Məktəb direktoru kollektivi dəyərləndirməyi
bacarmalıdır
Təhsil
müəssisəsinin rəhbəri idarəetməni pedaqoji
heyətlə birlikdə həyata keçirməlidir
Bakı Şəhəri üzrə
Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin
birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin
məqsədi məktəb direktorlarının rəhbərlik
etdikləri təhsil müəssisələri haqqında qələmə
aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin
təşkilində həm pedaqoq, həm də rəhbər
kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə
çatdırmaqdan ibarətdir.
Layihədə məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymağa da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.
Məktəb minlərlə müəllim və şagirdi özündə birləşdirən böyük bir ailədir. Bu ailənin yaranması və formalaşması bir çox amillərdən asılıdır. Bu amillərə, ilk növbədə, sağlam pedaqoji mühit, məsuliyyətli kollektiv, şagird, müəllim və valideynlərin bir məqsədə yönəlmiş birgə fəaliyyəti və digər bu kimi məsələlər daxildir. Ailənin rəhbəri sayılan direktorun əsas vəzifəsi isə məktəb üçün düzgün istiqamətlər müəyyənləşdirmək, kreativ düşünən müəllimləri dəstəkləmək, məktəbin gündəlik həyatına yeni rəng qatan, bu mühitə canlanma və maraq gətirən, kollektiv tərəfindən alqışlanan yenilikləri qəbul edərək reallaşdırılmasına kömək göstərməkdən ibarətdir. Yalnız bu halda ailəyə bənzətdiyimiz məktəbin uğurları daim artır.
Kollektiv formalaşdırmağın iki yolu
Öncə qeyd edim ki, uğur qazanmaq üçün məktəb rəhbəri, ilk növbədə, müəllim, şagird və valideynlərlə işi düzgün qurmalıdır. Bunun üçün direktor hər kəs tərəfindən şəxsiyyət kimi qəbul olunmalıdır. Amma bu, bir günün işi deyil. O, bunu fəaliyyəti dövründə zaman-zaman sübut etməlidir. Çünki məktəb kollektivinin formalaşdırılması bir neçə mərhələdən ibarət böyük bir prosesdir. Bu proses çərçivəsində əvvəlcə direktor ətrafına fikirlərini dəstəkləyən, onunla həmfikir olan adamlar toplamalıdır. Bunu da həyata keçirməyin iki yolu var. Belə ki, daha asan və tez həyata keçən birinci yol ondan ibarətdir ki, məktəbə yeni təyin olunan direktor özü ilə tanıdığı, inandığı kadrları gətirir və onlarla işi qurur. Lakin əksər vaxtlarda belə hallarda kollektivdə fikir ayrılıqları əmələ gəlir ki, bu da tədrisə zərər vurur.
İkinci yol isə daha çətindir və uzun vaxt tələb edir. Belə ki, bu yolu seçən direktor heç bir kadrı dəyişmədən illərlə məktəbdə çalışan şəxslərin düşüncə tərzini dəyişərək onlarla işləməyə başlayır. Mən öz fəaliyyətimdə həmişə ikinci yolu seçmişəm. Bu yol çətin və ağır olsa da, yaxşı nəticə verir. Zaman keçdikcə məktəb kollektivi və direktor bir-birlərini qəbul edərək vahid ailə kimi işləməyə başlayır. Bu ailənin hər bir üzvünün müvəffəqiyyəti bütün kollektivin uğuruna çevrilir. Hamı rəhbərliyin göstərişlərini anlayaraq qəbul edir və onu daha tez həyata keçirməyə çalışır. Yalnız belə mühit yaranandan sonra kollektivdə ayrı-ayrı liderlər formalaşır. Onlar təşəbbüslərlə çıxış edir, ideyalar ortaya qoyur, layihələr hazırlayır və ətrafdakı müəllim yoldaşlarını da bu işə cəlb edirlər.
Əlverişli mühit və nəticə
Məktəbdə yaradılan əlverişli şərait heç bir əlavə göstərişə ehtiyac duyulmadan təhsil müəssisəsində yeni böyük layihələr üzərində işin başlamasına səbəb olur. Həmin işlərə onlarla müəllim, yüzlərlə şagird cəlb olunur. Ötən illər ərzində məktəbimizdə bir çox belə layihə həyata keçirilib. Həmin layihələr artıq davamlı olaraq reallaşdırılır. Buna misal olaraq, “Azərbaycan-vətənim mənim” adlı layihəmizi göstərmək olar. Bu layihə çərçivəsində Azərbaycanın bölgələrinin təbiətini, flora və faunasını, adət- ənənələrini, mətbəxini əks etdirən V-XI sinif şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilir. Bundan başqa, məktəbimiz şagirdlərə rus və ingilis dillərinin öyrədilməsi ilə bağlı yeni layihələrə imza atıb. Qısa zamanda məktəbin ingilis dili müəllimlərinin köməyi ilə “Məktəblilər üçün Azərbaycan-ingilis dilində Tezlik lüğəti” hazırlanaraq çap olunub. Hazırda isə hər fənn üzrə ayrıca terminoloji lüğət hazırlanır. Bu lüğətin gələcəkdə şagirdlərə böyük köməyi ola bilər.
İşini düzgün quran məktəb direktoru həm də şagirdlərin ən böyük məsləhətçisi və dostu olmalıdır. Məktəbdə elə mühit yaradılmalıdır ki, şagirdlər düşündükləri məsələləri çəkinmədən məktəb rəhbərliyi və müəllimlərlə bölüşməyi bacarsın. Bu amili nəzərə alaraq ildə bir neçə dəfə IX, X, XI sinif şagirdləri ilə ayrı-ayrılıqda görüşlər keçirirəm. Bu görüşlərin məzmunu şagirdlər tərəfindən müəyyən edilir. Məsələn, sonuncu görüşlərdə IX sinif şagirdləri ilə təmayülləşmə, X sinif şagirdləri ilə təhsildə islahatlar, XI sinif şagirdləri ilə ixtisas seçiminə dair müzakirələr apardıq. Bu görüşlərdə şagirdlər fikirlərini, onları narahat edən məsələləri rəhbərliyə çatdırırlar. Biz də imkanlarımız daxilində onlara kömək etməyə, yol göstərməyə çalışırıq. Çox vaxt bu söhbətlər təkcə şagirdlər deyil, müəllimlər üçün də faydalı olur. Çünki görüşlər zamanı məktəblilərin düşüncələri, vətəndaşlıq mövqeyi və həyata baxışları ilə tanış oluruq. Sonrakı mərhələlərdə isə işimizi həmin amilləri nəzərə alaraq qurmağa çalışırıq.
Şagirdlərlə iş zamanı həmişə çalışıram ki, onlar daha kreativ, mobil, tənqidi təfəkkürlü olsunlar. Bununla bağlı məktəbimizdə uğurla həyata keçirilən “Orijinal ideyalar lövhəsi”ni xüsusi qeyd etmək istəyirəm. Məktəblilər bu lövhədə verilmiş tapşırığa uyğun kreativ düşüncələrini göstərirlər. Məsələn, “Yerdən aya körpünü necə tikmək olar?”, “Okeanın dibində məktəb”, “Planetlərdə həyatı necə qurmaq olar?” və digər bu kimi mövzularla bağlı şagirdlərin özünəməxsus fikirləri olur. Ən diqqətçəkən fikir irəli sürənləri isə elə şagirdlərin seçimi əsasında mükafatlandırırıq. Əlbəttə, lövhədə yazdığımız fikirlər reallıqdan uzaq olur. Amma həmin fikirlərlə məktəblilərin düşüncə tərzini inkişaf etdiririk. Bununla da onlar hər bir əşyanın, hadisənin, faktın müxtəlif cəhətlərini görməyə çalışırlar.
Layihələr çərçivəsində bu yaxınlarda VII sinif şagirdləri tərəfindən kimya fənni ilə bağlı hazırlanmış “Oksigenin məhkəməsi” tamaşasını da qeyd etmək lazımdır. Tamaşa məktəb kollektivi ilə yanaşı, valideynlər tərəfindən də maraqla qarşılanıb.
Ümumiyyətlə, direktor tərəfindən valideynlərlə iş əsasən məktəbdə təşkil edilən tamaşa, konsert və ədəbi gecələr vasitəsilə qurulur. Hər bir valideyn övladının səhnədəki çıxışını izləyərək onun nailiyyətlərini daha yaxşı görməyə çalışır. O, övladının göstəricilərini digər şagirdlərlə də müqayisə etmək imkanı qazanır. Çünki məhz birgə fəaliyyət zamanı onların bütün bacarıqları üzə çıxır. Həm də valideyn nəinki öz övladına, ümumilikdə, məktəbə, rəhbərliyə, kollektivə qiymət verir. Bu da məktəbin imicini formalaşdırır, nüfuzunu müəyyənləşdirir.
Bugünkü uğurun
sabahın nəticəsi ilə əlaqəsi
Hesab edirəm ki, bu məqalədə məktəbdə uğur qazanmağın yollarına qısaca toxuna bildim. Çünki istənilən halda məktəb-müəllim-şagird-valideyn birliyi düzgün qurularsa, orada nailiyyət əldə edilməlidir. İşi düzgün qurmağımız isə peşəmizi sevməyimizdən, işə məsuliyyətlə yanaşmağımızdan və hər ötən günə necə dəyər verməyimizdən asılıdır.
Sonda isə daha bir
fikrimi bildirmək istəyirəm. Belə ki, teatrın
foyedən başladığını
deyirlər. Bunu əsas
tutaraq biz deyə bilərik ki, məktəb ilk zəngdən
başlayır. Bu zəng isə məktəblə bağlı
olan hər bir insan üçün
önəmlidir. Çünki bu zəng məhz
onun məktəbinin zəngidir. Ürəyində “Mənim məktəbim”
anlayışı olan
hər bir insan üçün bu zəngdən gözəl musiqi yoxdur. Bu, onun
dünənki həyatını
bu günlə, bu gününü isə sabahın uğurları ilə birləşdirən zəngdir.
Rahim HÜSEYNOV,
193 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan müəllimi.-
2018.-9 fevral.- S. 7.