“Biz region üçün vacib ali
təhsil müəssisəsi ola bilərik”
Fərəh Əliyeva: “Tələbələrlə
rektordan çox valideyn kimi davranıram”
II hissə
“Rektor danışır” layihəsinin qonağı Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, sənətşünaslıq üzrə
elmlər doktoru, Əməkdar incəsənət xadimi,
professor Fərəh Əliyevadır.
- Azərbaycanda
xeyli ali təhsil müəssisəsi saxta diplomlarla uzun
müddət mübarizə apardı. Sizdə bu məsələ
hansı səviyyədədir? Yəni hansısa problemlər
yaşadınızmı?
- Bizdə
bu problem olmadı. Çünki bütün işlər, nəticələr
göz qabağında olur. Yəni, aktyorsan oynamalısan, rəssamsan
çəkməlisən və sair. O ayrı məsələ
ki, kim nəyi, necə və hansı keyfiyyətdə edir. Mən
bizim universitetin belə bir problem yaşamasını nəinki
görməmişəm, heç eşitməmişəm də.
Sizə bir söz deyim, bizdə elə adamlar işləyir ki,
xüsusən sənətlə bağlı olan insanlar, onlarla
saxta iş görmək mümkün deyil. Yəni
standartları başqadır. Onlara bu işi gördürə
bilməzsən.
-
Kollektivdən söz düşmüşkən, pedaqoji heyətinizin
vəziyyəti nə yerdədir?
- Gözəl
müəllimlərimiz var. Tələbələr onlara
bağlanır, maraqla dinləyirlər. Amma bunu da etiraf edim ki,
təsadüfi insanlarımız da var.
- Təsadüfi
olanlarla necə başa çıxa bilirsiniz? Əslində,
indi təsadüfi adamların yaratdığı problemləri
sonra digərləri aradan qaldırmaq məcburiyyətində
qalır. Bəzən bu, çox uzun zaman tələb edir. Bir
də düzü, hərdən adama elə gəlir ki, adını təsadüfi
qoyduğumuz adamlar heç təsadüfi deyil. Onlar sadəcə,
problemi yaradacaqları anı gözləyirlər...
-
Düzü, biz yollarımızı təsadüfilərlə
ayırmağa çalışırıq. Hətta o halda belə
çalışıram ki, xoşluqla ayrılaq. Yəni
hamımız insanıq, ona görə də istəyirəm
ki, elə ayrıldıqlarımızla da insan kimi ayrılaq.
Bəlkə də o vəziyyətə düşmələri
öz günahlarıdır...
-
Neçə belə “təsadüfiniz” olub?
-
Statistikasını deməyək, amma olub və var.
Bilirsinizmi, bizdə nə vəziyyət yarandı? Biz sistemi,
yanaşmanı dəyişməyə başlayanda, təbii
olaraq, elə adamlar başlayırlar özlərini pis hiss etməyə.
Çünki edilən dəyişikliklər onlar
üçün münbit şəraiti məhdudlaşdırır,
əvvəlki kimi hərəkət edə bilmirlər. Özlərini
mütləq hansısa mərhələdə büruzə
verirlər. Onda biz də onlara heç demirik ki, sizin savad və
səriştəniz bu situasiyada yetərli deyil. Diskomfortda
olacaqlarını ehtiyatla anladırıq. Məsələn,
elə hal olur ki, imtahanda tələbə cavabını
yazılı formada verir və aşağı qiymət
alır. Nəticədə şikayət edir və biz hər
tələbənin şikayətinə baxırıq.
Araşdıranda məlum olur ki, əslində, tələbə
müəllimindən öyrəndiyi qədər cavab
yazıb. Özü də deyir ki, yazdıqlarımın hər
birini müəllimdən öyrənmişəm. Müəllim
öyrədən məsələlərlə bağlı hər
şeyi yazmışamsa, niyə qiymətim aşağı
olsun? Məntiqlə tələbə haqlıdır. Və bu
situasiyada məsuliyyət altında qalan müəllimdir.
Çünki o, tələbəyə lazım olan qədərini
öyrətməyib, öyrədə bilməyib. Nəticədə
əziyyəti tələbə çəkir,
aşağı qiymət alır. Müəllimin diskomfortu
burdan başlayır. Heç biz deməmiş, o, hiss edir ki, tələbə
haqlıdır. Və artıq bu situasiyada o, davam edə bilməz.
Bəzən də tələbə gəlib deyir ki, biz filan
müəllimdən dərs almaq istəyirik. Hətta elə
müəllimlərimiz var ki, tələbələrimiz
arasında onun sinfinə düşmək üçün
daxili müsabiqə edirik.
- Ali məktəblərin
fəaliyyəti haqda danışılanda həmişə
diqqət mərkəzində saxlanılan məsələlərdən
biri də rüşvətdir...
- Bu halların
qarşısını almağa
çalışmışıq,
çalışırıq. Universitetlərdə ədalətli
mühit olmalıdır. Tələbənin haqqını da
qorumalıyıq, ondan lazım olanı tələb eləməyi
də bacarmalıyıq. İndiki halda tələbədən
tələb olunan yaxşı oxumaq, problemi zamanında xəbər
vermək, haqqını tələb etməyi bacarmaqdır.
Eyni zamanda, tələbədən dərs tələb edən
müəllimlərin də haqları qorunmalıdır. Siz
deyən qanundankənar hallar nə zaman yaranır?
Sadaladıqlarım arasında hansısa halqada zəiflik
yarananda. Ola bilər, nə zamansa belə bir adət olub. Kimsə
düşünüb ki, gedim nəsə verim, qiymət
yazdırım. İndi mən çalışıram ki, bu vəziyyət
sıfıra ensin, olmasın.
- Daha səmimi
cavab istəyirəm. Belə vəziyyətləri
sıfırlamaq mümkündürmü? Təkcə sizin sahədən
getmir söhbət, ümumiyyətlə, soruşuram,
maraqlıdır...
- Bu,
insanın mənəviyyatına bağlı məsələdir.
Bəzən deyirlər, müəllimlərin maaşı
aşağıdır, dolana bilmir. Yəni guya rüşvət
buna bağlı məsələdir. Amma mən bunu qəbul
etmirəm. İstənilən neqativ hal insanın mənəviyyatına
bağlıdır və o, istəsə etməyə də
bilər. Bacardıqca yumşaq demək istəyirəm, kəskin
səslənməsini istəmirəm...
- Amma elə
məsələdir ki, yumşaq danışsaq da, sərt səslənir...
- Ona görə bir kəlmə ilə
dedim ki, bu, mənəviyyat məsələsi, göstəricisidir.
Tələbənin cibinə baxan müəllim mənim nəzərimdə,
ümumiyyətlə, müəllim deyil. Mən onu vətəndaş
kimi də ən aşağı səviyyəli biri bilirəm.
Bu hallar olmamalıdır. Çünki o müəllim nə
zamansa xəstələnib, rüşvətlə qiymət
alan bisavad həkimin əlinə düşəcək. Sonra hər
yana yazacaq ki, həkimlər savadsızdır. Mən həkimləri
bir misal olaraq dedim. Həkimlərimizin xətrinə dəymək
istəmirəm. Baxın, olsun savadsız bir müəllim, nəvəsinə,
övladına dərs keçəcək. Ya da bir müəssisədə
işləyəcək, yararsız kadr olacaq. Elementar səhvi
faciəyə gətirəcək. Yəni gələcəyi
düşünən yaxşı müəllim tələbəylə
münasibətdə o hala yol verməməlidir. Tələbələr
də bilməlidirlər ki, diplomu almaq xatirinə nəsə
vermək olmaz. İndi bütün müəssisələr
savadlı, ağıllı və bacarıqlı kadr, mütəxəssis
axtarır.
- Siz gələndən
bəri neçə belə hadisə olub və qarşısı
necə alınıb? Tələbəmi cəzalanıb,
müəllimmi?
-Bu il mənim
üçün çox ağrılı bir məsələ
oldu. O qədər ağır hadisə idi ki, başqa rəqəmlər
saymaq lazım deyil. Gəlin heç ad da çəkməyək.
O müəllim əməlindən xəcalət çəkdi.
Universitetdə kimsənin üzünə baxa bilmədi. Demək
olar ki, üzünü əli ilə qapamış halda
çıxdı burdan. Rəhbərlik o yana qalsın, öz
müəllim həmkarları onu biabır elədi. Hamı
bir nəfər kimi yığışdı dedi ki, bu boyda
biabırçılıq olmaz.
Böyük mübahisə yaranmışdı. Həmin
müəllim gedəndən sonra aldadılmış tələbə
və valideynlərə də dedik ki, o adamla mübahisələrini
gedib kənarda etsinlər. Dediyim şəxs
övladlarını qabiliyyət imtahanında keçirmək
üçün valideynlərdən rüşvət
almışdı. Onu da deyim ki, hansı adamlara görə ki,
o müəllimə nəsə verilmişdi, onların bir
xeylisi imtahanı şəxsi bacarıq və istedadı ilə
keçmişdi. Mən ona məəttəl qalıram ki,
axı adamlar niyə belə edir? Yəni sənin
övladının bacarığı, istedadı ola-ola niyə
kiminsə sözünə inanıb nəsə verirsən
ki?! Sonra da məlum olsun ki, səni aldadıblar. Bilirsinizmi, dələduzlar
var, deyirlər qabiliyyət imtahanında səni kiməsə
mütləq tapşırmaq lazımdır. Uşaq da, valideyn
də belə sözdən çəkinir. O halda məlum
söz-söhbətlər yaranır. Mən elə burdan səslənirəm
hər kəsə ki, bizim universitet haqda kimsə sizə nəsə
desə, inanmayın. Qabiliyyət imtahanından ancaq bir halda və
yüz faiz keçmək mümkündür: əgər siz
bacarıqlı, savadlı və istedadlısınızsa.
- Həmin
uşaqların valideynləri ilə
görüşdünüzmü?
O tələbələrin sonu necə oldu? Kimsə cəzalandırıldımı?
- Valideynləri
qəbul etdim, uşaqlarla da görüşdüm. Kim ki qiymət
almışdı, valideyninə izah etdim ki, uşağın
öz halal qiymətini alıb. Ona görə kiməsə nəsə
çatmayıb və bunu kimsə sizdən tələb də
etməyib. Düzdür, onlar sonra gedib həmin müəllimi
tapıb məsələlərini həll etmişdilər. Bu
hadisə məncə, uşaqlara da, valideynlərə də,
müəllimlərə də əməlli dərs oldu.
- O müəllimin
yenidən pedaqoji fəaliyyətə qayıtması
mümkündürmü, məhz sizin universitetdə?
- Qətiyyən
qaytarmaram. Hətta mənə elə gəlir bizim ali təhsil
müəssisələrimizin hamısı belə insanlardan
mütləq xilas olmalıdır. İnsanlar təhsil
almağa gənc yaşlarında gəlir. Biz burada onlara nə
öyrətsək, o cür formalaşıb gedirlər. Biz
onlara neqativləri öyrətməməliyik. Müəllim
peşəsi həmişə müqəddəs olub, biz onu
niyə ucuzlaşdırırıq ki?!.. O gənclər gedib
sonra düşmən qarşısında mübarizə
aparır, bizi qoruyur. Biz onları niyə kiminsə
qabağında sındırıb, alçaldırıq ki?
Olmaz və qətiyyən olmaz... Sadəcə, ədalətli
olmaq lazımdır. Müəllim hər hansı işini
uşaqdan aldığı haram pulla həll etməməlidir.
İnsan bilməlidir ki, etdiyi haram mütləq haradansa bir
gün vurub çıxacaq.
- Bu
cür hallar rektorların da nüfuzuna xələl gətirə
bilər. Narahat deyilsiniz ki?
- Qətiyyən
narahat deyiləm və indiyə qədər məni daxili qərarlarıma
görə narahat edən belə olmayıb. Bəlkə bu barədə
həm də mənim bəxtim gətirib. Bir məsələni
də qeyd edim. Mənə elə gəlir ki, bu məsələ
bizdə müəyyən bir dövr üçün aktual
idi və mərhələli şəkildə bitib gedəcək.
Sadəcə, ədalətli olmağı bacarmaq
lazımdır. Ədalətli ortam yaradılmalıdır.
Əgər o ortam yaradılmasa, bunun çox ağır fəsadları
olar.
- Nə qədər
ədalətlisiniz? Sizin ədalətlidir dediyiniz qərar
başqasına ədalətsiz görünə bilər. Yəni
o balansı hansı standartla tənzimləyirsiniz?
- Ədalət
elə bir məsələdir ki, dünya var olduğu qədər
onun standartını bilən olmayıb. Mənə görə
ədalətli olmaq vicdanının səni narahat etməməsidir.
Əgər vicdanın qarşısında narahat olmursansa, demək
ədalətli ola bilmisən. Bəzən ağrılı məqamlar
olur. Baxırsan tələbə ödənişini edə
bilməyib, ya da məsələn, imtahanının nəticəsindən
narazıdır. Mən bu hallarda çox pis oluram. Çətindir,
amma qarşındakına izah etməlisən, o da
anlamalıdır ki, bu, səndən asılı deyil. Bizim universitetdən heç vaxt
davamiyyətə görə tələbə qovulmasına yol
vermirəm. Bəzən olur müəllimlər gəlib tələbənin
elə göstəricilərini deyir və tələb qoyur ki,
bu uşaq qovulmalıdır, qalırsan baxa-baxa. Ona da razı
olmuram. Mənə görə kimisə qovmaq ən
axırıncı variant, ən son həddir. Ona qədər
yola gətirməyə, tərbiyə etməyə dəfələrlə
cəhd etməlisən. Bütün cəhdlərin boşa
çıxarsa, o halda vadar olub qovulma qərarı verilə
bilər.
- Qovulma qərarı
verdiyiniz olubmu?
- Bizim tələbələr
yaxşı tələbələrdirlər. Özləri də
etiraf edər, mən onlarla rektordan çox valideyn kimi
davranıram. Elə fakültələrimiz var ki, orada demək
olar tələbələri adbaad tanıyıram. Şuluq tələbələri,
ümumiyyətlə, dəqiq tanıyıram. Ən
istedadlısını, istedadı olub tənbəl
olanını, yəni hamısını bir-bir bilirəm.
-
Tapşırılanlarınız necə, varmı? Bu da
rektorların bir qisminin böyük çətinliyidir...
- Bəlkə
də bu mənə ailədən, atadan keçmə bir
keyfiyyətdir, bunu heç vaxt etməmişəm. Yəni
tapşırığa əməl etməmişəm. Bir-iki
tapşırıq oldu, məcbur oldum yox deyəm. Ondan sonra nəsə
deyən yoxdur. Bilirsiniz, bu tapşırıq məsələlərində
məni qıcıqlandıran nədir? Baxırsan, tələbə
son dərəcə yaxşı cavab verir, amma onu sənə
tapşırıblar. Bunu anlaya bilmirəm. Sığortalanmaq
üçün nəyə lazımdır belə
tapşırılmaq? Axı sən özün normal cavab verə
bilirsən! O üzdən həmişə
tapşırılan tələbənin cavabına maraqla
baxıram. Bilmək istəyirəm ki, doğrudan da bu
tapşırığa ehtiyac var idimi? Məncə, ümumiyyətlə,
kimisə tapşırmağa ehtiyac yoxdur. Bu tələbə
cavab verə bilmirsə, bilmir. Onu zorla oxutmaq olmaz! Minnətçi
düşmək lazım deyil. Çünki qıraqdan
baxanlar da var. Biri oxuyub layiq olduğunu alır, başqa biri
tapşırılıb. Onda ədalətli mühitin
balansı pozulur. Və bunu görən təkcə sən
olmursan. Bunu özü oxuyub qiymət alan da görür. Bax
onda həmin o tələbənin qol-qanadı
qırılır, mənəvi zərbə alır.
- Prinsipial qadın, rəhbər və
ailə xanımı, üçü bir arada çətindir.
Sizdə bu necə alınır?
-
Düzünü deyim sizə, rəhbər təyin olunmaq həyatımda
heç nəyi dəyişməyib. Necə var idimsə, eləcə
də qalmışam. Məişətimdə də heç nə
dəyişməyib. Nə varlanmamışam, nə kasıb
düşməmişəm. Ailəmdə də münasibətlər
əvvəlkidir, dostlarım da əvvəlki dostlardır.
Universitetimizə
gəlincə, burda xeyli yenilik arzulayıram. Məsələn,
ilbəil bizim xarici tələbələrin sayı artır.
Düşünürəm ki, unversitetdə təhsilin səviyyəsini
daha da qaldıra bilsək, biz təkcə ölkə daxilində
yox, həm də region üçün vacib ali təhsil
müəssisəsi ola bilərik. Hazırda
çalışıb nəticə əldə etmək istədiyimiz
istiqamət budur. Ümid edirəm yaxşı nəticəsi
olar. Özü də sizə deyim ki, bizdə bu potensial var. Məsələn,
bizim bir yetirməmiz - Sara xanım müqavilə ilə
Çində teatr sənətindən dərs deməyə
gedir. Demək, bizdə belə nəticələri əldə
etmək mümkündür. Sadəcə, o standartda mütəxəssisi
yetişdirmək üçün həm də yüksək səviyyədə
şərait yaratmaq lazımdır. Əminəm ki, biz daha
yaxşı işləyib o nəticələrin
hamısını əldə etməyi bacaracağıq.
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2018.-
20 aprel.- S.5.