“Yaxşı ki, müəllim oldum...”
Nazim Qasımov:
“İnsan iddialarının ardınca gedəndə mütləq
yaxşı nəticələr əldə edir”
İnsanlar olur ki, onlarla ünsiyyətdə özün də anlayırsan: Ən böyük kitab İNSANdır... Bir də onu düşünürsən ki, gündə bir insan tanıyıb onunla ünsiyyət qurursansa, nə mutlu sənə, demək ki, hər gün maraqlı bir kitab oxuyursan...
Belə insanlar Azərbaycan təhsil sistemində də
çoxdur. Bu gün sizə onlardan növbətisini tədqim
edirik. Bakı şəhəri 70 nömrəli
məktəb-liseyin direktoru Nazim Qasımovu. O, həm də
bu günlərdə 70 illik yubileyini qeyd edir. 70
nömrəli məktəbdə 41 ildir direktorluq fəaliyyəti
və 70 yaş, gözəl nəticədir. Həm də aid olduğu sistemə töhfədir.
Gəlin görək bu 70 illik həyat yolunun 40 ildən
çoxunu həsr etdiyi sahədə Nazim müəllimin hansı
fəaliyyəti, nə kimi çətinlikləri və
uğurları olub?!..
Qaraçəmənlidən
başlayan həyat...
1949-cu ilin yanvarında Qərbi Azərbaycanın Zəngəzur
mahalı, Qafan rayonu, Qaraçəmən kəndində
müəllim ailəsində anadan olmuşam. İlk təhsilimi
kəndimizin məktəbində almışam. Orda yeddiillik məktəbimiz vardı, oranı
bitirdim. Sonra qonşu kəndin məktəbində bir il təhsil aldım. Səkkizinci
sinfi bitirdikdən sonra bizim illərin çox məşhur məktəblərindən
birinə üz tutdum - Bakı Politexnik Texnikumuna.
Bakı başqa mühit idi...
Bakıya gələndə anladım ki, tamam fərqli məkan
və mühitdəyəm. Yəni buranın
qaydaları bizim kənddən çox fərqlidir. Kənd və şəhər məktəbində
şagird, tələbə olmağın da ayrı-ayrı cəhətləri
var imiş. Bizim kəndimizdə sinifdə
cəmi səkkiz uşaq idi, burda iyirimidən artıq. Kənddən gələndə qorxduğum bir
şey var idi. Deyirdim birdən burdakı
uşaqların arasında savadına, qabiliyyətinə
görə ən zəifi olaram, mənə gülərlər.
Ancaq dərslərimiz başlayanda gördüm
ki, elə deyil, yəni mən də kimdənsə zəif və
aciz uşaq deyiləm. Əksinə,
çoxundan güclüyəm. Düzünə
qalsa, qrupda məndən savadlısı yox idi. Sonra yadıma düşdü ki, biz imtahan verəndə
qəbula müxtəlif rayonlardan 1200 şagird gəlmişdi,
amma cəmi 25-i seçilməli idi. Öz-özümə
düşündüm ki, mən o 25-dən biri ola
bilmişəm, niyə bu auditoriyada özümü qorxmuş
kimi göstərim ki?! Özümə belə tənqidi
yanaşa bilməyim məni vəziyyətdən
çıxardı. Beləcə, texnikumun
avtomobil nəqliyyatı fakültəsində təhsilimə
davam etdim.
1963-cü il idi...
Bir riyaziyyat müəllimim var idi. Əslən
şəkili idi. Bütün günü məndən
dərs soruşurdu. Hətta sinifdə kimsə
dərsə hazır olmayanda da mən hazır olmalı idim.
Bilirdim, mütləq məni
çağıracaq. Yenə bir gün
çoxluq dərsə hazır deyildi, müəllim məni
çağırdı. Dedim day gəlmirəm müəllim,
mən dərs danışıram, sonra kimsə mənimlə
danışmır. Onlardan tələb edin, daha
məni çağırmayın. Müəllim
xeyli güldü. O günki uğurum bircə bu oldu ki,
müəllim kimsəyə pis qiymət yazmadı, eləcə
dərsi izah etdi.
Kəndlərdə dərsə
maraq...
Bilmirəm bu nəylə bağlı idi,
öz-özümə deyirəm ki, yəqin kənddə
sosial-iqtisadi problemlərin çoxluğuna görə belə
olmuşdu, oxuyan uşaqlar çox idi, son dərəcə
çox. Hamı da iddialı idi. Böyük adam olmaq istəyirdik. Ən azı ali təhsil almağa meyilli idi hər kəs. Məsələn, bayaq danışdığım
Politexnik Texnikumuna qəbul olan 25 uşaqdan dördü mənim
sinif yoldaşım idi. Özü də
bizim avtomobil nəqliyyatı fakültəmiz sovetlər
dönəmində oğlanlar üçün ən populyar
fakültələrdən sayılırdı. Bəlkə də elə ən populyarı o idi.
Texnikumda oxumaq istəmirdim...
Bilmirəm nəyə görə, amma belə oldu. Dərs ilini başa vurdum və
sevimli riyaziyyat müəllimim İsfəndiyar müəllimə
dedim ki, mən gedirəm kəndimizə, burda qala bilmirəm. Gedib onuncu sinfi bitirəcəm, sonra başqa ixtisas
seçəcəm, məndən yol polisi olmaz. İsfəndiyar
müəllim bunu dekanımıza dedi. Cavabları bu oldu ki,
yaxşı oxuyan tələbə hər gün
tapılmır, səni buraxmayacağıq, amma şərait
yarada bilərik ki, ali təhsil almaq
üçün Bakıda axşam məktəbində onuncu
sinif təhsilini də alasan. Başqa yolum yox
idi. O üzdən razılaşdım. Beləcə,
106 nömrəli məktəbin axşam sinfinə daxil oldum.
Gündüz texnikumda, gecə məktəbdə
oxuyurdum. Fənn qiymətlərimin
hamısı əla idi. Onu da deyim ki, o illərdə
nadir hallarda iki təhsilə icazə verilirdi. Müəllimlərim bu nadir hüquqdan istifadə
etməyimə şərait yaratmışdılar. Buna görə onların adını indi də
hörmətlə anıram.
Müəllimliyə ilk yol...
Texnikumda oxuyanda inad bir müəllimimiz var idi. Uşaqlar ondan beş qiymət ala bilmirdi. Mən də ondan beş almaq üçün mübahisə edən
tələbələrdən idim. Bu mübahisələrin birindən
sonra yenə də İsfəndiyar müəllim mənə
dedi ki, gəl sən müəllim ol, özün də yol
polisi olmaq arzusunda deyilsən, fizikanı əla bilirsən, sənədlərini
hazırla Pedaqoji İnstitutun fizika fakültəsinə. Beləcə,
mən yenə də sevimli müəllimim sayəsində
artıq gələcək həyatımı qurmaq istiqamətində
ciddi və
ilk addım atdım.
Həm iki yerdə oxumalı, həm də dolanmaq
üçün işləməli idim. Düzdür,
ailəmin mənə maddi dəstək olması
üçün bütün imkanları var idi. Ancaq mən onların nəsə etmələrini istəmirdim.
Düşünürdüm ki, məktəbi
bitirib, tələbə olmuşamsa, deməli,
özümü dolandırmağı da öyrənməliyəm.
Amma bir məsələ var idi, mən həm də
axşam şöbəsində oxuyurdum. Axşam
şöbəsində oxuyanları isə mütləq hərbi
xidmətə göndərirdilər. Onlar
hərbi xidməti bitirdikdən sonra təhsillərini davam
etdirə bilərdilər. Mən arada iki il
təhsil müddəti intervalı olmasını istəmirdim.
O üzdən rektorun adına ərizə
yazdım ki, qiymətlərim yaxşıdır, hamı da məni
tanıyır, zəhmət olmasa məni gündüz
şöbəsinə keçirin. Bu müraciətimə
də müsbət cavab gəldi. Gündüz
oxuyurdum, gecə boş vaxtlarım olanda da
yaşadığım evin səliqə-səhmanı və
işləyib pul qazanmaqla məşğul idim.
Qaraj müdiri...
Texnikumu bitirdim. Amma ali təhsil davam edirdi. Yaxın dostlar və yenə də müəllimlər
sayəsində maşın qarajında mexanik kimi işə
düzəldim. Bir neçə aydan sonra
isə məni o qaraja müdir təyin etdilər. Beləcə, olmuşdum müdir-tələbə.
Həm APİ-də təhsil alırdım, həm
də işləyib pul qazanırdım, artıq ailə
üzvlərimə də lazım gələndə köməklik
edə bilirdim. Bunun məni nə qədər
fərəhləndirdiyini ifadə etməkdə çətinlik
çəkirəm. Müdir olduğum
üçün o vaxt mənə maşın da vermişdilər.
Qaldığım yataqxanaya maşınla gedib gəlirdim.
Bir az da gülməli idi. Tələbə,
evsiz, müdir və maşın... Yəni həyatımda
son dərəcə çoxlu və qəribə təzadlar
var idi.
Ən
maraqlısı da o idi ki, bu qədər işin,
qayğının arasında ən sevdiyim iş oxumaq idi. Mən təhsil müddətində bilet çəkib
oturub hazırlaşdığım yadıma gəlmir. Biletimi çəkib, danışıb, beşimi, ya
da dördümü alıb gedirdim. Dövlət
imtahanını da belə elədim. Amma tərs
müəllimlərimiz də var idi. Bileti çəkdim,
dedim danışmaq istəyirəm, dedi otur hazırlaş. Baxmayaraq ki, bilirdim, mənə fəlsəfə
imtahanından bu hərəkətimə görə
üç qiymət yazdılar. Təhsil
aldığım müddətdə aldığım yeganə
pis qiymət bu idi.
Ali təhsilimi də başa vurdum və artıq fizika
müəllimi idim. Bir məsələ var idi, hərbi xidmətdə
olmamışdım. Ona görə ərizə
yazıb hərbi xidmətə getdim. Xidmətdən
sonra təyinatımı 92 nömrəli fəhlə-gənclər
məktəbinə verdilər. İndiki Xəzər
Universitetinin binasında yerləşirdi o məktəb. 1972-ci ildə pedaqoji fəaliyyətə
başladım. Altı aydan sonra artıq həmin
məktəbdə direktor müavini kimi
çalışırdım.
27 yaşlı direktor...
Bayaq dedim
ki, mənim həyatımda təzadlar, həm də maraqlı
hadisələr çoxdur. Məsələn,
yetmişinci illərdə mən Bakıda ən gənc məktəb
direktoru idim, 27 yaşım var idi. Mənə
qədər Zəhra xanım 70 nömrəli məktəbdə
direktor olub. Direktorluq mənə təklif
olunanda o, yeni dünyasını dəyişmişdi. Bir qədər bu vəziyyət məni çəkindirdi.
Ancaq sonra məlum oldu ki, başqa seçim
imkanım yoxdur. Beləcə, direktor kimi fəaliyyətə
başladım. O illərdə bu məktəbin durumunu
izah etmək indiki zamandan baxanda çox dəhşətli idi.
Ərazi baxımından məktəb elə
yerdə yerləşirdi ki, daha çox qeyri-azərbaycanlılar
çoxluq təşkil edirdi. Məktəb
Azərbaycandilli məktəb olsa da, burda bizim uşaqlar
çox aşağılanır, əziyyət çəkirdilər.
Mən məcburi addımlar atmalı idim. Birinci addımım o oldu ki, aidiyyəti üzrə
rəsmi məktub yolladım və xahiş etdim ki, məktəbdə
rus bölməsi ləğv olunsun.
“KQB”-nin
narahatlığı...
Bu məktubla aləm bir-birinə dəydi. Sovetlər
dönəmi idi, beynəlmiləlçilik təbliğ
olunurdu. Amma bu ad altında daha çox
üstünlük verilən millətlər var idi. Başqaları millətçilik, dövlətçilikdən
danışa bilməzdilər. İndi gənc
bir oğlan gəlib, haralarasa məktub göndərib ki, rus
bölməsini ləğv etmək lazımdır. Bir gün zəng gəldi, dedilər səni Mərkəzi
Komitəyə çağırırlar. Getdim,
çox yüksək vəzifəli məmurlar dedilər ki, sən
neynəmək istəyirsən? Düzü, adam bir az çəkinirdi. Elə
zəmanə idi, nə desən edərdilər. “KQB” maraqlanır dedilər, səni ləkələyəcəklər,
ehtiyatlı ol. Dedim mən heç nə etmirəm,
qeyri-millətlər bizi o məktəbdə
aşağılayır, mən də deyirəm ki, belə
olmaz. Çox müzakirələrdən sonra
nazirliyə yuxarıdan dedilər ki, nə istəyir etsin, amma
ehtiyatlı olsun. Bu “ehtiyatlı olun”
sözü ağlımda qaldı. Sonra bir
neçə dəfə ləkələmək cəhdləri
etdilər, amma alınmadı. Uzun müddət
araşdırdılar, gördülər ki, bir şey
çıxmır, əl çəkdilər. Deyim ki, o hadisədə çox həyəcan
keçirmişdim. Beləcə, məktəbi
qurduq.
Son illərdə məktəb yenidən təmir olundu. Xeyli
avadanlıqlarımızı yenilədilər. Mənim də əmək kitabçamda bu məktəbə
direktor təyin olunduğum gündən bəri başqa ad
düşməyib.
Direktor
olduğum müddətdə eksperimental fizikadan elmi iş
götürdüm. O zaman bu, çox çətin iş
sayılırdı. Elmi işimi müdafiə
etdim, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini
aldım. İddialı idim, hər
şeyim olmalı, ailəm əziyyət çəkməməli
idi. Zaman-zaman hamısına nail oldum. İndi
düşünürəm ki, insan iddialarının
ardınca gedəndə mütləq yaxşı nəticələr
əldə edir. Mən də əldə
etdim. O üzdən, yaxşı ki, müəllim oldum...
SON: Nazim
müəllimin danışdıqlarının çox az bir qismi idi sizin oxuyub, tanış ola bildikləriniz.
Sağollaşanda dedim ki, yaşlı nəsil nümayəndələri,
xüsusən də pedaqoqlarla ünsiyyət çox
maraqlı olur, amma siz bu xatirələri yazıb kitab
halına salın. Gənc həmkarlarınıza örnək
ola biləcək pedaqoji nümunələriniz,
xatirələriniz var. Bir az düşündü, dedi ki,
mütləq edəcəyəm. Məncə,
lazımdır, çünki gələcəkdə də
nümunə olan adamlardan örnək götürəcək
insanlar yetişməlidir. Bu nümunələrsə
nəsildən-nəslə ancaq kitablarla ötürülə
bilər.
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2018.- 28 dekabr.- S.13.