“Ən böyük hədəfim
yüksək
bacarığa malik cərrah
olmaqdır”
Emin Qayıbov: “Əldə etdiyim
uğurlarıma görə müəllimlərimə
borcluyam”
Qloballaşan dünyamızda təhsilin
ölkənin inkişafındakı
mühüm rolu danılmaz
faktdır. Ölkəmizdə cəmiyyət həyatının bütün sahələrinin hərtərəfli inkişafını təmin edən
peşəkar, yüksək rəqabətqabiliyyətli,
hazırlıqlı mütəxəssislərin
hazırlanmasına ciddi diqqət
ayrılmaqdadır.
Son illər Təhsil Nazirliyinin xüsusi
istedadı ilə seçilən şagirdlərin, gənclərin
üzə çıxarılması, onların istedad və qabiliyyətlərinin, tədqiqatçılıq
səriştələrinin inkişafına yönəlik məqsədyönlü
tədbirləri nəticəsində məktəblilərimizin
beynəlxalq bilik yarışlarında yüksək fəallıq
göstərməsinin şahidi oluruq. Olimpiada hərəkatı artıq ölkəmizdə ciddi elmi marafona çevrilib. Nəticələr isə göz qabağındadır. Mötəbər beynəlxalq olimpiadaların qalibləri
olan şagirdlərimizin sorağı artıq bir
neçə illərdir ki, yaxın-uzaq ölkələrdən
- ABŞ, Avropa və Asiyanın nüfuzlu universitetlərindən gəlir. Budəfəki yazımız da son illər beynəlxalq olimpiadalarda
ölkəmizi dəfələrlə uğurla
təmsil etmiş, əldə etdiyi uğurlar sayəsində
hazırda Çexiyanın Çarlz Universitetində tibb
təhsili alan Emin
Qayıbova həsr olunub.
Tanıtım.
Emin Elman oğlu Qayıbov 2000-ci il
fevral ayının 23-də Bakı şəhərində
anadan olub. 2017-ci ildə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərində orta
təhsilini müvəffəqiyyətlə
başa vurub.
Hazırda Çexiyanın Hradec Kralove şəhərində yerləşən
Çarlz Universitetinin
tibb (General Medicine) fakültəsində 1-ci kursda təhsil alır. Aşağı siniflərdən
öz fitri istedadı
ilə müəllimlərinin diqqətini cəlb edən Eminlə
söhbətə onun olimpiada
uğurlarından başladıq.
“Birincilərin birincisi”
VII sinifdə məktəbin keçirdiyi fənn olimpiadaları silsilə seçim turlarında qalib gələrək biologiya fənni üzrə Olimpiada hazırlıq dərslərinə qatılmaq şansı əldə etdim. Hələ olimpiadalara başlamazdan öncə hədəfim tibb ixtisası üzrə cərrah mütəxəssis olmaq idi. Ona görə də fənn olimpiadaları arasında mənim maraq dairəmdə olan və mənə ən uyğun fənn biologiya idi. Elə buna görə də biologiya olimpiadalarına qatıldım. Biologiya fənni digər elm sahələrindən bir çox məqamda fərqlənir. Bunlardan ən əsası isə biologiya fənninin geniş ədəbiyyata malik olması və hər gün bu sahədə yeni kəşflərin baş verməsidir. Ona görə də biologiya fənni əslində hər gün yenilənir, bir çox köhnə nəzəriyyə yeniləri ilə əvəz olunur. Bu fənni mənimsəmək istəyən hər bir şəxs yeni kəşfləri və nəzəriyyələri təqib etməlidir.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadalarında biologiya fənni üzrə qızıl, 2016-cı ildə qızıl və 2017-ci ildə gümüş medallara layiq görülmüşəm. 2016-cı ildə Respublika fənn olimpiadasında isə həmçinin “Birincilərin birincisi” titulunu qazandım. Beynəlxalq arenada aşağı siniflərdə kompüter layihə olimpiadalarında da iştirak etmişəm. 2012-ci ildə Türkmənistanın Aşqabad şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (ICPO-2012), 2013-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (İnfomatrix-2013) gümüş medallar qazandım.
Fənn olimpiadalarına hazırlıq siniflərinə seçildikdən sonra isə vətənimi biologiya fənni üzrə təmsil etməyə başladım. 2014-cü ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO-2014), 2015-ci ildə isə Cənubi Koreyanın Daegu şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO-2015) qatıldım və bürünc medala layiq görüldüm. Bundan əlavə, 2016-cı ildə Hanoy (Vyetnam) və 2017-ci ildə Varvik (Böyük Britaniya) beynəlxalq biologiya olimpiadalarında ölkəmizi təmsil etdim. Əldə etdiyim nəticələr öncə orta təhsilimi qızıl medalla bitirməyimə səbəb oldu. Həmçinin bu nailiyyətlər universitetlərə müraciət etdiyim zaman CV-də (Curriculum Vitae) qeyd olunub, mənim bacarıqlarımı göstərirdi.
Eynşteynin çalışdığı universitetin tələbəsi
Emini uğura aparan yolda, əlbəttə ki, onun beynəlxalq və respublika fənn olimpiadalarında qazandığı nailiyyətlərin xüsusi rolu vardır. Bu uğurlar Emini Avropanın nüfuzlu ali tibb təhsili verən universitetlərindən birinə gətirib.
- Hazırda təhsil aldığım Çarlz Universiteti Mərkəzi Avropanın ilk tibb universiteti olaraq 1348-ci il aprelin 7-dən fəaliyyətə başlayıb. Çarlz Universiteti mənim də təhsil aldığım tibb ixtisası üzrə Avropada ilk 5 universitetdən biridir. Ali məktəb həm praktiki, həm də nəzəri olaraq qitənin digər universitetlərilə müqayisədə bir çox üstünlüklərə malikdir. Hər il tibb sahəsində əldə olunan yeni kəşflər də Çarlz Universitetinin tibb fakültəsinin payına düşür. Dahi fizik Albert Eynşteynin də uzun illər bu universitetdə professor olaraq çalışdığını və elə Mərkəzi Avropada ilk ürək transplantasiyasının universitetin xəstəxanasında həyata keçirildiyini nəzərə alsaq, Çarlz Universitetinin dünyanın görkəmli universitetlərindən biri olduğuna şübhə etmərik. Universitetin tibb fakültəsi yerli tələbələr üçün çex, xarici tələbələr üçün isə ingilis dilində təhsil verir.
Universitetdə xarici tələbələr üçün hər cür şərait yüksək səviyyədədir, belə ki, tibb fakültəsini bitirmiş əcnəbi vətəndaşlar tibb təhsilinin növbəti pilləsi olan ixtisaslaşmanı Almaniya, Böyük Britaniya, ABŞ və Kanadanın yüksək reytinqli universitetlərində asanlıqla əldə edirlər. Tibb fakültəsi proqramı 6 il ərzində həyata keçirilir. Bunun ilk 3 ili daha çox nəzəri, növbəti 3 ili isə daha çox praktiki təhsili əhatə edir. Təhsil ilinin sonunda əldə edilən diplom dünyanın hər bir tibb ocağında tanınır, bu isə o deməkdir ki, ali məktəbin məzunları üçün geniş iş imkanları mövcuddur.
Tələbələr
üçün geniş
təqaüd
imkanları və maaş da
mövcuddur
Çarlz Universitetində təhsil alan tələbələr ali məktəbin təqdim etdiyi bir sıra üstünlüklərdən yararlana bilərlər. Məzunlarımızın çoxu son kursda ABŞ və Kanadanın keçirdiyi USMLE (Üç mərhələli Tibdə Lisenziya imtahanı (USMLE) - xaricdə alınan tibb təhsilin Amerikada qəbul edilməsi tələb olunur) imtahanında iştirak edir. Bu imtahanda yüksək nəticə əldə etmiş tələbələr həmin ölkələrin bir çox nüfuzlu tibb universitetlərində təhsillərini davam etdirmək hüququ əldə edirlər. Həmçinin geniş təqaüd imkanları və maaş da mövcud olur. Mən də bütün məzunlarımız kimi bu imtahana qatılıb yüksək bal toplayaraq tibb təhsilimi rezidentura üzrə ABŞ-ın Texas ştatında yerləşən Texas Cancer Center-də davam etdirmək istəyirəm.
Uğur ilk növbədə
şagirdin özündən
asılıdır
Məlumdur ki, olimpiadalar hər bir iştirakçıdan yüksək əzmkarlıq, hazırlıq, tədqiqatçılıq tələb edir. Əlbəttə ki, hər bir şagirdin uğurlarında müəllim əməyi əvəzsizdir. Əldə etdiyim uğurlarıma görə, əlbəttə ki, hər bir şagird kimi mən də müəllimlərimin hər birinə borcluyam, xüsusən də biologiya olimpiadası heyəti üzvlərinə, Elməddin Mehrəliyev, Anar Məcidov, Elxan Tahirov və Rəşad Səlimova təşəkkürlərimi bildirirəm. Olimpiadada uğur qazanmaq, ilk növbədə, şagirdin özündən asılıdır. Əgər şagirdin iradə və əzmi varsa, şübhəsiz ki, çalışdıqdan sonra nailiyyət əldə edəcəkdir. Olimpiada geniş bir ailədir ki, bu ailənin hər bir üzvü çalışqan və zəhmətkeş, bir-birlərinə daim dəstək olur. Onlar yalnız dərs çalışmağı və öyrənməyi mənimsəmirlər, yardımsevərlik, qayğıkeşlik duyğuları kimi yüksək insani keyfiyyətləri də birgə əldə edirlər.
Mənim gələcək həyatımda ən böyük hədəfim yüksək bacarığa və biliyə malik bir mütəxəssis cərrah olduqdan sonra Azərbaycana qayıdaraq ölkəmin tibb sahəsi üzrə bir çox problemlərini həll edəcək, hər bir Azərbaycan vətəndaşı kimi ölkəm üçün çalışmaqdır.
“Emin
təkcə bilik və
çalışqanlıq
keyfiyyətləri
ilə seçilmirdi”
Elxan Tahirov, “İstək” liseyinin müəllimi: İlk dəfə Emin Qayıbovla 2014- cü ildə Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO 2014) hazırlıq zamanı tanış olduq. Emin çox ciddi və məsuliyyətli bir şagird təsəvvürü yaradırdı. 9-cu sinif şagirdi olmasına baxmayaraq bir şəxsiyyətlə ünsiyyətdə olduğumu hiss edirdim. Nə istədiyini bilən, hədəfləri olan və bu hədəflərə doğru əzmlə addımlayan bir şagirdə dərs dediyimi başa düşmüşdüm. Komanda olaraq yaxşı hazırlaşsaq da, o olimpiadadan bir medalla qayıtdıq. Emin həmin il yaxşı bal toplamasına baxmayaraq, medal almamışdı. Amma medal almamağı onu sındırmamışdı. Əksinə, daha da əzmlə çalışmağa başlamışdı. Biz onunla birlikdə Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq dərslərində də məşğul olurduq. Artıq 10-cu sinif idi, biliklərini artırmışdı. Bəzi məqamlarda qarşısındakı müəllimdən çox bilsə də, heç vaxt bunu büruzə vermirdi, bu da onun təvazökarlığından irəli gəlirdi. Bu cür məqsədyönlü və əzmkar çalışma öz nəticəsini bir il sonra, Cənubi Koreyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (İJSO 2015) verdi. Emin bu olimpiadada bürünc medal qazandı. Emin təkcə bilik və çalışqanlıq keyfiyyətləri ilə seçilmirdi. 2016- cı ilin iyulunda biz Eminin də tərkibində olduğu komanda ilə Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına gedərkən İstanbul üzərindən getməli olduq. Bizim təyyarəmiz Türkiyəyə enəndə Türkiyədə hərbi çevrilişə cəhd olmuşdu. Hələ 15-16 yaşında olan bu yeniyetmələrin bu cür hadisə qarşısında soyuqqanlılıqlarını qorumaları, 2 gün gecikməyimizə, hava limanında qalmağımıza baxmayaraq, yenə də olimpiadada iştirak etmək istədiklərini bildirdikdə, mən başa düşdüm ki, bu şagirdlər nəinki elmi, həm də yüksək şəxsi keyfiyyətlərə malik yeniyetmələrdir. Emin çoxsaylı müsbət keyfiyyətlərə malik bir şagird idi, amma onun nizam-intizamı ən yadda qalan keyfiyyətlərindən biridir.
Sonda biz də Eminə təhsil həyatında və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır və ümid edirik ki, o, tibb sahəsinin görkəmli mütəxəssisi kimi yetişərək öz uğurları ilə ölkəmizi dünya elm səhnəsində bundan sonra da layiqincə təmsil edəcək.
Azərbaycan
müəllimi.- 2018.- 13 aprel.- S.8.