“Mənim üçün bundan daha
böyük qürur ola bilməz”
Fərahim
Hüseynzadə: “Renmin Universitetində birinci olan tələbəni,
mənim timsalımda isə Azərbaycanı tanıdılar”
Bu günlərdə
Çin Xalq Respubikasından (ÇXR) aldığımız
xoş xəbər növbəti dəfə təhsil ictimaiyyətimizi
sevindirdi. Azərbaycan
təhsilinin daha bir yetirməsi Asiyanın inkişaf etmiş təhsil sistemi ilə seçilən Çində növbəti uğura imza atmaqla gənclərimizin
istedadı, qabiliyyəti ilə zirvələr fəth edə
bilmək gücündə olduğunu bir daha dünyaya
göstərdi. Bu
uğurun sahibi dünyanın
reytinqli universitetləri arasında təmsil olunan Çinin
Renmin Universitetində magistratura təhsili alan Fərahim
Hüseynzadədir.
F.Hüseynzadə adıçəkilən universitetin
daxili təqaüdünə və ən yüksək elmi
mükafatına layiq görülüb. Ortalama elmi göstəricisi
(GPA) 3.95/4.00 təşkil edən
azərbaycanlı tələbə “Academic performance” kateqoriyası üzrə Renmin
Universitetində fakültə, ümumilikdə isə
universitet üzrə birinci yerə yüksəlib. Bu
kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan
olan həmkarlarını geridə qoyub. “Azərbaycan müəllimi” qəzetinə
verdiyi müsahibəsində
F.Hüseynzadə təhsil
aldığı ali məktəb, ona qürur gətirmiş
birincilik və gələcək
planlarından danışdı.
Tanıtım. Fərahim Pərviz oğlu Hüseynzadə 1994-cü ildə Bakı şəhərində
ziyalı ailəsində anadan olub. Əslən Qarabağdan-Cəbrayıl
rayonundan olan gənc 2000-ci ildə Cəbrayıl rayonu
M.Mehdizadə adına məktəbdə ibtidai təhsilinə
başlayıb, 2011-ci ildə isə Bakının Xətai rayonundakı 55 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il 642 balla Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin
ingilis bölməsinə daxil olub.
2015-ci ildə həmin fakültədən məzun olaraq
hərbi xidmətə yollanıb,
2016-cı ildə nümunəvi xidmətə görə
“Vətənə məktub” mükafatı ilə təltif
olunub və ordu
sıralarından ehtiyata buraxılıb. 2016-cı ildə yaxın bir dostu
ilə öz şirkətini
qurmuş, 2017-ci ilin sentyabrından isə Təhsil Nazirliyi ilə
Çin Xalq Respublikası Hökuməti arasında
qarşılıqlı müqaviləyə əsasən
“Çinin biznes hüququ” ixtisası üzrə magistr təhsilini davam etdirmək üçün
Çinə yollanıb.
Hazırda, Pekində, Renmin Universitetində təhsil
alır.
İki dəfə
“İlin tələbəsi”
- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Azərbaycanda orta və ali təhsil illərində hansı uğurlarınızı qeyd edə bilərsiniz?
- Uşaq yaşlarımdan valideynlərimin dəstəyi ilə həmişə aktiv həyat tərzi keçirmişəm. 7 illik fortepiano məktəbini bitirmişəm, bundan başqa, iki şeirlər kitabım çapdan çıxıb və hazırda Milli Kitabxanada saxlanılır. Şeirlər yazmaqda və mütəmadi olaraq sosial mediada paylaşmaqda davam edirəm. Şahmat üzrə 4-cü dərəcəli usta adına layiq görülmüşəm.
Tarix hər zaman ən sevimli fənnim olub. İndi də bacardığım qədər tarixi kitablar oxumağa üstünlük verirəm. Bu marağı məndə ibtidai sinif müəllimim Nailə xanımın fənnə yaratdığı maraqla əlaqələndirirəm. Uğurlarıma gəldikdə isə, 10-cu sinifdə oxuyarkən tarix fənni üzrə olimpiadada Bakı və Respublika birincisi olmağı bacarmışam. 2010-cu ildə “Xəmsə” Milli İntellektual Oyununun “Məktəb” liqasında ölkə ikincisi, “Ağıl dəryası” intellektual yarışmasında isə yarımfinalçı olmuşam. Ali təhsil illərimdəki uğurlar, əsasən Tələbə Gənclər Təşkilatı ilə bağlıdır. İki il təşkilatın sədri vəzifəsini icra etmişəm. BDU İntellektual Komandasının kapitanı olmağımla isə, belə desək, uğurlar bir-birini əvəzləyib. Belə ki, 4 il ərzində “Mən Azərbaycanlıyam” İntellektual Oyunu üzrə ilin qalibi, “Xəmsə” Milli İntellektual Oyunu üzrə Universitet liqasının qalibi, “Nə? Harada? Nə Zaman?” İntellektual Oyunu üzrə Çağırış, Konfederasiyalar, Universiada kuboklarının sahibi, “Parlaq Zəka” intellektual oyunun yarımfinalçısı olmuşam. Bütün bu uğurlarıma görə də BDU-da iki dəfə “İlin tələbəsi” fəxri adına layiq görülmüşəm. Xarici ölkələrdə keçirilən bir çox konfranslarda, seminarlarda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, sertifikatlara layiq görülmüşəm.
Araşdırmalar
aparmaq
artıq həyat
tərzimə çevrilib
- Sizdə elmə, tədqiqatçılığa nə vaxtdan maraq yaranıb?
- Elm belə bir məfhumdur ki, bunu paylaşmasan, inkişaf etdirməsən, hər gün yeni bir nəsə əlavə etməsən artım olmaz və geriləməyə gətirib çıxarar. Buna görə də bacardığım qədər nələrisə araşdırmaq, hər gün nələrisə öyrənmək artıq həyat tərzimə çevrilib deyə bilərəm. Söhbət təkcə hüquqdan, beynəlxalq əlaqələrdən getmir. Burada sözü keçən araşdırmaçılıq istənilən sferaya və elm sahəsinə aiddir. Artıq müəllimlərimin dəstəyi ilə və belə desək, onların göstərdikləri yolla gedərək nələrisə tədqiq edib bir nəticəyə gəlməyi bacarıram.
Bir məsələni də qeyd edim ki, Bakı Dövlət Universitetində təhsil alarkən hörmətli rektorumuz akademik Abel Məhərrəmovun və fakültəmizin dekanı Əmir Əliyevin hər zaman müəllim, bir böyük kimi dəstəyini hiss etmişəm. İnanın səmimiyyətimə, istər xarici universitetlərə müraciət olsun, istər ictimai fəaliyyət, elmi araşdırmalar, bütün məsələlərdə həmişə əllərindən gələn köməkliyi göstəriblər mənə. Uğurlarımda verdikləri töhfə əvəzsizdir. Buna görə də onların hər birinə öz təşəkkürümü bildirirəm.
Azərbaycan adına bunu reallaşdırdığım üçün çox sevinirəm
- Necə oldu ki, Renmin Universitetinin birincisi oldunuz. Bu barədə ətraflı
məlumat verərdiniz.
Kimlər birinci ola bilər və kimləri arxada qoydunuz?
- Renmin Universiteti Çində hüquq, sosial elmlər və
humanitar fənlər sahəsində bir nömrəli
universitet hesab edilir, eləcə də dünya reytinqində
top 50-likdə qərarlaşıb. Burada təhsilə,
elmə xüsusi önəm verilir və universitet də
bunların məntiqi nəticəsi kimi daxili təqaüd və
mükafatlarını elan edir. Mən də təhsil
göstəricim yuxarı olduğu üçün müraciət
etmək qərarına gəldim. Adətən
ötən illərdə Çin Hökumətinin təqaüdlərinə
layiq görülən tələbələrə daxili təqaüd
verilməyib. Son illərdə ilk dəfə
idi ki, hansısa tələbə hər iki mükafata və
daxili təqaüdə layiq görülürdü. Azərbaycan
adına bunu
reallaşdırdığım üçün çox
sevinirəm. Ən yüksək elmi mükafat
hesab olunan bu mükafatı əldə etdiyim üçün
müəllimlərimə minnətdaram. Təbii ki,
burada təhsilin səviyyəsi nə qədər yüksək
olsa da, bu, bir il ərzində qazanılan uğur
deyil. Bu iş illər, pillələr,
addımlarla olur
və sonda belə uğura gətirib çıxarır.
Bir vətəndaş kimi hər məqamda
ölkəmizə töhfələr verməliyik
- Birincilik sizə ali təhsilinizdə hansı üstünlükləri
verir? Universitet müəllimləriniz
və akademik heyət sizin birinci olmağınıza necə münasibət bildirdi?
- Mənim
ən çox sevindiyim məqam da məhz elə bu idi. Belə
ki, Azərbaycanın Çin ilə nə qədər də
artan tempə malik əlaqələri olsa da, əksər çinlilərin
ölkəmiz barədə məlumatları
azdır. Bu
işin aparılması təkcə dövlət
qurumlarının, səfirliyimizin üzərinə
düşməməlidir. Biz də vətəndaş
kimi, hər məqamda ölkəmiz adına hansısa töhfələr verməliyik. Uğur qazanandan sonra,
nəticələr açıqlanan kimi elə müəllimlər,
tələbələr, hər kəs xəbər tutdu. Bəzi universitet tələbələri
məni artıq tanıyırdı, özümü ali məktəbdə intellektual
oyunlar təşkil edən tələbə kimi tanıtdıra bilmişdim. Amma bu uğur elə-belə
hesab edilmirdi. Onlar artıq minlərlə tələbə, elmi
işçi kontingenti olan bir universitetdə birinci olan tələbəni,
mənim timsalımda isə Azərbaycanı tanıdılar.
Mənim üçün bundan daha böyük qürur ola bilməz.
Elmin burada açmadığı
qapılar yoxdur
- Bir qədər
universitet, təhsiliniz
və ixtisasınız barədə məlumat verərdiniz.
- Renmin Universiteti barədə yuxarıda qısaca
arayış vermişəm. Renmin sözünün mənası
elə Çin dilindən “Xalq” anlamına gəldiyi
üçün,
bu ali məktəbi
alternativ olaraq Çin Xalq
Universiteti də adlandırırlar.
Bu universitet
özünün beynəlxalq istiqamətləri ilə
məşhurdir. Ali məktəb
dünyanın 32 ölkə və regionlarından
125-dən artıq universitet və
tədqiqat müəssisələri ilə əməkdaşlıq
edir. Universitetin beynəlxalq tədqiqtlar məktəbi
Asiya və Böyük Britaniyanın London Kral Kolleci ilə
magistratura sahəsində ikili diplom
təklif edir.
Universitet Asiya və Avropanın bir sıra nüfuzlu ali
məktəbləri üçün bir növ əməkdaşlıq
körpüsü rolunu oynayır.
Böyük
qürur hissi ilə qeyd etməliyəm ki, 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində
möhtərəm Prezidentimiz İlham Əliyev bizim universitetdə
olub və ona Fəxri professor
diplomu təqdim olunub. Dövlət başçımız universitetin tələbələri
və müəllim heyəti qarşısında
çıxış edib.
Bu çıxış universitetin xarici əlaqələr
kitabına da daxil olunub. Bu
görüşü indi də xatırlayırlar.
İxtisasıma
gəlincə,
Çin hüququ, daha dəqiq, biznes və korporativ hüquq sahəsi
üzrə magistr təhsili alıram. Təhsilim iki illikdir.
Universitetin illik təhsil haqqı,
yaşayış yeri, dolanışıq üçün
aylıq təqaüd, tibbi sığorta, ölkəyə
gediş-dönüş bileti və laboratoriya xərcləri
qarşılıqlı müqaviləyə əsasən
qarşılanır. Bu il artıq
bütün vacib kursları götürdüyümdən gələn
il ancaq elmi işi yazmaq və müdafiə etmək öhdəliyi
qalacaq üzərimdə.
-
Ümumiyyətlə, Çinin ali təhsil
sistemində hansı meyilləri qeyd edə bilərsiniz? Məsələn,
ali məktəblər daha çox akademik təhsilə, yoxsa tədqiqatçılığa
üstünlük verir?
- Tədqiqat
burada hər şey deməkdir. Elmin burada
açmadığı qapılar yoxdur. Çünki
universitetlər həm xarici tələbə qəbulunda, ələlxüsus
da çinli tələbələrin qəbul prosesində
çox seçici davranır. Belə ki,
hər şəhərdən müəyyən kvota qoyulub və
o kvotaya əsasən qəbul həyata keçirilir. Məqsəd, ən yaxşıları cəlb etməkdir.
Tədqiqatçılar üçün müxtəlif qrant
layihələr elan edilir, bundan başqa, demək olar ki, bütün universitetlərin
xarici online bazalara çıxış imkanı var. Bu,
özü belə, burada akademik
təhsilə nə qədər önəm verildiyini göstərir.
Yeniliklər gözlə
görülür
- Çindən baxanda Azərbaycanda təhsil sahəsində həyata keçirilən yenilikləri
necə qiymətləndirirsiniz?
- Yeniliklər
gözlə görülür. Cənab Prezident İlham
Əliyevin seçkilərdən dərhal sonrakı
çıxışında gəncləri daha böyük
uğurlara səsləməsi, ölkənin birinci şəxsinin
gənclərə daha da inamlı və əzmli olmaları
üçün səslənməsi, ümumilikdə dövlətin
təhsilə diqqəti, xüsusən də gənclər
siyasətini prioritet sahəyə çevirməsi təhsilə,
elmə və gənclərə olan qayğını göstərir.
Amma qət ediləsi çox yol, görüləsi çox
iş var. Bu işin də əsas aparıcı qüvvəsi
məhz xaricdə təhsil alan, yeniliklərin içərisində
olan, belə desək,
onları əyani şəkildə sınaqdan
keçirən gənclər olmalıdır. Düşünürəm
ki, ən vacib məsələlərdən biri universitetlərimizin
xarici ölkə universitetləri ilə əməkdaşlığının
artırılmasıdır.
- Renmin
Universitetində gördüyünüz hansı müsbət
tendensiyaları
bizim ali təhsil sistemimizdə görmək istərdiniz?
- Tələbələrə
yüksək səviyyədə hörmət, müəllimlərin
tələbə ilə birgə həyatı yaşaması,
daha çox vaxt keçirməsi, dərsdən kənar fəaliyyətlərə
cəlb edilmələri və adicə yeməkxanadan
başlayan və yataqxanaların tikilməsi, təchizatına
qədər məişət məsələləri diqqətə
alınmalıdır zənnimcə. Bunun
üçün ölkəmizin yetəri qədər
potensialı və iqtisadi gücü olduğu qənaətindəyəm.
- Gələcək
planlarınız barədə.
- Gələcək
planlarıma təhsili uğurla və fərqlənmə ilə
başa vurub ölkəmə dönmək və ölkəmin
inkişafı, rifahı naminə bacarığımı sərf
etməkdir. Bu, mənim üçün ən ümdə məsələ
və ali məqsəddir. Biz
Azərbaycanlıyıq, bu millətə, ölkəyə mənsubuq
və bu xalqa xidmət etmək bizim mənəvi və eləcə
də vətəndaşlıq borcumuzdur.
-
Cavablarınıza görə minnətdarıq. Sizə təhsilinizdə
daha yüksək zirvələrə çatmağı
arzulayırıq.
- Son olaraq, “Azərbaycan müəllimi”nə uğurumu paylaşıb, insanlara
çatdırdıqları üçün dərin minnətdarlığımı
bildirirəm. Bunlar məni daha da böyük
uğurlara səsləyir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
20 aprel.- S.9.