2018-ci ilin
Nobel mükafatları
sahiblərinə təqdim olundu
Stokholm və Osloda təntənəli mərasimlər keçirilib
Dekabrın 10-da İsveçin və Norveçin paytaxtları Stokholm və Osloda 2018-ci ilin Nobel mükafatı laureatlarının
mükafatlandırılması mərasimi keçirilib.
Mektebgushesi.az
xəbər verir ki, AzEdu.az www.nobelprize.org saytına
istinadən məlumat
verir ki, mərasimlər 1896-cı il
dekabrın 10-da vəfat
etmiş Alfred Nobelin anım günündə baş tutub. Alfred Nobelin vəsiyyətinə
uyğun olaraq Stokholmda keçirilən tədbirdə fizika, kimya, fiziologiya və təbabət, iqtisadiyyat
sahələrində mükafatlar
təqdim olunub. Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Karl – Henrik Xeldin qeyd
edib ki, elmi kəşflər üçün əlverişli
şəraitin
yaradılması vacibdir:”Elmdə sıçrayışlar, bu gün burada qeyd etdiyimiz
kəşflərin oxşarı
olanlar, əlverişli mühitin yaradılması,
alimlərə müstəqilliyin,
azadlığın verilməsi və uzunmüddətli maliyyələşdirmənin təqdim
olunması nəticəsində
mümkün olub. Belə yaradıcılıq
mühiti ən
müxtəlif istedadlar,
təcrübə və
mədəni ənənələr
üçün, həmçinin gənc alimlərə fikir bildirməyə imkan verir”,- deyə K.Xeldin bildirib.
Daha sonra İsveç Kralı ÕVI Karl Qustav
Nobel mükafatı laureatlarına
üzərində Nobelin
təsvir olunduğu qızıl medal, diplom və 9 milyon İsveç kronu (təqribən
1,06 milyon dollar )
pul mükafatı
təqdim edib.
2018-ci ildə fiziologiya
və tibb sahəsində Nobel mükafatına
amerikalı Ceyms
Ellison və yaponiyalı
Tasuku Hondze layiq görülüblər. Onlar immunitet
sisteminin mənfi fəaliyyətini dayandıraraq
xərçəng xəstəliyinin
müalicəsinin kəşfinə
görə bu mükafatla təltif ediliblər. İqtisadiyyat üzrə Nobel mükafatı
innovasiya, iqlim və iqtisadiyyat sahəsində tədqiqatlarına
görə Vilyam Nordhaus və Paul Romerə verilib. Fizika üzrə Nobel mükafatı
lazer fizikası sahəsində yenilikçi
ixtiralara görə üç alimə – amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı Donna Striklanda verilib. Kimya sahəsində Nobel mükafatını amerikalı
alim Frensis Arnold fermentlərin təkamülünə,
Corc Smit və Qreqori Uinter isə faqotiv displey yaratdıqlarına görə
alıblar.
2018-ci ilin Nobel Sülh
mükafatı isə
Norveçin paytaxtı
Osloda sahiblərinə
təqdim olunub.
Mükafat hüquq müdafiəçisi
Nadya Murada və konqolu cərrah Denis Mukvegeyə döyüşlər və
silahlı münaqişələr
zamanı cinsi zorakılığa qarşı
mübarizədə göstərdikləri
səylərinə görə
verilib.
Mükafatlandırma mərasimində bütün
laureatlara çıxış
etmək imkanı da yaradılıb. Sonda Nobel mükafatı
laureatları və qonaqlar üçün rəsmi bayram ziyafəti verilib. Stokholmun Konsert zalında keçirilən mərasimə
1500-dən artıq qonaq
– laureatların ailə
üzvləri, elm, mədəniyyət
və siyasət nümayəndələri qatılıblar.
2018-ci ildə ümumilikdə
12 nəfər Nobel mükafatı
laureatı olub. Bu il ədəbiyyat üzrə mükafat təsis olunmayıb. Ədəbiyyat üzrə Nobel mükafatının
2019-cu ildə veriləcəyi
bildirilir.
Qeyd edək ki, builki laureatlar arasında ən qocamanı olan 96 yaşlı amerikalı fizik Artur Eşkin səhhətinə
görə İsveç
paytaxtına gələ
bilməyib. Onu mükafatlandırma
mərasimində oğlu Maykl təmsil edib.
Oruc Mustafayev
Azərbaycan müəllimi.-
2018.- 14 dekabr.- S.16.