi və boşanma halları ümumiyyətlə
olmurdu-desək yanılmarıq.
Bu gün
üçün, daha doğrusu, şəhər həyatı
üçün kişilərin spirtli içkilərə
aludəliyi və narkomanlığa meyil halları diaqnostika
edilə və cəmiyyətin müalicə oluna bilən xəstəliklərindəndir.
Bu səbəbdən qadınlar tərəfindən
boşanmalara üstünlük verənlərin sayı da az deyil.
2017-ci il ərzində
(dekabrın 1-nə olan məlumat)
Azərbaycanda boşanmaların sayı 11 min nəfər
olmuş, həmin dövrün yanvar-noyabr ayları ərzində 78,5 min nikah qeydə
alınmışdır. Əhalinin hər 1000 nəfərinə
olan nisbətdə nikahların sayı 9,1;
boşanmaların sayı isə 1,3 olmuşdur.
Ailəyə sədaqət andı
Qənaətimizə
görə, müasir dünyada boşanmalara gedən yol açıq və
hamardır. Gənclərin əksəriyyəti
ailəni cəmiyyətin əsas özəyi olduğunu dərk
etmir və yaxud onun konstitusion mahiyyətini anlamır. “Ailə cəmiyyətin əsas özəyidir” ifadəsi
əsas qanunumuzda da əksini tapıb. Amma
bunun açması gənclərə aşılanmır.
Nikahın təntənəli qeydə alınması
zamanı “Ailə məcəlləsinin
(9,10 və 11-ci maddələri)
maddələrini rəhbər tutmaqla
“Siz ər-arvad elan olunursunuz!” ifadəsinin əvəzinə, hər iki tərəfin bir-birilərinə sədaqət göstərəcəkləri,
köməksiz vəziyyətdə (ərin və yaxud
arvadın) olduqları, ağır xəstəliklərdən
əziyyət çəkdikləri zaman yanında
olacaqlarına, ona hörmət və ehtiramla qulluq edəcəklərinə,
həyatlarının son gününədək sevgiyə
sadiq qalacaqlarına dair hamıya görk olacaq və ətrafı
riqqətə gətirəcək məzmunda müraciət
edilməli, bir növ “Ailəyə
sədaqət andı”
içilməli və hər iki tərəf ona imza etməlidir.
And təntənəli toy mərasimlərinin və ailənin
bir növ himninə - rəmzinə çevrilməlidir.
Konstitusiyamızın 74-cü maddəsində “Vətənə
sədaqət” vəzifəsi hər bir vətəndaşın
(dövlət qulluqçusunun, hərbiçinin, dövlət
qulluğunun xüsusi növündə çalışan məmurların
içdiyi and da “Vətənə sədaqətin” nümunəsidir)
müqəddəs, konstitusion vəzifəsidir. Bu
vəzifəni icra etməmək sədaqətsizliyin bariz
nümunəsi kimi xəyanətə bərabər tutulur və
cinayət məsuliyyəti yaratdığı
üçün dəyər kəsb edir.
Zənnimizcə,
“Ailəyə sədaqət” ruhunda
andın (mətni dərin məna kəsb edən məzmunda
tərtib etmək lazımdır)
içilməsi, toy şənliyində iştirak edənlərin
hüzurunda ucadan səsləndirilməsi və həmin
andın hər iki tərəfin imzalamasından sonra Ailə Məcəlləsinin
müvafiq maddəsinə
uyğun nikahın
bağlanması ailənin nüfuzunu artıra, onu gənclər
üçün müqəddəsləşdirə bilərdi.
Qeydiyyat şöbələri tərəfindən
toy mərasimlərində təqdim edilən nikah şəhadətnamələri
toydan sonra dəyərini itirir. Həm qız, həm də
oğlan tərəfindən şahidlik edib, zamin duranların imzaları ilə nikahı təsdiqləmələri
isə formal tərəfdir.
Nikahdan öncə psixoloji test
Azərbaycanda boşanmaların səbəbləri diqqətlə
araşdırılmadığından öncədən
proqnozlar vermək çətindir. Yuxarıda qeyd etdiyimiz
kimi, tərəflər (ər/arvad) həyatı və gələcək
taleyi ilə bağlı atdığı addımları diqqətlə,
ötəri eşqə, ehtirasa uymadan saf-çürük etməli,
təkcə zahiri görünüş, bəlağətli və
yaxud pafoslu sözlər diqqət çəkməməlidir.
Nikah zamanı gənclərin şüurunda gələcəkdə
həyata gələcək uşaqların vətən və
cəmiyyət üçün yüksək tərbiyəsi hər
iki valideynin borcu kimi dərk edilməli, ailənin rifah
halının yaxşılaşdırılması və həyat
səviyyəsinin yüksəldilməsi üçün
cütlük bütün imkanları daxilində
çalışacaqlarının mahiyyətinə varmalıdırlar. Bu mənəvi dəyərlər nikahdan öncə
tərəflərə Qeydiyyat şöbələrinin
peşəkar və yaxud, Komitənin məsul işçiləri
tərəfindən aşılanmalıdır. Hər
iki tərəfin nikahdan öncə psixoloji (peşəkar
psixoloqların, sosioloqların, hüquqşünasların,
müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin iştirak etdiyi) testdən
keçmələri də gələcək ailənin qorunub
saxlanılmasında mühüm şərtdir.
Yeni ailə
quranlara
ixtisaslarına uyğun işlə təmin edilərkən
üstünlük və mənzilə ehtiyacları olarsa az
faizlə, uzunmüddətli kredit verilməlidir.
Hər
bir yeni ailənin gələcək həyatı Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətində
olmalı, mövcud çətinliklərin aradan
qaldırılmasına diqqət yetirilməlidir. Belə yanaşma ailənin daxili işinə
müdaxilə kimi qəbul edilə bilməz. Əksinə, cəmiyyətin sağlam
inkişafı, daha doğrusu, ailənin cəmiyyətin əsas
özəyinə çevrilməsi üçün geniş
imkanlar açılır.
AM-də nikahın pozulması ilə bağlı hallara
yenidən baxmağa ehtiyac var. Hər bir boşanma halı
mürəkkəbləşməlidir. Bütün hallarda
boşanmalar, bir qayda olaraq, yalnız və yalnız məhkəmənin
aktı ilə baş tutmalıdır. Boşanmaya əsas verən səbəblərin ciddi
və mühüm səbəb kimi qəbulu məsələsi
də məhkəmələrin səlahiyyətinə aid edilməlidir.
Ailənin
bütövlüyünü qoruya bilməyən,
uşaqların tərbiyəsinə və onların sosial ehtiyaclarının
ödənilməsinə biganə qalan ər-arvad
dövlətin etibar etdiyi vəzifənin
də öhdəsindən gələ və yaxud, tutduqları
vəzifələrinin icrasına başlamazdan öncə
içdikləri anda sədaqət göstərə bilməzlər.
Yaxşı olardı ki, dövlətin himayəsində
olan ailənin qorunub saxlanılması üçün əhali
arasında interaktiv sorğular keçirilsin, verilən təkliflər
sırasında diqqətçəkən faktorlar nəzərə
alınsın.
Səbrsizlik və dözümsüzlük
nümayiş etdirmək də boşanmaları doğuran
obyektiv faktorlardır.
Digər
mürəkkəb məsələ boşanmadan sonra ərdən (arvaddan)
alimentin tutulmasıdır. Burada aliment ödəyənin
işləməməsi problem olaraq qalır. Heç cürə
təfəkkürə sığmır ki, aliment ödəyə
bilməyən şəxsi əvvəl inzibati, sonra ödənilməyən
borc yığılıb artarsa iddiaçının şikayəti əsasında ərin
(arvadın) cinayət məsuliyyətinə cəlb
olunması məsələsi qətiləşir. Anlamaq olmur, alimenti ödəyə bilməyəni həbs
etməklə uşaqların sosial rifahı
yaxşılaşırmı? Qənaətimizə
görə, əgər aliment ödəyənin heç bir əmlakı
da yoxdursa, onun işə düzəlməsi üçün
imkanlar axtarılıb tapılmalıdır. Atanın həbs
edilməsi arzu olunan hal
deyil. Ata və yaxud ana cəmiyyət
üçün heç bir təhlükə törədəcək
subyekt olmadığından
onların cəmiyyətdən, ən
başlıcası isə ayrı yaşayan
övladlarının tərbiyə edilməsi borcundan müəyyən
müddətə məhkum edilməsi Cinayət Məcəlləsinin
humanizm, ədalət və qanunçuluq prinsipləri ilə
bir araya sığmır. Hesab edirik ki, məsələnin
həlli və belə ailələrin ehtiyaclarını
ödəmək üçün “Aliment fondu”nun
yaradılması çox vacibdir. Bu həm də ölkə
konstitutsiyasının 12-ci maddəsində ehtiva edilən “İnsan
və vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” müddəası ilə
üst-üstə düşər. Belə bir
fondun yaradılmasından sonra açılan bank hesablarına
imkanlı hüquqi şəxslərin pul köçürəcəklərini
də ehtimal etmək olar, dövlətə o qədər də
yük düşməz. Bununla da gələcək
nəslin əlindən tutmuş olarıq.
Bəs Avropa ölkələrində
vəziyyət necədir?
İngiltərədə nikah üç hakimin və
dövlət orqanı nümayəndəsinin, hər iki tərəfin
valideynlərinin də iştirak etdiyi, dövlətin və ədliyyənin
atributları olan zalda baş tutur. Əvvəlcə tərəflər
üçün nəzərdə tutulan andın mətni
oxunur və tərəflərin razılaşdığı təqdirdə
imzalanır. Dövlət orqanının nümayəndəsi
və hakimlər müəyyən sualların mahiyyətinə
uyğun cavab aldıqdan sonra nikahın prosesi bitir və dövlət sənədi
təqdim olunur...
Böyük
Britaniyada bir ilə qədər rəsmi nikahda olanlar boşana
və yaxud, bir ildən az ailə həyatı
yaşayanlar boşanmağa ərizə verə bilməzlər.
Boşanmaq istəyənlər ilk növbədə
yaşamaq üçün şəraitin dəyişilməsinin
mümkünsüzlüyünü sübut etməlidirlər.
Bura aiddir:
- Tərəflərdən
birinin xəyanəti;
- Tərəflərdən birinin
arzuolunmaz davranışı (məişət
zorakılığı);
- Tərəflərdən
biri digərini 2 ildən çox müddətə atıb
getmişsə;
- Əgər tərəflər 2 ildən
çox müddət ərzində bir yerdə
yaşamırlarsa və hər ikisi boşanmağa
razıdırlarsa;
- Əgər cütlük 5 ildən
artıq ayrı
yaşayırsa, ər və yaxud arvad (biri)
boşanmağa razı olmazsa.
Bütün göstərilən hallarda məhkəmə
sübutlar tələb edir. Böyük Britaniyada
tərəflər hüquqi yardım üçün
hüquqşünaslara və yaxud “Əhali üçün məsləhət
bürosuna” müraciət edə bilərlər.
Boşanma iddiası məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfə
(ər və yaxud arvada) xəbərnamə forması göndərilir.
Cavabdeh həmin formada boşanmaq istəmədiyinin
səbəblərini xırda detalına qədər göstərir,
qeyd edilən suallara aydın cavab verir və ağlabatan səbəbləri
sadalayıb geri göndərir. Bunları qiymətləndirmək
məhkəməyə həvalə olunsa da, bəzən bu səbəblərin
aydınlaşdırılmasına III tərəf - mediatorlar,
ailə üzrə məsləhətçilər, arbitrlər
qatılırlar. Belə hallarda boşanmanın tezləşdirilməsi
mümkün olmur. Ailə-məişət
zorakılığına məruz qalan tərəfə pulsuz
hüquqi yardım etmək Britaniyada geniş
yayılıb. Qurbanlar yaşayış yeri ilə
təmin edilir və onlara digər pulsuz yardımlar göstərilir.
İngiltərədə bir uşağa görə əməkhaqqının
15%, 2 uşağa 20%, üçdən artıq uşaqlara
görə isə 25% həddində
aliment tutulur. Boşanma zamanı hakim uşaqların kimin himayəsində
qalmasını qət edərsə (mənzilin kimin adında
olmasına baxmayaraq) ev də ona qalır. Əksər hallarda
ev anada qalır, eyni zamanda 18 yaşına və tələbəlik
illəri ərzində də cavabdeh alimenti ödəməli olur. Xəyanət faktoru məhkəmədə sübut
olunsa da “uşaqlara pis anadır” ifadəsini işlətmək
qəbul olunmur.
Əvvəlki illərdən fərqli olaraq İngiltərədə
boşanma halları azalmağa meyil edir. Sırada 25-29
yaşlı gənclər liderlik edir. Qadınlar
daha çox səbirsizlik nümayiş etdirdiyindən
boşanmaların da 68%-i qadınların iddiası ilə
baş tutur. Əgər 1901-ci ildə
İngiltərədə 512 boşanma faktı qeyd
olunmuşdusa, 2001-ci ildə bu rəqəm 141135 fakt
olmuşdur. 1970-ci ildə ailə qanunvericiliyində edilən
dəyişikliklərlə əlaqədar
boşanmaların sayı çoxalmışdır. Analitiklərin
nəzərinə görə, boşanmalara təsir edən
böhranlı səbəblər ilk ailə həyatının
3-cü ayı ərzində, sonra 1 il ərzində
və 5-ci ildə kəskinləşməyə
başlayır. 5 ildən artıq yaşayan cütlüklərin ailə həyatı şanslı və davamlı olur. İngiltərə
məhkəmələrində əmlakın bölünməsi
zamanı “nikah kontraktının” olmasına əhəmiyyət
verilmir, əmlak tərəflər arasında bərabər
bölünür, lakin azyaşlı uşaqların
maraqları nəzərə alınır.
Böyük
Britaniyada da səbirsizlik və dözümsüzlük nümayiş etdirmək
boşanmaların artımına təsir edir.
Amerikada boşanma proseduru mürəkkəbdir. Bir yerdə
yaşamağın qeyri-mümkünlüyü səbəbindən
nikahın pozulması
halları yalnız məhkəmə yolu ilə baş
tutur. Boşanmalara
vəsatət verildikdən 6 ay sonra baxılır. “Şerif” tərəfindən
cavabdehə çağırış vərəqəsi təqdim
edildikdən 21 gün sonra isə proses başlanılır. Adətən qız uşaqları boşanmadan sonra
ana ilə qalır. İl ərzində qeyd olunan
nikahların 45,5%-i pozulur.
Fransa
dövlətində nikahın pozulması müəyyən səbəblər
tələb edir:
- birgə
razılıq əsasında qərarın qəbulu;
- ər və
arvadın birinin təqsiri;
- tərəflərin ayrı yaşaması (6 il
olmalıdır).
Burda da boşanma yalnız məhkəmə qaydasında
həyata keçirilir. Hətta əgər ər-arvad birgə qərar
qəbul ediblərsə belə. Birgə qərar
zamanı tərəflər məhkəmədə səbəb
göstərməsələr də nikah pozula bilər. Əgər boşanmağa tərəflərdən
biri müraciət etmişsə, digəri də buna etiraz
etmirsə, məhkəmə üç ay vaxt verir. Lakin
həddi-buluğa çatmış uşaqlar olduğu təqdirdə hakim
boşanmaya etiraz edə bilər.
Almaniyada isə boşanma zamanı səbəblərin
qeyd olunmasına ehtiyac duyulmur. Hər iki tərəfin
razılığı kifayət edir. Ərizə məhkəməyə
verildikdən sonra
“ayrılıq dövrü” -8 aydan 3 ilədək
uzanan dövr başlanır. Bu müddət ərzində
cütlük boşanma üçün verdikləri ərizənin
mahiyyətini anlamalıdır. Almaniyanın
ailə hüququ ana və uşaqların marağına xidmət
edir. Uşaqların maraqlarının
tanınmasına 4 yaşdan başlanır. Bir qayda olaraq uşaqların ana ilə qalmasına
üstünlük verilir. Alkoqola və
narkomaniyaya aludə olan valideynlərin işinə tez
baxılır. Orada hər üç
nikahdan biri pozulur.
Almaniyada
hər il 180-200 min boşanma baş verir. Əhalinin 1000 nəfərinə
nisbətdə 2,2 və ya 2,5% edir.
Sonda demək istərdik ki, xoşbəxt ailə
qarşılıqlı dostluğun istedadı üzərində
qərar tutur.
O kökü dərinlikdə olan, kövrək budaqları ilə
cəmiyyət üçün şirin bar verən bir
ağaca bənzər. Ağac dövlətin himayəsində
olsa da ona qulluq
etmək valideynlərin konstitusion borcudur. Bunun mənasını
anlasaq və səbirli olsaq ağrı-acıları unudar,
tikilən doğma, əziz və isti yuvanı da qoruya bilərik.
Şəmsəddin ƏLİYEV,
hüquqşünas
Azərbaycan müəllimi.- 2018.-
13 aprel.- S.11.