“Şanlı bayrağımızı lap yüksəklərə qaldırmışdım”

 

Rahim Qədimzadə: “Münsiflər ifalarımı bəyənərək gələcəyin peşəkar vokalistlərindən biri olacaqsan söylədi”

 

Günün ikinci yarısı idi. Bir gün öncə redaksiyamıza həmsöhbət olmaq üçün dəvət etdiyim 11 yaşlı müsahibim Rahim Qədimzadə müəyyən etdiyimiz vaxtda otağımın qapısını döydü. Cəmi 20 dəqiqə idi ki, dərsdən çıxmışdı. “Azərbaycan müəllimi” qəzetində haqqında məqalə gedəcəyinə sevindiyindən yorğunluğunu da unutmuşdu. Salamlaşıb qarşımda oturduqdan sonra sanki imtahan verəcək kimi sorğu-suala hazır olduğunu söyləyərək, başını yuxarı qaldırdı və gözlərini mənə zillədi. Mən isə gözlədiyinin əksi olaraq bu an sorğu-sualla onu yormaq fikrindən daşındım və sadəcə özü haqda təmkinlə, tələsmədən ətraflı məlumat verməyi xahiş etdim. Onsuz da zehni yorğun olan məktəbli dostumu sərbəst danışığa dəvət etməyim deyəsən lap ürəyincə olmuşdu. O, danışdıqca həmsöhbətimin özü haqda vacib olan faktları söyləməyi ilə bərabər onun fikrini aydın şəkildə ifadə etmə bacarığına da diqqət yetirirdimsonda, sözün tam mənasında, nümunəvi bir şagirdlə üz-üzə oturduğuma əmin oldum.

 

Şəklim şərəf lövhəsini bəzəyib

 

4-cü sinfədək Bakıdakı 214 nömrəli tam orta məktəbdə təhsil almışam, özü də əlaçı şagird olmuşam. Şəklim şərəf lövhəsini bəzəyib. İlin ən yaxşı şagirdi seçilmişəm. Atam qarmon ifaçısı olub. Uşaq vaxtlarımdan onun çaldığı mahnıları həmişə diqqətlə dinləmişəm. Elə musiqiyə həvəs də məndə onda yarandı, atamın maraqlı ifalarına diqqət kəsildiyim çağlarda. Yaşımın üstə yaş gəldikcə musiqiyə marağım daha da artırdı. Ancaq 4 yaşımda olarkən valideynlərim məni Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bacarıqlı əllər” dərnəyinə qoydular. Sonra isə orada vokal qrupuna yazıldım. Vokal rəhbərim İradə Cabbarovanın verdiyi tapşırıqları vaxtlı-vaxtında böyük həvəslə yerinə yetirirdim. Çox keçmədi ki, çalışqanlığımla seçildim və müəllimimin sevimli şagirdinə çevrildim. Onun dərsini o qədər sevirdim ki, məşğələ vaxtının necə qurtardığını hiss etmirdim. Mərkəzdə həmçinin bal rəqsləri qrupunda da məşğul olurdum.

 

II yeri qazandım

 

2016-cı ildə “Testene Art Baku” I Beynəlxalq İncəsənət festivalında iştirak etdim və III yerə layiq görüldüm. Bu, mənim ilk uğurum idi. 2017-ci il də mənim üçün daha uğurlu oldu. Çünki İtaliyada keçirilən “Sərhədsiz yaradıcılıq - 2017” beynəlxalq uşaq festivalında iştirak edən yaradıcılıq mərkəzimizin üzvləri arasında mən də var idim. Üç nominasiya - xoreoqrafiya, vokal və rəsm nominasiyaları üzrə keçirilən festivalda böyük uğurlar qazandıq. “Rəqs” nominasiyası üzrə rəqs qrupuOdlar yurdu - Azərbaycan” kompozisiyası ilə çıxış etdi. Kompozisiya muğam, folklor, “Sarı gəlin” və digər milli rəqsləri özündə birləşdirirdi. Rəqs qrupumuz 15 ölkənin içərisində qalib olaraq birinci yerə layiq görüldüQran-pri mükafatını qazandı. Mən isə vokal nominasiyası üzrə ölməz sənətkar Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa etdim və II yerə layiq görülərək diplomla mükafatlandırıldım. Dostlarım Mədinə Hüseynzadə və Məryam Axundova isə “Rəsm” nominasiyaları üzrə II yerə, diplomkuboka layiq görüldülər.

 

Beynəlxalq festivalda növbəti uğur

 

Həmin ilin noyabrında Moskvadaİstoki” (“Mənbələr”) VII Beynəlxalq festivalda iştirak etmək də bizə nəsib oldu. Festivalda Kanada, Amerika, İtaliya, Bolqarıstan və sair kimi 20-dən çox ölkə təmsil olunurdu. Rus dilində bir-birindən gözəl mahnılar ifa edən solist vokalçılar arasında mən də öz bacarığımı nümayiş etdirəcəkdim. Belə bir mötəbər tədbirdə ölkəmizi təmsill etmək həm də olduqca məsuliyyətli idi. Nəhayət, festivalın himni oxundu. Hər kəs öz bayrağını qaldırırdı. Mən isə öz şanlı Azərbaycan bayrağımızı lap yüksəkliklərə qaldırmışdım. Birinci gün açılış oldu, ikinci gün müsabiqə keçirildi. Üçüncü gün isə “Analar günü”nə həsr olunmuş konsert təqdim olundu. Konsertdən əvvəl ustad dərslərini də dinlədik. Səhnədə 9 nəfərdən ibarət münsiflər heyəti əyləşmişdi. Hamısı da ayrı-ayrı ölkələrdən idilər. Bir anlığa səhnəyə sakitlik çökdü. Adımı eşitcək irəli addımladım. Anam həyəcandan kövrəlmişdi. Ancaq o, yanımda olduğuna görə mən çox qüdrətli idim, zərrəcə də sıxıntı keçirmirdim. Münsiflər heyəti ifalarımı, səhnə davranışımı çox bəyəndi və dedi: - Qeyri-adi istedad sahibisən. Bütün mahnılarını lap peşəkarcasına ifa etdin. Sərbəstliyin, yüksək aktyorluq məharətin xoşumuza gəldi. Vokal müəllimlərinə də bizim təşəkkürümüzü çatdırarsan. Ümidvarıq ki, gələcəyin peşəkar vokalistlərindən biri olacaqsan.

Münsiflər heyətinin xoş sözlərindən sonra özümü saxlaya bilməyib anamın qucağına atıldım, üzərimdə əməyi böyük olan fortepiano müəllimim Nuridə Axundovanı o ki var öpdüm. Həyatımın ən xoş anlarını yaşadım onda. Ertəsi gün Qala konserti təqdim etdik və mən II yeri qazandım. Düzü, əmin deyildim II yeri qazanacağıma, çünki uşaqlar çox güclü idilər.

 

Moskvadan xoş təəssüratla qayıtdıq

 

Moskvada olarkən çox gəzdik. Ən maraqlısı bu idi ki, Kuzminka meşəsində Şaxta BabaQar qızın bağında olduq. Meşədə rəngarəng şəkillər çəkdirdik. Köhnə Arbat küçəsi daha maraqlı idi. Elə bilirdim paytaxtımızdakı İçərişəhərdəyəm. Orada qonaqlara pulsuz hədiyyələr də verilirdi. Ana-bala Moskvadan elə xoş təəssüratla qayıtdıq ki! Hər il noyabr ayında Rusiyanın paytaxtında “İstoki” beynəlxalq festivalı keçiriləcək və mən də o yarışmalarda iştirak edəcəyəm. Çünki artıq mən o qrupa üzv yazılmışam. ARB telekanalında efirə çıxan “Günəş” verilişinə də dəvət olunmuşdum. Həmin verilişdə qazandığım uğurlar barədə tamaşaçılara geniş məlumat verdim.

 

Estrada janrında olan mahnıları da sevirəm

 

Ey vətən”, “Bakı”, “Azərbaycan” mahnılarını sevə-sevə ifa edirəm. Estrada janrında olan mahnıları da sevirəm ifa edə bilirəm. Gələcəkdə dahi sənətkarlar Rəşid Behbudov Müslüm Maqomayev kimi vokalçı olmaq arzusu ilə yaşayıram. Bu sənəti dünya arenasında tanıtdırmaq üçünsə öz üzərimdə hələ çox çalışmalıyam. Hazırda isə Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının V sinfində təhsil alıram.

...Rahim Qədimzadəni dinlədikcə qeyri-ixtiyari qürur hissi keçirirdim. Ailəsinə, müəllimlərinə, təhsil aldığı məktəbə və yaradıcılıq mərkəzinə iştirak etdiyi bütün müsabiqələrdə qalib olaraq dəfələrlə qucaq-qucaq sevinc hissləri yaşadan yeniyetmə istedad sahibinin uğurlarına mən də hədsiz sevinirdim. Əmin oldum ki o, bu gün kiçik kollektivlərə sevincli anlar yaşatdığı kimi, gələcəkdə də eyni hissləri dünyamiqyaslı izdihamlı konsert salonlarında qazanacağı nailiyyətləri ilə bütün Azərbaycan xalqına yaşadacaq.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.14.