2018-ci ilin 5 göstəricisi
“Azərbaycan müəllimi”nin versiyasında
Daha bir ilin sonuna gəldik. Bu ilin sonunda da dönüb geriyə
baxır və il ərzində
yaşadığımız çoxsaylı yeniliklərin
olduğunu görürük. Tətbiq edilən
həmin yeniliklərin təsiri ilə ölkə təhsil
sisteminin inkişafı davamlı xarakter alır. Üstəlik, bu inkişaf beynəlxalq hesabatlarda
öz əksini tapır.
“Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın
icrasına başlanılmasının beşinci ilində Azərbaycan
dövləti artıq Qlobal Rəqabətlilik Hesabatında 140
ölkə arasında 69-cu
yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12
indikatordan 9-u üzrə yaxşılaşıb. Hətta
dünyanın bir sıra
inkişaf etmiş ölkələrinin göstəricilərindən də
yüksək olub. Məsələn,
təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə
əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz
ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib
hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə
tənqidi düşüncə üzrə 27-ci,
bacarıqlı işçilər tapmaq asanlığı
üzrə 31-ci, məzunların bacarıqları üzrə
32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti
üzrə 48-ci yerə yüksəlib.
Təhsildə əldə edilən böyük nailiyyətlərdə
2018-ci ilin öz payı var.
“Azərbaycan müəllimi” qəzeti yeniliklərlə
zəngin bu ildə baş verən çoxsaylı hadisələrin
içərisindən nəinki birillik, hətta beşillik
dövr üçün əhəmiyyətli sayılan 5
faktı seçib.
Koreya təhsil standartları əsasında
Bakıda
Peşə Təhsil Mərkəzinin
əsası qoyuldu
Həmin faktların biri peşə təhsili ilə
bağlıdır.
Öncəliklə
qeyd edək ki, başa vurduğumuz il
peşə təhsilində əhəmiyyətli hadisələrlə
zəngin olub. Regionlarda rasionallaşdırma və
optimallaşdırma tədbirlərinin davamı olaraq 20
peşə təhsili müəssisəsinin bazasında 10
ixtisaslaşmış Peşə Təhsil Mərkəzi
yaradılıb. Ümumilikdə 55 peşə
təhsili müəssisəsinin bazasında müxtəlif
istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə
Təhsil Mərkəzi yaradılıb. Təhsil
Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə
layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin
açılışı olub.
2018-ci ilin ilk ayında - yanvarın 26-da Bakıda təməli
qoyulan müasir standartlara uyğun təhsil müəssisəsi
- Sənaye və İnnovasiyalar üzrə Dövlət
Peşə Təhsil Mərkəzi, sözün əsl mənasında,
ilin hadisəsinə çevrilib. Azərbaycan və
Koreya hökumətləri arasında əldə edilən
razılaşmaya uyğun olaraq hazırda tikintisi davam edən
və 2019-2020-ci tədris ilindən tələbə qəbuluna
başlayacaq bu peşə təhsil müəssisəsi
bütün növ zəruri avadanlıqlar, təlim və tədris
vəsaitləri ilə təchiz olunacaq.
Tamamilə Koreya təhsil standartları əsasında
qurulacaq və nümunəvi təhsil müəssisəsi olan
Peşə Tədris Mərkəzində təhsilalanların
bilik və bacarıqlarının inkişaf etdirilməsi
üçün əlverişli şərait yaradılacaq. Layihəyə uyğun
olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzi mexanika,
elektronika, elektrik mühəndisliyi, sənayedə
quraşdırma işləri, tikinti, informasiya
texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri
üzrə ən müasir maddi-texniki bazaya sahib olacaq. Beləliklə, burada 8 ixtisas üzrə Koreya
standartlarına uyğun mütəxəssis yetişdiriləcək.
Təhsilin məzmununu da koreyalı mütəxəssislər
hazırlayacaq.
Bildirildiyinə görə, Dövlət Peşə Təhsil
Mərkəzində yaş məhdudiyyəti olmayacaq. İstər 9 illik, istər
tam orta təhsil bazasından, istərsə də ali məktəb bitirənlər, hətta məktəb
partasından uzun illər öncə ayrılanlar belə,
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi
ola biləcəklər.
Təhsil
Mərkəzində hər ixtisas üzrə təhsil müddəti
2 il nəzərdə tutulsa da, burada
avtomatlaşdırma, elektronika kimi ixtisaslar üzrə sürətləndirilmiş
proqram əsasında 1 illik təhsil müddəti də nəzərdən
keçirilir. Ümumiyyətlə, tam orta təhsil
bazasından bu ixtisaslara qəbul olunanlara 1 il
müddətində təhsil verilə biləcəyi
vurğulanır.
Peşə təhsili sahəsində 2019-cu ilin də əhəmiyyətli
olacağı gözlənilir. Ümumiyyətlə,
ölkə iqtisadiyyatının inkişafı
üçün peşə təhsil müəssisələrinin
yaradılmasının önəmi xüsusi vurğulanır. Əmək bazarının dəyişən
tələblərinə uyğun rəqabətqabiliyyətli
kadr hazırlığı üçün belə mərkəzlərin
istifadəyə verilməsini zəruri sayan Azərbaycan
hökumətinin bu istiqamətdə böyük planları var.
“Təhsil haqqında” Qanuna dəyişiklik
edildi
Təhsil Nazirliyinin təşəbbüsü
ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilib. Dəyişikliklər
uzun müzakirədən sonra iyunun 12-də Milli Məclisdə
qəbul olunub. 2018-ci il iyulun 5-də
Prezident İlham Əliyev Qanunun tətbiqi haqqında Fərman
imzalayıb. Ümumilikdə Qanunun 21 maddəsinə
60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə
olunub. Dəyişikliklər yalnız
ümumi təhsili deyil, təhsilin bütün pillə və
səviyyələrini əhatə edib. Belə ki, “Təhsil
haqqında” Qanunda təhsil müəssisələrində
psixoloji xidmətin təşkili, ali təhsil
müəssisələrində orta ixtisas təhsilinin təşkili,
fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə
məşğul olma, dövlət ümumtəhsil müəssisələrində
işləyən təhsilverənlərin
sertifikatlaşdırılması və digər məsələlərdə
ciddi dəyişikliklər edilib.
Qanunda ən böyük dəyişiklik 6 yaşı
tamam olan uşaqların məktəbə qəbulu
qaydalarındadır. Həmin dəyişikliyə əsasən,
15 sentyabr - 31 dekabr tarixlərində 6 yaşı tamam olan
uşaqlar heç bir əlavə komissiya yoxlanışı
olmadan ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul
edilirlər.
“Təhsil haqqında” Qanuna ən əhəmiyyətli
və gözlənilən dəyişikliklərdən biri
beynəlxalq fənn olimpiadalarının, respublika fənn
olimpiadalarının, yüksək səviyyəli beynəlxalq
müsabiqələrin və yarışların qaliblərinin
ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunması ilə
bağlıdır. Belə ki, Azərbaycanda beynəlxalq fənn
olimpiadalarının qaliblərinə istənilən ixtisas
üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunaraq təhsil almaq
hüququ verilib. Respublika Fənn Olimpiadalarının qalibləri
isə yalnız öz ixtisası üzrə ali
təhsil müəssisələrinə imtahansız qəbul
ediləcəklər.
“Təhsil haqqında” Qanuna əlavə
edilən daha bir maddəyə əsasən, müvafiq ixtisas
üzrə pedaqoji təhsili olmayan ali təhsilli
mütəxəssislər məktəblərdə dərs deyə
biləcəklər.
Bundan
başqa,“Təhsil haqqında” Qanuna
edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin
kollecə, kolleci bitirmiş şəxsin isə ali təhsil
müəssisəsinə müsabiqədənkənar qəbuluna
imkan yaradacaq. Qanun orta ixtisas təhsili müəssisəsini
bitirmiş şəxsə müvafiq ixtisas üzrə ali məktəbə müsabiqədənkənar
qəbul olmağa imkan verir.
Dəyişiklikdən sonra “Təhsil haqqında” Qanuna
görə, hər 5 ildən bir təhsilverənlərin
sertifikasiyası keçiriləcək. Sertifikasiya
müvafiq icra hakimiyyəti tərəfindən aparılacaq.
Qanunda peşə təhsili ilə bağlı da dəyişiklik
edilib. Belə ki, peşələri xüsusi adamların
yanında çalışmaqla öyrənənlər öz
bilik və bacarıqlarını təsdiq etmək
üçün müəyyən bir prosedurdan keçib
sertifikat və bununla da əmək bazarına daxil olmaq
üçün əlverişli imkan əldə edəcəklər.
Bu da ölkədə peşə təhsili
sisteminin daha da təkmilləşdirilməsinə, məşğulluq
imkanlarının artırılmasına ciddi şəkildə
müsbət təsirini göstərəcək.
Daha bir dəyişikliyə
əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan
təhsil proqramları (İB - Diploma Programme (Beynəlxalq
Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of
Education, Advanced Placement), yüksək yerləşdirmə təhsil
proqramları ilə təhsil almış abituriyentlər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş şərtlər yerinə yetirilməklə,
təhsil aldıqları dildə tədris olunan ixtisaslar
üzrə ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar.
Azərbaycan tələbələri
dünyanın aparıcı
universitetlərinin doktoranturasında
İlin sonu, hətta son iki ayı çox fəal
dövr hesab olunur. Belə ki, noyabr-dekabr ayları təhsil
sahəsində xüsusilə əhəmiyyətli tədbirlərlə
yadda qalıb. Məsələn,
noyabrın 16-da Prezident İlham Əliyevin sərəncamı
ilə “2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı” qəbul
edilib. Proqrama uyğun olaraq müxtəlif
qurumların üzərinə ayrı-ayrı vəzifələr
qoyulub. Həmin vəzifələrin yerinə
yetirilməsində koordinasiya Təhsil Nazirliyinə həvalə
edilib.
“2019-2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi elm sahəsindəki
qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris
texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil
mütəxəssislərin yetişdirilməsi, Azərbaycan
ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin
beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət
göstəricilərinin beynəlxalq ikili diplom proqramları,
xarici mütəxəssislərin cəlb olunması yolu ilə
təkmilləşdirilməsi, yeni akademik mühitin
yaradılması nəzərdə tutulub.
Dövlət
Proqramı çərçivəsində ali
təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin
müasirləşdirilməsi üçün ilkin mərhələdə
5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Bu məqsədlə
nüfuzlu xarici tərəfdaş ali təhsil
müəssisələri seçiləcək, xarici mütəxəssislərin
cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində
inzibati-akademik heyətə təlim keçiriləcək və
tədris proqramları yenilənəcək. İkili diplom proqramlarının tətbiqi
ilə belə modulların sayı genişləndiriləcək.
Təhsil Nazirliyi ali təhsil müəssisələrinin
rəhbərlərinə ikili diplom proqramlarında tədris
olunan modulların həmin ali məktəbdə bu
proqramların tərkib hissəsi olmayan ixtisaslarda da tətbiqini
tövsiyə edəcək.
İkinci
komponent isə ölkəmizin ali təhsil
müəssisələrinin akademik potensialının gücləndirilməsi
məqsədi ilə milli kadrların hazırlanması
üçün xaricdə doktorantura səviyyəsində təhsilin
maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə
doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi,
təhsil nailiyyətlərinin monitorinqi sisteminin
yaradılması, müxtəlif sahələr üzrə
yerli ali təhsil və elm müəssisələri
üçün peşəkar mütəxəssislərin
yetişdirilməsi həyata keçiriləcək.
Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti
və alternativ mənbələrin (dövlət büdcəsindən
ayırmalar, beynəlxalq təşkilatların (fondların)
texniki-maliyyə yardımları, kreditlər və qrantlar,
mülkiyyət formasından asılı olmayaraq xarici və
yerli hüquqi və fiziki şəxslərin ianələri)
hesabına maliyyələşdiriləcək.
Sənəddə Azərbaycan alimlərinin
ayrı-ayrı ölkələrdən olan alimlərlə
birgə tədqiqatlar aparması da əksini tapıb.
Dövlət
Proqramının icrasına başlanandan sonrakı mərhələ
ilə bağlı təhsil naziri Ceyhun Bayramov vəd edir:
“Növbəti illərdə məhz bu Dövlət
Proqramının uğurla icrası nəticəsində ilk
ikili diplom proqramlarının təsis edilməsinin, Azərbaycan
tələbələrinin dünyanın aparıcı
universitetlərinin doktoranturasına qəbul olunmasının
şahidi olacağıq. Dövlət Proqramına uyğun
olaraq hər iki istiqamət üzrə müvafiq əlavə
sənədlərin qəbul edilməsi, ikili diplom proqramı
ilə bağlı seçim meyarlarına dair xüsusi qaydaların
hazırlanması, eyni zamanda doktorantura təhsili üzrə də
seçim meyarları üzərində iş gedir”.
Azərbaycan müəllimlərinin
qurultayı keçirilib
Noyabrın 28-də Azərbaycan müəllimlərinin
növbəti qurultayı keçirilib. Təhsil işçilərinin
sayca XV qurultayına ümumi təhsil, orta ixtisas və peşə
təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə
200-dən artıq nümayəndə qatılıb.
Təhsil Nazirliyi və “Clarivate Analytics”
əməkdaşlığı yeni mərhələdə
Dekabrın
5-də Azərbaycan
Respublikası Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında əməkdaşlığın
yeni mərhələsinə start verilib. Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics”
şirkətinin birgə təşkilatçılığı
ilə keçirilən mərasimlə başlanan yeni mərhələdən
gözləntilər də böyükdür. Belə ki,
2015-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında
Azərbaycan ali təhsil müəssisələrinin
dünyanın ən
böyük elmi məlumat platformasına
çıxışının təmin olunmasına dair
2015-2018 -ci illər üzrə birgə əməkdaşlığı
özündə ehtiva edən müqavilənin imzalanması
ilə ölkəmizin 40 ali təhsil müəssisəsi
dünyanın aparıcı jurnallarının, yüksək
impakt faktorlu jurnalların elmi bazalarına, konfrans materiallarına, monoqrafiyalara
çıxış əldə edib. Bu 3 illik fəaliyyət
dövründə həyata keçirilmiş işlərin nəticəsidir
ki, yüksək impakt faktorlu jurnallarda alimlərimizin dərc
olunmuş məqalələrinin sayı 75 faiz artıb.
Bu məsələdə ali təhsil
müəssisələrinin artım dinamikası daha yüksək
olub. Burada rəqəmlər
2 dəfəyədək artıb.
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında
imzalanan növbəti müqavilə 2019-2021-ci illəri əhatə
edir. Növbəti əməkdaşlıq mərhələsində
“Clarivate Analytics” şirkəti ilə elmi nəşrlərin
keyfiyyəti də diqqətdə saxlanılacaq. Bu barədə
nazir Ceyhun Bayramov belə deyib: “Birinci mərhələdə
daha çox maarifləndirici, daha çox imkanların təqdim
olunması, bizim gənc alimlərin, tədqiqatçıların
bu işdə daha fəal iştirakının təmin edilməsi
və əsasən kəmiyyət göstəriciləri barədə
danışırdıqsa, düşünürük ki,
növbəti pillədə daha çox keyfiyyət göstəricilərinə
diqqət yetirməliyik”.
Yeni imzalanan müqavilə digər dillərdə olan
region ölkələrinin də aparıcı bazalarına
daxil olma imkanlarını özündə ehtiva edir. Azərbaycan hər
bir təhsil müəssisəsinin fəaliyyətinin analitik təhlilini
aparmağı nəzərdə tutan InCites platformasına
çıxış imkanlarına da sahib olur.
***
2018-ci ilin çoxsaylı təhsil hadisələrinin
sırasından “Azərbaycan müəllimi” öz
versiyasında 5 faktı xüsusi diqqətə
çatdırdı. Təhsil ictimaiyyətinə növbəti
ildə yeni nailiyyətlərə imza atmaq arzusu ilə
uğurlar arzulayırıq.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.- 28 dekabr.- S.1; 3.