“Bu mükafat mənim
üçün böyük etimaddır”
14 sentyabr 1994-cü ildə Gəncə
şəhərində anadan olub. Şəhər 29
nömrəli tam orta məktəbdə təhsil alıb.
2011-2012-ci illərdə ABŞ Dövlət
Departamentinin mübadilə proqramı olan “Gənc Liderlərin
Mübadilə Proqramı” (FLEX) çərçivəsində
Amerikada təhsil alarkən könüllülük təşkilatlarına
qoşulub. Azərbaycana qayıtdıqdan sonra “Gələcəyə
Körpü” Gənclər İctimai Birliyində beynəlxalq
əlaqələr koordinatoru kimi bir il
könüllü kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.
2013-cü ilin yanvarında Gəncənın
“Avropa Gənclər Paytaxtı 2016” seçilməsi məqsədilə
yaradılmış komitənin sədri seçilib. Bir
il ərzində aparılmış işlər sayəsində
Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı elan
olunub.2015-ci ilin fevralında BMT-nin Sosial və İqtisadi
Şurasının hər il Nyu-Yorkdakı Baş Qərargahında
təşkil etdiyi Gənclər Forumunda Azərbaycanı təmsil
edib, çıxışında 17 Dayanıqlı
İnkişaf Məqsədlərinin gələcəkdə
icra olunması ilə bağlı təkliflərini səsləndirib.2016-cı
ilin mayında Azərbaycan Respublikası Gənclər Təşkilatlarının
Milli Şurasının sədr müavini seçilib. Milli Şuranı BMT-nin və Avropa
Şurasının tədbirlərində, Dünya Demokratiya
Forumunda, Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil
edib.Hazırda işlədiyi əsas qurumlardan biri Avropa
Şurasıdır. Avropa Şurasının “Nifrət
Nitqinə Yox” hərəkatının Azərbaycan üzrə
koordinatoru kimi 2 il ərzində
kampaniyanın Azərbaycanda keçirilməsini, layihələrin
reallaşdırılmasını təmin edib. 2016-cı ilin
noyabrında Avropanın ən böyük gənclər
platforması olan Avropa Gənclər Forumunun üzvlük
komissiyasının 4 üzvündən biri seçilib və
beləliklə, Şərqi Avropanı və Qafqazı təmsil
edən tək nümayəndə kimi fəaliyyətə
başlayıb. Hazırda Şərqi
Avropanın və ölkəmizin maraqlarının Avropa Gənclər
Forumunda qorunması üçün çalışır.
2017-ci ildə Kolumbiyada təşkil olunan “Həmrəy Gənc
Dünya Sammiti 2017”-də iştirak edən dünya ölkələrinin
liderləri, aparıcı şirkət rəhbərləri ilə
iş əlaqələri qurub. “Gələcəyə
körpü” Gənclər İctimai Birliyinin və ABŞ-da
təhsil almış Məzunlar Şəbəkəsinin
üzvüdür. İctimai fəaliyyəti ərzində
müxtəlif mövzuları əhatə edən 8 beynəlxalq
və 14 yerli layihə hazırlayıb və icra edib.-
Artıq 6 ildir ki, gənclər sahəsində fəaliyyət
göstərirəm. Əsasən beynəlxalq əlaqələr
üzrə çalışıram və müxtəlif
ölkələrin gənclərlə işləyən
qurumları ilə əlaqələr qururam. Təcrübəmə
əsasən, çalışdığım bir çox
ölkələrdə gənclər sahəsi üzrə
işləyən gənclərin fəaliyyəti
könüllü olur və gənclərlə iş
üçün adətən heç bir mükafat
alınmır. Bu səbəbdən bu
mükafatın təqdim edilməsi mənim üçün
böyük etimad göstəricisi oldu. Bu il
Prezident mükafatına layiq görülmək mənim
üçün gözlənilməz idi. İnanıram
ki, Prezident mükafatı yalnız indiyə qədər həyata
keçirdiyim təşəbbüslərin qiymətləndirilməsi
deyil, bundan sonra da fəaliyyətim üçün bir təkan
olacaqdır. Mənə göstərilən bu etimad və
qiymətləndirmə üçün dərin təşəkkürümü
bildirirəm!
Aysun ZEYNALOVA,
Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının sədr müavini
Azərbaycan
müəllimi.- 2018.- 9 fevral.- S.5.