Astenik uşaqlar
Astenik uşaq kimdir? Astenik problemlər
sinir sisteminin və orqanizmin spesifik xüsusiyyətləri
ilə sıx bağlıdır. Bu, uşaqların tez yorulması, onların şəxsiyyət olaraq bir neçə keyfiyyətinin formalaşmasında
problemlər yaranmasına
səbəb olur.
Asteniklər, yəni tez yorulan uşaqlar,
başqalarına nisbətən
daha tez küsür, inciyir. Hər hansı kobud davranış nəticəsində
onların özgüvənlərini
aşağı salmaq
çox asan olur.
Asteniklər xoşniyyətlidirlər. Yəni qarşıdakı
yaşıdlarına ziyan
vermir, onların qəlbini qıracaq hər hansı hərəkət etmirlər.
Onlar həmçinin duyğularını
yaxşı ifadə edə bilmirlər. Paralel olaraq həm də özlərinə qapanıq insanlardır.
Asteniklər ünsiyyətdən qaçmağa meyillidirlər.
Necə davranmalı?!
İlk növbədə,
uşağa özünə
daha çox güvənmək hissini təlqin etmək vacibdir. Uşaqla ünsiyyət zamanı
aşağılayıcı, qorxuducu, qəlbinə toxunacaq ifadələrə
yol vermək olmaz. Uğurlarında onları tərifləmək,
səhv hərəkətlərində
qəlbə toxunmayan sözlərlə başa
salmaq lazımdır.
Belə olan halda astenik
uşaq ailə daxilində, cəmiyyət
arasında, o cümlədən
məktəbdə münasibətləri
balanslaşdıra biləcək.
Onunla münasibətlərdə harmoniya
yaranacaq.
Ailədaxili mübahisə və münaqişə bütün
uşaqlara pis təsir edir. Amma astenik
uşaqlarda bu gərginlik ikiqat mənfi təsir yaradır. Münaqişəli ailədə yaşayan
astenik uşaq özünəqapanmadan son dərəcə
çətin çıxır.
Bəzi hallarda bu, ümumiyyətlə,
mümkünsüzdür. O üzdən ailəsində
astenik uşaq olan valideynlər mütləq qarşılıqlı
anlaşma və harmoniya şəraitində
yaşamağı vərdiş
etməlidirlər.
Astenik uşağın
yaşıdları ilə
münasibətlərini tez-tez
təftiş etmək
lazımdır. Diqqət etsəniz, görəcəksiniz
ki, asteniklər ya özlərindən çox kiçik, ya da çox
böyük uşaqlarla
ünsiyyətdə rahat
olurlar. Yəni qeyd olunan bu
iki qrupdan uşaqlarla özlərini
daha yaxşı hiss edirlər. Onlar həmyaşıdları ilə münasibətlər
qurmağa meyilli olmurlar. Bu, asteniklərə
gələcək həyatlarında
maneə yarada biləcək keyfiyyətdir.
Çünki onları gözləyən
mühitdə nə onlardan çox kiçik, nə də çox böyük adamlar olmur. Gələcəkdə adətən yaşıdlardan
ibarət mühitdə
yaşamalı, çalışmalıdırlar.
Ancaq böyüdükləri mühit,
yəni həmyaşıdları
ilə problemli olmaları onlara münasibət qurmağa
mane olur.
Yuxarıda da qeyd etdik
ki, astenik uşağı incidib küsdürmək çox
asandır. Bu keyfiyyətlərini
onlara güzəştə
getmək olmaz. Belə uşaqlara izah etmək lazımdır ki, küsəndə də, barışanda da xarakterləri və münasibətlərini
özləri tənzimləsinlər. Beləliklə, zamanla hər
şey qaydasına düşəcək.
Daha çox
dinləyin
Onu dinləyərkən
müxtəlif jestlərdən,
səs tonallığı
ilə reaksiyalardan istifadə edin. Uşağın hər hansı sualını anlamadığınız
halda, ona təkrar suallar verin. Qoymayın ki, o, diqqətsiz
qaldığını düşünsün. Eyni zamanda, uşaq
danışdıqca onu
eşitdiyinizi qısa
sözlər və ya jestlərlə reaksiya verin. Belə olduğu halda uşaq özünəqapanma
hissindən azad olacaq.
Asteniklərlə valideyn olaraq
hiss və duyğularınızda
rahatlıqla danışa
bilərsiniz. Onun harasa
getməsi və ya getməməsinin səbəbləri haqda mütləq özü ilə söhbətlər
aparmaq, qərarın səbəbini izah etmək lazımdır.
Bütün bu sadalananları elədikcə,
siz həm də astenik uşağa yaxşı nümunə ola
bilirsiniz. O, evdə gördüyü xoş ünsiyyəti başqaları
ilə münasibətdə
tənzimləməyə çalışır.
Qorxu hissi
Siz onlara qorxu hissini yenməyə
dəstək olmalısınız. Bəs bunu
necə etməli?
Hər şeydən öncə, uşağa başa salmaq lazımdır ki, qorxunu yenməyin
birinci şərti qorxduğu hər nədirsə onunla üz-üzə gəlməkdir.
Qorxunu unutmaq üçün astenik uşağı müxtəlif
əyləncələrə yönəltmək lazımdır. Məsələn, rəsm çəkməyə.
Niyə?
Uşaq qorxusunu rəsmlə daha yaxşı ifadə edə bilir. Məsələn, onlar adətən
şkafların içərisində
hansısa məxluqların
olduğunu söyləyirlər.
Belə uşaqlara həmin məxluqları qorxularında
olduğu kimi rəsmə gətirmək
tapşırığını vermək olar. Astenik rəsm məşğələsinə
getsə də, yaxşı rəssam deyil. Bu üzdən
mütləq çəkdiyi
hər nədirsə,
gülməli qaralamadan
ibarət olacaq. Belə olan halda çirkin,
cızmaraqa rəsmin gülməli detalını
tapıb uşaqla birgə ona gülmək lazımdır.
Əgər astenik uşaq
da sizə qoşulub gülümsəyəcəksə,
deməli, qorxunu yenilmiş saymaq olar.
Qorxunu yenməyin
bir mexanizmi də relaksasiya tədbiri görməkdir. Məsələn, dərindən nəfəs
alıb-vermək hərəkətini
bir neçə dəfə təkrarlamaq, ya da əzələləri
son dərəcə gərmək
və boşaltmaq lazımdır. Bu kimi
relaksasiya hərəkətlərindən
sonra astenik uşağın qorxu instinkti bir az da zəifləmiş
sayıla bilər.
Sərbəstliyi və rahat olmağı öyrətmək
Uşaq özünə aid olan hansısa işi görə bilmək imkanındadırsa, qoyun etsin. Onda astenik uşağın
məsuliyyət hissini
tənzimləmiş olacaqsınız.
Yəni uşaq artıq anlayacaq ki, evdə
müəyyən işlərdən
məhz o cavabdehdir.
Bu, onun özgüvəninin
möhkəmlənməsinə səbəb olacaq.
Əksər hallarda olur ki,
uşaq hər hansı işi görür, valideyn işin keyfiyyətindən
razı qalmır. Onu danlaya-danlaya
eyni işi təkrar görür.
Bu, istənilən uşağı, xüsusən
də astenikləri aşağılayan hərəkətdir.
Valideynlər bunu maksimum az
etməyə çalışsınlar.
Onları danlamaq yox, əksinə, gördüyü
işi daha yaxşı etmək üçün kömək
etmək lazımdır.
Uşağa həmişə daha bir şans
vermək lazımdır
ki, etdiyi işi təkrarlasın.
Lap dəqiqi, gördüyü işin əyər-əskikliyini özü
düzəltsin. Bununla uşağa
sərbəstliyi və
öz səhvlərini
özünün düzəltməsini
öyrətmiş olursunuz.
Asteniklərin daxili aləmi son dərəcə zəngin
olur. Onlar həmişə xarici aləmdə baş verən çirkinliklərdən mənən
gizlənməyə çalışırlar.
Bu, onların müşahidə qabiliyyətini
zəiflədə bilsə
də, çox gözəl və zəngin daxili aləmləri olur. Belə olan halda onları
konkret sahələr üzrə yetişdirmək
mümkündür. Məsələn, asteniklər yaxşı araşdırmaçıdırlar.
Bütün hallarda isə hər şey sevgidən başlayıb,
sevgidə bitir. O üzdən
hər kəs daha yaxşı nəticə əldə etmək üçün ailəsini və övladını sevsin.
Nilufər İSMAYILOVA,
“Məktəblinin
dostu” layihəsinin psixoloqu
Azərbaycan müəllimi.-
2018.- 21 dekabr.- S.11.