“Təhsil haqqının yüksəkliyi təhsilin
daha keyfiyyətli
olmasına dəlalət etmir”
Əfqan Abdullayev: “Tələbə
götürdüyü semestrin, fənnin pulunu ödəməlidir”
Universitetlərdə
təhsil haqqı yüksəkdir. Xüsusən müasir
dövrün tələbinə uyğun ixtisasların təhsil
haqqına yaxın durmaq olmur. Üstəlik, ali məktəbə
daxil olan tələbədən birinci kursun ödənişi
tam və güzəştsiz tələb edilir. Nəticədə
Azərbaycanda təhsilin əlçatanlığını təmin
etmək məqsədilə həyata keçirilən
islahatlara “kölgə” düşür.
Universitetlər
bu məsələdə öz arqumentini səsləndirir, tələbində
haqlı olduğunu əsaslandırmağa
çalışır. Bəs, haqlıdırlarmı?
“Azərbaycan
müəllimi” məsələni Azərbaycan Dillər
Universitetinin prorektoru Əfqan Abdullayevlə birgə
araşdırmağa çalışıb.
-
Əfqan müəllim, öncə təhsil haqqını
kimin müəyyənləşdirdiyinə aydınlıq gətirək.
Bu qərarı kim verir?
- Bu barədə
hər bir universitet özü qərar verir. Fakültələr
üzrə qiymətlər müəyyənləşdirilir.
Mütəxəssislər qərar verəndən
sonra universitet Elmi Şurasının müzakirəsinə
çıxarılır. Burada verilən qərar Təhsil Nazirliyinə,
Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə və
Dövlət İmtahan Mərkəzinə təqdim olunur.
- Bəs, mütəxəssislər
ixtisasın dəyərini nəyə əsasən müəyyənləşdirirlər?
Ümumiyyətlə, təhsil haqqının
formalaşmasında hansı parametrlər nəzərə
alınır?
- Birinci və
əsas parametr bazar qanunlarıdır: tələb və təklif.
Bazar nəyi tələb edirsə, həmin sahə
üzrə mütəxəssis hazırlayanlar da bu fürsəti
dəyərləndirərək daha çox qazanmağa
çalışırlar. Axı, həmin
məhsulu bazar gözləyir. Müəssisə
bilir ki, bu sahə üzrə kadrı hazır olan kimi, onu
işə götürəcəklər. Kadr da bu sahə
üzrə dərhal iş tapa biləcəyinə əmin
olduğundan tələb olunan istənilən məbləğdə
təhsil haqqını ödəyib həmin ixtisasa yiyələnməyə
çalışır. Bu, bizdən
asılı olmayan parametrdir. İkincisi, bir az da subyektiv amillərdən asılı olan
parametrlər var. Burada subyekt ali təhsil müəssisəsinin
özüdür. Tutaq ki, universitet hesab edir ki, onun hər
hansı ixtisas üzrə buraxdığı kadr başqa ali təhsil müəssisələrinin eyni
ixtisas üzrə buraxdığı kadrdan daha keyfiyyətlidir.
Bunun üçün əlində əsasları da ola bilər. Ənənəsi,
müəllimlərinin daha keyfiyyətli olması, xaricdə təhsil
almış, ya da xaricdən dəvət olunan mütəxəssislərin
dərs deməsi, maddi-texniki bazanın daha güclü, təhsil
mühitinin daha əlverişli olması və s. Bu arqumentlərlə
çıxış edən istənilən universitet
ixtisaslar üzrə daha yüksək təhsil haqqı tələb
edə bilər. Tutaq ki, ADU-da ingilis dili
müəllimliyi üzrə təhsil haqqı 2500 manatdır.
Çünki əmək bazarında ingilisdilli
mütəxəssislərə daha çox ehtiyac var. Alman dili
müəllimliyinə Azərbaycan bazarında tələbat
yoxdur. Söhbət dildən yox, ixtisasa
olan ehtiyacdan gedir. Bu amili nəzərə
alıb alman dili müəllimliyi ixtisası üzrə təhsil
haqqını 1500 manat olaraq müəyyənləşdirmişik.
Odur ki, kim keyfiyyətli təhsil almaq istəyirsə,
həmin təhsil haqqını ödəyib oxuyacaq. Keyfiyyəti
kim müəyyən edir, həmin təhsil
müəssisəsi bu iddialarında nə qədər
haqlıdır? Bunlar məsələnin
başqa bir tərəfidir.
Universitetin reytinqi rəqabətin
formalaşmasına təsir edir
- Təsdiq
olunması üçün qiymətlərin Təhsil
Nazirliyinə göndərildiyini vurğuladınız? Qurumun mövqeyi bu məsələdə necə
olur? Təhsil Nazirliyi keyfiyyətin müəyyənləşdirilməsində
iştirak etmir?
- Universitetin verdiyi təhsilin keyfiyyəti
ilə bağlı iddialarının nə qədər əsaslı
olması hazırlanan kadrların keyfiyyətində
özünü göstərir. Bu səbəbdən
onların təsdiq edib Təhsil Nazirliyinə göndərdiyi
rəqəmlərə də müdaxilə olunmur.
Nazirlikdə hesab edirlər ki, universitetin nüfuzu qiymətə
uyğun deyilsə, heç kim getməyəcək,
ixtisas yerləri boş qalacaq. Yaxşı təhsil
verir, reytinqi yüksəkdirsə, təhsil haqqının
yüksək olmasına baxmayaraq, təhsilalan çox olacaq.
Təcrübə göstərir ki, doğru
fikirləşirlər. Çox yüksək
təhsil haqqına baxmayaraq, hətta ödənişli yerlərdə
böyük rəqabət mühiti yaranan təhsil müəssisələri
var. Universitetin cəmiyyətdəki reytinqi rəqabətin
formalaşmasına əhəmiyyətli dərəcədə
təsir edir. Həmin reytinqə görə,
ADU dil hazırlığı üzrə ölkədə
aparıcı yerə sahibdir. Elə ixtisaslar var ki, Dillər
Universitetində başqa ali təhsil
müəssisələri ilə müqayisədə daha
yüksək təhsil haqqı tələb olunur. Tutaq ki, bayaq qeyd etdiyimiz ingilis dili müəllimliyi
üçün Azərbaycanın başqa universitetlərində
daha aşağı təhsil haqqı qoyulub. Ancaq Azərbaycan Dillər Universitetində bu ixtisas
üzrə təhsil haqqı yüksəkdir. Çünki ADU ənənəvi olaraq ingilis dili
müəllimi hazırlayan universitetdir. Ona
görə də hesab edirik ki, bizim müəllimlərimiz bu
sahə üzrə daha kamil mütəxəssislərdir.
Proqramımız daha mükəmməldir.
Xarici əlaqələrimiz başqa təhsil
müəssisələrindən daha yaxşıdır. Bunları nəzərə alanda, bizim
hazırladığımız kadrlar daha keyfiyyətli hesab
oluna bilər. Ancaq başqa universitetlərlə
müqayisədə çox aşağı qiymətlər
qoyduğumuz ixtisaslar da var. Məsələn,
regionşünaslıq üzrə təhsil haqqı 1000
manatdır. Ümumiyyətlə, ADU-da
ödənişli ixtisaslar üzrə qiymətlər 1000-2500
manat arasında dəyişir. Dövlət
sifarişi əsasında olan ixtisasların qiymətlərini
dövlət müəyyənləşdirir. Bir tələbə üçün 1700-2300 AZN
müəyyənləşdirilib. Həmin məbləğ
eyni ixtisas üzrə ödənişli təhsil alan tələbənin təhsil haqqından
cüzi aşağıdır.
- Belə
çıxır ki, keyfiyyəti bazar müəyyənləşdirir?
- Tutaq ki, maşın istehsal edən
çoxsaylı şirkət var. Onlardan bir neçəsi
öz məhsullarına yüksək qiymət qoyur və hesab
edir ki, onun maşınları bu dəyərdədir. Səbəb olaraq da bazarı göstərir. Keyfiyyəti, dözümlülüyü,
rahatlığı ilə bazarın tələbinə
uyğun olduğunu iddia edir. Ənənə
üstündə qurulan komponentdən çıxış edərək
qiymətlər qoyulur. Ola bilər ki, ən
çox satılan ən keyfiyyətli yox, ən ucuz
maşın olar. Bazarda kütləvi istifadə
üçün nəzərdə tutulan ucuz məhsullar da
var, az sayda, yüksək keyfiyyətdə
bahalı məhsullar da. Dünyadakı
universitetlər də belədir. Həm
bahalı universitetlər var, həm də ucuz. Məsələn,
Harvard Universiteti dünyada təhsil haqqına görə ən
bahalı ali təhsil müəssisələrindəndir.
Ucuz və keyfiyyətli təhsil verən universitetlərin də
sayı az deyil. Universitetdə
təhsil haqqı yüksəkdirsə, bu, orada təhsilin daha
keyfiyyətli olmasına dəlalət etmir. Məsələn, Harvard Universitetində təhsil
almışam və burada bütün ixtisaslar üzrə
keyfiyyətli kadr hazırlandığını demək olmaz.
Keyfiyyətdə proqramla yanaşı, onun
ötürülməsi və qəbulu da rol oynayır. Yəni tətbiq edilən proqramı tələbənin
necə mənimsəməsi də önəmlidir. Yəqin
ki, 300 balla ali məktəbə qəbul
olunan tələbənin proqram qəbuletmə keyfiyyəti 690
balla tələbə adı qazanan tələbənin proqram qəbuletmə
keyfiyyətindən aşağı olmalıdır. “Tələbə hər hansı ixtisas üzrə məhz
burda oxusa, keyfiyyətli mütəxəssis olacaq” fikri real
deyil. Burada iki tərəf var: təhsilverən və təhsilalan.
İkisinin də parametrləri biri-birinə
uyğun gəlməlidir ki, nəticə də yüksək
olsun. Keyfiyyətli təhsil verməklə
məsələ bitmir. Təhsilalan da eyni
keyfiyyətlə qəbul etmirsə, burada yüksək səviyyəli
mütəxəssisdən danışmaq yersizdir. Çünki hamının intellekt səviyyəsi
eyni deyil.
Bəhanələr təhsil
haqqını
qaldırmaq üçün səbəb deyil
- Barəsində
danışdığınız subyektiv amillərdə ali təhsil müəssisələri kommunal xərclərinin
çoxluğunu, saxlanma xərclərinin böyük
olduğunu, Tarif Şurasının qərarlarını,
inflyasiya və başqa amilləri əsas gətirib təhsil
haqqını qaldıra bilərmi?
- İndeksasiya olunmalıdır. Ancaq hər dəfə
indeksasiyanı bəhanə gətirib təhsil haqqını
artırmağa da ehtiyac yoxdu. Çünki
dövlət də qiymətlərin süni şəkildə
artırılmasına yol verilməməsi üçün vəziyyəti
nəzarətdə saxlayır. Universitet
çox iddia irəli sürə bilər, ancaq bu,
iddialarının hamısını tətbiq edəcəyi
anlamına gəlməz. İşıq
pulunun artdığını əsas gətirib təhsil
haqqını qaldırırsa, buna haqqı çatmır.
Çünki ölkə
başçısının sərəncamı ilə
kommunal borc şəklində yığılan milyonlarla vəsait
silindi. Bununla da dövlət universitetlərə, o
cümlədən büdcədən maliyyələşən
təşkilatlara yeni nəfəs verdi. Yaxud, bu gün benzinin qiyməti artdısa, bunun təhsilə
nə dəxli var. Benzinin qiymətinin artdığını
bəhanə göstərib təhsil haqqını artırmaq
olmaz. Maaş artımını da əsas gətirə
bilməz, çünki maaş da Prezident
sərəncamı ilə tənzimlənir. Bəhanə
həmişə var, ancaq həmin bəhanələr təhsil
haqqını qaldırmaq üçün səbəb deyil.
- Təhsil
haqqı necə ödənilməlidir? Bir çox ali təhsil müəssisəsi qəbul
olanlardan təhsil haqqını almadan sənədlərini qəbul
etmir. 2017-2018-ci tədris ilinin əvvəlində
bu səbəbdən yüksək balla təhsildən kənarda
qalanlar olduğu üçün məsələ geniş
müzakirələrə səbəb oldu. Hətta bəzi rektorlar iddia edir ki, dünya
universitetləri təhsil haqqı ödənməyən tələbənin
sənədlərini qəbul etmir.
- Azərbaycanda
tətbiq edilən qaydaya görə, yüksək balla ali məktəbə qəbul olunanlar dövlət
sifarişli yerlərdə təhsil alır. Tələb
olunandan aşağı bal toplayanlar təhsil
haqqını özü ödəməlidir. Tələbə
götürdüyü semestrin, fənnin pulunu verməlidir.Tələbənin
proqramı 4 illikdir. 4 ildə 240 kredit toplamalıdır.
Dövlət sifarişli yerlərdə təhsil alan tələbəyə də dövlət
sadəcə 4 il təhsil haqqı ödəyir. Bu müddət
ərzində o, təhsilini tamamlaya bilməsə, dövlətin
ümidlərini doğrultmasa, beşinci il
həmin tələbəyə görə dövlət təhsil
haqqı ödəmir. Ondan sonra tələbə neçə
il oxumalı olsa, təhsil haqqını
özü ödəyir. Öz hesabına
oxuyanlara gəlincə, onlar nə qədər fənn
götürürsə, onun pulunu verib oxumağı məsləhətdir.
İndi pulu azdır, 5 yox, 4 fənn götürəcək.
Ali məktəbi 4 ilə yox, lap 4 il
yarıma, 5 ilə bitirəcək. Dünyada ali
məktəbə daxil olanların hamısı təhsilini 4
ilə tamamlamır ki. Ümumiyyətlə, məzunluq faizi, ali məktəbi 4-cü kursda bitirmək
heç vaxt 100 faiz olmur. Ən yaxşı halda
100 nəfərdən 80-i təhsilini 4-cü kursda tamamlaya bilər.
Bizdə bu faiz çox yüksəkdir -100 faiz,
bəzən 99 faiz olur. Amma getdikcə vəziyyət
dəyişəcək.
- Əslində, hamı 4 ilə bitirməməlidir?
- 100
adamın hamısının beyni eyni səviyyədə deyil
axı. Hamı proqramı eyni səviyyədə
mənimsəyə bilməz. Ona görə
də bu məsələyə daha geniş prizmadan yanaşmaq
lazımdır. Bu baxımdan, ali məktəbə
daxil olana “Birinci kursun pulunu ver, sonra sənədlərini qəbul
edim” prinsipi doğru deyil. Təhsil
haqqını sonradan ödəyəcəyinə dair o qədər
müraciətlər olur ki. Universitet
rektorlarına edilən belə müraciətlər müsbət
cavablandırılmalıdır. Təhsilalan
onsuz da bu vəsaiti ödəyəcək. Bu gün onun tələb olunan vəsaiti yoxdursa, buna
görə təhsil almaq hüququndan məhrum olursa,
başadüşülən deyil. İlin
sonunadək həmin vəsait ödənəcək. Tələbə təhsilini tamamlayanda universitetə
borcu qalmamalıdır. Əks halda, onun
diplomu verilmir. Düzdür, bəzən
pulu olsa da, güzəştdən sui-istifadə edənlər
də olur. Ancaq təcrübə göstərir
ki, əksəriyyət ödəməni sırf
imkansızlıqdan gecikdirir. Ona görə də ən
yaxşısı, bu qaydalardır: insan götürdüyü
fənnin pulunu verər. Axı, tələbə universitetə
bir il əvvəldən niyə pul verməlidir?
Bəlkə heç ilin sonunadək təhsil
almayacaq? Birinci
semestrdən sonra bəlkə çıxıb getmək istəyəcək?
Getməyə də haqqı çatır.
Niyə bir illik ödəniş etməlidir? Birinci semestr nəyi
oxuyursa, onun pulunu ödəməlidir. Məhz
birinci kursun ödənişini əvvəlcədən tələb
etmələrinin nəticəsidir ki, sonradan ödənilən
məbləği geri qaytarmaq tələbi ilə üz-üzə
qalan universitetlər, təhsil müəssisələri var.
Birinci kursun ikinci semestrindən xaricə çıxıb gedən
tələbə oxumadığı semestrə görə
ödədiyi pulun geri qaytarılmasını tələb
edib. Tələbə bu tələbində
tamamilə haqlıdır. Oxumadığı
fənlərin pulunu ondan əvvəlcədən alıblar.
Belə bir qayda var: qeydiyyat hər semestrdə aparılır. Tələbə qeydiyyatdan keçərkən həmin
semestrdə hansı və neçə fənni oxumaq istədiyini
bildirməlidir. Biz bütün birinci
kurslara 6 fənn təklif edirik. Ancaq
onların hamısı 6 fənni oxumaya da bilər. 4-nü götürüb ancaq onun pulunu ödəmək
istədiyini deyə bilər. Belə də
olmalıdır.
- Amma bu
qayda tətbiq edilmir...
- Bəli,
yoxdur. Nə tələbələr buna
hazırdır, nə də universitetlər.
- Bəs,
ADU-da bu qayda tətbiq edilirmi?
- Bəli.
Məzunlarımızın neçə
faizi iş tapırsa,
keyfiyyət göstəricimiz həmin
faizə uyğundur
- Sizcə, ADU-da təhsil
haqqı ilə reytinqiniz üst-üstə
düşürmü? Yüksək təhsil
haqqı bahasına da olsa, ADU tələbəsi olmaq istəyənlərin
sayı çoxdur?
- ADU-da bir neçə ildir ki, təhsil
haqqı artmayıb. Nə ödənişli, nə
də dövlət sifarişli yerlərin qiyməti dəyişib.
Reytinqimizə gəlincə, universitetimizdə
dövlət sifarişli yerlərə qəbul olunanların
sayı artıb. Bu da təhsil müəssisəsinin
reytinqinin yüksək olduğunun göstəricisidir.
- Dövlət
sifarişli yerlərə qəbul olunanların
çoxalması ödənişli yerlərə qəbul
olunanların azalması deməkdir. Bu,
universitetin maddi vəziyyətinə təsir göstərməyib?
-
Çox böyük təsir etmir.
- Amma
keyfiyyətə böyük təsir edir...
- Yüksək
balla daxil olan tələbə universitet üçün daha az iş, daha keyfiyyətli nəticə deməkdir.
Aşağı ballı tələbə ilə
daha çox işləməli oluruq. Ancaq yüksək
balla daxil olanlar həmin ali təhsil müəssisəsinin
keyfiyyət göstəricisi deyil, universitetin reytinq göstəricisidir.
Keyfiyyət göstəricisi son məhsulda olur.
100 nəfər məzunumuzdan neçə faizi iş
tapırsa, keyfiyyət göstəricimiz də həmin faizə
uyğundur. Universitetin keyfiyyəti onun diplomunu
daşıyanların əmək bazarında özünü
necə doğrultmaları ilə ölçülür.
- ADU-da
keyfiyyət göstəricinizi hesablayan mərkəz fəaliyyət
göstərir...
- Bəli,
İş və Karyera Mərkəzi məzunlarımızın
əmək bazarında iş tapmağına kömək
göstərir, müxtəlif əmək yarmarkaları təşkil
edir. Mütəxəssis istəyən təşkilatların
universitetdə təqdimatını keçirir, onların tələbə
və professor-müəllim heyəti ilə görüşləri
təşkil olunur. Həmin görüşlərdə
iş adamları məzunlarımızdan hansı gözləntiləri
olduğunu qeyd edirlər. Axı, məzunlarımızda
nə olmalıdır, hansı keyfiyyətlər yoxdur, bunu
işəgötürənlər daha yaxşı bilirlər.
Bu görüşlər imkan verir ki, əmək
bazarının şikayətlərinə daha az
qulaq asaq. Yəni, tələb tədrisdə nəzərə
alındığından, məzunlarımızdan şikayət
azalır.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
20 aprel.- S.7.