“Böyük
etimadı doğrultmalı idim”
Fidan Hüseynova:
“Dünya şöhrətli müğənni
Laura Fabianla səhnəni
bölüşdüm”
...Bəlkə
də bu yazımı haqqında söhbət
açacağım qeyri-adi istedad sahibinin - Fidan balamızın
ecazkar səsinin təsiri
altında qələmə
alsaydım, bu, sadəcə bir məqalə deyil, şeir, romans, nə bilim yeni bir
mahnı mətni, gözəl, hətta poema da alına bilərdi. Yəqin nə vaxtsa bir şairin,
nasirin nəzm əsərlərinin, povest və romanlarının baş
qəhrəmanı kimi də təqdim oluna bilər bu “qəhrəmanım”.
İstedad da qəhrəmanlıq kimi daxili qüvvənin təzahürü nəticəsində
özünü
büruzə verir. O, sanki vulkan mənbəyi olur və məqamında püskürür.
Hələ kiçik yaşlarında Avropanın ən izdihamlı konsert salonlarında dünya
şöhrətli vokal
ifaçıları ilə bərabər səhnə
bölüşən bu yeniyetmə istedad sahibinin canlara məlhəm olan ecazkar səsinin
vurğunu olmamaq
mümkün deyil. Dünyaca məşhur olan artistlərin özlərinin məftun
olduqları bu səsin sorağı
artıq milyonlarla
tamaşaçının və dinləyicinin sevgisini,
məhəbbətini qazanıb. Onun Azərbaycan,
rus və ingilis dillərində məharətlə təqdim etdiyi mahnılar musiqi
bilicilərinin, bəstəkar və tənqidçilərin, vokal ustalarının müzakirə mövzusuna çevrilib. Artıq
haqqında yeniyetmə bir
ifaçı kimi
deyil, səhnədə sözünü deyən, özünü
təsdiq edən bir ifaçı kimi danışılır. Böyük məmnuniyyətlə bu kiçik yazımın baş “qəhrəmanını” sizə də
təqdim edirəm və həmsöhbət olmaqdan
doymaq mümkün olmayan Fidan
balamızın özü
haqda və
yaradıcılıq
uğurları barədə
söylədiklərini qələmə
aldım.
5
yaşımdan şahmatla
məşğul oluram
Mən 2005-ci ildə Moskva
şəhərində anadan olmuşam. “Baku Oxford School”da təhsil
alıram. Fransız və ispan dillərini öyrənirəm. Orta təhsilimlə
yanaşı paytaxtdakı Tofiq
Quliyev adına 12 nömrəli musiqi məktəbində vokal
ixtisasına yiyələnirəm. Həmçinin 5 yaşımdan şahmatla da məşğul oluram. Artıq bir çox şahmat turnirlərinin
iştirakçısı olmuşam və diplomlar qazanmışam. 4
yaşımdan isə rəsm
çəkməklə də məşğul oluram və əl işlərim “Azərbaycanın
uşaq təsviri sənəti” jurnalında dərc olunub.
“Je suis Malade” mahnısını ifa etdim
YARAT Müasir İncəsənət
Mərkəzinin Yay Qalereyasının təşkil
etdiyi avstriyalı rəssam Dejan Kaludjerovicin sərgisində
iştirak etdim və orada fransız dilində “Je suis Malade”
mahnısını ifa
etdim. Həmin
mahnını 2014-cü ildə
Bakıya öz möhtəşəm konsert proqramı ilə
təşrif buyuran dünya şöhrətli müğənni
Lara Fabian ilə də bir səhnədə
bölüşdük. 2015-ci ildə isə Lara Fabianın İstanbuldakı
konsertində də müğənni ilə birgə “Je t'aime”
mahnısını səsləndirdim və
tamaşaçıların alqışlarını
qazandım.
“Biz uşaqlara müharibə verməyin”
Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi tərəfindən 2015-ci
ildə keçirilən “İstedadlı uşaqlar
festivalında”
iştirak etdim və uğurlu
çıxışıma görə diplomla
mükafatlandırıldım.
Həmin il “Saf rənglər” adlı I Beynəlxalq
Uşaq Yaradıcılıq Festivalına da qatıldım və
diploma layiq görüldüm.
Bakıda 2016-cı il
25-27 aprel tarixlərində Heydər Əliyev Mərkəzində
keçirilən BMT Sivilizasiyalar Alyansının VII
Qlobal Forumundan sonrakı konsertdə Xalq artisti Teymur Göyçayevin rəhbərliyi və Uşaq Kamera Orkestri solistlərinin müşayiəti
ilə “Tell me Why” mahnısını ifa etdim və mahnım bitdikdən sonra zaldakı tamaşaçılara
müraciətlə “Biz uşaqlara müharibə verməyin”
deyə səsləndim. Bu
sözlərimlə
tamaşaçılarda xoş ovqat yaratdım.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarının 6 oktyabr 2016-cı il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi
istedadı olan şəxs kimi adım Azərbaycanın gənc
istedadlarının “Qızıl kitabı”na daxil edilib və xüsusi aylıq təqaüdə
layiq görüldüm.
Yaradıcılıq hesabatlarımdan biri
2016-cı
ildə Heydər Əliyev adına Sarayda
keçirilən “ZİMA” Uşaq Estrada musiqi festivalında
iştirak etdim. Festival çox maraqlı keçdi.
Oxuduğum mahnılara görə qazandığım
alqışlar ruhuma rahatlıq bəxş edirdi. İtaliyada keçirilən “Sanremo Junior 2018” festivalına
qatıldım və III yerə
layiq görüldüm. Bu, mənim
bəlkə də ən məsuliyyətli
yaradıcılıq hesabatlarımdan biri idi.
Vokal üzrə I yer
2017-ci ilin martında İtaliyanın
“TESTENE ART BAKU” Beynəlxalq İncəsənət Festivalı
Müsabiqəsində iştirak edib, 9-12 yaşlı
uşaqlar arasında vokal üzrə
I yerin sahibi oldum. 2018-ci
ilin yanvarında Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində
“Mahnılarla körpü yaradaq” adlı konsert proqramı təqdim
etdim. Konsertdə çoxlu tanınmış musiqiçilər,
sənət adamları və musiqisevərlər var idi. Təqdim
etdiyim hər mahnı yüksək alqışlarla
qarşılanırdı və
bir ifaçı olaraq bu, mənə ruh yüksəkliyi bəxş edirdi.
Klipin təqdimatı uğurlu
keçdi
2018-ci ilin fevralında müğənni Elnur
Hüseynovla birlikdə “Say
Hallelujah” mahnısını
birgə ifa etdik və həmin mahnıya klip çəkdirdik.
Klipin təqdimatı Flame Towersda uğurla baş tutdu və bütün
iştirakçıların marağına səbəb oldu.
Tanınan, sevilən müğənnilərlə bir səhnəni
bölüşmək, onlarla bir klipdə çəkilmək sevinclə bərabər
məsuliyyəti də artırır. Kim bilir, bəlkə də
mənim inkişafıma belə
tarixçələr daha çox təkan verir.
Hədəfim qalib olmaq idi
2018-ci il
sentyabrın 18-də İctimai Televiziya və Radio Yayımları
Qrupunda iclas
keçirildi və həmin iclasda Azərbaycanı Uşaq Avroviziya
Mahnı Müsabiqəsində təmsil edəcəyim
açıqlandı. Bu mötəbər
yarışda Azərbaycanı təmsil etməli olduğumu
biləndə çox həyəcanlandım.
Axı, necə olmasa bu, nə sıradan bir konsert olacaq, nə
də ki, bir festival, bu, mənə görə olduqca çətin və məsuliyyətli musiqi yarışması olacaq və
bu yarışmada yalnız güclülərin
güclüsü qalib ola bilər. Bu məsuliyyəti mən
dərindən dərk edirdim. Ancaq bununla bərabər
açığını deyim ki, sevinirdim də.
Çünki bu, mənə yönələn böyük etimad idi və mən
onu doğrultmalı idim. Bacardığım qədər
doğrultdum da. Bir aydan sonra Avroviziya səhnəsində ifa edəcəyim
“I Wanna Be Like You” (Sənin kimi olmaq istəyirəm)
mahnısının təqdimatı baş tutdu.
Mahnının müəllifləri
İsa Məlikov və Aytən İsmixanova, klipun
yaradıcı heyəti isə Alexey Krupina və Maxim Tsurkov
idilər. Müsabiqənin qaydalarına əsasən ifa
olunacaq mahnının geniş hissəsi ifaçının
doğma dilində olmalı idi. Buna görə də “I Wanna Be Like You”
mahnısının 60 faizi Azərbaycan, 40 faizi isə ingilis
dillərindədir. Nəhayət, 2018-ci ilin noyabrında Azərbaycanı
“I Wanna Be Like You”( Sənin kimi olmaq istəyirəm) ifam ilə
Belarusun Minsk şəhərində keçirilən “Junior
Eurovision” mahnı yarışmasında təmsil etdim və 47 xalla 16-cı
yeri tutdum. Özümü çox xoşbəxt sayıram.
Qızıl medala sahib oldum
2018-ci ilin dekabrında “4th Science
Fair” 4-cü Elm Sərgisində Baku Oxford Məktəbini təmsil
etdim və yarışın qalibi olaraq qızıl medala sahib
oldum. Həmçinin bir çox dövlət
tədbirlərində fəal iştirakıma görə dəfələrlə
fəxri fərmanlara və diplomlara layiq
görülmüşəm.
... Hə,
dəyərli oxucular, əminik
ki, 13 yaşlı
istedadlı bir məktəbli qızın yaradıcılıq tarixçəsi
və bu çətin yolda- vokal ifaçılığı
sahəsində qazandığı uğurlar
sizi də hədsiz
sevindirdi. Çox vaxt
istedadı bəxt ulduzu adlandırırlar, kimin taleyinə qondu, qondu deyirlər. Biz də həmin fikirlə
razılaşırıq bir şərtlə ki, o ulduzu daim
parlaq, uzunömürlü
etmək üçün Fidan balamız kimi öz üzərində çalışmaqdan bezməyəsən.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2018.-
28 dekabr.- S.15.