Birlikdə təhsil
almaq əlçatandır
İnklüziv təhsil
uşaqların cəmiyyətə daha uğurla
inteqrasiyasına gətirib çıxaracaq.
“...Mənim
övladımın sağlamlıq imkanları məhduddur.
Normal uşaqlar kimi hərəkət etməkdə, danışmaqda
çətinlik çəkir, bir sözlə,
özünü müstəqil idarə edə bilmir. Ancaq mən də istəyirəm ki, övladım
adi həmyaşıdları kimi məktəbə getsin, təhsil
alsın. Özü də sağlam uşaqların
oxuduğu məktəbdə və onlarla eyni sinifdə...”. Bu,
sağlamlıq imkanları məhdud olan neçə-neçə
uşağın valideynlərinin öz övladı üçün dilə gətirdikləri
istək və arzularıdır.
Çox sevindiricidir ki, inklüziv təhsil məhz belə
valideynlərin arzularını reallaşdırmağa imkan
yaradıb. Əslində inklüziv təhsil nədir? Onun hansı üstünlükləri var? Ölkəmizdə
necə həyata keçirilir? İlk
olaraq bu haqda bir qədər məlumat vermək istərdik.
İnklüziv
təhsil - ümumi təhsilin hamı üçün əlçatan
olmasını nəzərdə tutan, əqli və ya fiziki cəhətdən
zəif uşaqlara məktəbəqədər və
ümumtəhsil müəssisələrində təhsil almaq
imkanı verən, uşaqların müxtəlif
ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan
inkişaf və inteqrativ prosesdir. İnklüziv
təhsil xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsil
sistemində, yerli icmalarda xüsusi dəstək xidmətləri
göstərilməklə yaşıdları ilə birlikdə
oynamalarına, təhsil almalarına, inkişaf etmələrinə
şərait yaradır. Belə bir təhsil
uşaqların müstəqil bir fərd və təhsil
zamanı onların hər birinin öz ehtiyacları
olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə
yönəlib.
İnklüziv
təhsilin üstünlüklərindən biri də
xüsusi qayğıya ehtiyacı olan uşaqlarla sağlam
uşaqların bir yerdə təhsil almasıdır ki, bu da
sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli
inkişafına səbəb olur. Məhz belə
uşaqlar öz sağlam həmyaşıdlarının
nailiyyətlərini təkrarlamağa çalışır,
onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət
göstərməyə özlərində güc, qüvvət
toplamağa səy göstərirlər. Onlar
özlərini yararsız, köməksiz saymır, kollektivə
adaptasiya olunaraq bir fərd, cəmiyyətə lazımlı
insan olduqlarını hiss edirlər.
İnklüziv təhsillə
bağlı aparılan işlər
Təhsil
Nazirliyinin son
illər həyata keçirdiyi ən uğurlu layihələrdən
biri də məhz inklüziv təhsillə bağlı olub.
Belə ki, ölkəmizdə “İnklüziv təhsil layihəsi”nin
icrasına artıq 2005-ci ildən start verilib. Nazirlər
Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına
əsasən “Azərbaycan Respublikasında xüsusi
qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)
uşaqların təhsilinin təşkili üzrə
İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib.
İnkişaf
proqramı çərçivəsində inklüziv təhsilin
təşkili ilə bağlı 3 pilot layihənin icrasına
başlanılıb. Layihələrin icrası gedişində
15 ümumi təhsil, 13 məktəbəqədər təhsil
müəssisəsində 268 nəfər əlilliyi olan
uşaq inklüziv təhsilə cəlb olunub.
2015-ci ildə Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı
çərçivəsində inklüziv təhsillə
bağlı görülən işlər və bu sahədə
beynəlxalq təcrübə təhlil edilib. Nəticə
etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili
yeni mərhələyə keçib.
2016-cı
ildə xüsusi
təhsil sistemində interaktiv
proseslər həyata keçirilib və xüsusi
qayğıya ehtiyacı olan uşaqların
yaradıcılıq potensialının inkişafı sahəsində inklüziv təlimin keyfiyyətinin
yüksəldilməsi istiqamətində səmərəli
işlər görülüb. 2015-2016-cı tədris
ilindən əlilliyi olan uşaqların ümumi təhsil
müəssisəsində digər uşaqlarla birgə təhsilə
cəlb olunması məqsədilə Azərbaycan
Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə
inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına
başlanılıb. Bu məqsədlə müəyyənləşdirilən
pilot inklüziv məktəblərin (Bakıdakı 138, 220,
202 və 252 nömrəli məktəblər) hər birində
iki sinif olmaqla, sağlamlıq imkanları məhdud olan 4
uşaq birinci sinfə qəbul edilib. Hazırda 40 uşaq (I,
II, III siniflər üzrə) inklüziv siniflərdə təhsil
alır.
Ölkə
başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il
tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü
illərdə Azərbaycan Respublikasında sağlamlıq
imkanları məhdud şəxslər üçün
inklüziv təhsilin inkişafı üzrə Dövlət
Proqramı” da məhz
sağlamlıq imkanları məhdud
uşaqların təhsil hüququnu təhsilin bütün
pillələri üzrə digər şəxslərlə bərabər
səviyyədə təmin etməsində və onların təhsili
üçün maneəsiz mühit yaradılmasında
geniş imkanlar yaradır.
Bəs,
görəsən, inklüziv təhsil sahəsində yeni
yanaşmaların tətbiqi ilə bağlı pilot olaraq
müəyyənləşdirilən məktəblərdə
bu iş necə təşkil olunub? Hansı tədbirlər həyata
keçirilir, layihəyə cəlb olunan uşaqlarla iş
necə aparılır? Bununla bağlı müəssisə
rəhbərləri, müəllim və valideynlər nə
düşünürlər?
Cəmiyyətə daha tez adaptasiya
üçün
138 nömrəli tam orta məktəbin direktoru Mirfaiq
Mirheydərli rəhbərlik etdiyi təhsil müəssisəsində
12 şagirdin inklüziv təhsilə cəlb olunduğunu
bildirdi. Onlardan 4-ü I, 4-ü II, digər 4-ü isə III
sinif şagirdidir. Bunlar yüngül kəmağıllılıq,
nitq pozuntusu ilə daun, yüngül koqnitiv pozuntu, autizm və
s. xəstəlikləri olan uşaqlardır. Həmin
uşaqlar sağlam uşaqlarla birlikdə eyni sinifdə təhsil
alırlar.
Direktor bu uşaqların tipik şagirdlərlə birlikdə
təhsil almaları üçün məktəbdə hər
cür şəraitin yaradıldığını deyir. Təhsil
Nazirliyinin müvafiq əmrinə əsasən, məktəbdə
fəaliyyət göstərən loqopedik otaq isə həmin
şagirdlərlə korreksion-pedaqoqun (loqoped-defektoloq) rahat məşğul
olması üçün ən zəruri avadanlıqlarla təchiz
olunub.
İnklüziv
təhsilin əsas prinsipinin təkcə uşaqların
sosiallaşması deyil, eyni zamanda, inkişaf səviyyəsinə
uyğun keyfiyyətli təhsil almaq olduğunu diqqətə
çatdıran direktor xüsusilə ibtidai sinif müəllimlərinin
və korreksion-pedaqoqun bu məsələyə daha həssaslıqla
və diqqətlə yanaşmasının vacibliyini qeyd edir:
“Siniflərdə belə uşaqlarla fərdi tədris
proqramına əsasən işlər qurulur. Uşaqlar
müəyyən vaxtı sinif otaqlarında digər
şagirdlərlə dərs keçir, sonra loqopedik otaqda fərdi
dərslərə, məşğələlərə cəlb
olunurlar. Onların da iştirakı ilə müxtəlif tədbirlər
həyata keçirilir. Məsələn, TOPs proqramı
çərçivəsində fiziki tərbiyə fənnindən
respublika əhəmiyyətli “açıq dərs”i göstərmək
olar” .
İnklüziv
təhsillə bağlı beynəlxalq təcrübənin
öyrənilməsinin zəruriliyini də vurğulayan Mirfaiq
müəllim özünün və məktəbin bir
neçə müəlliminin alman mütəxəssislərinin
əvvəlcə Bakıda,
sonra isə Almaniyanın Düsseldorf şəhərində
Beynəlxalq Menecment və Texnologiyalar Akademiyasının təşkil
etdiyi treninqlərdə iştirak etdiklərini, həmçinin
oradakı inklüziv məktəblərdə təcrübə keçdiklərini
bildirdi. Bu səfər onların öyrənmələri
və təcrübələrinin artırılmasında, eləcə
də Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən
təlimlərin keçirilməsi pilot məktəblərin
pedaqoji heyətinin xüsusi təhsil sahəsində bilik və
bacarıqlarının artırılmasında mühüm rol
oynayır. Təlim müddətində, həmçinin,
UNİSEF-in
nümayəndələri dəfələrlə məktəbə
səfər edib, burada inklüziv təhsillə bağlı
aparılan işlərlə tanış olub və razı qaldıqlarını
bildiriblər.
Bu sahədə
artıq məktəb özü də müəyyən təcrübəyə
malikdir. Belə ki, təhsil müəssisəsində qonaq olan danimarkalı təhsil
mütəxəssisləri inklüziv təhsillə
bağlı yaradılan şəraitlə
tanışlıqdan sonra Kopenhagen Universitet Kollecinin sosial elmlər
fakültəsinin tələbələrinin burada təcrübə
keçməsini arzulayıblar.
2521
şagirdin təhsil aldığı Tahir Haciyev adına 252 nömrəli məktəb-liseydə
də inklüziv təhsilə cəlb olunan 8
uşağın rahat və sərbəst olmaları əsas
götürülüb. Təhsil müəssisəsinin direktoru Xədicə
Eminovanın bizimlə görüşündə ilk
sözü bu oldu.
2016-2017-ci tədris ilindən liseydə inklüziv təhsil
layihəsinin həyata keçirildiyini deyən direktor bunun
sağlamlıq imkanları məhdud uşaqlar, eləcə də
onların valideynləri üçün bir sıra imkanlar yaratdığını
söylədi.
İnklüziv
təhsilin ənənəvi təhsildən fərqli olaraq
xüsusi yanaşma tələb etdiyini deyən X.Eminova məhz
müəllimlərin və loqoped-defektoloqun sağlamlıq
imkanları məhdud olan uşaqların fərdi xüsusiyyətlərini,
onların imkanlarını və məhdudiyyətlərini
öyrənərək öz işlərini qurduqlarını
söylədi: “Bilirsiniz, belə uşaqlar özlərinin cəmiyyətdə
yaşıdları ilə bərabərhüquqlu
olduqlarını bilməli və görməlidirlər. Birlikdə təhsil almaq onların müəyyən
sosial vərdişlər qazanmasına, bilik və bacarıqlar
əldə etməsinə şərait yaradır. Layihə özünü doğruldur. Bu
uşaqların valideynləri övladlarında baş verən
müsbət dəyişikliyi hiss ediləcək dərəcədə
görürlər”.
A.Mustafayev
adına 202 nömrəli tam orta məktəbin direktoru
Qasım Qasımov təhsil müəssisəsində
2016-2017-ci tədris ilindən reallaşdırılan inklüziv təhsilə 4
sinif olmaqla sağlamlıq imkanları məhdud 8
uşağın cəlb edildiyini söylədi. Uşaqların normal təhsil almaları
üçün sinif otaqlarından başqa, 1 əlavə məşğələ
otağı ayrılıb və o, xüsusi avadanlıqlarla təchiz
edilib. Sağlamlıq durumları nəzərə
alınaraq məktəbin girişində onların istifadəsinə
uyğun pilləkən düzəldilib: “Sağlamlıq
imkanları məhdud uşaqlarla sağlam uşaqlar bir yerdə
təhsil alsalar da, onlar üçün fərdi tədris
proqramlarından istifadə olunur, eyni zamanda, inklüziv təhsilə cəlb
olunan şagirdlərlə məktəbin psixoloqu və əlavə
təyin edilmiş korreksion-pedaqoq məşğul olur.
Sözün düzü, bu layihəyə başlananda birinci il müəyyən çətinliklər oldu.
İlk vaxtlar sağlam uşaqların valideynləri
bunu tərəddüdlə qarşıladılar. Lakin
bizim tərəfimizdən aparılan maarifləndirici söhbətlər nəticəsində
bu problem çox qısa bir zamanda aradan qalxdı. Hazırda normal tədris gedir, nəticələr
ürəkaçandır. Belə ki, normal şagirdlərlə
təhsil alan sağlamlıq imkanları məhdud
olan uşaqlar arasında mehriban ünsiyyət qurulub, siniflərdə
xoşməramlı təlim, eyni zamanda sağlam psixoloji
mühit yaradılıb. Uşaqlar belə bir
mühitdə təhsil almağa artıq adaptasiya olunublar.
Hər iki tərəf inklüzivliyi dəstəkləyir”.
Direktorun fikrincə, təhsilin bu formada təşkili
xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə
daha uğurla inteqrasiya olunmasına gətirib
çıxaracaq.
Qasım
müəllim gələcəkdə ibtidai sinif müəllimlərinə
dəstək vermək üçün hər inklüziv sinfə
korreksion-pedaqoqun və ayrıca psixoloq ştatının
ayrılmasını, həmçinin valideynlərin
çoxsaylı müraciəti nəzərə alınaraq
onun əhatə dairəsinin genişləndirilməsini, daha
çox məktəbdə tətbiq olunmasını
arzulayır.
220 nömrəli məktəb-liseydə də 12 uşaq
inklüziv təhsilə cəlb olunub. Təhsil müəssisəsinin
direktoru Tural Mirzəliyev sağlamlıq imkanları məhdud
uşaqlar üçün əlavə məşğələ
otağının olduğunu, onlara dərs deyən müəllimlərin
xüsusi təlimlərdən keçdiyini dedi: “Əvvəlki
illərlə müqayisədə burada təhsil alan sağlamlıq imkanları məhdud
uşaqlarda müəyyən müsbət dəyişikliklər
var. Bəzi uşaqlarda artıq davranış sərbəstliyi,
ünsiyyət bacarığı formalaşdığı
hiss olunur”.
Müsbətə doğru dəyişikliklər
26 illik pedaqoji staja malik Gülər Abdullayeva 138 nömrəli
tam orta məktəbin ibtidai sinif müəllimidir. 2015-2016-cı
tədris ilindən inklüziv təhsilə cəlb olunan
uşaqlara dərs deyir. Tədris apardığı III
sinifdə 2 belə şagird var. İlk vaxtlar bu sinfə gələrkən
sağlam uşaqlarla kontakta girməyən, onlarla ünsiyyət
qurmayan, oturmağa çətinlik
çəkən, yazıb-oxumağı bacarmayan uşaqlarda
artıq müsbətə doğru irəliləyişlər
var. Bu uşaqlar sinifdə öz sağlam həmyaşıdları
ilə dostluq edirlər.
Məsələn,
sağlamlıq imkanları məhdud olan Kamilənin rəqsə,
şəkil çəkməyə həvəsi var. Artıq üzündən
oxumağı, imla yazmağı bacarır və 10 dairəsində
sərbəst hesablayır.
Digər şagird Zaur da artıq bütün hərfləri
tanıyır, yazır və kitabı üzündən
oxumağı bacarır. Çətinliyi riyaziyyat fənnindəndir.
Hesablamada çətinlik çəksə də, həndəsi
fiqurları tanıyır və adlandırır. Yüksək musiqi duyumu var, eşitdiyi melodiyanı,
musiqini düzgün ifa edir.
Gülər
müəllim belə uşaqlarla aparılan iş metodundan da
söz açdı: “Hər bir uşaq üçün
korreksion-pedaqoq və mənim tərəfimdən fərdi
iş planı hazırlanır, buna uyğun fəaliyyətimizi
qururuq. Bu şagirdlər 2-3 saatdan artıq dərsdə
otura bilmirlər, çünki tez yorulurlar. Onlara uyğun çalışmalar hazırlayır,
kiçik həcmli üzdən köçürmələr,
imlalar yazdırırıq. Yaddaş üzrə
(kartlarla) müxtəlif çalışmalar veririk, şəkil
üzrə danışdırır, mətn oxutdururuq və s.”.
Bir müəllim
kimi ilk gündən məqsədinin bu uşaqların tipik
uşaqlarla münasibət qurmasını təmin etmək
olduğunu söyləyən Gülər müəllim
artıq sinifdə
buna nail olduqlarını deyir. Sinifdə
sağlam şagirdlər belə uşaqlara çox
qayğı göstərir, onlara kömək edirlər.
Bununla bağlı uşaqlar arasında sorğu keçirilib və verdikləri
cavablarda onların bu uşaqlara yardım, dostluq etməkdə
maraqlı olmaları açıq-aydın hiss edilir.
Gülər müəllim inklüziv təhsillə
bağlı 2015-ci ildə Təhsil Nazirliyinin təşkil
etdiyi təlimlərdə iştirak edib. Bu təlimlərdə
Almaniyadan gəlmiş professorların verdikləri biliklərdən
bəhrələndyini, elə həmin il Almaniyanın
Düsseldorf şəhərində Beynəlxalq Menecment və
Texnologiyalar Akademiyasının təşkil etdiyi treninqlərdə iştirak edərək
sertifikat aldığını bildirir. Həmin təlimlərin,
inklüziv məktəblərlə
tanışlığının onun pedaqoji fəaliyyətində
əhəmiyyətli rol oynadığını, Almaniya təcrübəsindən
çox şey örəndiyini söyləyir: “Bu layihənin
ən başlıca tərəfləri həmin
uşaqların digərləri ilə ünsiyyət qurmağı
öyrənmələridir. Bundan başqa, tipik
uşaqlarda da xeyirxahlıq, qayğıkeşlik, humanizm kimi
gözəl keyfiyyətlərin formalaşmasında
inklüziv təhsilin böyük rolu var. İnklüziv təhsildə
məqsəd sağlamlığı məhdud uşaqları
cəmiyyətə adaptasiya etmək, onların cəmiyyətdə
özlərinə düzgün yer və mövqe
tutmalarıdır. Biz də bu istiqamətdə iş
aparırıq. Sinfimizdəki sağlamlıq
imkanları məhdud uşaqlar ətrafındakılarla
ünsiyyət qurmağı öyrəniblər. Əvvəllər çəkinən, qorxan
uşaqlar indi məktəbimizə, sinfimizə gələn
yeni bir insanla belə ünsiyyət qurmağı
bacarırlar. Onlar məktəbi, yoldaşlarını
çox sevirlər...”.
Həmsöhbətimiz
olan digər təhsil işçiləri - bu məktəbin
ibtidai sinif müəllimi Elmira Heybətova, 202 nömrəli
tam orta məktəbin müəllimləri Zeynəb Həsənova,
Təzəgül Məmmədova, dərslərində
iştirak etdiyimiz 252 nömrəli məktəb-liseyin müəllimləri
Rəmziyyə Əhmədova, Şəlalə Əzizova, Elazə
Teymurova da belə bir layihənin xüsusi qayğıya
ehtiyacı olan uşaqların normal yaşıdları ilə
birlikdə təhsil almasına gözəl bir şans yaratdığını
vurğulayırlar. Təlim metodikasına müvafiq olaraq
inklüziv təhsilin uşaqlara qarşı
ayrı-seçkilik edilməsinin qarşısının
alınmasında, müxtəlif xəstəlikləri,
sağlamlıq imkanları məhdud olan uşaqların belə, mükəmməl
şəkildə təhsil almasına, gələcəkdə
peşə hazırlığına gedən yolun sadələşdirilməsində
əhəmiyyətli rol oynadığını bildirirlər.
Daha həssas və səbrli olma
Tipik uşaqlardan fərqli olaraq bilirik ki, sağlamlıq
imkanları məhdud olan uşaqlarla işləmək daha həssaslıq
və səbr tələb edir. 252 nömrəli məktəb-liseydə
apardığımız müşahidələr, fikirlərini
öyrəndiyimiz korreksion-pedaqoqlar (loqoped-defektoloqlar) Səmra
Axundova (220 nömrəli məktəb-lisey), Şəfəq Yusifli, (202 nömrəli
tam orta məktəb), Ayşən Nəcəfova (138 nömrəli
tam orta məktəb) bunu bir daha
təsdiqləyir.
252
nömrəli məktəb-liseydə məşğələsində
iştirak etdiyimiz Aytac
Məmmədzadə 2016-cı ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetini “Korreksiyaedici təlim”
ixtisası üzrə bitirib. Liseydə
inklüziv təhsil üzrə korreksion-pedaqoq işləyir.
Cavandır, peşəsini, uşaqlarla işləməyi
çox sevir. Fəaliyyətə
başladığı elə ilk vaxtlardan təhsil müəssisəsinin
rəhbərliyi tərəfindən diqqət və
qayğı gördüyünü, buradakı müəllimlərin
ona böyük dəstək göstərdiklərini deyir.
Öz üzərində işləməyi, təkmilləşməyi,
bilik-bacarıqlarını artırmağı
qarşısına məqsəd qoyub. Ötən il Təhsil Nazirliyinin təskil
etdiyi inklüziv təhsillə bağlı treninqdə, bundan başqa müxtəlif
təşkilatların keçirdiyi bir çox seminarda istirak
edib. Bu il işlədiyi liseydə özü
müəllimlərə treninq keçirib.
Korreksion-pedaqoq kimi inklüziv təhsilə cəlb olunan
uşaqlarla hər gün qrup və ya fərdi şəkildə
dərs vaxtı 20-25 dəqiqə məşğul olur. Özünün dediyinə
görə,
vaxtın müəyyənləşdirilməsi hər
uşağın qavrama səviyyəsinə görə olur.
Biz həmin təhsil müəssisəsində olarkən
Aytac müəllim inklüziv təhsilə cəlb olunanlar
üçün ayrılmış otaqda məşğələ
aparırdı. Həmin məşğələ prosesini
kənardan izləmək bizim üçün də
maraqlı idi.
A.Məmmədzadə
sağlamlıq imkanları məhdud uşaqların hər
birinin ilk vaxtları və hazırda müsbətə
doğru dəyişən nəticələri barədə
bizə məlumat verdikdən sonra fəaliyyəti haqqında
da danışdı: “Dərs zamanı sinif müəllimi
öz fənnini ümumi şəkildə keçir, həmin
uşaqlara isə xüsusi fərdi tədris proqramı əsasında
tapşırıqlar verir. Əsasən
sağlamlıq imkanları məhdud uşaqlar dərsdə
oturmaqdan yorulur və deyilənləri qavramaqda çətinlik
çəkirlər. Şagirdləri məşğələ
otağına gətirir, burada onlara tam sərbəstlik verirəm.
Rahat olmalarına şərait yaradır və
sonradan həmin uşaqlarla verilən tapşırıqlar
üzərində səbrlə birlikdə
çalışırıq. Düzdür, bu, müəyyən
vaxt alsa da, sonda onların öyrənməsinə nail oluram”.
Hər bir uşağın öyrənmə
imkanları nəzərə alınır
İnklüziv təhsili valideynlər də çox
müsbət dəyərləndirirlər. Fərqanə Almuradova, Aybəniz
Əliyeva, Şövkət İsayeva və adını
çəkmədiyimiz neçə-neçə valideyn belə
təhsildən məmnundur. Belə ki,
övladlarının problemli olmasına baxmayaraq, normal
uşaqlardan geri qalmadıqlarından, onlara müəllimləri
tərəfindən özlərini tanıtmalarına şərait
və imkan yaradılmasından, digər tipik uşaqlar kimi
münasibət göstərilməsindən, daha həssas və
qayğı ilə yanaşmalarından razılıq edirlər.
İnklüziv təhsilin müsbət tərəfləri
barədə fikirlər söyləyən təhsil
işçilərini, valideynləri dinlədikcə belə qənatə
gəldik ki, inklüziv təhsil xüsusi təhsil müəssisəsinə
yüngül xəstəliyi olduğuna görə
uşağını verməyən, ümumtəhsil müəssisəsində
isə təlimatın tələbinə əsasən oxuda
bilməyən valideynlər üçün əslində ən
gözəl şansdır. Özü də nəzərə
alsaq ki, belə bir təhsildə hər bir uşağın
öyrənmə imkanları diqqətdə saxlanılır və
onun ehtiyaclarına uyğunlaşdırılır.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2018.- 13 aprel.- S.1; 9.