Təhsil sisteminə
innovasiyalar gətirəcək mühüm qərar
Xaricdə təhsil alan
gənclər yeni Dövlət Proqramı haqqında
Məlum olduğu kimi, Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə təsdiq edilmiş
“2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”
ölkəmizin təhsil ictimaiyyətində maraqla
qarşılanıb. Dünya ali təhsil sistemində
baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda
intellektual potensialın gücləndirilməsinə xidmət
edən bu sənəd dünyanın nüfuzlu universitetlərində
təhsil alan və məzun olaraq hazırda əmək fəaliyyəti
ilə məşğul olan gənclərimiz tərəfindən
də maraqla qarşılanmaqdadır. “Azərbaycan
müəllimi” qəzetinə fikirlərini bölüşən
gənclər yeni Dövlət Proqramının qəbulunu
ölkəmizin elmi potensialının inkişafına
mühüm töhfə kimi qiymətləndirirlər.
“Proqram ölkəmizin təhsil sisteminə
müsbət təsirini göstərəcək”
Ümid MEHDİYEV, Liverpul Universitetinin məzunu,
ADPU-nun prorektoru: - Məlumdur ki, müasir dövrdə təhsil
öz strateji əhəmiyyətinə görə
dünyanın yeni inkişaf trendlərini, tərəqqinin
konseptual əsaslarını, cəmiyyətin hərtərəfli
inkişafını şərtləndirir.
Qloballaşan dünyada dinamik inkişaf edən təhsil
sisteminin formalaşdırılması hər bir ölkənin
beynəlxalq rəqabətliliyini təmin edən və gücləndirən həlledici
faktorlardan biri kimi çıxış edir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 16
noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı” ali təhsil
sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin
müəyyən edilməsi baxımından böyük əhəmiyyət
kəsb edir. Belə ki, bu proqramın həyata
keçirilməsi gənclərə həm işlə təmin
olunmaq, həm də təhsildə fasiləsizlik prinsipini
gerçəkləşdirmək baxımından əlavə
imkanlar yaradacaq. İkili diplomlar ali təhsil sisteminin beynəlxalq
standartlara uyğunlaşdırılması, universitetlərin
rəqabət qabiliyyətinin artırılması, ali təhsil
müəssisələrinin Avropa məkanına daxil
olması, tədris proqramlarının təkmilləşdirilməsi
və keyfiyyətin təmin olunması, universitetlərdə
infrastrukturun və idarəetmənin daha səmərəli
qurulması, Bolonya prosesindən irəli gələn dəyişikliklərin
təcrübədə qavranılması, insan
kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət
kəsb edən sahələr üzrə yüksək
ixtisaslı milli kadrların hazırlanması baxımından
da çox faydalı olacaq.
Dövlət
Proqramında əksini tapmış strateji vəzifələr
universitetlərimizin ikili diplom və doktorantura proqramları
çərçivəsində dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığına
təkan verəcək. Proqramın əhatə
dairəsinin genişlənməsi, beynəlxalq təcrübənin
öyrənilməsi gənclərin təhsilinə,
onların zəruri bilik və səriştələr əldə
etməsinə töhfə verəcək.
Proqram doktorantura səviyyəsi üzrə təhsil
almış şəxslərin əldə etdikləri beynəlxalq
təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə, məzunların
işlə təmin olunmasına imkan yaradacaq. Həmçinin
ayrı-ayrı ölkələrdən olan alimlərlə
birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə
əlaqələrin genişləndirilməsi elmdə müsbət
nəticələrə gətirib çıxaracaq.
Proqramda nəzərdə tutulmuş hədəflərə
nail olunması gələcəkdə ölkəmizin təhsil
sisteminə müsbət təsirini göstərəcək.
“Proqram təhsilin inkişafında gənclərin
rolunun artırılmasına yönəlib”
İnqilab ŞAHBAZOV, London İqtisadiyyat və Siyasi
Elmlər Məktəbinin məzunu: - Dövlət
Proqramının qəbul olunmasında qarşıya qoyulan əsas
hədəf bundan ibarətdir
ki, vətəndaşlarımız, bütövlükdə Azərbaycan
gəncliyi elm və təhsilin inkişafında xarici təcrübədən
faydalansınlar. Biz bunu ikili diplom və doktorantura təhsil
proqramları,
xaricdə təhsilin maliyyələşdirilməsi,
xarici universitetlərlə əməkdaşlıq, nüfuzlu
ali məktəblərin alimləri ilə birgə fəaliyyətin
dəstəklənməsində görürük. Bu sərəncam həm
də elm və təhsilin inkişafında xüsusən də
gənclərin rolunun artırılmasına yönəlib. Burada diqqəti
doktorantura təhsilinə cəlb etmək istəyirəm.
Əvvəlki xarici təhsil proqramında əsas diqqət
bakalavr və magistratura təhsilinin maliyyələşdirilməsinə
ayrılırdısa, növbəti proqramda doktorantura təhsilinə
ciddi üstünlük verilir. Bu da onu göstərir
ki, dövlət sırf elm sahəsində ixtisaslaşan
insanların yetişdirilməsində və onların işlə
təmin olunmasında olduqca maraqlıdır.
Bundan əlavə,
proqramda xarici alimlərlə əməkdaşlıq nəzərdə
tutulur, bu isə xarici təcrübənin öyrənilməsi,
xarici təcrübə və biliyin Azərbaycana axını baxımından olduqca
vacibdir. Qloballaşan dünyada mütləq
şəkildə alimlərin birgə işləməsi elmin
və ölkələrin inkişafına xidmət edir.
Proqram çərçivəsində ölkəmizdə
xüsusi qıtlıq hiss olunan elm sahələri - sosiologiya, mühəndisliyin
bir sıra qolları, aviasiya və s. üzrə doktorantların yetişdirilməsi
və onların işlə təmin olunması məsələsi
də həllini tapacaq.
Təcrübəyə baxsaq, doktorantlar əsasən
akademik mühitdə fəaliyyət göstərir, təlim və
tədrislə məşğul olur. Hesab edirəm ki, sərəncam vasitəsi
ilə pedaqoji heyətin cavanlaşması, yeni müəllimlərin
yetişdirilməsi, yeni biliklərin tələbələrə
çatdırılması təmin olunacaq ki, bu da
çox mühüm vəzifədir. Çünki
məhz doktorantura təhsili bu hədəflərə çatmaqda
kömək edir. Doktorantura vasitəsi ilə
boşluq olan sahələrdə mütəxəssislərin
hazırlanması təmin olunacaq.
Doktorantlara ayrılan dəstək eyni zamanda ölkədə
elmi tədqiqatların inkişafında mütləq rol
oynayacaq, gənclərin elmə marağını
artıracaq, onlar tədqiqatların aparılmasında
maraqlı olacaq və beləliklə,
araşdırılmamış mövzular
araşdırılacaq. Doktorantlar lazım gəldikdə
müvafiq sahələrdə məsləhət xidmətləri
də göstərə biləcək. Xarici təcrübədə
biz bunların bir çoxuna əmin ola bilərik.
Doktoranturada təhsil alanlar oxuduqları müddətdə
və ya məzun olduqdan sonra bu işlərlə məşğul
olurlar.
“Dəyişiklikləri böyük bir
qürur hissi ilə izləyirəm”
Mədinə QULİYEVA, London Universitet Kollecinin
doktorantı: - London Universitet Kollecində (UCL) və
Böyük Britaniyanın digər aparıcı universitetlərində
doktorantlar tədqiqat aparmaqla yanaşı, Ali Təhsil
Akademiyası (Higher Education Academy) tərəfindən müəyyənləşdirilmiş
mühüm peşəkar dəyərləri də öyrənirlər.
Britaniya ali təhsilinin əsas dəyərlərini
bilməklə mən həmişə bu ölkənin təhsil
sistemini doğma təhsil sistemimiz ilə müqayisə edirəm. Azərbaycan təhsil
sistemindəki təkmilləşdirmələri və dəyişiklikləri
böyük bir qürur hissi ilə izləyirəm. İldən-ilə bu inkişaf daha aydın
görünür.
“2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”nın bu müsbət dəyişiklikləri və
proqram çərçivəsində ikili diplom
proqramlarının təsis olunması və icrası milli təhsildə
aparıcı təhsil sistemlərinin inteqrasiyasını
sürətləndirəcəyinə ümid edirəm.
İnanıram ki, xarici ali təhsil müəssisələrinin
müvafiq ixtisaslar üzrə tədris proqramlarının
hazırlanması təcrübəsindən yararlanmaq, xarici
professor-müəllim heyətinin kurikulumun yeniləşdirilməsində
iştirakı, əlavə olaraq elmi-tədqiqat
strukturlarının yaradılması və aparıcı
mütəxəssisləri və istedadlı tələbələri
bir araya gətirmək üçün elmi-tədqiqat
proqramlarının hazırlanması Azərbaycan
Respublikasının ali təhsil mütəxəssislərinin
beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsini
asanlaşdıracaq və dünya reytinqində irəliləməsini
təmin edəcəkdir. İnanıram ki, Azərbaycan
təhsil sistemində tədqiqatlı təhsilin
inteqrasiyası müsbət dəyişikliklərə səbəb
olacaq. Hesab edirəm ki, “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” məzunları olaraq
xarici professorların və müəllimlərin cəlb
olunmasına, xarici və Azərbaycan ali təhsil
müəssisələri arasında əlaqənin genişləndirilməsinə
kömək edə bilərik. Doktorantura səviyyəsində
xaricdə təhsilin maliyyələşdirilməsi və Təhsil
Nazirliyinin süni intellekt istiqamətində müraciətlərə
müsbət yanaşacaqlarını bildirməsi sevindirici bir
haldır. Süni intellekt səhiyyə,
maliyyə, hüquq və neft-qaz sektoru daxil olmaqla bir çox
sahəyə böyük təsir göstərir. Bu istiqamətdə milli kadrların təhsili
prioritet sahələrdə yeni metodların tətbiqinə təkan
verəcək.
“Ali təhsil müəssisələrinə
gətiriləcək innovativ investisiya”
Aysel MUSAYEVA, Ankara Universitetinin və London
Diplomatiya Akademiyasının məzunu: - Dövlət
Proqramı Azərbaycan təhsil sisteminə innovasiyalar gətirəcək
mühüm bir qərardır. “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” ilə xaricdə təhsil
alaraq ölkəmizə qayıdan gənclərimizə,
universitetlərə qoyulan bu investisiya artıq yeni bir mərhələdə
birbaşa ali təhsil müəssisələrinə
gətiriləcək innovativ bir investisiyaya çevrilməkdədir.
2007-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində
Azərbaycan gənclərinin dünyanın müxtəlif
ölkələrinin qabaqcıl ali təhsil
müəssisələrində təhsil almaq imkanı əldə
etməsi ilə ölkəmizin kadr siyasətində
güclü və potensiallı dəyişikliklər
müşahidə olundu. Bu proqram hazırda qəbul olunan
“2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı” ilə həyata
keçiriləcək tədbirlər üçün
sağlam zəmin yaradıb. Əvvəlki Proqramın nəticəsi
olaraq, Azərbaycanın bir sıra ali təhsil
müəssisələrinin nüfuzlu dünya universitetləri
ilə ikili diplom proqramlarının sayının
artırılması hədəfi son illərdə müsbət
hal kimi qarşılanıb. Çünki Azərbaycan gəncləri
nüfuzlu universitetlərdə təhsil alan
digər gənclər ilə eyni səviyyəli mütəxəssislər
kimi formalaşacaqlar. Proqram çərçivəsində qabaqcıl universitetlərdə
təhsil alacaq gənclər akademik kadr potensialının, tədris
proqramlarının və təhsilin keyfiyyətinin yüksəldilməsinə
töhfə verəcəklər.
Xaricdə doktorantura səviyyəsində təhsilin
maliyyələşdirilməsi üzrə verilən bu qərar
gənclərin gələcəyinə dair yüksək
ümidlər vəd edir. Doktorantura səviyyəsi
üzrə universitetlərdə akademik heyətin ixtisasca təkmilləşdirilməsi
peşəkar mütəxəssislərin yetişdirilməsini
təmin edəcək. Doktorantların elm
sahəsində ixtiraları, beynəlxalq indeksli jurnallarda məqalələrinin
çap olunması, beynəlxalq konfranslarda azərbaycanlı
gənclərin iştirakı, qabaqcıl universitetlərdə
mühazirə oxuması bu dövlət proqramının
uğurlu nəticəsi olacaq.
Azərbaycanlı doktorantların nüfuzlu universitetlərdə
təhsil alması, birgə tədqiqatların
aparılması, birgə kitab və məqalələrin
hazırlanması, dünya miqyasında inkişaf edən sahələrdə
Azərbaycanın dünyada daha da tanınması
üçün müsbət rol oynayacaq. Bütün
dünyada aktual mövzu olan təhsilin keyfiyyətinin dövlət
səviyyəsində innovativ proqramlarla dəstəklənməsi
nəzarətin, nəticələrin və uğurların
müşahidə olunmasında mühüm əhəmiyyət
daşıyacaq.
Azərbaycan gənclərinin beynəlxalq səviyyədə
həm ikili diplom, həm də doktorantura sahəsində
dövlət səviyyəsində dəstəklənməsi
müsbət bir hal kimi uğurların əldə edilməsində
üstünlük təşkil edəcək.
“Proqramın Azərbaycan gəncliyinə
böyük töhfələr verəcəyi şübhəsizdir”
Səncər ƏHMƏDOV, Kolumbiya Universitetinin doktorantı: - Bu proqramın
Azərbaycan gəncliyi və elmi üçün
böyük töhfələr verəcəyi şübhəsizdir.
Həm gənclərimizin xaricdə doktorantura təhsilinin
maliyyələşdirilməsi, həm də ikili diplom layihəsinin
əhatəliliyinin genişləndirilməsi müasir Azərbaycan
elminin, təhsilinin daha da güclənməsinə,
inkişafına və dərinləşməsinə yol
açacağına inanıram. Xüsusən,
kompüter elmlərinin bu proqram tərəfindən əhatə
olunan əsas sahələrdən biri kimi diqqətə
alınması məni çox sevindirdi. Çünki
bu istiqamət çağdaş dünya elminin ən aktual sahələrindən
biridir. Ölkəmizdə bu sahədə
xeyli istedadlı və peşəkar gənclərin
olduğunu düşünürəm. Proqram
gənclərin dünyanın aparıcı təhsil
ocaqlarında təhsil almalarına və tədqiqat
aparmalarına şərait yaradacaq, gənclərimizin təkmilləşməsində,
öz sahələrində dünya səviyyəli
yaxşı mütəxəssis olmalarında çox
böyük rol oynayacaq. Düşünürəm
ki, xaricdə bu bilik və bacarıqlara yiyələnən gənclərimiz
gələcəkdə nəinki Azərbaycan, hətta
dünya elminə töhfələr verməyə qadirdirlər.
Bu proqramda iştirak edən hər kəsə
uğurlar diləyirəm.
“Proqram elmimiz üçün
geniş imkanlar açır”
Olesya RAZUVAYEVSKAYA, Kembric Universitetinin
doktorantı: - Dövlət Proqramında tədqiqatçı
doktorantların təhsilinin maliyyələşdirilməsi gənclərimiz
və elmimiz üçün geniş imkanlar açır. Bu, çox mühüm məsələdir. Doktorantura səviyyəsində araşdırılan
mövzular çox spesifik olduğundan, dünyada bu
mövzularla bağlı araşdırma aparan tədqiqat mərkəzlərinin
sayı çox azdır. Bu səbəbdən hətta
bir çox tədqiqat mərkəzləri və universitetləri
olan böyük ölkələrdə belə öz
maraqlarına uyğun olan tədqiqat qrupunu və elmi rəhbəri
tapmaq çətin ola bilər. Bundan
başqa, təbiət elmləri kimi sahələrdə
qabaqcıl araşdırma aparmaq üçün innovativ
avadanlığa və maliyyəyə ehtiyac var. Bu baxımdan,
gənclərimizin doktorantura kimi yuxarı pillələrdə
xaricdə təhsilinin maliyyələşdirilməsi, ölkəmizdə
yalnız giriş səviyyəsində öyrədilən
innovativ sahələr üçün çox faydalı ola bilər. Akademiya
üçün zəruri olan başqa cəhətlərdən
biri isə əməkdaşlıqdır, xüsusilə
disiplinlərarası sahələr üçün. Bu səbəbdən, ikili diplom layihəsi xaricdəki
universitetlərlə tədqiqat əməkdaşlığının
qurulmasına və potensial olaraq elm mütəxəssislərimizin
öz sahələrində ən qabaqcıl yerlərdə nəşrlərinə
imkan verəcək.
“Azərbaycan dünya elminə
sürətlə inteqrasiya edəcək”
Eltac ABBASOV,
Antverp
Menecment Məktəbinin məzunu: - Öncə onu
vurğulamaq istərdim ki, cənab Prezident tərəfindən
qəbul olunmuş bu sərəncam çox böyük əhəmiyyətə
malikdir. Bu sərəncam “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nın məntiqi
davamıdır. Əvvəlki
proqram təhsilin bütün pillələrini nəzərə
aldığından bu addımı gənclərin elm, bilik
öyrənmə mərhələsi kimi xarakterizə edərdim.
Lakin yeni qəbul olunmuş proqram özündə
təhsilin ən yüksək pilləsini ehtiva etdiyindən və
spesifik hədəf kütləsinə istiqamətləndiyindən
mən bunu elm istehsalına yönəlik siyasət kimi şərh
edərdim. Əminəm ki, öyrənmə
mərhələsindən istehsal mərhələsinə
keçid dövlətimiz və millətimiz üçün
çox mütərəqqi nəticələr verəcək.
Yerli gənc mütəxəssislərdən ibarət
yüksək təhsilli akademik elitanın formalaşması və
xarici mütəxəssislərlə əməkdaşlıq
universitetlərimizin elmi potensialını artıracaq. Sonralar bu
tendensiyanın əmək bazarına sirayət etməsi
innovativ Azərbaycan məhsullarının istehsalına,
iqtisadiyyatın elm və texnologiya tutumlu sferasının
inkişafına gətirib çıxaracaq.
Mən inanıram ki, bu addım sayəsində Azərbaycan
dünya elminə sürətlə inteqrasiya edəcək və
iqtisadi əhəmiyyətli yerini tutacaq.
Azərbaycan müəllimi.- 2018.-
7 dekabr.- S.1; 5.