“Biz daha yaxşı nəticə olsun deyə
çalışırıq”
Fərəh Əliyeva: “Ən dəqiq
rəyi peşəkarlardan alıb işimizə davam edirik”
“Rektor danışır” layihəsinin
qonağı Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər
doktoru, Əməkdar incəsənət xadimi, professor Fərəh
Əliyevadır.
- Universitetiniz haqda mənfili-müsbətli çox söhbət var idi. Müsbətlərdən başlayaq. Gözəl təmir olunub binanız...
- Mədəniyyət və İncəsənət Universiteti deyəndə mütləq hamı gözəl bir bina təsəvvür edir. Bizim təmirdən sonrakı ortamımız o təsəvvürə uyğundur artıq. Bir il müddətində bina əsaslı təmir olundu. İndi mədəniyyət və incəsənət sahəsi üçün kadr hazırlamağa tam infrastrukturumuz var. Auditoriyaları gəzib özünüz də görə bilərsiniz, standart auditoriyalar demək olar yığışdırılıb. Praktik, rahat sinif, auditoriya nədirsə, onu etmişik.
- Yəni necə?
- Kiçik səhnələrdən ibarət xeyli sayda sinif otağımız var. Tamaşa nümayiş etdirmək üçün iki böyük zalımız, kino pavilyonumuz, xüsusi məşq otaqlarımız var. Səhnə hərəkəti, səhnə danışığını öyrənmək üçün tələbələrimizə məhz bu praktik audioriyalar lazımdır. Universitetimiz çoxprofillidir. Beş fakültəmiz var. Demək olar ki, mədəniyyət və incəsənətin bütün sahələri üzrə mütəxəssis hazırlanır. Musiqi sənəti, rəssamlıq, teatr sənəti fakültəsi var. Aktyorlar, rejissorlar, teatrşünaslar məhz burda yetişir. Bir də kino və televiziya fakültəsi var. Burda isə kino, televiziya sənəti üzrə aktyorlar, rejissorlar, operatorlar, kinoşünaslar, ədəbi yaradıcılıq ixtisasları üzrə mütəxəssislər yetişir. Kulturologiya fakültəmizdə isə mədəniyyətin müxtəlif sahələrində - klub, mədəniyyət evi, mədəniyyət sarayları, muzey, konsert salonları, filarmoniya, kitabxana və teatr-kino müəssisələrinin rəhbərlərindən tutmuş mədəni-kütləvi tədbirlərin təşkilatçıları kimi vəzifələrdə çalışa biləcək yüksək ixtisaslı kadrlar hazırlanır. Yəni, işimiz də maraqlıdır, binamız da yeni və gözəldir. Bizə qalır yaxşı nəticə əldə eləmək.
- Bunu necə, bacarmısınızmı? Bir qədər də dəqiqləşdirim sualı. Haqqında xeyli mənfi söhbət dolaşan bir universitetdə bu gün ab-hava necədir? Pedaqoji və tələbə heyətinin indiki səviyyəsi sizi qane edirmi?
- Bəlkə belə də soruşmaq olardı, tələbələr və pedaqoji heyət məndən razıdırmı?
- Onu soruşmaq xeyli zaman apara bilər, konkretləşdirmək
olmaz. Heç
səmimi cavab da verməzlər. Amma sizin deyəcəklərinizdə
həm də onların sizə münasibəti görünəcək.
- Əslində, vəziyyət belədir: rektor tələbə
və müəllimdən asılıdır. Yəni, onların
necə olması bizim haqqımızda fikir
formalaşdırır.
- Bəs
onda rektorun üzərinə düşən vəzifə nədir?
Bir də onlar, tələbələr və
müəllimlər necədir?
- Tələbə də, müəllim
də hiss etməlidir ki, rektor onların yaxşı fəaliyyət
göstərməsinə sözdə yox, əməldə
çalışır. Mən belə olmaq
üçün əlimdən gələni edirəm. İndi dəqiq bilmirəm, onlar bunu nə dərəcədə
hiss edir. Amma düşünürəm ki,
hiss etməmiş olmazlar. Əks halda
onların özünün də yüksək əhvali-ruhiyyəsi
və rahatlığı olmazdı. Universitetdə
mənfi ortam varsa, bu, rektorun nüfuzuna zərbədir. Əgər müəllim işinə, dərsə
enerji, həvəslə başlamırsa, tələbə
auditoriyaya ürəklə girmirsə, bu, mütləq rektorun
məsuliyyətinə bağlıdır. Düşünürəm
ki, biz bu kimi məsələlərin xeyli hissəsini həll
edə bilmişik. Müəllimlərimiz
tələbələrə biliklərini ötürür, tələbələrimiz
də buranı ikinci evləri kimi qəbul edir. Bəzən elə olur gündüz saat ondan, ya da
doqquzdan bura gəlib, axşam saat on birə kimi işləyirlər.
Yəqin çox pis vəziyyət olsaydı,
gecə saatlarına qədər nə müəllim, nə də
tələbə qalmaq istəyərdi.
- Fərəh
xanım, kənardan özünüzə, fəaliyyətinizə
baxa, dəyər verə bilirsinizmi?
-
Heç vaxt özümdən razı olmamışam. Özümə kənardan baxanda ağlıma gələn
ilk fikir bu olur. Həmişə
düşünürəm ki, etdiyin bu işin daha
yaxşısını görmək mümkündür.
Növbəti hədəf məhz o daha
yaxşı olur.
-
Özündən razı olmaq nədir sizə görə?
- Qeyri-səmimilikdir
bu. İnsan heç vaxt özündən razı qala bilməz.
Daha artığı və daha
yaxşısı mütləq var. Əsas olanı budur ki,
insan vicdanı ilə üz-üzə duranda utanmasın.
- Siz
vicdanınızla üz-üzə duranda necəsiniz?
- Ən təhlükəli üzləşmədir
vicdanla üz-üzə qalmaq. Mən bu üzləşmədə
çox rahatam. Heç kimi və heç
nəyi yola verməyə çalışmamışam.
Çalışdığım əlimdən
gələni etmək olub, bunu da etmişəm. Amma bu nə qədər
alınıb və ya ümumiyyətlə,
alınıbmı, bunu qəti şəkildə deyə bilmərəm.
- Bayaq
qeyd etdiniz ki, tamaşa nümayişi üçün iki
böyük zalınız var. İndiyə qədər
hansı tamaşalar qoyulub tələbələriniz tərəfindən?
Və universitet olaraq daha böyük səhnələrdə
tələbələrinizin iştirakı ilə tamaşa
nümayişini təşkil edə bilmisinizmi? Yəni bunu o mənada deyirəm ki, belə təşkilatçılıq
həm də onların gələcəyini müəyyən
edə bilər. Bir növ hansı keyfiyyətdə tələbə
yetişdirildiyini geniş ictimaiyyət görər...
- Bizdə
tamaşa xatirinə tamaşa oynanılmır. Tələbələrimiz
birinci kursdan başlayaraq tamaşalar hazırlayır. Bizim aktyor sənəti, səhnə mədəniyyəti
kimi imtahanlarımız məhz səhnədə verilir. Bunun nəzəriyyəsi olmur. Belə
imtahanlar həm də iştirak etmək, baxıb öyənmək
istəyən hər kəs üçün açıq
olur. Bəzən kənardan gəlib
tamaşalara baxırlar. Elə bilirlər
onları hansısa tamaşaya dəvət ediblər, əslində,
doğrudur, onlar elə tamaşaya baxırlar. Ancaq bir məqam var, o rolu oynayanlar təkcə
tamaşa təqdim etmir, həm də imtahan verir. Bunun özü çox maraqlı məqamdır.
Yəni fərqli formada imtahandır. Başqa fakültə, kurslardan tələbələr,
müəllimlər gəlir, baxıb qiymət verir,
müzakirə aparırlar. Tələbələrimiz
Axundovun, Şekspirin, Haqverdiyevin, Elçinin əsərlərini
oynayır. Əslində, kənarda olanda adama elə
gəlir ki, bu universitetdə hər şey çox sadədir.
Belə deyil, buranın təlimi, tədrisi
çox ağır prosesdir. Mən
nazirlikdə işlədiyim müddətdə düzü, bu
qədər çətin olduğunu
düşünmürdüm. Bəzən
belə də olur, o tamaşalara baxmağa gələn və
ancaq nəzəriyyə öyrənən tələbələrimiz
deyir ki, heyif deyil bizim fakültə. Kitabdan
oxuyub, sonra gedib danışırıq, qiymətimizi
alırıq, vəssalam. Bir saat yarım
da imtahanmı olar?! Bir məsələ də
var. Bizim sahədə hamı mütəxəssis yetişdirə
bilmir. Amma bizə baxan hər kəs,
heç mütəxəssis olmayan da “xoşum gəldi” və
ya “bəyənmədim” səviyyəsində rəy bildirə
bilir. Çünki bu onun haqqıdır.
Amma yenə də ən dəqiq rəyi peşəkarlardan
alıb işimizə davam edirik.
- Bir az kapitalizmin məsuliyyəti deyirlər, bir az
da insanların səbəb olduğunu söyləyirlər. Əslində, buna mədəniyyət və incəsənət
sahəsində SOS siqnalı da demək olar. Tamaşalara o qədər də axın yoxdur,
insanlar mədəniyyət və incəsənətdən
uzaqlaşıb. Daha yüngül
şoulara maraqlıdırlar. Bir də daha
vacib bir məqam, istedadlı adamlar işsiz qalır.
Ən yüksək səviyyədə olan ali
məktəb bitirsələr belə, yerləşə bilmirlər.
Eyni zamanda belə bir təəssürat da var
ki, gedən sənət adamlarının yerinə yeniləri
gəlmir, ya da gələnlər o nəhənglikdə
yetişmir. Bu qədər
qarışıq durumda işlərin içində olan biri
kimi siz nə düşünürsünüz?
- Mən
bu məsələdə pessimist ola bilmirəm.
Sizə bir sualım var. Siz mədəniyyəti
və incəsənəti olmayan bir dövlət və ya millət,
toplum görmüsünüzmü?
- Təbii ki, xeyr...
- Deməli,
kimsədə pessimizm olmamalıdır. Mən prosesin
içində olan adam kimi deyirəm. Zaman-zaman istedadlar da, sənət fədailəri, nəhəngləri
də olub, olacaq. Bunsuz mümkün deyil.
O fikirlə razıyam ki, mədəniyyət və incəsənət
sahəsi biznes sahəsi ilə müqayisədə bizdə elə
gəlirli sahə sayılmır. Amma yoxdur,
bitir, tükənir kimi qorxulardan da söhbət gedə bilməz.
Qəribə olanı budur ki, mədəniyyət
və incəsənət sahəsini seçən adamların
da böyük pul iddiası olmur. Onlar daha
çox mənəviyyat adamlarıdır. Başqa xarakterdə, üslubda insanlardır. Məsələn, bir biznes adamını
alqışlarla razı salmaq olmaz. Amma bir
aktyor tamaşaçı alqışı qarşısında
milyon kəs baş əyməyə hazırdır.
- Yəni
indiki iqtisadi münasibətlərin hələ gəlib
tapmadığı adamlar varmı deyirsiniz?
- Əminliklə deyirəm, var. Elə adamlar var ki,
onları sosial quruluşlar qətiyyən maraqlandırmır,
çünki onlar hamıya lazımdır. Məsələn,
bütün quruluşlara mədəniyyət və incəsənət
adamları mütləq lazımdır. İndi bizdə
tələbələrin necə ürəklə, gecə
yarısına qədər işlədiklərini görsəniz,
bəlkə ondan sonra əmin ola bilərsiniz.
Məhz həmin uşaqlar Azərbaycan mədəniyyəti
və incəsənətinin yükünü çiyinlərinə
götürəcəklər.
- Beş il əvvəl
və indi, haradan hara gəlmisiniz?
- Əslində, haradan hara gəlməyimiz zəruri bir
tarixi prosesdir.
Bizim universitetin həmişə gözəl ənənələri
olub. 95 yaşı var bu ail təhsil ocağının. Görün neçə ildir yoldadır. Hər halda bugünkü göstəricilərimiz
daha ürəkaçandır deyə bilərik.
- Bizim cəmiyyət
olaraq da bir problemimiz var. Diplomum olsun! Haranı
bitirir bitirsin, sənədi olsun ki, bu gənc diplomludur. Necədir belə yanaşmalara münasibətiniz?
- Məncə,
boş-bekar qalıb yayınmaqdan, cahil olmaqdansa, gəlib
oxusunlar. Qoy elə diplomları olsun əllərində.
- Bilirsinizmi niyə soruşuram? Son
zamanlar iş tapa bilməyənlərin əksəriyyəti
diplomlulardır. Əslində, bunu irad kimi tutmaq
deyil məqsədim. Demək istəyirəm ki, belə
hallarda insanlar ali təhsil müəssisələrini
və dövləti günahlandırır. Amma qəbul etmək
istəmirlər ki, diplom xatirinə oxuyublar, ali
təhsil müəssisəsindən orta səviyyədən də
aşağı mütəxəssis kimi çıxıblar.
Burada ali təhsil müəssisələrinin
günahı da az deyil.
- Əvvəla
oradan başlayaq ki, biz uzun illər, elə indinin özündə
də daha çox ona tərəfdarıq ki,
övladlarımız ali təhsil
alsın. İndi kiminsə iddiaları olur, həm
də karyera barədə düşünür, bu ayrı məsələdir.
Amma elə adamlar da var ki, sadəcə diplomu
olsun deyə oxuyur. İnanın, onların bayırda,
auditoriyadan kənarda qalıb pis vərdişlərə yiyələnməyindənsə,
elə ali məktəblərdə məşğul
olması, heç olmasa orta səviyyəli bir vətəndaş
olması daha faydalıdır. Bir məsələ
də var. Oxuyan qızlar, hətta işləməsələr
belə, gələcəkdə savadlı anadırlar. Savadlı ananın yetişdirdiyi övlad mütləq
yaxşı yol seçər, düzgün istiqamətləndirilmiş
olar. Yəni heç nə etməməkdənsə,
diplom xatirinə olsa belə, qoyun oxusunlar.
Qaldı ali təsil müəssisələrində təhsilin
səviyyəsi haqda təəssürata, onu deyim ki, bizim
universitetin çox yaxşı pedaqoji heyəti var. Onlar
bildiklərini dərinliklərinə qədər tələbələrə
öyrətməyə çalışırlar. İndi hansı tələbə nə qədər
qavrayır, bu artıq onun bacarığına qalır. Ancaq biz daha yaxşı nəticə olsun deyə
çalışırıq. Belə nəicələr
də təbii ki, var. Bir də ola bilər
kimsə diplomludur, işləmir, amma yenə də hansısa
sahə üzrə müəyyən qədər də olsa
bilik əldə etmiş adamdır. Müəyyən
dünyagörüşü formalaşıb. Bir də insanların təhsil almaq hüququ var. Onların bu
hüquqları ilə bağlı biz qərar verə bilmərik.
Qoy bizim gənclər hətta diplomlarını işlətməsələr
də, ali təhsil müəssisələrində
formalaşsınlar, küçədə yox.
(ardı var)
Jalə MÜTƏLLİMOVA
Azərbaycan
müəllimi.- 2018.- 13 aprel.- S.5.