AzTU Yıldız Texniki Universiteti
ilə əməkdaşlığa
başladı
Azərbaycanlı
alimlərin kosmik sənaye və metallurgiya sahəsindəki
araşdırmaları türkiyəli həmkarlarını
maraqlandırır
Türkiyənin “Top universitetlər” siyahısında ilk beşliyə düşən Yıldız Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti kadr hazırlığı sahəsində səylərini birləşdirəcək. Əldə olunan ortaq qərara görə, bundan sonrakı mərhələdə elmi-texniki tədqiqatlar qarşılıqlı müzakirə, hər bir yenilik birgə sınaqdan çıxarılıb tətbiq ediləcək. Sənayenin texniki idarəetmə, həmçinin təşkili üzrə yüksək ixtisaslı mühəndis kadr hazırlayan və bunu, demək olar ki, eyni istiqamətdə həyata keçirən universitetlər tələbə-müəllim mübadiləsi aparacaq, resurslardan, xüsusilə maddi-texniki bazadan ortaq istifadə edəcək, birgə konfranslar, seminarlar keçirəcəklər.
Bütün bunlar Azərbaycan Texniki Universiteti ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən gerçəkləşəcək.
AzTU nə
qazanacaq?
AzTU Türkiyənin artıq 19 universiteti ilə əməkdaşlıq edir. Universitetdə “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsi uğurla həyata keçirilir. Bu son müqavilə isə azərbaycanlı tələbələrin dünyanın qabaqcıl müəssisələrinin tələblərinə cavab verən kadrlar kimi yetişməsinə böyük təkan verəcək. Müqavilə çərçivəsində AzTU-nun həm tələbələri, həm də gənc müəllimləri Yıldız Texniki Universitetinin texnoparkında proqram təminatı, informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, elektronika, maşın və avadanlıq istehsalı, enerji, müdafiə sənayesi, ticarət, nəqliyyat və digər sahələrdə tədqiqat aparmaq imkanı qazanacaq. Onların öz texniki startaplarını bu texnoparkın inkubatorlarında biznesə çevirmələri üçün şəraiti olacağına ümidləri çox böyükdür.
Azərbaycan Texniki Universiteti ilə Yıldız Texniki Universiteti arasında əldə edilən razılaşmanın şərtləri AzTU-nun üzünə hətta dünyanın qapılarını aça bilər. Belə ki, Yıldız Texniki Universitetinin beynəlxalq əlaqələrindən yararlanaraq dünyanın nüfuzlu universitetləri ilə üçlü və ikili əlaqələrin qurulması da gözləniləndir. İki universitet arasında yenicə imzalanan razılaşmada gələcəkdə ikili diplomların verilməsi məsələsi də əksini tapıb.
Yıldız Texniki Universiteti nə əldə
edəcək?
Azərbaycan
Texniki Universitetinin bu müqavilədən gözləntiləri
olduqca yüksəkdir. Müqavilədən görünən
odur ki, bu əməkdaşlıq Azərbaycan ali təhsil
müəssisəsinin inkişafına öz töhfəsini
verəcək. Bəs, Türkiyədə və dünyada
kifayət qədər yüksək reytinqə və texniki ali
təhsil sahəsində böyük maddi-texniki bazaya sahib olan
Yıldız Texniki Universiteti bu əməkdaşlıqdan nə
əldə edəcək?
Məlumat
üçün qeyd edək ki, əsasən mühəndis
hazırlayan 11 fakültədə 36 min tələbənin təhsil
aldığı Yıldız Texnik Universiteti, sadəcə
texniki bazasına görə AzTU-dan dəfələrlə irəlidədir.
Tələbələrin nəzəri biliklərinin istehsalatda
tətbiqinə şərait yaradan həmin texnopark 370 firmaya və
7000-dən çox kadr potensialına malikdir. AzTU-da bu yüksək
səviyyəli Türkiyə universitetini cəlb edən bir
amil var. Belə ki, Azərbaycan Texniki Universitetinin
professorlarının kosmik sənaye və metallurgiya sahəsindəki
araşdırmaları, tədqiqatları türkiyəli həmkarlarını
daha çox maraqlandırır. Hər iki universitetin alimlərinin
xüsusilə müvafiq sahədə yaxından əməkdaşlığı
və bu əməkdaşlıqdan böyük nəticə əldə
edilməsi istiqamətində geniş imkanlar
açılır.
Qeyd edək
ki, AzTU ilə Yıldız
Texniki Universiteti arasındakı əməkdaşlığın
effektivliyini artırmaq üçün hər iki universitetdə
koordinatorlar fəaliyyət göstərəcək.
Rektorlar ümidlidir
Azərbaycan
Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudovun fikrincə,
hər iki universitet bu əməkdaşlıqdan böyük
fayda əldə edəcək: “SSRİ dövründə ulu
öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi illərdə universitetimizin maddi-texniki bazası gücləndirilib,
özünün şəxsən iştirakı ilə
laboratoriyalar istifadəyə verilib. Sonrakı dövrlərdə,
müstəqillik illərində inkişaf tempi daha da sürətlənib.
Təbii ki, bu prosesdə qardaş Türkiyə ilə olan əlaqələrin
də payı var. Hazırda AzTU Türkiyənin 19 universiteti ilə
sıx əməkdaşlıq edir. “Mövlanə Mübadilə
Proqramı” üzrə müəllim-tələbə
mübadiləsini uğurla həyata keçiririk. İki
ölkənin qardaşlıq əlaqələri elmi biliklərin
qarşılıqlı mənimsənilməsinə və tətbiqinə
şərait yaradıb. İndi bizim ölkədə, hətta
Azərbaycan Texniki Universitetində Türkiyə universitetlərinin
məzunu olmuş xeyli mütəxəssis
çalışır. Məlumatıma görə,
Yıldız Texniki Universitetinin professor-müəllim heyətində
də azərbaycanlı alimlər var. Bütün bunlar
sevindirici haldır və ölkələrimiz arasında
getdikcə inkişaf edən siyasi, iqtisadi, elmi və mədəni
əlaqələr universitetlərimiz arasında qurulan əlaqələri
daha da gücləndirəcək”.
Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin iki universitet arasında münasibətlər qurulmasından razıdır: “Yıldız Texniki Universiteti Türkiyənin “Top universitetlər” siyahısında ilk beşliyə düşən bir universitet olaraq Azərbaycanın texniki ali təhsil sahəsində flaqman universiteti - Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıqdan gözləntiləri olduqca böyükdür. Bizim tədqiqatçılarımız Azərbaycan Texniki Universitetinin professorlarının kosmik sənaye və metallurgiya sahəsindəki araşdırmaları, tədqiqatları ilə maraqlanır. İki universitetin müvafiq elm adamlarının xüsusi ilə bu sahədə yaxından əməkdaşlıq edəcəyini, bu sahədə sizin alimlərin topladığı bilikləri bizimlə bölüşəcəyini arzu edirik. Təbii ki, əməkdaşlığımız bununla bitməyəcək. Bizim universitetlərimizdə kadr hazırlığı, demək olar ki, eyni istiqamətlərdə həyata keçirilir. Hər iki universitetdə yüksək ixtisaslı mühəndis kadrlar hazırlanır. Bu kadrların hazırlanması ilə bağlı səylərimizi birləşdirməliyik”.
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
27 aprel.- S.4.