“Öz adımı 237 tələbənin siyahısında görəndə...”

 

Gənclərə dövlət dəstəyinin növbəti nümunəsi

 

İnsan kapitalının yetişdirilməsində mühüm faktor olan intellektual potensialın gücləndirilməsi istiqamətində dövlətin sosial siyasətinin ən mühüm hədəflərindən biri istedadlı tələbələrimizə göstərilən yüksək diqqət və qayğıdır. Bu baxımdan, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Gənclər Fondunun xüsusi sosial ehtiyacı olan istedadlı tələbələrin təhsil haqlarının maliyyələşdirilməsinə başlaması mühüm əhəmiyyət daşıyır və gələcəyə hesablanmış strateji proqramdır. Eyni zamanda, təhsil haqqını ödəməkdə çətinlik çəkən 237 istedadlı gəncin təhsil haqqının Gənclər Fondu tərəfindən qarşılanması ölkə başçısının sosial yönümlü siyasətinin növbəti göstəricisidir. “Azərbaycan müəllimi”nə verdikləri açıqlamalarda tələbələr dövlətin bu sahədə addımlarını yüksək qiymətləndirirlər.

 

“Qalib gənclərdən biri olmaq məni qürurlandırdı”

 

Gülmira Seyidova, Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi: - 19 fevral 1992-ci il tarixində Daşkəsən rayonunda ziyalı ailəsində anadan olub. Uşaq yaşında bədbəxt hadisə nəticəsində gözündən zədə alıb, 3 qrup əlildir. 2010-cu ildə Göygöl rayonu Qızılca stansiya tam orta məktəbini, 2015-ci ildə Gəncə Dövlət Humanitar Kollecini  “Peşə təlimi” ixtisası üzrə başa vurub. 2016-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “İqtisadiyyat” ixtisasına əyani təhsil formasında ödənişli şəkildə qəbul olub. 2017-cı il sentyabr-noyabr tarixlərində ASAN  Könüllülər Təşkilatının Gəncə Regional Asan Xidmət Mərkəzində könüllü və könüllülər üzrə qrup rəhbəri kimi fəaliyyət göstərib. Könüllülük fəaliyyəti  zamanı bir çox tədbirlərin təşkilində öz köməkliyini göstərib.

- Gənc yaşlarımda atamı xəstəlik nəticəsində itirmişəm. Anam müəllim olduğu üçün onun köməyi ilə oxuyub, savadlı və vətənpərvər gənc olaraq ailəmə kömək olmuşam. Azərbaycan Respublikasının Gənclər Fondunun sosial müdafiəyə xüsusi ehtiyacı olan, ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi müsabiqəsində iştirak edərək qalib oldum.

Müsabiqədə qalib olan gənclərdən biri olmaq məni həm qürurlandırdı,  həm də duyğulandırdı. Biz gənclərin bir amalı var - digər yaşıdlarımız kimi elm sahibi olaraq, ölkəmizin inkişafına öz töhfəmizi verək və Azərbaycanı dünya ölkələri arasında  layiqincə təmsil edək. Bizim uğurlarımız digərlərini ruhlandıraraq, əlil gənclərin fəaliyyət dairəsini daha da genişləndirəcək. Bununla sağlamlıq məhdudiyyətimizin elm və digər sahələrdə heç bir sərhəd tanımadığını da göstərəcəyik.

İlk növbədə, ölkə başçısı cənab İlham Əliyevə, Gənclər Fondunun rəhbərliyinə, təhsil aldığım ali məktəbin kollektivinə dərin minnətdarlığımı bildirirəm ki, bu gün gənclərə göstərdikləri diqqət və qayğı təqdirəlayiqdir. Mən də öz növbəmdə çalışacağam ki,  daha əzmkarlıqla ixtisaslı kadr olaraq ölkəmə - Vətənimə layiqli övlad olum!

 

Fərid Alməmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin magistrantı: - 6 iyul 1996-cı il tarixində Gəncə şəhərində anadan olub. 2013-cü ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbi fəxri fərmanla bitirib.   Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar iqtisadiyyatı”  fakültəsinin “Dünya iqtisadiyyatı” ixtisasına qəbul olunub. 2017- ci ildə bakalavr dərəcəsindən məzun olub. Elə həmin ildə ADAU-nun “Beynəlxalq iqtisadi münasibətlət”  ixtisası üzrə magistraturasına qəbul olub. Tələbəlik müddətində  irimiqyaslı  tədbirlərdə könüllü kimi fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN” xidmət mərkəzində konüllü kimi 2 ay çalışıb. “Bakı 2015” Birinci Avropa Oyunlarının təşkilində fəal iştirak etdiyinə görə Prezident  İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təşəkkürnamə ilə təltif olunub.

- Müvafiq sənədləri toplayıb qeydiyyatdan keçdim, nəticələr elan olunanda öz adımı 237 tələbənin siyahısında görəndə çox sevindim. Ölkə üzrə 22 magistrantdan biri olduğum üçün başda cənab Prezident olmaqla, Gənclər Fondunun rəhbərliyinə və bu işdə iştirak edən hər bir kəsə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Qeyri-neft sektorunun, xüsusən aqrar sektorun inkişafı günümüz üçün vacib məsələlərdan biridir. Ölkədə aqrar sektorun kadr hazırlığı ilə məşğul olan yeganə universitet məhz ADAU-dur.  Bu sahədə gəncliyə verilən dəyərin bariz nümunəsidir ki, məhz bizim universitetin bir neçə tələbəsi, mən də daxil olmaqla,  təhsil haqqımız Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək.

 

“Prezidentin gənclərə göstərdiyi

dəstəyi yüksək qiymətləndirirəm”

 

Ramiz Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi: - 7 iyul 1997-ci il tarixində Şəmkir rayonunda anadan olub. 2015-ci ildə orta məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olub. 2015-ci ilin sentyabrından UNEC-in Tələbə Gənclər Təşkilatının üzvü  seçilib. 2015-ci ilin dekabr ayından fəallığı nəzərə alınaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) könüllü olaraq qəbul edilib. Hazırda ATGTİ-nin Departament rəhbəridir.

- Bu gün dünyada çox az dövlət var ki, gənclərin fərdi layihələrinin maliyyələşdirilməsi üçün vəsait ayırsın. Prezident İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun fəaliyyət sferasına əhəmiyyətli əlavələr edilib. Bu əlavələrdən ən əsası olan təhsil xərclərinin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsini xüsusi qeyd etmək istəyirəm. Bu il sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üçün Gənclər Fondu tərəfindən müsabiqə elan edildi. 724 gənc elektron ərizə ilə şəffaf olaraq fonda müraciət etdi və onlardan 237 nəfər müsabiqənin qalibi oldu. Qalib olan gənclər yüksək təhsil göstəriciləri, ictimai fəallığı ilə digərlərindən seçilən və sosial müdafiəyə ehtiyacı olanlar idi. Mən də qaliblər sırasındayam və doğrudan da  dövlətimin dəstəyini öz üzərimdə gördüm. Qeyd etmək istəyirəm ki, həqiqətən də yaxşı oxumaq, ictimai fəal olmaq, ölkənin gənclər siyasətində iştirak etmək inkişafın əsasıdır.

Bir daha gənc dostlarımızın nəzərinə çatdırmaq istəyirəm ki, çevik fəaliyyət öz bəhrəsini hər zaman verir. Mən bir tələbə kimi cənab Prezidentin gənclərə göstərdiyi dəstəyi yüksək qiymətləndirir, öz adımdan və ailəmiz adından cənab İlham Əliyevə təşəkkürümüzü bildirirəm.

 

“Gənclərə ayrılan diqqəti gördükdə çox sevinirəm”

 

Leyla Rəhimli, Azərbaycan Tibb Universitetinin II  kurs tələbəsi: - 7 iyul 2000 -ci il tarixində Zərdab rayonu İsaqbağı kəndində anadan olub. 2006-cı ildə S.Ə.Şirvani adına İsaqbağı kənd tam orta məktəbinə gedib.

- Orta məktəb dövründə bir sıra yarışlarda - “Breyn-rinq”, “Əlaçı”, Azərbaycan uşaqlarının 3- cü forumunda iştirak etmişəm. 2017- ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək 570 balla Azərbaycan Tibb Universitetinin “Stomatologiya” fakültəsinə daxil olmuşam. Hazırda 2-ci kurs tələbəsiyəm. Təhsil haqlarımın dövlət tərəfindən qarşılandığı üçün ölkə rəhbərliyinə, Gənclər Fonduna təşəkkürlərimi bildirirəm. Təhsil haqlarının Gənclər Fondu tərəfindən maliyyələşdirilməsini  ölkəmizdə istedadlı tələbələrə dövlət tərəfindən göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirmək olar.

 

Bəndalı Bəndalıyev, Azərbaycan Turizm və Menecment Universitetinin II kurs tələbəsi: - 1999-cu ildə Şəmkir rayonunda anadan olub. 2017-ci ildə orta məktəbi bitirib. Elə həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Turizm və Menecment Universitetinin Xidmət Mühəndisliyi fakültəsinin “Sosial iş” ixtisasına qəbul olunub.

- Cənab Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq Azərbaycan Gənclər Fondunun ehtiyacı olan tələbələrin təhsil xərclərinin ödənilməsi ilə bağlı elan etdiyi müsabiqədə iştirak etdim və sevindirici məqam isə təbii ki, qalib gənclərdən biri olmağım oldu. Buna görə əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Gənclərə ayrılan diqqəti gördükdə isə çox sevinirəm və daha keyfiyyətli təhsil alıb, ölkəmizə və xalqımıza faydalı bir gənc olmağa çalışıram.

 

Rüstəm Diniyev, ADİU-nun Zaqatala filialının III kurs tələbəsi: - 7 iyun 1998-ci il tarixində Zaqatala rayonunda anadan olub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbəsidir.

- Universitetə daxil olduğum ilk gündən qarşımda məqsəd qoymuşdum ki, savadlı bir kadr olacağam. Bunun üçün dərslərimlə bərabər, şəxsi inkişafa da vaxt ayırıram. Ötən semestr universitetdə ümumi orta müvəffəqiyyət göstəricim (ÜOMG) 95% olub və 1-ci yeri qazanmışam.

Qarşıma çıxan problemlərdən heç vaxt geri çəkilməmiş və daim irəli getməyə çalışmışam. Hətta universitetə qəbul olmağım üçün repetitor yanına getməyib, özüm hazırlaşmışdım. Məqsədim həmişə 700 bal yığmaq olub, amma onu yığa bilməsəm də, məqsədimdə həmişə uzaq bir hədəfin olması məni uğura aparan əsas səbəblərdən biri olub. 

Gənclər Fondunun elan etdiyi müsabiqədə qalib tələbələr arasında olmağım  mənim üçün gözlənilməz oldu. Sevincimi kəlmələrlə ifadə edə bilmirəm. İlk növbədə, inanmırdım ki,  belə bir şey real olar. Bu reallığa, müsabiqədən qalib  çıxdığıma görə ölkə başçısı cənab İlham Əliyevə biz tələbələrə göstərdiyi diqqət və qayğıya görə minnətdaram. Gənclər Fonduna, eləcə də müsabiqə ilə bağlı əməyi keçən hər kəsə öz təşəkkürlərimi bildirirəm. Mənlə birlikdə bu sevinci yaşayan qalib tələbələri də ürəkdən təbrik edirəm. Çalışacağam ki, həmişə vətənimə, yurduma layiqli bir vətəndaş və savadlı bir kadr olum.

 

“Vəzifəm hər şeydən öncə layiqli vətəndaş olmaqdır”

 

Əfsanə Əzizova, Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi: - 2016-cı ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika və rabitə”  fakültəsinə qəbul olub. Fəal tələbə olması ilə yanaşı, təhsil göstəriciləri də yüksəkdir.

- Azərbaycan Gənclər Fondunun bu il keçirilən sosial müdafiəyə xüsusi ehtiyacı olan tələbələrin təhsil haqlarının maliyyələşdirilməsi müsabiqəsində iştirak etdim və seçilən tələbələrin siyahısına daxil oldum. Buna görə öncə cənab Prezident İlham Əliyevə, fondun yaradılmasında və təşkilində əməyi olan hər kəsə ailəm və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bir gənc olaraq ölkəmizdə gənclərə duyulan bu sevgi, məsuliyyətli yanaşma və qayğıkeşlik məni çox sevindirir. Təbii ki, müraciət edənlərin sayının çox olması və bir çoxunun da müsabiqədə iştirak  edə bilməməsi üzücü haldır. Ümid edirəm ki, texniki ekspertizadan keçməyib, lakin sosial müdafiəyə daha çox ehtiyacı olan tələbələr növbəti müsabiqədə fond tərəfindən nəzərə alınacaq.

 

Güldəstə Əliyeva, Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi: - Ölkəmizdə yüksək səviyyəli təhsil üçün çox yaxşı şərait yaradılıb. Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində təhsilimiz günü-gündən daha yüksək inkişaf yolu keçir. Bu da biz gənclərə olan xüsusi qayğının bariz nümunəsidir.

Əlaçıyam və dərslərimə daim məsuliyyətlə yanaşıram. Ödənişli oxumağım isə sosial vəziyyətimə görə mənə olduqca çətinlik yaradırdı. Universitetdə Gənclər Fondunun istedadlı, yüksək göstərici ilə oxuyan, dərslərə davamiyyəti yaxşı olan, eyni zamanda təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrin təhsil haqlarının fond tərəfindən ödəniləcəyi elanını gördüm. Dərhal maraqlandım və bu kateqoriyaya aid tələbə olduğum üçün müsabiqədə iştirak etdim. Qeydiyyat elektron formada idi və bizə universitetdən bəzi sənədlərin alınması zəruri idi. Universitet rəhbərliyi bu sənədlərin toplanmasına çox operativ yanaşdı və bu da qeydiyyatdan daha rahat keçməyimə səbəb oldu. Nəticələr elan olunduqda isə adımı o siyahıda görməyim sözlə ifadə edə bilməyəcəyim sevinc yaşatdı. Artıq təhsilimə rahatlıqla davam edə biləcəkdim. Həqiqətən çox qürurverici hissdir.

Öz üzərimə düşən öhdəliklərimi daim yüksək səviyyədə etməyi hər zaman özümə borc bilirəm. Mənim hər şeydən öncə vəzifəm layiqli vətəndaş olmaqdır və  bunu dərk edirəm. Bu hədəfimə çatmaq üçün bundan sonra da var gücümlə çalışacağam.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 21 dekabr.- S.9.