Şair şagirdlərin qonağı oldu
Bakıdakı 236 nömrəli tam orta məktəbdə III “B” sinfinin müəllimi Nüşabə Ağamirzəyevanın və məktəb kitabxanası işçilərinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair Zahid Xəlillə görüş keçirildi.
Görüşdə məktəbin direktoru, Əməkdar müəllim Xanlar İmaməliyev Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair Zahid Xəlilin III sinif şagirdlərinin görüşünə gəlməsindən çox məmnun olduğunu bildirdi.
Şagirdlər Zahid Xəlilin uşaqlara həsr etdiyi şeirləri söylədi, mahnı oxudu və ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Tədbirdə iştirak edən “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Şakir Cəfərov şairin bədii, elmi-pedaqoji yaradıcılığından söz açdı. Bildirdi ki, Zahid Xəlil tanınmış şair olmaqla bərabər, həm də filologiya üzrə elmlər doktoru, professordur. Hazırda o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdridir.
Zahid Xəlilin ilk kitabı “Uçan çıraqlar” (1969) adlanır. Kiçik şeirlər və nağıllardan ibarət olan bu kitab o vaxt ədəbiyyatımıza maraqlı bir uşaq şairinin gəldiyini xəbər verirdi. İkinci kitabında müəllif klassik ədəbiyyatımızın ləyaqətli davamçılarından biri kimi diqqəti cəlb etdi və oxucuların hörmətini qazandı. “Göydən üç alma düşdü” (1974), “Torağaylar oxuyur”(1979), “Ballıca” (1980) və başqa kitabların müəllifidir.
Tədbirdə Zahid Xəlil uşaqlara həsr ediyi yeni şeirlərini söylədi və məktəbliləri maraqlandıran sualları cavablandırdı.
Sonda şair fidan balalarla şəkil çəkdirməyi də unutmadı.
Mətanət
SALMANOVA,
Bakıdakı
236 nömrəli tam orta
məktəbin kitabxana müdiri
Azərbaycan müəllimi.- 2018.-
28 dekabr.- S.15.