Azərbaycan Respublikasının Əməkdar
müəllimi
Asif Cahangirova açıq məktub
Çox
hörmətli Asif Baxış oğlu Cahangirov!
Siz ömrünüzün ilk illərindən ta bu
günə qədər 70 ilin tale yükünü
daşıya-daşıya gəlmisiniz. Bu möhtəşəm
yüksəklikdən Sizin uğurla davam edən
bənzərsiz və təkrarsız həyat yolunuz
görünür. Bu həyat yolunda nəzərə
çarpan və diqqəti cəlb edən hadisələrin
ardıcıllığı sadəcə tarixcə deyil,
ilahinin Sizin kimi bir insana
bağışladığı tale kitabıdır. Onun hər səhifəsində bir yazı var. O
yazıların hər birində Siz varsınız. Siz o yazılarla zamanın tale kitabını
bütün şəxsiyyətinizlə, mənəviyyatınızla,
fəaliyyətinizlə, münasibətlərinizlə bəzəyirsiniz.
Siz Azərbaycanın dilbər guşələrindən
biri olan Qarabağda doğulmusunuz. Həmişə azərbaycanlılığınızla,
bəy nəslindən olmağınızla qürur hissi
keçirirsiniz. Həm də XVIII əsrdən
bu günə qədər davam edən bir şəcərənin
davamçısı kimi yüksək əxlaq və mənəviyyat
missiyasını daşıyırsınız.
Siz bu yüksəkliyi pillə-pillə
qazanmısınız. Xankəndində başlayan orta təhsil
illərini Sumqayıtda qızıl medalla başa vurmusunuz.
Eləcə də Bakı Dövlət
Universitetinin kimya fakültəsini uğurla başa
çatdırmısınız. Kimyaçı
və kimya müəllimi ixtisaslarına yiyələnmisiniz.
Respublikamızda peşəkar təhsil
işçisi kimi tanınan və uzun illər DQMV Təhsil
Şöbəsinin rəhbərlərindən biri olmuş mərhum
atanız Baxış müəllimin “Harda işləyirsənsə,
həmişə işini sev və onun ustası ol” fikirlərini
həyat prinsipinə çevirmisiniz. Orta məktəbdə
müəllim, dərs hissə müdiri, direktor, təhsil
şöbəsində müdir, Təhsil Nazirliyində
bölmə müdiri, idarə rəisi, eləcə də
Bakı Şəhər Təhsil İdarəsində və
Dünya Bankının ofisində rəhbər vəzifələrdə
çalışanda da, son
vaxtlar Avropa-Azərbaycan Cəmiyyətində
təhsil məsələləri üzrə müşavir
işlədiyiniz müddətdə də o sözləri unutmamısınız,
həyat prinsipinə çevirmisiniz. Düşünmək,
yaratmaq fəaliyyətin yaraşığına çevrilir
deyirlər. Həmişə
düşüncələrinizdə, addımlarınızda qətiyyətli
və inamlı olmusunuz.
Hələ müəllimlik fəaliyyətinə
başladığınız 70-ci illərin əvvəllərində
həm innovativ ideyalarınızla, həm də qabaqcıl
pedaqoq kimi təcrübənizlə təhsil ictimaiyyətinin
diqqətini cəlb etmisiniz. Eyni zamanda təlim
prosesində şagirdlərin müstəqil düşünmə,
təhliletmə, ümumiləşdirmə, aparıcı
ideyanı müəyyən etmə və sair
bacarıqların formalaşdırılması barədə
fikirlərinizlə maraq doğurmusunuz. Bir
kimya müəllimi kimi şagirdlərin məntiqi və tənqidi
təfəkkürünü formalaşdırmaqla onların
idrak fəalliğını inkişaf etdirməyi dərslərinizin
amalına çevirmisiniz. Bu gün geniş miqyasda
yayılmaqda olan fəal dərsin ilkin nümunələrini
yaratmısınız. Bu təcrübəniz o dövrdə nə
qədər qeyri-ənənəvi olsa da, öz zamanın
tanınmış alim-pedaqoqu, SSRİ Pedaqoji Elmlər Akademiyasının
akademiki Y.V.Xodakovun marağına səbəb olub. O, müəllifi
olduğu “Prosveşeniya” (Moskva) nəşriyyatında
1976-cı ildə çapdan çıxmış “Prepodavanie
neorqaniçeskoy ximii
7-8 klassax” və 1980-ci ildə nəşr
olunmuş “Prepodavanie neorqaniçeskoy ximii v sredney
şkole” adlı metodik vəsaitlərində
Sizin təcrübənizə istinad edib. Heç şübhəsiz,
bu gün hər kəs gənc bir müəllimin iş təcrübəsinin
keşmiş SSRİ kimi böyük bir ölkə
miqyasında bəyənilərək dərsliklərə
salınmasının dəyərini aydın təsəvvür
edə bilər.
Siz həm
Sumqayıt, həm də Bakı şəhərinin təhsil
idarələrində, eləcə də Azərbaycan Respublikası
Maarif Nazirliyində rəhbər vəzifələrdə
çalışdığınız dövrlərdə daim
yeniliyə can atmaqla daha mütərəqqi təhsil
texnologiyalarının, səmərəli forma, metod və
vasitələrin, eləcə də idarəetmə mexanizmlərinin
yaradılmasına, onlardan istifadə olunmasına təşəbbüs
görtərmisiniz. Belə ki, vaxtı ilə
rayon və şəhərlərdə işə düzəlmək
istəyən müəllimlərin qeydiyyata alınması ilə
bağlı təklif vermisiniz. Həmin təklif
qəbul olunmuş, keçmiş SSRİ-də ilk dəfə
olaraq müəllimlərin müsabiqə yolu ilə qəbuluna
başlanılmışdır. Yaxud Sizin rəhbərliyinizlə
1987-1991-ci illərdə Bakıda təhsil prosesinin psixoloji təminatı
üzrə xüsusi sistem yaradılmış və
respublikada ilk məktəb psixoloqları 1990-1991-ci tədris
ilində keçmiş Bakı Pedaqoji Kadrların
İxtisasartırma İnstitutunda hazırlanmış və
birinci olaraq 1991-ci ilin sentyabrından Bakının 20-dən
çox məktəbində psixoloji xidmət üzrə fəaliyyətə
başlanılmışdır.
Eləcə də Sizin dəstəyinizlə 1989-cu ildə
Bakının 178 nömrəli məktəbində təbiət
elmləri fakültəsi yaradılmışdır. “Ekologiya” fənninin proqramı innovativ layihə kimi
hazırlanmış, sonralar Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuşdur. Əslində bu təşəbbüs
hazırda daha geniş miqyasda yayılan və qlobal təhsil
hadisəsinə çevrilən inteqrasiya ilə bağlı
çox məsuliyyətli və uğurlu bir addım idi.
Eyni zamanda dünya təhsilinin inkişaf tendensiyalarına
istinad edərək Azərbaycan təhsilinin gələcək perspektivlərinə
töhfə vermək üçün uğurlu təşəbbüs
idi.
Bundan əlavə, Sizin təşəbbüsünüzlə
1989-cü ildə Bakı Yaradıcı Müəllimlər
İttifaqı təsis olunmuş, onun vasitəsilə bir
sıra uğurlu lahiyələr həyata
keçirilmişdir. Ümumiyyətlə, Sizin tətbiq
etdiyiniz idarəetmə modelində qabaqcıl təcrübənin
öyrənilməsi və yayılmasına, müəllim və
rəhbər təhsil işçilərinin yaradıcı fəaliyyətinin
dəstəklənməsinə xüsusi diqqət yetirilirdi.
Təhsilin təkmilləşdirilməsi məqsədilə
Bakıya tanınmış alim-pedaqoqlar, novator müəllimlər,
xarici təhsil ekspertləri dəvət olunur, onlarla
görüşlər keçirilir, mühazirələr,
tematik kurslar, interaktiv mühitdə qarşılıqlı təcrübə
mübadilələri təşkil edilirdi.
Azərbaycanda 1999-cu ildən başlayan təhsil
islahatları ölkəmizin təhsil tarixində xüsusi bir
mərhələni təşkil edir. Bu mərhələ Azərbaycan
təhsilinin nəticəyönümlü bir xarakter
alması, standart və kurikulumların yaradılması, yeni
texnologiya və strategiyaların meydana gəlməsi ilə fərqlənir.
Siz hələ Bakı Şəhər Təhsil
İdarəsində rəis vəzifəsində
çalışarkən, 2001-ci ildə paralel olaraq Dünya
Bankının təhsil sahəsində Layihənin İdarəolunması
Qrupunun rəhbərliyinə cəlb olunmusunuz. Direktor kimi işlədiyiniz dövrdə ölkəmizin
təhsil sahəsindəki islahatçılıq fəaliyyətinə
dəstək olan tədbirlər həyata keçirmisiniz.
Bu müddətdə Azərbaycan təhsilinin bütün sahələrində
vəziyyəti, eləcə də perspektivləri müəyyən
etmək üçün Hitendra Piley, Pol Templ, Piter Koul, Fredrik
Qolladey, Ksu Di, Rob
MkBrayd, Endi Smart, Söner Yıldırım kimi
dünyada məşhur olan təhsil üzrə beynəlxalq məsləhətçilərin
cəlb olunmasına nail olmusunuz. İşlədiyiniz
2001-2004-cü illərdə təhsil islahatının həyata
keçirilməsi vəziyyəti Dünya Bankının audit
qrupu (bu qrupa dünyada tanınmış fin pedaqoqu, təhsilşünas,
təhsil üzrə beynəlxalq məsləhətçi
Pasi Salber rəhbərlik edirdi) tərəfindən
aparılmış və “çox qənaətbəxş”
qiymətləndirilmişdir. Məlum olduğu
kimi, “Çox qənaətbəxş” (“Highly satisfactory”)
Dünya Bankının qiymətləndirmə
şkalasında ən yüksək qiymət hesab olunur.
Tale yükünü daşıya-daşıya
ömrünüzü öyrənməyə sərf etmisiniz. Dünyanın
21 ölkəsində 36-ya qədər yüksək səviyyəli
təhsil və elmi tədbirlərin iştirakçısı
olmusunuz. Həmişə yenilikçi
olmaqla yanaşı, həm də yeni ideyaların müəllifi
kimi tanınmısınız. İstər
respublikada və istərsə də respublikadan kənarda cəmiyyətin
müxtəlif məsələləri ilə, xüsusilə
də təhsillə bağlı çıxışlar
etmisiniz. Bu çıxışlarda daim
mütərəqqi ideyalarınızla zamanı qabaqlamağa
çalışmısınız.
Hələ ötən əsrin 80-ci illərində məktəb
islahatlarının yerində saymasının səbəblərini
şagirdlərin təlim və tərbiyəsinin didakdik cəhətdən
əsaslandırılmış prinsiplərə söykənməməsi,
eləcə də ümumtəhsil məktəbinin obyektiv
konsepsiyasının olmaması ilə əsaslandırmısınız. Eyni zamanda təlim
yükünün azaldılmasının, şagirdlərin
yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin
vacibliyini irəli sürmüsünüz. Bunun üçün təlim prosesində vaxt və
imkanların olmasını təklif etmisiniz. Hələ o illərdə yazırdınız ki,
“yalnız yaradıcılıq idrakda sevinc hissi yaradır”.
Siz bu gün də müasir təlim
üçün xarakterik olan və şagird
inkişafının əsasında duran yaradıcı təfəkkürün
formalaşdırılmasını məktəbin mühüm
atributlarından biri hesab edirsiniz.
Siz həm də yuxarı siniflərdə həftəlik
dərs yükünün 27-28 saat olmasını və bu
siniflərdə tədris planlarının onların gələcək
peşə fəaliyyəti üçün lazım olan fənlər
əsasında hazırlanmasını irəli
sürmüsünüz. Dərs proqramlarının
uşaqların meyl və maraqlarına uyğun olaraq sistemləşdirilməsinin
zəruriliyini vurğulamısınız.
Siz məktəbi cəmiyyətin kiçik modeli
adlandırır, orada olan boşluqların,
çatışmazlıqların aydın təsəvvür
olunmasını və xüsusilə məktəbin
inkişafını təmin edə bilən yaradıcı
mühitin formalaşdırılmasını, uşaq
psixologiyasının ciddi şəkildə nəzərə
alınmasını və bütün bunlara əsasən
diferensial təlimin qurulmasını vacib hesab edirsiniz.
İndi aktual olan bu
pedaqoji məsələnin mahiyyətində dayanan bir vacib cəhət
ondan ibarətdir ki, təhsilin hər kəs üçün əlçatan
olmasına şərait yaranır. Təhsil
alanların fərdi xüsusiyyətləri baxımından
ehtiyaclar nəzərə alınır.
Təhsilin məzmunu onun nüvəsidir. Bütün zamanlar
üçün belə bir aparıcı fikir həmişə
öz qüvvəsini
saxlamışdır. Ona görə
təhsilin yeniləşdirilməsi prosesində onun məzmununun
düzgün qurulması vacib şərt hesab edilir. Siz
90-cı illərin əvvəllərində bu məsələnin
əhəmiyyətini xüsusi olaraq
vurğulamışdınız: “Təhsilimizin nə məzmunu,
nə də həcmi haqqında təsəvvürümüz
yoxdur. Çünki bizdə təhsilin məzmun
və həcmi müəyyənləşdirilməmiş
qalır”. Artıq bu gün təhsilin nəticəyönümlü
məzmununun yaradılması istiqamətində
araşdırmalar aparılır. Yeni səriştə
əsaslı standart və kurikulumların hazırlanması
sahəsində tədbirlər həyata keçirilir.
Siz ötən əsrin 90-cı illərində şagird
şəxsiyyətinin formalaşdırılması, təhsilin
humanistləşdirilməsi istiqamətində xeyli
araşdırmalar aparmısınız. Bu araşdırmalarda orta təhsilə münasibətin
dəyişilməsini, uşaq şəxsiyyətinə, onun
meyil və marağına əsaslanan təhsil sisteminə
keçilməsini təklif etmisiniz. Həm də
bu məsələni humanistləşdirmə müstəvisində
həll olunan bir məsələ kimi zəruri
saymısınız. Eyni zamanda humanistləşdirməyə
demokratikləşdirmə, fərdiləşdirmə,
diferensiallaşdırma və inteqrasiyanı ehtiva edən bir
anlayış kimi yanaşmısınız. Əslində
Sizin irəli
sürdüyünüz bu müddəalar nəinki o
dövrün, eyni zamanda həm də bu dövrün çox
ciddi pedaqoji məsələsidir. Çünki şəxsiyyətin
dəyərlər əsasında
formalaşdırılması, humanist pedaqoji mühitin
yaradılması müasir təhsil konsepsiyamızın mahiyyət
və məzmununu təşkil edir.
Azərbaycanın
böyük psixoloqu, professor Əbdül Əlizadə
müasir Azərbaycan məktəbinin problemlərindən biri
kimi yeni pedaqoji təfəkkürün
formalaşdırılmasını vacib hesab edir və onu içtimai-siyasi
hadisə adlandırırdı. Eyni zamanda belə
qənaətə gəlmişdir ki, “Bu gün yeni pedaqoji təfəkkür
inkişaf edərək zamanın təhsil konsepsiyasına
çevrilmişdir”. O, bu fikrə gələrkən
inkişaf konsepsiyası ilə məşğul olan
dünyanın Con Nesbitt, Patrisiya Eburdin, Leonid Vladimiroviç
Zankov, Qreys Krayq kimi məşhur
alimlərinin ideyalarına əsaslanmış, Azərbaycan
pedaqoji mühitində isə
Sizə istinad etmişdir: “Yeni pedaqoji təfəkkür
innovasiyadır, onun formalaşması prosesi isə innovasiya
prosesidir... İnnovasiya prosesi-yeni qaydaların
yaradılması, işlənib hazırlanması, mənimsənilməsi,
tətbiqi və yayılması sahəsində kompleks fəaliyyət
deməkdir”.
Siz doğru olaraq “uğursuz şagird yoxdur, səriştəsiz
müəllim vardır” fikrini müasir təhsili xarakterizə
edən müddəa adlandırmısınız. Və hər
bir şagirdin potensialına uyğun dərs yükünü
müəyyənləşdirməyi və onun
inkişafını təmin etməyi müəllimin vəzifələrindən
biri hesab edirsiniz. Təbii ki, belə müəllimlər
daha çox bacarıqlara malik olmalı, hər zaman şagirdlərinin
fövqündə dayanmağı baçarmalıdırlar.
Şagirdlərin maraq və diqqət obyektinə
çevrilməlidirlər.
Hörmətli
Asif müəllim, Sizin bir təhsil mütəxəssisi kimi
istər Azərbaycan, istərsə də daha geniş mənada
dünya təhsili
və onun inkişaf tendensiyaları haqqında
bilgiləriniz çoxdur. Ən yaxşı cəhət
orasındadır ki, Siz onlara yaradıcı yanaşmaq, Azərbaycan
təhsili müstəvisində hazırlanan innovasiyalara məhz
milli şəraitə, səviyyəyə uyğun dəyər
verməyi üstün hesab edirsiniz.
Bu gün
təhsilin yeni məzmunu, fənlərin inteqrasiyası, təhsil
standartlarının xarakteri, yeni kurikulumların həyati
bacarıqlara söykənməsi, dərsliklərin
intellektuallığı, yeni nəsil müəllimlərin
hazırlanmasındakı prioritetlər, sosial sifarişlərin
yerinə yetirilməsi baxımından məktəbin vəzifələri,
təhsildə qiymətləndirmə kimi aktual və həlli
vacib hesab edilən çoxlu məsələlər vardır
ki, siz onlar haqqında zamanımızla səsləşən
xeyli araşdırmalar aparmış, mülahizələr
söyləmisiniz. Heç şübhəsiz, mən
bu məktubumda onların hamısını sadalamaq fikrində
deyiləm. Lakin onu demək istəyirəm ki, Siz həmişə
varlığınızla təhsilə bağlı adam
kimi onun təəssübkeşi olmusunuz. 70 illik
ömrünüzün indiki çağında da həmin
missiyanı uğurla davam etdirirsiniz. Sizə bu yolda
cansağlığı və daha böyük
yaradıcılıq uğurları arzulayıram!
70
yaşınız mübarək!
Ənvər ABBASOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar
müəllim
Azərbaycan müəllimi.- 2018.-
3 avqust.- S.5.