Cümhuriyyətimizlə həmyaş əfsanəvi
qəhrəman
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı adını
daşıdığı məktəbdə tədbir keçirilib
“Mehdi Hüseynzadə 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaəti ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır”. İgid döyüşçü - partizanın qəhrəmanlığı haqqında deyilmiş bu fikirlər ölkə Prezidentinin onun 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar bu il iyunun 23-də verdiyi sərəncamdan götürülüb.
Bəli, adı İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatının çoxminli iştirakçıları və faşistlər arasında Mixaylo kimi məşhur olan igid həmyerlimizin şücaəti, həqiqətən, böyük hünər nümunəsidir və buna görə də adının çəkilməsi, qəhrəmanlıqlarının xatırlanması hər birimizin qəlbini qürur hissi ilə doldurur. Qəhrəmanın doğulduğu, böyüyüb boya-başa çatdığı Novxanı kəndinin sakinləri, Mehdinin adını daşıyan 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi isə üstəlik Mixaylonun məhz onların həmkəndlisi olmasından daha çox fəxarət hissi keçirir, onun xatirəsini yaşatmaq, qəhrəmanlıq nümunəsini gələcək nəsillərə ötürmək üçün əllərindən gələni edirlər.
Qəhrəmanın 100 illik yubileyinin qeyd olunması haqqında Prezident sərəncamından sonra isə M.Hüseynzadə adına Novxanı kənd 1 nömrəli tam orta məktəbdə bu istiqamətdə hazırlanıb həyata keçirilən tədbirlər daha müntəzəm və sistemli şəkil alıb. Bu günlərdə isə məktəbdə, bir növ, həmin tədbirlərin davamı və yekunu olaraq qəhrəmanın 100 illiyinə həsr olunmuş möhtəşəm bir yubiley mərasimi keçirilib.
Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, tədqiqatçı Şəmistan Nəzirli, məktəb direktorları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müəllimlər və məktəblilər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar məktəbdəki “Mehdi muzeyi”ni ziyarət edib, 1965-ci ildən 2018-ci ilədək “Mehdi günləri” çərçivəsində keçirilən görüşlərə həsr olunmuş stendlə, şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mərasimi məktəbin direktoru Taliə Mirzəyeva açaraq iştirakçıları salamlayıb, tədbir haqqında məlumat verib. Direktor habelə M.Hüseynzadənin 100 illik yubileyi ilə bağlı rayon səviyyəli tədbirin məhz onların məktəbində keçirildiyinə görə rayon rəhbərliyinə təşəkkür edib.
Aparıcı-məktəbin kimya müəllimi Kəmalə Ağamalıyeva tədbiri açıq elan edib, himn ifa olunandan sonra M.Hüseynzadə haqqında məlumat verilib, onun döyüş yolundan danışılıb, “Uzaq sahillərdə” filmindən bir parça, M.Hüseynzadənin muzeyindən görüntülər nümayiş olunub.
Məktəbin tarix müəllimi Məsumə İsayeva çıxış edərək II Dünya müharibəsində Azərbaycan oğullarının da iştirak etdiyini, təkcə Novxanı kəndindən 384 nəfərin ordu sıralarına çağırıldığını, onların yalnız 185-nin geri qayıtdığını bildirib. Diqqətə çatdırıb ki, həmyerliləri Mehdi Hüseynzadə bu döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlığa görə müharibədən çox sonralar-1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Bu hadisə novxanılıların, eləcə də kənd məktəbinin şagirdlərinin hədsiz sevincinə səbəb olub. O gündən başlayaraq Mehdi haqqında sənədlər, məlumatlar toplanaraq məktəbdə “Mehdi muzeyi” təşkil olunub.
1965-ci ildə məktəbə M.Hüseynzadənin
adı verilib. Hər il aprelin 11-i məktəbdə “Mehdi günü” kimi qeyd olunur. 2007-ci
ildə kənddə Mehdi Hüseynzadənin heykəli ucaldılıb.
Qəhrəmanın adının
əbədiləşdirilməsi istiqamətində ölkə
miqyasında da bir sıra addımlar
atılıb, adı məktəblərə, küçə
və meydanlara verilib, haqqında saysız-hesabsız məqalələr
yazılıb, qəhrəmanlıqlarına
roman, bədii film həsr
olunub. Ulu öndər Heydər Əliyevin sərəncamı
ilə 1973-cü ildə
Bakının görkəmli
yerində igid partizanın adına layiq ucaldılmış abidə kompleksi qəhrəmanlıq simvoluna,
hər il Qələbə
Gününün təntənə
ilə qeyd olunduğu tarixi yerə çevrilib.
Sonra səhnə
məktəbin istedadlı
şagirdlərinin ixtiyarına
verilib.
Musiqi sədaları
altında Dövlət
bayrağı səhnəyə
gətirilib. Əsgər geyimində olan,
yaxalarına milli qəhrəmanların şəkillərini
vurmuş şagirdlər
şeir və musiqi çələngindən
ibarət kompozisiya təqdim ediblər. Cavidan, Zəhraxanım, Simuzər, Əntiqə, Səma, Fariz, Asət, Səadət, Hüseyn, Aydın, Kəmalə və başqaları bayrağa, Vətənə,
Mehdi Hüseynzadənin
qəhrəmanlığına həsr olunmuş, eləcə də Mehdi Hüseynzadənin özünün müəllifi
olduğu şeirlər
söyləyib, mahnılar
ifa ediblər.
Bədii hissədən sonra tədbir qonaqların çıxışları ilə
davam edib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə
Gülməmmədova tədbiri
yüksək qiymətləndirib
və onu hazırlayanlara təşəkkür
edib. O, eyni zamanda belə istedadlı şagirdlər
yetişdirdiyi üçün
məktəbin rəhbərliyinə
və müəllimlərə
minnətdarlığını bildirib.
İcra başçısı qeyd edib ki, yüksək əxlaqi keyfiyyətlərə
malik cəsur kəşfiyyatçı Mehdi
Hüseynzadənin rəşadət
dolu şərəfli
həyat yolu bu gün vətənimizin
sərhədlərini layiqincə
qoruyan və işğal altındakı
torpaqlarımızı azad
etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri,
eləcə də
hər bir gənc üçün parlaq qəhrəmanlıq
nümunəsidir. Tədbirdə iştirak edən hər bir şagirdin
simasında mehdiləri
gördüyünü bildirən
icra başçısı
onların arasında gələcək mehdilərin
yetişdiyinə inandığını
söyləyib. İ.Gülməmmədova
hər il
qəhrəmana həsr
olunmuş anım mərasimləri keçirməklə
onun xatirəsini yaşatdıqlarına, M.Hüseynzadənin
məzarı üzərinə
daim tər çiçəklər düzdüklərinə
görə məktəbin
kollektivinə, kənd
sakinlərinə də
təşəkkür edib,
dövlətimizin xalqımızın
qəhrəman oğullarına
diqqət və qayğısından danışıb.
Tədqiqatçı Şəmistan Nəzirli, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və başqa çıxış edənlər də şagirdlərə öz alqışlarını çatdırıb, Novxanı torpağının Məhəmməd Əmin Rəsulzadə, Süleynam Rüstəm, Mehdi Hüseynzadə kimi görkəmli simalar, igid, qəhrəman, mübariz vətən oğulları yetişdirdiyini qeyd ediblər. M.Hüseynzadənin 100 illik yubileyinin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin böyük rəmzi məna kəsb etdiyi vurğulanıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2018.- 28 dekabr.- S.4.