Elmin məhsuldar
simaları
Gənc alimlərimizin
uğur hekayəti
Elmin hüdudu üfüqə bənzər. Üfüqə yaxınlaşmaq isə bu yolda gecəsini-gündüzünə qatan, daim irəliləyən zəhmət adamından, alimdən, tədqiqatçıdan böyük əmək, səbir, fədakarlıq, inam tələb edir. Yalnız iradəli və bu yolun sevdalısı olanlar üfüqə yaxınlaşa bilərlər.
Elm yolunda inamla irəliləyən gənc alimlərimizdən bir qrupu əldə etdikləri uğurlara görə elmmetrik analiz üzrə dünya lideri olan “Clarivate Analytics” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards 2018” birgə mükafatına layiq görülüblər.
Onların arasında AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev və ADNSU rektorunun müşaviri, AMEA Fizika İnstitutunun laboratoriya müdiri Ziya Əliyev də var. Əfsun Sucayev “Web of Science”də “yüksək istinad almış” 2 məqalənin müəllifi kimi, Ziya Əliyev isə təbiət elmləri üzrə ən məhsuldar müəlliflər nominasiyası üzrə yüksək elmi mükafata layiq görülüb. Gənc alimlər bu yüksək elmi uğura necə nail olub?
“Sevdiyim işlə
məşğul olduğum üçün uğur
qazandım”
Ziya Əliyevin 37 yaşı var. 160-dan çox
elmi məqalənin müəllifidir. Onlardan 60 -ı “Web of Sciense”yə daxil olan
jurnallarda dərc olunub. 5-i isə
Azərbaycan tarixində ən yüksək impakt faktorlu
jurnallarda çap olunub.Bakı Dövlət Universitetinin kimya
fakültəsində təhsil alıb. Yuxarı kurslardan
elmi-tədqiqatlara maraq göstərməyə başlayıb.
Daha sonra da universitetin elmi laboratoriyalarında
çalışıb.
- Mən özümü elmdə
tapdım. Bacardığım ən gözəl işin elmi-tədqiqatlar
olduğunu anladım. Buna görə də daha ciddi surətdə
elmin dalınca getdim. Təbii ki, gənclər özləri
müstəqil şəkildə elmi iş apara bilmirlər.
Onlara böyük dəstək lazımdır. Buna görə
də mən öz müəllimlərimə, xüsusən də
elmi rəhbərim, professor Məhəmməd Babanlıya minnətdaram.
Biz indi də birlikdə çalışırıq və mən
onun yanında yetişməyə başladım. İlk dəfə
elmi rəhbərim mənə aktiv işləməyin
vacibliyini öyrətdi. Xüsusən də elm insandan
hansı xüsusiyyətləri, qabiliyyətləri tələb
edir suallarına aydınlıq gətirdi. Bütün
bunları özüm üçün müəyyən mənada
aydınlaşdırandan sonra artıq bu işi sevməyə
başladım. Düşünürəm ki, sevdiyim işlə məşğul
olduğum üçün uğur qazandım.
Mənim
və daxil olduğum komandanın uğur qazanmasının
ikinci faktoru bizim xaricə
çıxışlarımızla bağlı oldu.
Dünyanın ən aparıcı qurumları, tədqiqat
qrupları ilə əməkdaşlıq etməyə
başladıq. Məhz bu əməkdaşlıq
bugünkü nəticələrə gətirib
çıxardı. Hesab edirəm ki, nəticələr bəlkə
daha artıq ola bilərdi.
“Ölkəmizdə elmin
inkişafı yeni bir mərhələyə qədəm
qoyub”
Əfsun
Sucayevin 38 yaşı var, 77 elmi əsərin müəllifidir.
Onlardan 30-u impakt faktorlu, o cümlədən 12-i “A” kateqoriyalı jurnallarda dərc
olunub. Alim bu yüksək mükafatı “Web of Science”də
yüksək istinad almış iki məqalənin müəllifi
nominasiyası üzrə qazanıb.
- Öncə
onu deyə bilərəm ki, ruhən sakitlik
tapdığım, zövq aldığım bir işdə
çalışıram. Bu da uğurlarıma imza
atmağıma sabəb olub. Bu, təbii ki, uğur əldə
etməyimdə əsas faktordur. İkinci faktor onunla
bağlıdır ki, Azərbaycan olaraq götürsək,
ölkəmizdə elmin inkişafı yeni bir mərhələyə
qədəm qoyub. Burada müasir elm qarşısında qoyulan
müxtəlif tələblər
var. Həmin tələblərdən çıxış etsək,
ilk növbədə, dünya elminə inteqrasiya çox
mühüm şərtdir. Bu inteqrasiya dünyanın
aparıcı elmi mərkəzləri ilə gələcəyə
xidmət edən sıx əməkdaşlıq və əldə
olunan faydalı nəticələrin, birgə elmi məqalələrin
dərc olunmasını nəzərdə tutur.
Biz
artıq son 2-3 ilin nəticələrindən
çıxış edirik. Doğrudan da, bizim 3 istiqamətdə beynəlxalq əməkdaşlığımız
var. Bunlar kimya, tibb və
biologiyanın aktual məsələlərini,
onların qovuşduğu sərhədləri əhatə edən
tədqiqatlardır. Bizim əldə etdiyimiz nəticələr
xarici həmkarlarımızı maraqlandırdığı
üçün onlarla əməkdaşlıq edirik. Əvvəlcə
bu cür əməkdaşlığa biz maraq göstərirdik,
indi isə qarşı tərəf əməkdaşlıq
çərçivəsində qarşımızda məsələlər
qoyur, problemli mövzuların araşdırılmasını
təklif edir. Bu çərçivədə biz ortaq əməkdaşlığımızı
davam etdirir və qeyd etdiyim bu vacib əməkdaşlıq
yuxarıda sadalanan uğurların əldə olunmasında əsas
bir vasitə olub.
“Clarivate Analytics” şirkəti ilə
əməkdaşlıq son illərdə alimlərimizin məhsuldarlığını
artırmaqla yanaşı, tədqiqatçılarımızın
beynəlxalq elmi inteqrasiyasına
təkan verib. Gənc alimlər son ilərdə bu sahədə
əldə olunan uğurları necə qiymətləndirir?
“Biz daha böyük uğurlara gedəcəyik”
Ziya
Əliyev: Azərbaycanda AMEA-nın strukturları ilə universitetlər arasında
sıx əlaqə olub və indi də var. Onları bir-birindən
ayırmaq, əslində, düzgün olmaz. Çünki bir
qurumda çalışan alimin digər qurumda
çalışan alimlə əlaqəsi olub.
Araşdırmaların bir qismi hər iki qurumda
aparılıb, hər iki tərəf elmi işlərə rəhbərlik
edib. Məsələn, ötən il ADNSU və AMEA Fizika İnstitutu arasında əməkdaşlığın
çox böyük məsələləri
üzrə, birgə elmi-tədqiqatların aparılması,
mövcud avadanlıq, cihazlardan
birgə istifadəyə dair memorandum imzalandı. Buna qədər
belə hesab oluna bilərdi ki,
bir quruma daxil olan avadanlıq ona məxsusdur, amma bu
gün biz iki qurum arasında tam razılığa gəldik
ki, mövcud avadanlıqlardan ortaq şəkildə istifadə
edək. Hər iki qurumun mütəxəssisləri
“açıq qapı” prinsipi əsasında bu və ya digər
qurumda araşdırma apara biləcəklər. Hətta
universitetin tələbələri diplom buraxılış
işlərini onların cihaz və
avadanlıqları ilə yerinə yetirəcək, onların
alimlərinin potensialından istifadə edəcəklər.
Coğrafi anlamda çox kiçik ölkələr
üçün də böyük faktordur ki, səylərin birləşdirilməsi
nəticəsində biz daha böyük uğurlara gedəcəyik.
Bu uğurlar isə bu gün ortadadır.
İstər
AMEA Fizika İnstitutu, istərsə
də ADNSU-da Təhsil
Nazirliyinin böyük əməyi nəticəsində
“Clarivate Analytics” kimi nəhəng
elmi məlumat platformasına
açıq giriş var. Bu mənada mən, ilk növbədə,
Təhsil Nazirliyi və “Clarivate
Analytics” arasında müqavilənin imzalanmasını və
bu sənədin gələcək işlərə təsirini
qeyd etmək istərdim. Bunun gələcək işlərə
təsiri hətta deyərdim ki, fantastik dərəcədə
böyükdür. Nədir böyüklük? Məsələn,
müqavilədən öncə biz,
deyək ki, son 5-7 ildə o elmi bazalara girə bilmirdik,
çünki bazalara giriş pulludur. Buna görə də biz onları
hər hansı xarici həmkarlarımız vasitəsilə əldə
edirdik və ya ən sadə bir
halda, bir alimin elmmetrik göstəricilərini
və ya mövzu ətrafında hər hansı axtarış
edəndə biz buna nail ola bilmirdik. Müqavilənin
imzalanmasından sonra artıq bu işləri problemsiz görə
bilirik. Bu, istər ölkə daxilində əməkdaşlığı,
istərsə də xaricə
çıxışı olan əməkdaşlıqları
stimullaşdırır.
“Bir
reallığı da nəzərə almalıyıq...”
Əfsun
Sucayev: Həqiqətən Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq
çərçivəsində
beynəlxalq elmi şəbəkəyə
çıxış imkanlarının müzakirə olunub,
inkişafa mane olan səbəblərin aradan qaldırılması
nöqteyi-nəzərindən çox ciddi addımlar
atıldı. Biz bu əməkdaşlıq memorandumunun əhəmiyyətini
çox yüksək qiymətləndiririk. Bəli, biz beynəlxalq tədqiqatlara
qoşuluruqsa, burada əməkdaşlıq vacib əhəmiyyət
kəsb edir. Bir
reallığı da nəzərə almalıyıq. Ola bilər
ki, mən və ya digər həmkarlarım kimyaçı
olaraq hər hansı bir istiqamətdə kimyəvi maddələrin
sintezini tam dəqiqliyi ilə bəlkə də xarici həmkarlardan
daha yaxşı yerinə yetirə bilərik. Ancaq bu maddələrin
praktik əhəmiyyətini və son nəticədə laboratoriyadan
istehsalata çatdırılmasına qədər olan son mərhələni qət etmək
üçün mütləq xarici həmkarlardan dəstək
alınması vacib əhəmiyyət kəsb edir. Məsələn,
maraqlana bilərlər, tutaq ki,
mən neft-kimya sahəsi üzrə Aşqarlar Kimyası
İnstitutunu təmsil edirəm, ancaq əldə etdiyim
uğurlar, xüsusən də bu qlobal şəbəkədə dərc olunan məqalələr və
onlara olan istinadlar tibb və kimya sahələrini əhatə
edir. Bu da təsadüfi hesab oluna bilməz. Məsələn,
son illər Bakıda keçirilən humanitar forumlardan birində
səsləndirilən fikirlərdən biri də bu idi ki, dünya alimləri beynəlxalq əməkdaşlıq
çərçivəsində tibb və kimyanın sərhədində
tədqiqatlara diqqət yönəltməlidirlər. Mənim
xüsusən də bu istiqamətlərdə tədqiqatlarımda
çağırışın öz rolu olub. Biz 2015-ci ildən
İtaliya, Türkiyə, Belarus
MEA, Bioaktiv Maddələrin Biokimya İnstitutu ilə birgə əməkdaşlıq
yaratdıq. Bu isə son
2016-2017-ci və 2018-ci illərdə
yüksək səviyyələrdə əldə olunan
işlərin ortaya çıxmasına səbəb oldu.
Gənclərin elmə gəlməsi
üçün nə etməliyik?
Ziya
Əliyev: Gənclərin elmə gəlməsi
üçün, birinci növbədə, münbit şərait
olmalıdır. Bu gün mən
Azərbaycan universitetlərindən birinin əməkdaşı
olaraq Təhsil Nazirliyinə bu əvəzolunmaz nəhəng
işə görə təşəkkür edirəm. Eləcə
də Elmin İnkişaf Fondu,
universitet rəhbərlikləri də bu işə diqqət
ayırır. Yəni, bu mühit var. Bu mühit olduqca bu
prosesin qarşısını almaq mümkün olmayacaq, gənclər
elmə gələcək. Bu gün universitetdə tələbələrin
elmlə maraqlandığını müşahidə edirəm.
Uğur qazanmış alimləri,
xüsusən gənc alimləri görəndə zövq
alırlar. Onlar dil öyrənməkdə maraqlıdırlar.
Elm dil bilikləri tələb edir. Bu təməl şərtdir.
Dil bilməklə onların imkanları artacaq, məşhur
professorlarla tanış olacaqlar. Mən əminəm ki, Təhsil
Nazirliyi, Elmin İnkişafı Fondu və AMEA bu cür artan
silsilə ilə elmə diqqət yetirsələr, biz
yaxın 5 ildə Azərbaycan elminə yeni, uğurlu simalar
verəcəyik.
Hesab edirəm
ki, mühüm məsələlərdən bir də o
olmalıdır ki, elmin cəmiyyətdə
populyarlaşmasına nail olmaq üçün bu missiyanı,
yəni elmin populyarlaşdırılması rolunu oynayan
insanlar da olmalıdır. Bu gün bu insanlar da var. Universitetlərdə elmdən kənarda
qalan elə tələbələr var ki, bu kimi təbliğat
onlar üçün əvəzsiz rol oynayır. Bu, istər
tələbələr, istərsə
valideynlər üçün də mühüm məsələdir.
Əfsun
Suçayev: Mən maarifləndirmə və hədəfləndirmə
tədbirlərinin xüsusi rolunu
qeyd etmək istəyirəm. Təhsil Nazirliyinə minnətdaram
ki, “Sabahın alimləri” kimi çox əhəmiyyətli
müsabiqə keçirir. Yəni, artıq elmə
aşağı yaş qruplarından olan uşaqlar qoşulur.
Orta ümumtəhsil məktəblərində elmə maraq
oyatmaq lazımdır. Elmin populyar dildə
çatdırılması məsələsi var. Məsələn,
kimya ilə bağlı əyləncəli təcrübələr,
fənn gecələri var. Bunları orta məktəblərdə
istedadlı şagirdlərdə oyatmaq lazımdır. Bu tədbirləri
universitet və ya tədqiqat institutları ilə məktəblərin
əməkdaşlığı çərçivəsində
düşünmək olar. “Açıq qapı” günləri
keçirilə bilər ki, onun əhəmiyyəti olduqca
böyükdür. Universitet alimləri, magistrantlar öz
potensialları ilə şagirdləri tamış etməlidirlər.
İstər-istəməz istedad axtarıb öz yerini tapacaq. İnanıram
ki, bu tədbirlərə yer verilsə, biz 5 ilə arzu
etdiyimiz mükafatçıları da görə biləcəyik.
Toxunmaq
istədiyim mühüm məsələlərdən biri
universitetlərdə tələbə elmi cəmiyyətləri
ilə bağlıdır. Biz tələbə olanda elmi-tədqiqatlarla
məşğul olmaq, nüfuzlu jurnallarda dərc olunmaq
böyük arzularımız
idi. Növbəti hədəflərdən
danışarkən mənim arzuladığım bir şey
var, bu da ali təhsil müəssisələrində
tələbə elmi cəmiyyətlərinin rolunun
artırılmasıdır. Sovet vaxtı bu təcrübə
çox geniş yayılmışdı. Tələbə elmi cəmiyyəti
böyük elmin astanası rolunu daşıyırdı. Məhz
bu cəmiyyətlərin formalaşdırdığı tələbələr akademiya, böyük elmi-tədqiqat
institutlarına yol alırdı.
Bu gün elmdə yüksək nəticələr əldə
etmiş alimlərin məhz o tələbə elmi cəmiyyətlərində
yetişməsinə dair çoxsaylı faktlar göstərə
bilərik.
Elmdə aldığınız
zövq nədir?
Əfsun
Sucayev: Elm sahəsində elmi
fanatlar çalışmalı, yəni cəmiyyətə
fayda verməlidirlər. Mən elmdə aldığım
rahatlığı, zövqü işlədiyim başqa yerlərdə
ala bilməmişəm. Yenə də deyirəm ki, elm sahəsində
elmə qəlbən bağlı olan insanlar
çalışmalıdır. Mən hər gün
laboratoriyada o cihazların, maddələrin qoxusunu almasam, həmin gün özümü
rahat hiss edə bilmirəm. Biz tələbələrlə
daim ünsiyyətdəyik, onlarla birlikdə
çalışmaq da mənə xüsusi bir zövq verir.
Ziya Əliyev: Elm böyük üfüqdür. Mənim fikrimcə, elmin açdığı üfüqü başqa sahələr açmır. Elm insana özgüvən verir, insanı formalaşdırır, müdrikləşdirir. Elm insana alternativ yanaşmalar öyrədir. Elm şübhələr üzərində qurulub, bir şeydən şübhələnməsən, onu edə bilməzsən. Elmə yeni başlayanlar onu axtarmalıdırlar. Harada axtarmalıdır? Uzun illər Avropada çalışmışam. Mən oranın da təcrübəsini görürəm, orda da insanların elmə yanaşması eynidir. Elmlə əslində, elmə açıq olan insan məşğul olmalıdır. Elm fanatizmi sevir, elmin fanatı olmaq lazımdır. Bir çox şeydən əl çəkmək lazımdır. İstər maddi olsun, qurban vermək lazımdır. Səbirli olmaq lazımdır, müəyyən bir mərhələdən sonra elmin sənə verdiyini heç bir iş vermir. Elmə gələn insan yaradıcı olmalıdır, hər insan elmlə məşğul ola bilməz. Mənə görə elm geniş üfüqdür. Çünkü elm insana elə bir qol-qanad verir ki, istənilən sahədə, istənilən məkanda özünü daha güclü, rahat və arxayın hiss edirsən. Bu, xoşbəxtlikdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2018.-
21 dekabr.- S.1; 5.