Nəsillərin varisliyi: uğurlar davam edir
Bakı Musiqi Akademiyasının
3 tələbəsi beynəlxalq
festivalın qalibi olub
Vaxtilə zəmanəmizin görkəmli
bəstəkarı Qara
Qarayev Azərbaycan musiqisinin dünya mədəniyyəti xəzinəsinə
qovuşması prosesindən
danışaraq deyirdi
ki, “Başqalarının
əsrlərlə keçdiyi
yolu biz onilliklər ərzində adlamışıq...
Biz dünyanın bir hissəsiyik, bizim bugünkü işimiz ümumbəşəri
işin bir hissəsidir”. Həqiqətən də Avropa ölkələrində əsrlər
boyu formalaşmış
bəstəkarlıq və
ifaçılıq məktəblərinin
tarixi ilə müqayisədə Azərbaycanda
bu inkişaf daha gec başlasa
da, vüsətli olmuşdur.
100 illik yubileyini qeyd etmək ərəfəsində olduğumuz
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası Azərbaycanda
musiqi incəsənətinin
bütün sahələri
kimi, fortepiano ifaçılığı
məktəbinin də
inkişafı üçün
zəmin olmuşdur.
Azərbaycan fortepiano məktəbinin nailiyyətləri
illər boyu, pillə-pillə əldə
olunaraq, respublika səviyyəsindən dünya
arenasına çıxmışdır. Burada nəsillərin
varisliyini də qeyd etməliyik. Yarandığı vaxtdan Azərbaycan
Dövlət Konservatoriyasında,
indiki Bakı Musiqi Akademiyasında musiqi sənəti üzrə dəvət olunmuş görkəmli pedaqoqlar çalışmış,
respublikada pianoçuların
və digər ixtisaslar üzrə musiqiçilərin yetişməsinə
rəvac vermişlər.
Məhz belə möhkəm təməl üzərində
bu gün qürurlandığımız ifaçılıq nəsilləri
yetişmişdir. Əlbəttə ki, bugünkü nəsil üçün bütün bunlar bir örnəkdir.
Ən böyük örnək isə Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru,
SSRİ və Azərbaycanın
xalq artisti, professor Fərhad Bədəlbəylinin
simasında təcəssüm
olunmuşdur. İlk azərbaycanlı
beynəlxalq müsabiqələr
laureatı olan dünyaşöhrətli pianoçu
Fərhad Bədəlbəylinin
Bakı Musiqi Akademiyasına rəhbərliyi
müəllim və tələbələri ruhlandıraraq,
zirvələrin fəthinə
səsləyir.
Bu gün Bakı
Musiqi Akademiyasının
professor-müəllim heyəti
sırasında onlarla
beynəlxalq müsabiqə
laureatı vardır. Yeni pianoçu
nəsilləri məhz
bu möhkəm təməl üzərində
yetişərək, yeni
nailiyyətlərlə musiqi
mədəniyyətimizi zənginləşdirirlər.
Tələbə musiqiçilərimizin uğurları
çoxdur. Mütəmadi olaraq, biz gənc
pianoçularımızın nüfuzlu beynəlxalq müsabiqələrdə iştirakının
xəbərini alırıq.
Təbii
ki, bu, bizi
çox sevindirir.
Çünki hər bir ifaçının qazandığı
qələbə bizim
ifaçılıq məktəbimizin
qələbəsidir və
biz müəllimlərin fəxridir.
Mən sizə
sonuncu uğurdan danışmaq istəyirəm.
Bu il 26-29 noyabr
tarixlərində Çex
Respublikasının Praqa
şəhərində təşkil
olunmuş gənc ifaçıların XV Beynəlxalq
Art-DUO Musiqi Festivalı
çərçivəsində keçirilən beynəlxalq
müsabiqədə pianoçularımız
qalibiyyət qazanmışlar.
Onu deyim ki, festivalın
təşkilatçısı Praqada yerləşən Rus Mədəniyyət Mərkəzidir. Müsabiqə iştirakçıları 7 bölmə
üzrə öz bacarıqlarını nümayiş
etdiriblər. Hər bölmədə
yarış 10 yaş
kateqoriyasında aparılıb.
Bu da çox müxtəlif yaş həddində olan musiqiçiləri - kiçikdən
böyüyə (7-8 yaşından
35 yaşına qədər)
əhatə edib.
Qeyd etmək
lazımdır ki, bu müsabiqənin çevrəsi kifayət qədər böyükdür.
Azərbaycan, Rusiya,
Çexiya, Qazaxıstan,
Serbiya, Polşa,
Belarus və Fransadan
150-dən artıq musiqiçini
öz ətrafına cəmləyən festivalda
pianoçuların üstünlüyü
diqqəti cəlb edir. Bu il 70 nəfərdən artıq
gənc pianoçu festivalda iştirak edib ki, bu
da həmin beynəlxalq tədbirin əhəmiyyətinin və
miqyasının göstəricisidir.
Festival çərçivəsində keçirilən pianoçuların
müsabiqəsində Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının tələbələri
də iştirak ediblər.
Festivalın münsiflər heyəti Avropa və Asiya ölkələrindən
olan tanınmış
musiqiçilərdən təşkil
olunmuşdu. Piano bölməsi
üzrə münsiflər
heyətinin sədri rusiyalı musiqiçi,
professor Rustam Şaykutdinov
idi. Münsiflər
heyətinə Çex
Respublikasından İrina
Parker, Fransadan Filip Argenti, Serbiyadan Draqomir Bratis, Rusiya və Çex Respublikasının
təmsilçisi Filip
Subbotin daxil idi.
Əlamətdar haldır ki, müsabiqənin münsiflər
heyətində Azərbaycan
pianoçuluq məktəbini
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının professoru,
pedaqoji elmlər üzrə fəlsəfə
doktoru, Əməkdar müəllim Nərminə
Quliyeva təmsil etmişdir. Bu da Azərbaycan musiqi mədəniyyətinin nüfuzunu
göstərən faktdır.
Art-DUO Beynəlxalq Musiqi
Müsabiqəsində gənc
musiqiçilərimiz piano bölməsi
üzrə müxtəlif
yaş kateqoriyalarında
böyük uğurla
çıxış ediblər. Onların sırasında
həm qaliblər, həm də müxtəlif mükafat qazananlar vardır. Belə ki, Vüsalə Babayeva ümumi müsabiqə üzrə
Qran-Pri və öz kateqoriyasında I, Suada Hacızadə II, Alp Əliyev III yerlərə
layiq görülüblər.
Münsiflər heyəti tərəfindən
pianoçularımızın istedadı, yüksək ifaçılıq qabiliyyəti,
professionallığı və
ifa texnikası xüsusi qeyd olunub.
Müsabiqənin konsertləri Praqanın -
“The Crystal Concert Hall” (“Kristal konsert zalı”), “The Grand Concert Hall” (“Böyük
Konsert zalı”) kimi iri konsert
salonlarında keçirilib. Pianoçularımızın çıxışları rəğbətlə qarşılanıb
və layiqincə dəyərləndirilib.
Burada önəmli
olan cəhətlərdən
birini qeyd etmək istərdim ki, bu da
müəllim əməyinin
bəhrəsidir. Vüsalə Babayeva
professor Nərminə Quliyevanın,
Suada Hacızadə
professor Samirə Aşumovanın,
Alp Əliyev professor Lalə
Rzayevanın tələbəsidir.
Əlbəttə ki, tələbə yetişdirmək çox şərəfli bir işdir. Burada nəsillərin varisliyi
də mühüm rol oynayır. Gənc ifaçıların musiqi
zövqünün formalaşmasında,
istedad rüşeymlərinin
inkişaf etdirilərək
yetişməsində sənətə
vəsiqə verən
musiqi müəllimlərinin
üzərinə ciddi
məsuliyyət düşür.
Çünki tələbənin professional musiqiçi kimi yetişməsi məhz ixtisas müəllimindən,
geniş mənada isə musiqi ocağındakı təhsilin
səviyyəsindən, tədrisin
ixtisas və nəzəri fənlər
baxımından kompleks
şəklində məqsədyönlü
xarakter daşımasından
çox asılıdır.
Bütün bunlar, əlbəttə
ki, Bakı Musiqi Akademiyasının
professor-müəllim və
tələbə kollektivinin
yüksək göstəriciləri,
nailiyyətləri kimi
təqdirəlayiqdir.
İnanırıq ki, Bakı Musiqi
Akademiyasının bugünkü
fəaliyyəti, müstəqil
respublikamızın musiqi
mədəniyyətinin yüksəldilməsi
naminə əməyini
əsirgəməyən, Azərbaycan
incəsənətini irəli
apara biləcək
professional musiqiçilərin hazırlanmasını özünün
vətəndaşlıq borcu
hesab edən müəllim kollektivinin səyi ilə daha da genişlənəcəkdir.
Azərbaycan professional musiqi təhsilinin
bünövrəsi olan
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının yarandığı
dövrdən bu günə kimi məhz professional milli musiqiçi kadrların yetişdirilməsində böyük
xidmətləri vardır.
İllər boyu onun məzunlarının adı
respublikamızın qabaqcıl
mədəniyyət xadimləri
sırasında, Bakı
Musiqi Akademiyasının
tələbə və
müəllim kollektivinin
ön cərgəsində
çəkilir, həmçinin,
onların xoş sorağı xarici ölkələrdən gəlir.
Sonda doğma ocağımız
olan Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının kollektivini,
professor-müəllim heyətini,
təbələrini qazandıqları
qələbələr münasibətilə
təbrik edir və yeni uğurlar
arzulayıram.
Cəmilə HƏSƏNOVA,
sənətşünaslıq üzrə elmlər
doktoru, professor
Azərbaycan müəllimi.-
2018.- 21 dekabr.- S.14.