Sevimli müəllimimi xatırlayarkən
Onun sözlərinin sehri
vardı
Müəllimlərimiz
haqqında danışanda keçmişimizi
yada salır,
uşaqlığımızın, gəncliyimizin bənzərsiz
anlarını xatırlayır, qayğısız illərinə
qayıdırıq. Bu illərin
axınında, ilk növbədə, diqqətimizi
çəkən valideynlərimizlə yanaşı, müəllimlərimiz
olur. Belə müəllimlərin şəxsiyyəti
adamın gözləri qarşısında canlanır.
Onların ən xarakterik cizgiləri daha qabarıq görünməklə
xatırlanır. Odur ki,
heç vaxt akademik Feyzulla Qasımzadə,
professorlar Əbdüləzəl Dəmirçizadə,
Fərhad Fərhadov, Əziz Əfəndizadə, Əbdül
Əlizadə kimi müəllimləri yaddan çıxarmaq mümkün
deyil. Onların alimliyi
ilə müəllimliyinin sintezindən ibarət olan bütöv bir şəxsiyyəti
öz əzəməti ilə tələbələrinin
qəlbinə nüfuz edərdi. Belə
müəllimlərimdən biri də Azərbaycan
dilinin tədrisi metodikası sahəsində
özünün dəst-xətti ilə iz qoymuş görkəmli
pedaqoq-alim, dosent Əhəd
Musa oğlu Əhmədov
idi. O, auditoriyaya girən
andan özünün
asta gəlişi, bütöv
səliqə-sahmanı, mehriban və səmimi
münasibətilə tələbələrə təsir
göstərərdi. Sanki onun
sözlərinin sehri vardı. Eyni zamanda, ahəngdar və
gözəl nitqi ilə hamını ovsunlayar, sözün həqiqi
mənasında, sehrli bir
aləm yaradardı.
Təhsilə həsr
olunan illər
Əhəd müəllim 1929-cu il dekabrın 29-da Şuşada doğulmuşdu. İlk təhsilini də elə Şuşada almış, məktəbi gümüş medalla bitirmiş, sonra da Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) filologiya fakültəsini uğurla başa vurmuşdur. Ali məktəbdə saxlanması barədə təklif alsa da, ailə vəziyyəti ilə bağlı Şuşaya qayıtmış, müəllim, maarif şöbəsində inspektor vəzifələrində çalışmışdır. 1960-cı ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetində aspiranturaya daxil olmaqla yenidən təhsil illərinə qayıtmışdır. Və elə o gündən də taleyini həmişə haqqında fikirləşdiyi, daim düşüncələrində gəzdirdiyi və marağında olduğu elmlə birdəfəlik bağlamışdır. Nə qədər çətinliklər, ailə qayğısı olsa da, taleyinin bu ziqzaqlı günləri ilə barışmamış, özünün həyat yolundakı istiqamətini tapana qədər dayanmaq bilməmişdir. O, məktəbdə oxuyanda da, tələbə olanda da, hətta aspiranturada təhsil alanda da həmişə fəaliyyəti ilə başqalarından fərqlənmişdir. İstedad və qabiliyyəti ilə diqqəti cəlb etmiş, dostları və yoldaşları arasında böyük nüfuz qazanmışdır.
Görkəmli pedaqoq-alim, professor Zahid Qaralov Əhəd müəllim haqqında olan xatirələrindən birində yazırdı ki, “Mənim, eləcə də riyaziyyat, kimya, biologiya üzrə aspirant dostlarının ilk qəzet və jurnal məqalələrini böyük həvəslə redaktə edirdi. Dilçilər də öz əlyazmalarını Əhəd müəllimə oxutmağı özlərinə borc və şərəf sayırdılar. Aspirantlar arasında belə bir aforizm də yaranmışdı ki, əsər əlyazmasını Əhəd Əhmədov oxuyubsa, deməli, bunlara mətbuatda yaşıl işıq yanmışdır”.
Təcrübələr
ona nə verdi?
Bu gün həmişəlik olaraq tələbələrinin yaddaşında görkəmli pedaqoq-alim, həm də sevimli müəllim kimi qalan Əhəd Əhmədovun elmi yaradıcılığının cilalanmasında, formalaşmasında onun həm müəllim, həm də təhsil şöbəsində işlədiyi illərdə qazandığı təcrübə böyük rol oynamışdır. Həm müəllim, həm də təhsil işçisi kimi əldə etdiyi təcrübələrindən ömrü boyu istifadə etmiş, onları ümumiləşdirərək yazdığı və yaratdığı əsərlərin əsasına gətirmişdir. O, özü həmişə bu illəri zaman-zaman xatırlayaraq topladığı təcrübələri məhək daşı adlandırar və hər bir təhsil işçisinə məktəbdən keçməyi, oradan gələn səslərə diqqətlə qulaq asmağı tövsiyə edərdi. Deyərdi ki, təcrübəsiz məktəb elmi yoxdur. Pedaqoji elmə məktəbdən keçib gəlmək lazımdır. O zaman sənin yazdıqların daha güclü olacaq və oxucular tərəfindən bəyəniləçəkdir.
Onun elmi maraq dairəsi
Əhəd müəllim şagird olanda da, tələbə olanda da, eləcə də müəllimlik dövründə də həmişə mahiyyət axtarmış, yeniliklərlə maraqlanmış, təşəbbüslər göstərmişdir. Ali məktəb illərində bir tədqiqatçı tələbə kimi fərqlənmişdir. Müəllimlik dövründə yaradıcı müəllim olaraq araşdırmalar aparmış, pedaqoji mühazirələrdə iştirak etmişdir. 1956-cı ildə yazdığı “VI sinifdə ki, da, də bağlayıcılarının tədrisi təcrübəsindən” adlı ilk əsəri də məhz pedaqoji mühazirələrdə bəyənilərək çap olunmuşdur. Sonralar bir-birinin ardınca “Şagirdlərin nitq mədəniyyətini inkişaf etdirək”, “Müasir Azərbaycan dilinin sintaksisi haqqında”, “Cümlə üzvlərinin tədrisində şagirdlərin müstəqillik və fəallığını inkişaf etdirmək yolları”, “Cümlədə sözlərin əlaqəsi mövzusunun tədrisi üsullarına dair”, “Cümlə üzvlərinin tədrisində şagirdlərin nitqini inkişaf etdirmək yolları”, “Azərbaycan dili proqramları necə olmalıdır?” kimi əsərlər onun yaradıcı fəaliyyətinin davamı kimi meydana çıxmış və müəllifinə nüfuz qazandırmışdır. Eyni zamanda “Sintaksis üzrə tapşırıqlar və onların aparılması metodikası” (1971), “Şagirdlərin nitqindəki üslub səhvləri və onların aradan qaldırılması yolları” (1975), “VII-VIII siniflərdə Azərbaycan dili dərsləri” (1977), “Linqvistik təhlil bacarıqlarının aşılanmasının elmi-metodik əsasları” (1997) adlı kitabları nəşr olunmuşdur. Professor Rasim Əsədovla birgə VI sinif üçün “Azərbaycan dili” dərsliyini hazırlayıb çap etdirmişdir.
Əhəd Əhmədovun pedaqoji-metodik yaradıcılığında təsadüfi, keçici mövzu olmamışdır. O, daim aktual olan məsələlərə müraciət etmiş, müəllimin, məktəbin tələblərindən irəli gələn məsələlərə diqqət yetirmiş, araşdırmalarında da onları əsas götürmüşdür. Bununla yanaşı, Azərbaycan dili fənninin məntiqindən irəli gələn, onun praktik bir kurs kimi xüsusiyyətlərini açıqlayan xarakterik cəhətlərə diqqət yetirmişdir. Fundamental dilcilik anlayışlarının deyil, zəruri dilçilik məfhumlarına istinad etməklə nitqin mənimsənilməsinə nail olmağı əhəmiyyətli hesab etmişdir. O, hələ 60-cı illərin əvvəlində “Cümlədə sözlərin əlaqəsi” mövzusunun tədrisindən bəhs edərkən yazmışdır: “Elə etməliyik ki, şagirdlər bu əlaqələrin tədrisində onlara dair verilmiş qaydaları mexaniki şəkildə əzbərləməsinlər. Çalışmaq lazımdır ki, şagirdlər birinci növbədə cümlədə sözlər arasındakı əlaqənin xarakterini müəyyənləşdirməyi bacarsın, bunlardan öz yazılı və şifahi nitqlərində düzgün istifadə edə bilsinlər”. Bundan əlavə, Azərbaycan dili proqramlarında mürəkkəb cümlənin 11-ə qədər növünün, mürəkkəb konstruksiyalı cümlələrin xüsusiyyətlərinin proqrama ağırlıq gətirməsindən, onların yüngülləşdirilməsinin vacibliyindən və s. məsələlərdən bəhs etmişdir.
Bu dövrdə həm də Azərbaycan dili fənninin fəlsəfəsinin dəyişilməsini dəstəkləyən, hazırda aktuallıq kəsb edən və müasir hesab olunan ideyalarla çıxış edərək yazmışdır ki, “Bizcə, yazılı və şifahi nitqi inkişaf etdirmək üçün şagirdlərin sərbəst yaradıcılıq işlərini gücləndirmək xüsusilə lazımdır. Buna görə də şagirdlərə oxuduqları kitab haqqında öz fikirlərini söyləməyi, plan, tezis tərtib etməyi, emalatxanalarda və ya istehsalat təcrübəsi keçdikləri müəssisələrdə iş prosesini təsvir etməyi, nəhayət, məruzə, hesabat hazırlamağı, divar qəzetinə məqalə yazmağı öyrətmək böyük əməli əhəmiyyətə malikdir”.
Bunlar onu göstərir ki, Əhəd Əhmədov fəaliyyəti dövründə Azərbaycan təhsil sistemində gedən prosesləri ardıcıl olaraq izləmiş və yeniliklərə mütəmadi olaraq münasibət bildirmişdir. İstər proqram, istər dərslik, istərsə də metodik, yaxud dilçiliyə dair əsər olsun, onların hər biri ilə tanış olmuş və müasirlik müstəvisində onları dəyərləndirmişdir. Bütün bu yanaşmalarında elmi, metodik prizmanın ölçülərini gözləmiş və əsaslandırılmış fikirlər söyləmişdir.
Yaradıcılığının
son dövrü: iki mühüm məsələ
Əhəd Əhmədov elmi-metodik yaradıcılığının son dövründə iki mühüm məsələyə xüsusi diqqət yetirmişdir.
İlk növbədə, Azərbaycan dili təliminin məzmunu üzrə başladığı işi davam etdirmişdir. Yeni cəmiyyət quruculuğu şəraitində proqram və dərsliklərin dəyişdirilməsi, onların hazırlanması işinin nəzəri və praktik problemlərinin həllini zəruri hesab etmişdir. Dil proqramlarında əsaslı dəyişikliklərin aparılmasından danışmışdır. Onun fikrincə, nitq mədəniyyətinin formalaşdırılması bu fəaliyyət istiqamətinin əsasını təşkil edir. Ümumiyyətlə, müxtəlif yanaşmalarda nitq inkişafı Azərbaycan dili müəlliminin aparıcı komponenti kimi digərləri ilə müqayisədə üstün hesab olunur.
Bütün bu fikirlər tədqiqatçı-alimin proqram və dərsliklərlə bağlı çıxışlarında vurğulanmış, pedaqoji ictimaiyyəti dil təlimi ilə bağlı daha ciddi dəyişikliklər qarşısında səfərbər etmişdir. Onlar alimin “Azərbaycan dilinin tədrisi metodikası”, “Linqvistik təhlilin metodikası” adlı ali məktəb üçün hazırladığı proqramlarında nəzərə alınmaqla reallaşdırılmışdır. Bundan əlavə, orta məktəb üçün Azərbaycan dili üzrə proqram və dərsliklər tədqiqatçı-alim tərəfindən təhlil edilmiş, proqramın mühüm bölməsi kimi “Rabitəli nitqin inkişafı”nın təlimi barədə tövsiyələr hazırlanmışdır.
İkinci, Azərbaycan dili təliminin metod və priyomları üzrə görülmüş işlər davam etdirilmişdir. Linqvistik təhlil daha geniş miqyasda tədqiqata cəlb olunmuşdur. Onun mahiyyəti və məzmunu açıqlanmışdır.
Məlum olduğu kimi, Azərbaycan dili bir fənn kimi tədris olunduğu gündən qrammatik təhlilə istinad edilmişdir. Dil anlayışlarının öyrədilməsində, təkrar dərslərinin aparılmasında bu iş üsulundan daim istifadə olunmuşdur. Müəyyən elmi-metodik mənbələrdə həmin üsul vurğulansa da, ondan yalnız ötən əsrin 70-ci illərindən sonra linqvistik təhlil kimi bəhs edilməyə başlanmışdır. Müxtəlif mənbələrdə iş forması, metod, priyom, üsul kimi xarakterizə olunan bu anlayış haqqında ilk geniş araşdırmanı tədqiqatçı-alim Ə.Əhmədov aparmış və 1997-ci ildə “Linqvistik təhlil bacarıqlarının aşılanmasının elmi-metodik əsasları” adlı kitabını yazıb çap etdirmişdir.
Müəllif bu əsərini yazmaqla linqvistik təhlillə bağlı müxtəlif mövqelərdən bildirilən münasibətləri toplayaraq onları təhlil etmiş, obyektiv, inandırıcı dəlillərlə xarakterizə edərək qiymətləndirmişdir. Bu anlayışın təlim şəraitindən asılı olaraq metod və ya üsul kimi işlənə bilməsi qənaətinə gəlmişdir. Sonra onun mahiyyətini açıqlamış, ilk dəfə olaraq fonetik, leksik, morfoloji, sintaktik təhlilə kompleks formada yanaşaraq onları linqvistik təhlilin komponentləri kimi təqdim etmiş, elmi-metodik cəhətdən əsaslandırmışdır.
Professor Zahid Qaralovun təbirincə demiş olsaq, “Əhəd müəllim ömrünün sonuna qədər müəllimlik, alimlik, dostluq, vətəndaşlıq ləyaqətini qorudu və beləcə ... dünyasını dəyişdi”. Bu gün onun müasir dövrlə səsləşən və hər zaman özünün aktuallığı ilə seçilən elmi-pedaqoji irsi bizimlədir. Sevindirici haldır ki, bu irs müəllifini xatırlatmaqla yanaşı, həm də müəllimlərimizin yaxın köməkçisi kimi qalmaqdadır.
Ənvər
ABBASOV,
Təhsil İnstitutunun direktor müavini, pedaqogika
üzrə fəlsəfə
doktoru, dosent, Əməkdar müəllim
Azərbaycan müəllimi.- 2018.-
21 dekabr.- S.13.