Milli varlığımızın əsas
rəmzi
Ana dilimizin
qorunması hər birimizin vətəndaşlıq
borcudur
Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutudur. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir.
Dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan “ana dili” və ya “doğma dil” anlayışı bu gün qorunmağa və möhkəmlənməyə böyük ehtiyac duyur.
Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış, Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırılıb. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.
“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini
ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması,
möhkəmlənməsi, inkişaf etməsi də bizim ən
böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə
dil məsələsi
deyil, həm də azərbaycançılıq
məsələsidir”, - deyən
ümummilli liderin
2001-ci il iyulun 18-də
imzaladığı “Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında”
fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi
misilsiz xidmətlərdəndir.
Azərbaycan Prezidenti İlham
Əliyevin “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında 9 aprel
2013-cü il tarixli Sərəncamına əsasən,
Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinin,
ölkədə dilçilik
araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasının
təmin edilməsi milli ədəbi dilin daha da
zənginləşməsi ilə
yanaşı, dilçiliyin
əsaslı inkişafı
baxımından da böyük əhəmiyyətli
olub. Bu istiqamətdə
görülən işlər
ana dilimizin inkişafına ölkə
başçısı tərəfindən
göstərilən böyük
qayğı və diqqətin təzahürüdür.
Dövlət Proqramının məqsədi 2013-2020-ci illər
ərzində Azərbaycan
dilinin istifadəsinə
və tədqiqinə
dövlət qayğısının
artırılması, dilimizin
qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsi,
ölkədə dilçilik
araşdırmalarının yaxşılaşdırılmasıdır.
Sənəd, eyni zamanda,
dilçiliyin aparıcı
istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına
yönəldilmiş yaradıcılıq
səylərinin birləşdirilməsini
və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini
nəzərdə tutur.
Ana dilimizin hərtərəfli
inkişafı, dövlət
dilinə çevrilməsi,
diplomatiya aləminə
yol açması, dünyanın ən mötəbər tədbirlərində
eşidilməsi hamımız
üçün qürurverici
haldır. Bu səbəbdən,
ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi,
“İnkişaf etmiş
zəngin dil mədəniyyətinə sahib olan
xalq əyilməzdir, ölməzdir, böyük
gələcəyə malikdir.
Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən
qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Dilimizin saflığının qorunması,
eyni zamanda, özünəməxsus cəhətlərinə
xələl yetirilmədən
zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir.
Qeyd olunan Dövlət Proqramında
nəzərdə tutulmuş
tədbirlərin həyata
keçirilməsi sahəsində
işlər bu gün də davam etdirilir. AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
monitorinq şöbəsi
Dövlət Proqramının
icrası ilə bağlı davamlı şəkildə monitorinqlər
apararaq ölkədə
dil situasiyasının
müəyyənləşdirilməsi və dilin inkişafı
üçün şəraitin
yaradılması sahəsində
işlər həyata
keçirir. Audiovizual
reklamların və küçə reklamlarının
dilinin monitorinqi, qəzetlərdə və
saytlarda Azərbaycan dilinin normaya uyğun işlədilməsi,
küçə adları,
radio və TV dilinin davamlı monitorinqi, ədəbi dil normalarının pozulması hallarının
qarşısının alınması,
elan və lövhələrin monitorinqi
ilə bağlı tədbirlər buna nümunə göstərilə
bilər. Bundan əlavə, bir sıra dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq
uğurlu iş kimi dəyərləndirilə
bilər. Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsi, Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsinin Daşınmaz
Əmlakın Kadastrı
və Texniki İnventarlaşdırma Mərkəzi
və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi ilə əməkdaşlıq bu
qəbildəndir.
Dövlət Proqramına uyğun
olaraq (maddə 6.5.1) “Qaynar xətt” (nömrə: 538-06-37) yaradılmış
və uğurlu şəkildə fəaliyyətini
davam etdirməkdədir.
Regionlarda dil situasiyasına nəzarət məqsədilə
bir sıra rayonların ərazisində
küçə adlarında,
reklam və elanlarda, idarəçilik
və kargüzarlıqda
ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək
məqsədilə mütəmadi
olaraq monitorinqlər təşkil olunub.
Bu istiqamətdə uğurlu
fəaliyyət kimi Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu ilə
əməkdaşlığı da qeyd etmək
yerinə düşər. Bilik Fondunun təşəbbüsü
və birbaşa dəstəyi ilə “Ekran və efirdə
ədəbi dil normaları” adlı layihə çərçivəsində “Xəzər
TV”, “Lider TV”, “Kəpəz
TV” (Gəncə) və
“ARB-24 Xəbər” (Tovuz)
kanallarında baş tutmuş tədbirlər dilin saflığının
qorunmasına xidmət
edən addım kimi dəyərləndirilməlidir. AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun və Milli Televiziya və Radio Şurasının
rəyi əsasında
dərc olunan tövsiyə xarakterli məqalələr toplusu gələcəkdə bu sahənin mütəxəssisləri
üçün faydalı
vəsait kimi istifadə oluna bilər. “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində regionlarda
dövlət dilinin təbliği, məktəblərdə
gənc nəslin nümayəndələri ilə
görüşlər və
müzakirələr maarifləndirmə
və təşviqat istiqamətli tədbir kimi əhəmiyyətli olmuşdur. Təsadüfi
deyil ki, Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkə regionlarında
Azərbaycan dilini tədris edən təhsil işçiləri,
yerli KİV nümayəndələri,
məktəbli və tələbələr cəlb
olunmaqla yeni bir maarifləndirici layihəyə - “Dilimiz sərvətimizdir” layihəsinə
imza atması nəzərdə tutulub.
Artıq
dörd ilə yaxındır ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu “Azərbaycan
dilini öyrənirik”
layihəsi çərçivəsində
paytaxtın Rus Pravoslav kilsələrində
rusdilli əhali üçün ödənişsiz
“Azərbaycan dili” təlim kursları təşkil edir. Dinləyicilər dövlət
dilində ünsiyyət
qurmaq bacarıq və vərdişlərinə
yiyələnməklə, ədəbi
dil normalarını öyrənməklə yanaşı,
tariximiz və mədəniyyətimizlə yaxından
tanış olmaq məqsədilə muzey və sərgilərə,
film nümayişləri və
teatr tamaşalarına
dəvət olunur, elm
və mədəniyyət
xadimləri ilə görüşürlər.
Bu cür yanaşma
rusdilli vətəndaşlarımıza
dövlət dili vasitəsilə multikultural
həyat tərzi ilə tanınan xalqımızın qədim
tarixi və zəngin mədəniyyətinə
dair faydalı və gərəkli bilgilər əldə etmək imkanı verir.
Dəyərli və zəngin sərvətlərimizdən biri
olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı
olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur.
Sevinc ƏLİYEVA,
filologiya üzrə elmlər
doktoru, AMEA
Nəsimi adına Dilçilik İnstitutunun
şöbə müdiri
Azərbaycan müəllimi.-
2018.- 3 avqust.- S.6.