Məktəbdə
sosial şəbəkələr
Dəftər-qələm dövrü
tarixə çevrilir
Sosial şəbəkələrdən tədris prosesində yararlanmaq olarmı? Müəllimlər bu barədə nə düşünür? Bəs, valideynlər?
Sirr deyil ki, sosial şəbəkələrdən ən çox istifadə edən məhz gənc nəsildir. Ona görə də şagird və tələbələrin bu suala cavabının müsbət olacağına şübhə yoxdur. Valideynlərlə isə vəziyyət fərqlidir: onların böyük əksəriyyəti bu qənaətdədirlər ki, Facebook və Twitter uşaqlarına dəyərli heç nə verə bilməz. Qalır müəllimlər. Şagirdlərin bəxtindən sosial şəbəkələrdən istifadə etməklə təhsil səviyyəsində irəliləyiş əldə etməyi mümkün hesab edən müəllimlər var.
Parta arxasında
Twitter
Sinqapur Cənub-Şərqi Asiyanın
iqtisadi lideridir. Ölkə iqtisadiyyatı
dünyanın 10 ən
rəqabətə dözümlülərindən
biridir. Burada əmindirlər ki,
maliyyə yüksəlişinə
nail olmağın yeganə
yolu təhsildir.
Bu səbəbdən hökumət sosial şəbəkələrin təhsil
prosesində oynaya biləcəyi müsbət
rola dair təşəbbüsləri diqqətlə
öyrənir.
“Gələcəyin
məktəbi”. Adi dövlət məktəblərindən
biri belə statusa tədris prosesində sosial şəbəkələrdən istifadə etmək qərarına gəldikdən
sonra yiyələnib.
Dövlət məktəbi ən
son növ laboratoriya ilə təchiz edib. Burada sınaqdan çıxarılan
texnologiyalar və ssenarilər uğurla nəticələnərsə, gələcəkdə
digər dövlət
məktəblərində də
tətbiq olunacaq.
Budur, riyaziyyat müəllimi növbəti dərsi izah edir, şagirdlərə
tapşırıq verir
və cavabları onun Twitter ünvanına göndərmələrini istəyir.
Facebook vasitəsilə müəllimlər
uşaqlara yeni mövzuya dair mənbələri göndərirlər.
Twitter-dən ən çox ingilis dilində istifadə olunur. Ölkə iqtisadiyyatı və incəsənətin əsasları
dərslərində uşaqlar
aktiv formada şəkil mübadiləsi
saytlarından yararlanırlar.
Müəllimlər mütəmadi olaraq sosial şəbəkələrdəki
səhifələrini diqqətdə
saxlayırlar. Onların sözlərinə görə, layihəyə
start veriləndən etibarən
özləri də uşaqlardan çox mətləbi öyrəniblər.
Müəllimlərin iş əsnasında sosial mediaya müraciətləri
nə qədər düzgündür? Axı çoxları
sosial şəbəkələri
hələ də bir istirahət forması hesab etməkdədirlər. Nəyə görə
gündəlik şəbəkə
texnologiyalarından dərslərdə
istifadə tərəfdarlarının
sayı artır?
Nyu-Yorkun Kolumbiya Universitetinin professoru Srinat Srinivasan hesab edir ki, hazırda
təhsil prosesində
ciddi dəyişikliklər
baş verir və bunlar əsas etibarilə sosial şəbəkələrdən
istifadə ilə bağlıdır. Professora görə, sosial şəbəkələr
həyatımızın bir
parçasına çevrildiyi
kimi də təhsilin ayrılmaz hissəsi olacaq. Srinivasanın mühazirələri də əsasən bu problemə həsr edilir. O, dərs ərzində bütün tələbələri
ilə qrup və fərdi qaydada yalnız sosial şəbəkə
vasitəsilə ünsiyyətdə
olur. Eyni zamanda professor hesab edir ki, sosial
şəbəkələr vasitəsilə təhsil oyun deyil, ehtiyatla
davranış tələb
edən incə alətdir: “Mən hər bir post və ya tvitimə
3-6 dəqiqə vaxt sərf edirəm. Hər şeyi yoxlamalı və dəqiqləşdirməliyəm.
Mən həmişə
deyirəm ki, gündəlik fəaliyyətimdə
sosial şəbəkələr
yeganə səbəb
ola bilər
ki, işdən azad olunmağımda rol oynayar. Ona görə
də çox ehtiyatlı olmaq lazımdır. Məsələn, bizim yazdıqlarımızın
hamısı Konqresin kitabxanasında arxivləşdirilir.
Odur ki, mən tvit
və postlarımı
indiki nəslə deyil, öz nəvə-nəticələrimə yazıram”.
Ana-bala onlayn
Kolumbiyanın paytaxtı Boqotada tədris proqramını iki dildə keçən Riçmond məktəbi maraqlı layihə reallaşdırır. Müəllimlər və şagirdlərlə
yanaşı, valideynlər
də sosial şəbəkələrdən tədris prosesində yararlanmağın mümkünlüyünə
dair proqramın iştirakçılarıdırlar. Bundan əvvəl məktəb 9-12 yaşlı
12 uşağın iştirakı
ilə kiçik pilot
layihə həyata keçirib. Məqsəd uşaqların Facebook,
Prezy və Google-dan istifadəni öyrənmələri və
bildiklərini dostları
ilə paylaşmaları
olub. Layihə elə uğurla
başa çatıb
ki, məktəb rəhbərliyi nəticələri
informatika dərsinin proqramına daxil edib. Məktəbdə valideynlərin iştirakı
ilə tez-tez seminarlar keçilir, şagirdlər ana və ataları ilə sosial şəbəkələrin xeyirli
tərəflərinə dair
fikirlərini bölüşürlər.
Lauranın anası Marta yaşayış
kooperativinin meneceridir. “Euronews”da
təqdim olunan materialda qeyd edilir ki, Marta sosial şəbəkələrdən
istifadə və iş prosesində yararlanmanı qızından
öyrənib. O, öz
səhifəsində müştərilərinə
akkuantlar açır,
fikir mübadiləsi aparır, sənədləri
paylaşır. “Əvvəl mən Facebook haqqında eşidərkən düşünürdüm
ki, bu nədirsə,
çox çətin
məsələdir. İndi isə
görürəm ki, xeyr, həm də xeyirlidir. Biz qızımla əyləşib
birlikdə əvvəl
mənim, sonra onun səhifəsinə baxırıq. Bu, bizi
bir-birimizə çox
yaxınlaşdırıb”, - deyə Marta bildirir.
Sosial şəbəkələr
yazmağı öyrədir
Fransa məktəblərində aktiv
şəkildə sosial
şəbəkələrdən istifadə etməyə başlayıblar. Burada hesab olunur ki, dəftər və qələm keçmişdə qaldı
- onları planşetlər
əvəzləyir. Jan-Roş Masson heç vaxt sosial şəbəkələrdə
vaxt keçirməyin
həvəskarı olmayıb.
Ancaq o, Avropada dərslərdə
sosial şəbəkələrdən
oxu və yazı məşğələlərində
istifadə edən ilk
müəllimdir. Təbii ki,
uşaqlar əvvəl
kompüterdən istifadəni
öyrənirlər. Sonra isə
Twitter-də yazı-pozu
işləri gəlir.
Twitter-də işləmək
belə demək mümkündürsə, uşaqların
nail olacaqları son məqsəddir.
Bir sözü və yaxud ifadəni yazmaq üçün uşaqlar müəllim nəzarətində, bir-birlərinə
kömək etməklə
sensorlu ekrandakı hərflərdən istifadə
edirlər. Ancaq bu heç də o demək deyil ki, onlar qələmlə
kağızda yazmağı
bilməyəcəklər. Bir çox halda elə olur ki,
uşaq oxumaq və yazmaqla bağlı elementar çətinliklər çəkir.
Ancaq
Twitter-də bu işi uğurla edir. Jan-Roşun
da əsas məqsədi motivasiyadır.
Uşaqlar üçün belə dərs darıxdırıcı məcburiyyət
deyil, sadəcə bir həzzdir. Müəllim hər ilin əvvəlində valideynlərlə
keçirdiyi iclasda dərsin mahiyyəti barədə məlumat verir. Bir iclas kifayət
edir ki, valideynlərin narahatlıqları
əminliklə əvəz
olunsun. Jan-Roş şagirdləri ilə birlikdə Twitter-də davranış kodeksi hazırlayıb.
Bu kodeks uşaqları
sosial şəbəkələrdə
və internetdə mövcud olan təhlükələrdən qoruyur.
Sosial şəbəkələrdə
ingilis dili
Bir sıra mütəxəssislər
hesab edirlər ki, sosial şəbəkələrdə
ünsiyyət uşaqların
ingilis dilinə yiyələnmələrinə təkan verə bilər. Məsələn, hər bir şagird istənilən xaricdəki həmyaşıdı
ilə sosial şəbəkə vasitəsilə
ingilis dilində ünsiyyət qurar və bu yolla
dil bilgisini təkmilləşdirər. Cənubi Koreyada bu təcrübədən
gen-bol istifadə edirlər. Seul yaxınlığında fəaliyyət göstərən
məktəblərdən biri
Britaniya Şurasının
təhsil proqramının
iştirakçısıdır. Proqramın məqsədi ingilis dilinin öyrənilməsi
və müxtəlif ölkələrin mədəniyyətləri
ilə tanışlıq
prosesində beynəlxalq
əməkdaşlığın koordinasiyası üçün
yüksək texnologiyalardan
istifadədir.
Bu məktəbdə
siniflərdə dərs
zamanı sosial şəbəkələr vasitəsilə
ünsiyyətdə olmaq
nəinki cəzalandırılır,
hətta müsbət
qarşılanır. Üstəlik, bunu etmək üçün xüsusi
dərslər də mövcuddur. Həftədə bir dəfə uşaqlar xarici ölkələrdən birində
yaşayan həmyaşıdları
ilə məktəb həyatı barədə
fikir mübadiləsi aparırlar. Mütəxəssislər hesab edir ki,
bu, uşaqlarda ingilis dilində danışmaq bacarığını
inkişaf etdirir.
Nəticədə 11 yaşlı uşaq
sərbəst şəkildə
ingiliscə danışa
bilir. Sinifdə Skype və Facebookdan
istifadə tam azaddır,
ancaq təbii ki, müəllim nəzarətində. Hazırda Seulun
70-dən çox məktəbi
bu proqrama qoşulub.
“İnternetin
İnkişafı Fondu”
və Google-nin
2013-cü ildə həyata
keçirdiyi araşdırmanın
nəticələrindən belə məlum olub ki, valideynlərlə
uşaqların rəqəmsal
texnologiyalara dair bilikləri demək olar ki, eyni
həddədir. Buradan belə bir nəticə hasil olur ki, böyüklər
uşaqların sosial şəbəkələr və
internetdə çox olmalarından ona görə ehtiyat etmirlər ki, kifayət qədər məlumatlıdırlar. Narahatlığın səbəbi budur ki, onların da internet barədə yetərincə informasiyaları
yoxdur. Bu səbəbdən
böyüklərdə uşaqların
internetdən istifadə
edərkən qarşılaşa
biləcəkləri təhlükələrə
dair xeyli yanlış təsəvvür
var. Bu yanlışlıqlar əsas etibarilə aşağıdakılardır:
- Sosial şəbəkələrdə ünsiyyət quran uşaq bunu real həyatda edə bilməyəcək;
- Uşaqlar onlayn ünsiyyət zamanı qarşılaşdıqları
təhqiredici və alçaldıcı ifadələri
həzm etməyə hazır deyillər;
- Sosial şəbəkələrdə çox vaxt keçirmək təhlükəlidir;
- Uşaq 13 yaşadək sosial şəbəkələrdən istifadə etməməlidir.
“Pearson Learning Solutions”un keçirdiyi sorğuların nəticələrinə
görə, sosial şəbəkələrdən təhsil prosesində istifadə tendensiyaları
sürətlə artır.
Özü də əsas etibarilə təhsil səviyyəsi
yüksək olan ölkələrdə. Bu halda nədən
qorxmalı və ehtiyat edilməlidir?
Təbii ki, internet təhlükəli
informasiya ilə doludur.
Ancaq guya real həyatımızda təhlükə
azdır? Uşaqlarımızı necə real
həyatda qoruyuruq, eləcə də
internetdə təhlükələrə qarşı sədd
çəkə bilərik. Necə deyərlər: məlumatlandırılıbsa,
silahlanıb.
Rüstəm
QARAXANLI
Azərbaycan
müəllimi.- 2018.-9 fevral.- S.1; 6.