Biologiyanın tədrisində
STEM üsullarından
istifadə
Bu zaman təhsilalanlarda yeni
bacarıqlar formalaşır
Məlumdur ki, biz texnoloji proseslərin
sürətlə inkişaf etdiyi bir dövrdə
yaşayırıq. Eyni zamanda dünyamızda
ciddi dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər daha çox rabitə, nəqliyyat
və texnologiya ilə əlaqədardır. Bu da bütün elm sahələrinin, yeni texnologiyaların
təhsil sahəsində bacarıqla tətbiq edilməsini tələb
edir. Şagirdlərin fənlərə
marağını artırmaq, dərsdən sonra əlavə
hazırlığı aradan qaldırmaq üçün tədrisdə
yeni yanaşmalar zəruridir. Gələcəyin
mütəxəssislərini yetişdirmək
üçün STEM tədris üsullarından biridir. STEM
anlayışı 2000-ci illərdə meydana gəlmişdir.
Tədricən STEM məzmunlu peşələrə
tələbat artmağa başlamışdır.
Hazırda orta məktəblərdə belə üsulların
tətbiqi davam
edir.
“STEM” sözü “Elm” (Science),
“Texnologiya” (Technology), “Mühəndislik” (Engineering)
və “Riyaziyyat” (Mathematics) sözlərinin birinci hərfindən
əmələ gəlmişdir. Burada elm
dedikdə, fizika, kimya və biologiya nəzərdə tutulur.
Məlumdur ki, yaşadığımız
dövr texnologiya əsridir. Buna görə
də müasir texnoloji proseslərdən xəbərdar olan
mütəxəssislərə çox böyük ehtiyac
vardır. Dünyada daha çox ehtiyac
duyulan STEM üzrə peşələrdən biri biologiya
mühəndisliyidir. Biologiya mühəndisi ixtisasına
yiyələnən
hər hansı bir şəxs süni ürək,
böyrək, mədə və başqa daxili orqanları
hazırlamağı bacarır. Ona görə də
həmin şəxs biologiya ilə yanaşı mühəndislik
və riyaziyyat sahələrini də mükəmməl birməlidir.
Bu da tədris prosesində STEM
üsullarının daha geniş tətbiq edilməsini zəruri
edir.
Son illər
Azərbaycanda təhsil
sisteminin daha da inkişaf etdirilməsi, onun dünya
standartları səviyyəsinə çatdırılması
üçün böyük
işlər görülməkdədir.
Ölkəmizdə də STEM təhsil
üsullarının tətbiqinə
başlanılmışdır. Bununla əlaqədar
olaraq Təhsil Nazirliyi tərəfindən “Təhsildə
inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” əsasında
iki dəfə “STEM Azərbaycanda” müəllim konfransı da
təşkil edilib.
STEM
üsullarının tətbiqi zamanı ayrı-ayrı elm sahələrinin
bir-biri ilə əlaqəsi təmin edilmiş olur. Bu zaman təhsilalanlarda yeni
bacarıqlar formalaşır.
Biologiyanın tədrisinin spesifik xüsusiyyətləri
vardır. Bütün siniflərdə biologiya dərsliklərində
elə mövzular vardır ki, şagirdlər həmin
mövzuları maraqla öyrənirlər. Elə mövzular da vardır ki, başa
düşülməsi çətindir. Bu
zaman STEM üsullarının tətbiqi çox böyük
fayda vermiş olur.
Məsələn, VI sinifdə tədris olunan “Hüceyrənin
ümumi quruluşu” mövzusu şagirdlər tərəfindən
çətin başa düşüləndir. Onlar enkariot və
prokariot orqanizmləri fərqləndirməkdə çətinlik
çəkirlər.
Çətinliyi aradan qaldırmaq üçün
mövzunun müəllim tərəfindən qısa izahı
vacibdir. Sonra dərslikdə verilmiş hüceyrənin
quruluşu haqqında olan şəkil nümayiş etdirilməlidir.
Bu zaman elə etmək lazımdır ki,
şagirdlər hüceyrələrin çox kiçik
olduğunu, onları adi gözlə görmək
mümkün olmadığını başa düşə
bilsinlər. Bunun üçün müəllimin
istiqamətləndirici suallardan da istifadə etməsi məqsədəuyğundur.
Eyni zamanda həmin sualların köməyi ilə
aydın olur ki, şagirdlərin çox hissəsi hələ
də hüceyrə anlayışını başa
düşməyib. Belə olan halda əvvəlcədən
hazırlanmış hüceyrənin
böyüdülmüş formada olan şəkli lövhədən
asılır. Bu zaman şagirdlər
hüceyrənin hissələrini, nüvə, qılaf,
sitoplazma və vakuolu böyüdülmüş halda
müşahidə edirlər.
Bitki hüceyrəsinin sitoplazmasında çoxsaylı
kiçik cisimciklər şəklində plastidlər
mövcuddur. Göbələk və heyvan hüceyrələrində
isə həmin cisimciklər yoxdur. Bitkinin
yaşıl rəngli plastidləri-xloroplastidlər adlanır.
Yarpaqlara yaşıl rəng verən xlorofil
piqmentidir. Rəngli plastidlər isə
xromoplastidlər adlanır. Çiçəyin
ləçəyinin rəngi xromoplastlardan asılıdır.
Rəngsiz plastidlər də mövcuddur. Bunlar leykoplastlar adlanır. Bütün
bunları şifahi şərh zamanı şagirdlər
çox çətinliklə başa düşürlər.
Çətinliyi müxtəlif bitki nümunələrindən
istifadə etməklə aradan qaldırmaq mümkündür. Bunun
üçün ətirşah, qərənfil, lalə, zəncirotu,
çobanyastığı və başqa bitki nümunələrindən
istifadə etmək məqsədəuyğundur. Həmin
bitki nümunələrini iri ağ
kağız üzərində lövhədən asdıqda
şagirdlərdə marağı artırır. Bu zaman şagirdlər bitkinin çiçəyi,
yarpaq və kök sisteminin hüceyrələrini bir-biri ilə
müqayisə edirlər. Nəticədə
onlar dərk edirlər ki, yarpağın yaşıl rəngi
xlorofil piqmentindən, çiçəyin parlaq rəngi isə
sitoplazmada yerləşən plastidlərdən
asılıdır. Rəngsiz hissələr
isə leykoplastlarla əlaqədardır.
Beləliklə,
mövzunun tədrisi
zamanı müəllim mövcud resurslardan istifadə etdikdə
ən çətin mövzuları belə şagirdlər dərk
edir, yadda saxlayırlar. Eyni zamanda digər yeni
mövzuların öyrənilməsi üçün də zəmin
hazırlanmış olur.
6-cı sinifdə çətin başa düşülən
mövzulardan biri də “Çiçəkli bitkilərin əsas
orqanları” mövzusudur. Şagirdlər
kök, gövdə, yarpaq, çiçək, toxum, meyvə
kimi hissələrin adlarını çox tez yadda saxlaya
bilirlər. Lakin, regetativ və generativ orqanlar
anlayışını başa düşə bilmir və
yadda saxlamaqda çətinlik çəkirlər. Bu çətinliyi müxtəlif resurslardan istifadə
etməklə aradan qaldırmaq mümkündür. Bunun üçün əvvəlcə dərslikdə
mövzu ilə əlaqədar verilmiş şəkillərdən
istifadə etmək olar. Regetativ və generativ orqanlar
mövzusunun isə
əvvəlcədən hazırlanmış bitki
nümunələri üzərində izah edilməsi məqsədəuyğundur.
Bu zaman mövzu əvvəlcə
şifahi izah olunur ki, kök, gövdə və yarpaq
çiçəkli bitkilərin əsas vegetativ
orqanlarıdır. Kök bitkini torpağa bərkidir.
Torpaqdan suyu və suda həll olunmuş mineral
maddələri qəbul edir. Həmin maddələri
bitkinin yerüstü hissələrinə ötürür.
Bəzən kök özündə ehtiyat
halında qida maddələri toplayır. Gövdənin
üzərində yarpaq və tumurcuqlar olur. Cavan gövdələr zoğ adlanır. Gövdə bitkinin kökü ilə yarpaqları
arasında əlaqə yaradır. Yarpaqları
işığa çıxarır. Yarpaqda
qaz mübadiləsi gedir, su buxarlanır və üzvi maddələr
əmələ gəlir. Üzvi maddələr
isə digər canlıların əsas qidasını təşkil
edir. Deməli, yarpaqlar olmasaydı, insan və digər
canlı orqanizmlər bu gün mövcud ola
bilməzdi. Belə maraqlı məlumatlar
şagirdlərin diqqətini cəlb və mövzunu başa
düşməkdə kömək edir.
Müəllim generativ orqanları nə qədər
geniş və maraqlı izah etsə də, şagirdlər
başa düşməkdə çətinlik çəkirlər. Tez-tez
aşağıdakı sualları verirlər:
1.
Çiçək nə üçün generativ orqan
adlanır?
2. Ziqot nədir?
3.
Rüşeym nədir?
Generativ orqan və sualların cavabını
aydınlaşdırmaq üçün şagirdləri
üç qrupa ayırırıq. Birinci qrupa
çiçək, ikinciyə toxum, üçüncüyə
isə meyvə nümunələri veririk. Birinci qrupa çiçəyin hissələrinin
adlarını, ikinci və üçüncü qrupa isə
toxumla birlikdə meyvə yanlığının əlamətlərini
yazmağı tapşırırıq.
Birinci qrup qeyd edir ki, çiçək şəklini dəyişmiş
zoğdur. Ən mühüm hissələri isə dişicik və
erkəkcikdir. Bu hissələrdə cinsiyyət
hüceyrələri əmələ gəlir. Həmin hüceyrələr birləşərək
ziqot əmələ gətirir. “Ziqot”
yunanca “birləşən cütlük” deməkdir. Ziqot isə bitkiyə başlanğıc verən
rüşeym əmələ gətirir.
İkinci qrup qeyd edir ki, toxumun içərisində
rüşeym və ehtiyat qida maddələri vardır. Əlverişli
şərait olduqda ehtiyat qida maddələri rüşeymə
axır. Rüşeym isə inkişaf edərək
gələcək bitkiyə başlanğıc verir.
Üçüncü qrup isə qeyd edir ki, meyvəyanlığı
xaricdən nazik qabıqla əhatə olunur. Qabığın
altında çoxlu qida maddələri olur. Həmin maddələrdən istifadə etmək
üçün müxtəlif canlılar meyvələri bir
yerdən başqa yerə aparırlar. Bu da
toxumların yayılmasına səbəb olur. Qruplar öz qeydlərini birlikdə müzakirə
edirlər. Nəticədə başa
düşürlər ki, çiçək, toxum və meyvə
cinsi çoxalma prosesində iştirak edir. Ona görə onlar generativ orqanlar adlanır.
Mövzunun bitki nümunələri üzərində
izah edilməsi şagirdlərin dərketmə qabiliyyətini
artırır.
Eyni zamanda ən çətin mövzuların
onların yaddaşında uzun müddət qalmasına səbəb
olur.
VI sinifdə tədris olunan “Bitkilərin havadan
qidalanması.
Fotosintez” adlı mövzunun izahı müəllimdən
xüsusi bacarıq tələb edir. Bu
mövzunu öyrənməklə şagirdlər ilk dəfə
üzvi maddələrin yaranması, işıqda
nişastanın necə əmələ gəlməsi
haqqında məlumat əldə etmiş olurlar. Mövzunu öyrənənə qədər
şagirdlər elə bilirlər ki, bitkilər böyümə
üçün zəruri olan maddələri torpaqdan alır.
Məlumdur ki, bitkilər müxtəlif mineral
maddələri yalnız suda həll olmuş halda qəbul
edir. Bunu şagirdlərə başa salmaq
üçün əvvəlcə dərslikdəki mövzu
ilə tanış olmaq məqsədəuyğundur.
Holland alimi van Helmont bitkilərin qidalanmasına
aid təcrübə aparmışdır. Həmin
təcrübəyə aid mövzuda şəkillər
verilmişdir. Təcrübənin mahiyyətinin
aydın olması üçün şagirdləri iki qrupa
bölürük. Birinci qrup söyüd
bitkisinin kütləsinin nə qədər
artdığını, ikinci qrup isə torpağın
kütləsinin nə qədər azaldığını sadə
riyazi hesablama yolu ilə öyrənirlər. Şəkildən
görünür ki, söyüd bitkisini dibçəyə əkdikdə
kütləsi 2 kq, 5 ildən sonra isə 76,5
kq olmuşdur. Torpağın kütləsi dibçəkdə
əvvəlcə 80 kq, 5 ildən sonra isə 79 kq 943 q
olmuşdur. Deməli, birinci qrup müəyyən edir ki, 76,5 kq, - 2 kq = 74,5 kq. Burada alınan 74,5 kq 5 ildən sonra söyüd bitkisinin
kütləsini bildirir. İkinci qrup isə müəyyən
edir ki, 80 kq - 79 kq 943 q = 57 q. Alınan 57 q 5 il
müddətinə azalan torpağın kütləsidir. Burada
sadə hesablamadan aydın olur ki, 5 il müddətinə
söyüd bitkisinin kütləsi 74,5 kq
artdığı halda, torpağın kütləsi isə cəmi
57 q azalmışdır. Sual meydana çıxır: Bitkinin
böyüməsi və kütləsinin artması nəyin
hesabına baş vermişdir? Sualın
cavabının aydın olması üçün dibçəkdə
əkilmiş iki bitki nümayiş etdirilir. Mövzudakı şəkillərdə olduğu kimi
dibçəkdəki bitkilərdən biri kiçik, digəri
isə böyük olmalıdır. Bu zaman
şagirdlər bir-biri ilə fikir mübadiləsi
aparırlar. Belə qənaətə gəlirlər
ki, bitkilərin torpaqdan qidalanması yalnız su mühitində
mümkündür. Bu zaman sinfə belə
bir sualla müraciət edilir. Bəs
udulmuş su və mineral maddələr hara
ötürülür, nəyə sərf olunur? Müxtəlif cavablar səslənir. Sualın cavabını aydınlaşdırmaq
üçün hər hansı bir ağac bitkisinin böyüdülmüş
şəkli lövhədən asılır. Günəş şüalarının və karbon
qazının bitkinin yaşıl yarpaqlarına təsiri şəkildə
aydın təsvir edilmiş olur. Torpaqdan su
və mineral maddələrin köklər vasitəsi ilə
udulması, oksigenin isə yaşıl yarpaqlardan
ayrılmasına şagirdlər diqqət yetirirlər. Bu zaman aydın olur ki, udulmuş su və mineral maddələr
gövdə vasitəsi ilə yarpaqlara ötürülür.
Yarpaqların üzərində
ağızcıqlar vardır. Həmin
ağızcıqlardan yarpağın daxilinə hava
keçir. Havanın tərkibindəki
karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrində xloroplastlar
vardır. Xloroplastlarda xlorofil olur. Xlorofil isə Günəş
şüalarını udma xüsusiyyətinə malikdir.
Bitkinin yaşıl yarpaqlarında Günəş
enerjisinin təsiri ilə qeyri-üzvi maddələrdən
(karbon qazı və su) mürəkkəb üzvü maddələr
yaranır. Bu proses fotosintez (yunanca “fotos” - işıq,
“sintezi-birləşmə”) adlanır. Bu zaman şagirdlərə
aydın olur ki, fotosintez zamanı ətraf mühitə oksigen daxil olur. O
da məlum olur ki, Yer üzərində həyatın
mövcudluğu, insanların sağlamlığı
yaşıl bitkilərdən daha çox asılıdır.
Beləliklə, yeni texnologiyaların tətbiqi, nəzəri
biliklərin praktika ilə əlaqələndirilməsilə
XXI əsr bacarıqlarına malik gənc nəsil yetişdirmək
mümkündür.
Tahə İBRAHİMOV,
Ağsu rayonu İlxıçı kənd
orta
məktəbinin
biologiya-coğrafiya müəllimi
Azərbaycan müəllimi.- 2018.-
7 dekabr.- S.8.