Onuncuların sürprizi xalq şairini kövrəltdi
“İmzalı görüş” layihəsinin
budəfəki qonağı Nəriman Həsənzadə oldu
Bu dünya nərdivandı-
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz...
Hər birimizə yaxşı tanış olan bu məşhur misraların müəllifi və digər neçə-neçə şeir və poemaları ilə ürəkləri fəth edən xalq şairi, Prezident təqaüdçüsü Nəriman Həsənzadənin Bakıdakı 283 nömrəli tam orta məktəbdə baş tutan görüşü həmin tədbirdə iştirak edən müəllim və şagird kollektivinin yaddaşında unudulmaz bir gün kimi qaldı...
Qazandığı uğurları ilə Azərbaycan təhsilinə öz töhfələrini verən adıçəkilən orta ümumtəhsil müəssisəsi bir-birindən maraqlı tədbirlər, layihələr həyata keçirməkdədir. Son illər məktəb verdiyi təhsilin səviyyəsinə, təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, şagird və məzunlarının yüksək hazırlığına görə də ictimaiyyət arasında nüfuz və rəğbət qazanmış təhsil ocaqlarından biri kimi tanınır. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan məktəb hazırda təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi sahəsində qazandığı nailiyyətləri ilə fərqlənir. 2017-ci ilin məzunlarından 36-sı respublikanın müxtəlif alı məktəblərinə qəbul olunub ki, onlardan biri də Prezident təqaüdünə layiq görülüb. Təhsil müəssisəsini bitirən 2 məzun isə 675 balla Bakı Ali Neft Məktəbinə qəbul olunub. Həmin ali təhsil müəssisəsinin rektoru tərəfindən məktəbin rəhbərliyinə məzunlarının yüksək nəticələr göstərdiklərinə görə təşəkkür məktubu göndərilib.
Onu da qeyd edək ki, təhsil müəssisəsində şagirdlərin yüksək bilik alması ilə yanaşı, həmçinin mütaliə mədəniyyətinin yüksəldilməsinə, onların bədii-estetik zövqə, eyni zamanda hərtərəfli dünyagörüşünə malik gənclər kimi formalaşmasına xidmət edən tədbirlər də diqqətdə saxlanılan məsələlərdəndir.
Elə təhsil ocağının “İmzalı görüş” layihəsi çərçivəsində Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə keçirdiyi “Dünya bir nərdivandı...” adlı ədəbi-bədii tədbir də məktəbin növbəti belə uğurlu işlərindən idi.
Təhsil müəssisəsinin qonağı olan xalq şairi Nəriman Həsənzadə burada aparılan tədris prosesi ilə yaxından tanış olmaq məqsədi ilə siniflərə baş çəkərək şagird və müəllimlərlə səmimi söhbət etdi. X sinif şagirdlərinin hazırladıqları sürpriz isə şairi kövrəltdi. Belə ki, Nəriman Həsənzadənin şagird obrazını yaradan X sinif şagirdi Murad Hüseynovun görkəmli ədibin vaxtilə məktəb xatirələrində qeyd etdiyi kimi pəncərə tərəfdə 2-ci sırada əyləşməsi onu bir anlıq məktəb illərinə qaytardı. Bu ani görüşdən təsirlənən şair müəllim və şagirdlərə bir sıra tövsiyələrini verməyi də unutmadı.
Sonra akt zalında şairin məktəbin pedaqoji kollektivi və şagirdlərlə görüşü keçirildi.
Tədbiri məktəbin direktoru Tünzalə Zeynalova açaraq xalq şairi Nəriman Həsənzadə ilə görüşdən məmnunluq hissi duyduqlarını bildirdi, dəvətlərini qəbul etdiklərinə görə şairə və digər qonaqlara kollektiv adından təşəkkür etdi. Direktor imzası imzalar içində sevilən, seçilən, görkəmli sənətkar, qələm ustadı, xalqımızın sevimli şairi Nəriman Həsənzadənin yaradıcılığından söz açdı: “Nəriman Həsənzadə poeziyası gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran əsl şair kimi daim axtarışdadır. Onun poetik düşüncələri yorulmaq bilmir. Bizlərə hər zaman yeni əsərlər təqdim edir. Poeziya şairin həyatından keçən işıqlı, nurlu bir yoldur”.
Tədbirin aparıcıları Nəriman Həsənzadənin həyat və fəaliyyəti ilə bağlı ayrı-ayrı məqamlarından söz açdıqdan sonra şagird və müəllimlərin hazırladıqları musiqili-bədii kompozisiya nümayiş etdirildi. Həzin ovqat üzərində köklənən, kövrək duyğularla müşayiət olunan tədbirdə görkəmli ədibin yaradıcılığından bəhs edən videoçarxın göstərilməsi, şagird və müəllimlərin ifasında Nəriman Həsənzadənin müxtəlif mövzularda yazdığı şeirlərin səsləndirilməsi, məktəbin rus bölməsinin şagirdlərinin hazırladıqları “Nabat xalanın çörəyi” səhnəciyi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirdə iştirak edən xalq şairi Nəriman Həsənzadənin yaxın dostu Cənubi Azərbaycandan olan şair Aqşin Ağkəmərli, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və başqaları şairin yaradıcılığı ilə bağlı təəssüratlarını bölüşdülər. Qeyd olundu ki, Nəriman Həsənzadə XX əsrin 60-cı illərində sənət üfüqlərində parlayan şairlərimizdəndir. Onun qəlbi sevgi ilə doludur. O, bu sevgini böyük ustalıqla əsərlərə, misralara köçürür ki, bizlər ondan pay götürək, ruhumuzu təzələyək. Nəriman Həsənzadə şeirində də, nəsrində də, dramaturgiyasında da, hətta publisistikasında da şairdir. Şair oxucunu dostu, sirdaşı kimi dindirir, onun sevincinə, arzusuna, kədər və həyəcanına şərik edir.
Çıxışlarda həmçinin görkəmli ədibin mənəvi keyfiyyətlərindən söz açıldı. Onun yaradıçılığında Vətənə, torpağa dərin məhəbbət ruhunun xüsusi önəm daşıdığı qeyd olundu.
Çıxış üçün söz alan xalq şairi Nəriman Həsənzadə belə bir yüksək səviyyədə tədbir keçirdiklərinə görə məktəbin rəhbərliyinə, müəllim və şagirdlərə təşəkkürünü bildirdi. Ən çox sevdiyi şeirlərini söyləyən şair ona ünvanlanmış çoxsaylı sualları da cavablandırdı.
Sonda Nəriman Həsənzadə imzalı kitablarını tədbir iştirakçılarına təqdim etdi.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.15.