Beynəlxalq müsabiqələrin yeniyetmə qalibləri
3 nömrəli Uşaq-Gənclər İnkişaf
Mərkəzinin yetirmələri
mükafatlandırılıb
Hər zaman respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə fəal iştirak edərək yüksək nailiyyətlər qazanan 3 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin yetirmələri üçün başa vurduğumuz 2017-ci il də uğurlu olub. Belə ki, mərkəzin rəsm studiyasının üzvlərindən 13 nəfəri Hindistan və 2 nəfəri isə Yaponiyada keçirilmiş Beynəlxalq rəsm müsabiqələrində yüksək nailiyyətlər qazanıblar.
Yanvarın 29-da 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi filialında beynəlxalq rəsm müsabiqələrində qalib gələn uşaqların mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova, Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və ictimai əlaqələr üzrə rəhbəri Saki Uçidate iştirak ediblər.
Mərasimi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti açaraq mərkəzin yetirmələrinin istər ölkə daxilində, istərsə də dünyanın bir çox ölkələrində keçirilən müsabiqə, festival və sərgilərdə çoxsaylı uğurlu nəticələr qazandıqlarını diqqətə çatdırıb. Rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən studiyalarda incəsənətin müxtəlif növləri üzrə olduqca istedadlı, bacarıqlı uşaqların məşğul olduqlarını deyən direktor onların nəticələri ilə qürur duyduğunu söyləyib. Lalə Qəti başa vurduğumuz 2017-ci ilin də mərkəz üçün növbəti uğurlu illərdən biri kimi yaddaqalan olduğunu diqqətə çatdırıb. Bildirib ki, Hindistanda keçirilmiş Beynəlxalq gənclər və uşaqların rəsm sərgisində yüksək nəticələri ilə fərqlənən mərkəzin 13 gənc rəssamından 2 nəfəri - İsmət Mirzəli, Hüseyn Cabbarov I yeri tutaraq qızıl medala, 4-ü münsiflər heyətinin xüsusi diplomuna, 7-si isə diplomlara layiq görülüb. Yaponiyada keçirilmiş “Planetimizi qoruyaq” adlı 18-ci Beynəlxalq rəsm müsabiqəsində isə mərkəzin rəsm studiyasının üzvləri 12 işlə qatılıb və iki gənc rəssam Tural Ağakişiyev və Güldanə Pənahova I yerə layiq görülüb. Mərkəzin rəsm studiyasının rəhbəri Nərmin Abdullayeva da hər iki müsabiqənin xüsusi diplomları ilə təltif olunub.
Bu münasibətlə hər bir kəsi təbrik edən Lalə Qəti mərkəzin uğurlarının davamlı olmasını arzulayıb.
Mərasimdə iştirak edən Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, Yaponiyanın ölkəmizdəki səfirliyinin mədəniyyət və ictimai əlaqələr üzrə rəhbəri Saki Uçidate , Təhsil Nazirliyinin sektor müdiri Ayla Həsənova çıxış edərək beynəlxalq müsabiqələrdə yüksək nəticələr göstərən uşaqları təbrik ediblər, onlara ən xoş istəklərini çatdırıblar.
Sonra qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub.
Tədbir mərkəzin “Azəri inciləri”rəqs qrupunun ifasında Azərbaycan, hind, yapon rəqsləri, vokal dərnəyinin və qalib uşaqların çıxışları ilə davam etdirilib.
Tədbirdən sonra beynəlxalq rəsm müsabiqələrinin qalibləri və mərkəzin rəsm studiyasının rəhbəri Nərmin Abdullayeva öz sevinc hisslərini “Azərbaycan müəllimi” qəzeti ilə paylaşıblar.
“Sevinirəm ki, mərkəzin
istedadlı yetirmələri içərisində mənim də
adım xüsusi qeyd olunur”
Tural Ağakişiyev: - Bakıdakı 67 nömrəli tam orta məktəbin IX sinfində oxuyuram. 5 ildir ki, 3 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin rəsm studiyasında məşğul oluram. Studiyanın rəhbəri Nərmin Abdullayevadan rəsm sənətinin bütün incəliklərini öyrənməyə çalışıram. Məşğul olduğum bu illər ərzində istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən bir çox rəsm müsabiqələrində iştirak edərək müvafiq yerləri tutmuşam. 2017-ci ilin sonunda Yaponiyada keçirilən “Planetimizi qoruyaq” adlı 18-ci Beynəlxalq rəsm müsabiqəsinə təbiətə həsr etdiyim əl işimi göndərdim və I dərəcəli mükafata layiq görüldüm. Bu, mənim beynəlxalq miqyasda qazandığım ilk ən yüksək mükafatdır. Sevinirəm ki, mərkəzin istedadlı yetirmələri içərisində mənim də adım xüsusi qeyd olunur. Özümə və uğur qazanmış yoldaşlarıma nailiyyətlərimizin çox olmasını arzulayıram.
Həm təhsil almaq, həm də
rəsmlə məşğul olmaq mənə
zövq verir
İsmət Mirzəli: - 4 ildir ki, mərkəzin rəsm studiyasının üzvüyəm. Rəssamlığa böyük marağım var. Rəsmə olan sevgim mənə sevimli rəsm müəllimim Nərmin Abdullayevadan keçib. Çəkdiyim rəsm əsərlərində fikir və düşüncələrimi çatdırmağa çalışıram. Bu günə qədər bir çox müsabiqələrə qatılmışam. “Hind qızı” adlandırdığım sonuncu rəsm əsərim Hindistanda keçirilmiş Beynəlxalq gənclər və uşaqların rəsm sərgisində qızıl medala layiq görülüb. Bu dəfə müsabiqəyə qatılanda inanırdım ki, I yerə layiq görüləcəyəm. Elə də oldu. Bəzən deyirlər ki, dərslər o qədər ağırdır ki, uşaqlar əlavə heç bir işlə məşğul ola bilmirlər. Mən isə fikirləşirəm ki, bu, yanlış bir fikirdir. Mən özüm Bakıdakı 229 nömrəli tam orta məktəbin VIII sinif şagirdiyəm. Əlavə olaraq rəsmlə məşğul olmağım mənə maneçilik yaratmır, əksinə həm təhsil almaq, həm də rəsmlə məşğul olmaq mənə zövq verir, özümü daha rahat hiss edirəm. Sanki biri digərini tamamlayır. Özümü gələcəkdə tanınmış rəssam və ya dizayner görmək istəyirəm.
“2017-ci il mənim həyatımda ən
yaddaqalan il oldu”
Güldanə Pənahova: - 2017-ci il mənim həyatımda ən yaddaqalan il oldu. Hər iki müsabiqədə iştirak edərək yüksək nəticə qazanmışam. Belə ki, Hindistanda keçirilmiş Beynəlxalq gənclər və uşaqların rəsm sərgisində çəkdiyim rəsm əsəri münsiflər heyətinin xüsusi diplomuna, digər əsərim isə Yaponiyada keçirilən “Planetimizi qoruyaq” adlı 18-ci Beynəlxalq rəsm müsabiqəsində I dərəcəli mükafata layiq görülüb. İkiqat sevinc hissi keçirirəm. 160 nömrəli Klassik Gimnaziyanın IV sinif şagirdiyəm. Dərslərimi də yaxşı oxuyuram. İstəyirəm ki, çəkdiyim rəsmlərimlə hamı tərəfindən tanınaraq sevilim.
“Bu, mənim qazandığım ilk
beynəlxalq miqyaslı uğurumdur”
Hüseyn Cabbarov: - “Cırtdan” rəsm əsərim Hindistanda keçirilmiş Beynəlxalq gənclər və uşaqların rəsm sərgisində qızıl medala layiq görülüb. Mən Azərbaycan nağıllarını, folklorumuzu, dastanlarımızı çox sevirəm. Ona görə də nağıllarımızdan birinin əsas qəhrəmanlarından olan Cırtdanı çəkdim və bu işim mənə uğur gətirdi. Müxtəlif beynəlxalq müsabiqə və sərgilərdə iştirak etmişəm. Bu, mənim qazandığım ilk beynəlxalq miqyaslı uğurumdur. Mənə düz yol göstərdiyinə, məndəki potensialı gördüyünə və üzə çıxardığına görə, ilk növbədə, rəsm studiyasının rəhbəri Nərmin Abdullayevaya minnətdaram. Artıq məni mərkəzdə, həmçinin təhsil aldığım Bakıdakı 145 nömrəli tam orta məktəbdə tanıyırlar. Bu, mənim xoşuma gəlir. Nailiyyətlərim ilə ailəmi, məni tanıyanları hər zaman sevindirmək istəyirəm.
Hər bir müəllim
uşaqların üzərində çəkdiyi əziyyətin
bəhrəsini görəndə sevinir
Nərmin Abdullayeva:
- Artıq 13 ildir ki, mərkəzdə
çalışıram. Rəsm studiyasının rəhbəriyəm.
Təbii ki, hər bir
müəllim uşaqların üzərində çəkdiyi
əziyyətin bəhrəsini görəndə sevinir. Məşğul olduğum
uşaqlar müsabiqə və sərgilərdə
yüksək yer tutanda
mənim də sevincimin hədd-hüdudu olmur. Onların uğuru mənim
uğurumdur. Sonuncu hər
iki müsabiqədə müəllim kimi mən də xüsusi
diplomla təltif olundum.
Bilirsiniz, deyirlər ki,
rəsmlər uşaqların daxili
dünyasına açılan qapıdır. Bu
fikirlə tamamilə razıyam. Rəsm uşaqlarda
təfəkkürü, təsəvvürü, zövqü, estetik tərbiyəni
inkişaf etdirməklə yanaşı,
onların yaradıcılıq potensialını üzə
çıxarmağa, asudə vaxtını səmərəli
keçirməyə də imkan
yaradır. Bizim mərkəzin
qapıları hər bir istedadlı,
bacarıqlı uşağın üzünə
açıqdır. Mərkəzin hər zaman
nailiyyətləri ilə birinci
olmasının ən vacib şərtlərindən
biri buraya peşəkar
və olduqca tələbkar Lalə Qətinin
rəhbərlik etməsi və ətrafına öz
işini bilənləri
toplamasıdır. Uğurlarımız bol
olsun.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-
2018.- 2 fevral.- S.14.