İlk dəfə
parta arxasına Bakı Dövlət Universitetində əyləşdi...
Gülməmməd
Məmmədov: “Oxumaq istəyirdim, həyatımı
yalnız bu şəkildə dəyişə biləcəyimi
dərk edirdim”
Bu gün kifayət qədər
gəncimiz xarici ölkələrdə yüksək təhsil
almaları, elmi nailiyyətləri ilə tanınır, əldə
etdikləri uğurları sayəsində adlarından söz
etdirməyi bacarırlar.
Müsahibimiz Gülməmməd
Məmmədov da uğur hekayəsini özü yazan belə gənclərimizdəndir. Əslən
laçınlı olan alim hələ tələbə ikən
qeyri-adi bilik və bacarığı ilə dünya alimlərinin
diqqətini özünə çəkməyi bacarıb.
Onun Azərbaycan elmi ictimaiyyəti
üçün də maraq kəsb edəcəyini
düşünərək işlədiyi ADA Universitetində
görüşüb söhbətləşməyi qərara
aldıq. Birlikdə alimin ömür səhifələrini
vərəqlədik, ağrılı-şirinli
uşaqlıq, tələbəlik illərinə, elmə gedən
yoluna nəzər saldıq...
Humanitar
yardımlar zamanı paylanılan dərs vəsaitlərindən
istifadə edirdim
1984-cü ildə
Laçın rayonu Şeylanlı kəndində anadan olub. İbtidai təhsilə
doğma kəndində başlasa da, sonradan rayonun ermənilər
tərəfindən işğalı nəticəsində evlərindən
məcburi köçkün düşərək Ağcabədi
rayon Taxtakörpü ərazisində yerləşən
qış yataqlarında məskunlaşıb. Həmin
zamanlar Laçın camaatının vəziyyətinin
ağır olduğunu, bu yataqlarda məktəb binası, həmçinin
müəllim kollektivi olmadığı üçün məktəbə
gedə bilmədiyini, adının sadəcə formal olaraq məktəb
jurnalında qeyd edildiyini deyən müsahibimiz uşaqlıq
arzularını bu şəkildə dilə gətirir: “Oxumaq
istəyirdim, həyatımı yalnız bu şəkildə
dəyişə biləcəyimi dərk edirdim. Uşaqlıqdan texniki avadanlıqlara, məişət
elektrik cihazlarına marağım var idi. Onların
işləmə mexanizmi məni çox
maraqlandırırdı”. Texniki
yönümlü fənləri yaxşı bilən atası
övladının texnikaya olan marağını görərək,
ona fizikanı öyrənməyi tövsiyə edir. Fizikanı öyrənmək üçünsə
riyaziyyatı da mükəmməl bilmək lazım idi.
Gülməmmədin isə dərs kitabları belə yox idi:
“O zamanlar humanitar yardımlar paylananda evdə məktəbli
uşağı olan sakinlərə dərs vəsaitləri də
verilirdi. Bu mənim işimi
asanlaşdırdı. 13 yaşımdan ibtidai sinif fənlərindən
tutmuş, yuxarı sinif fənlərinə qədər
öyrənməyə başladım.Yaşım az olsa da, daha yuxarı siniflər
üçün nəzərdə tutulan riyaziyyat, sonradan isə
fizika kitablarını maraqla oxuyurdum. Fizika
ixtisasına yiyələnməyi qarşıma məqsəd
kimi qoymuşdum. O zamandan etibarən ali
məktəblərə qəbul imtahanına heç kəsin
köməyi olmadan özüm hazırlaşmağa
başladım. Az sayda həll edə bilmədiyim
məsələləri və ya izaha ehtiyac yaranan
mövzuları o vaxtlar Bakı Dövlət Universitetinin
mexanika-riyaziyyat fakültəsində oxuyan böyük
qardaşım rayona tətilə gəldiyi zaman mənə
izah edərdi. O zamanlar imtahana salınan, lakin dərsliklərdə
olmayan bəzi mövzuları isə TQDK-nın dərc etdiyi
xüsusi buraxılış jurnallarından əldə etməli
idim. Həmin jurnalların alınmasına maddi
imkanım çatmadığı üçün rayon mərkəzində,
sanki oğurluq edirmiş kimi, qəzet köşklərində
ayaqüstü oxuyub öyrənirdim. Gördüyünüz
kimi, oxumaq üçün mənim nə rahat şəraitim,
nə də sevdiyim fənlərə
hazırlaşmağım üçün repetitor yanına
getməyimə valideynlərimin imkanı olub”.
Elmi sahədə
tanınmağı arzulayırdım
16 yaşında abituriyentlər
üçün nəzərdə tutulmuş sınaq
imtahanlarında iştirak edərək, 1-ci qrup üzrə
kifayət qədər yüksək bal
toplayır. 2001-ci ildə Laçın rayonu
Şeylanlı kənd 2 nömrəli məktəbi bitirməyi
ilə bağlı sənədi alır. Elə həmin
ili ali məktəblərə qəbul
imtahanlarında 509 bal toplayaraq Bakı Dövlət
Universitetinin fizika fakültəsinə qəbul olunur. “Məktəbli kimi parta arxasında əyləşdiyimi
heç cür xatırlaya bilməsəm də, ilk dəfə
tələbə kimi Bakı Dövlət Universitetində
partada əyləşdiyim gün yaxşı
yadımdadır” - deyir.
Və bu onun həyatının
yeni bir mərhələsinin, qarşısına qoyduğu məqsədlərə
çatmaq üçün gediləcək yolun
başlanğıcı idi. Yaşayışını
çox ağır şərtlərlə təmin etməsinə
baxmayaraq, birinci semestri əla qiymətlərlə başa
vurur. İkinci semestrdə isə ulu öndər Heydər
Əliyevin 80 illik yubileyinə həsr olunmuş ali məktəb tələbələrinin IX
Respublika Olimpiadasında fizika fənni üzrə I yerə
layiq görülür. Növbəti illərdə
də təhsilini eyni uğurlarla davam edir. 2005-ci ildə Bakı Dövlət Universitetinin
bakalavr pilləsini fərqlənmə ilə bitirir. Məzun günü yüksək təhsil göstəricilərinə
və ictimai fəallığına görə fizika
fakültəsinin ən yaxşı tələbəsi kimi fəxri
fərmanla təltif edilir. BDU-dan valideynlərinə
təşəkkür məktubu da göndərilir.
Gülməmməd Məmmədov fəaliyyətini
genişləndirmək, elmlə, tədqiqat işləri ilə
məşğul olmaq istəyir: “Mən universiteti əla qiymətlərlə
qurtarsam da, bununla kifayətlənmək istəmirdim. Artıq digər hədəflərim var idi. Elm sahəsində özümü sınamaq istəyirdim.
Əhatəmdə olanlar məndəki elmi
potensialı görürdülər. Mən elmi sahədə
tanınmağı arzulayırdım...”. Məhz buna görə də təhsilini davam etdirmək
məqsədi ilə BDU-nun magistraturasına qəbul olunur.
Rusiyalı alim
Emil Əhmədovla tanışlıq həyatımı
büsbütün dəyişdi
Hələ tələbəykən-3-cü
kursda Gülməmmədə Rusiyanın Nəzəri və Təcrübi
Fizika İnstitutunun (ITEP) professoru Emil Əhmədovun
AMEA-nın Fizika İnstitutunda Landaunun nəzəri fizika kursu
üzrə keçirdiyi seminarlarda iştirak etmək müyəssər
olur. O,
seminarlarda iştirakı və fəallığı ilə
rusiyalı alimin diqqətini cəlb edir. Professorun
suallarına verdiyi cavablarla qeyri-adi istedada malik olduğunu
göstərə bilən azərbaycanlı tələbəyə
təcili ingilis dilini öyrənmək tövsiyə olunur.
Professor gəncə elmi potensialının
güclü olduğunu, onun gələcəkdə dünya
elm arenasında tanınacağına ümid etdiyini deyir.
Xarici dil kursuna getmək
üçün maddi imkanı olmadığından, həmin
vaxt bu tövsiyədən Gülməmməd yararlana bilmir. Yalnız iki
ildən sonra magistr təhsili zamanı aldığı əlaçı
tələbə təqaüdü ilə 9 ay ingilis dili kursuna
gedir. İngilis dilini öyrənməsi,
sözün həqiqi mənasında, onun dünya elminə
gedən yoluna bir cığır açır.
2006-cı ildə Bakı Dövlət Universitetində
magistraturanın birinci kursunu əla qiymətlərlə
bitirdikdən sonra İtaliyanın Triest şəhərində
yerləşən və dünyanın ən nüfuzlu nəzəri
fizika mərkəzi olan Abdus Salam adına Beynəlxalq Nəzəri
Fizika Mərkəzinin (The Abdus Salam International Centre for
Theoretical Physics - ICTP) inkişaf etməkdə olan ölkələrdən
seçdiyi on tələbədən biri kimi birillik pre-doktoral
təhsil proqramına dəvət alır.
O, Triestə gedir. İtaliyadakı Mərkəz
tərəfindən təyin olunmuş tələbə təqaüdü
ilə (illik 12 000 avro) birillik proqramı qrup üzvləri
arasında fərqlənmə ilə başa vurub, 2007-ci ildə
ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz
Universitetində (Syracuse University) ən prestijli beşillik
magistr/doktorantura (graduate) təqaüdünü (illik 50000 $)
qazanır. Burada təhsilinə 2014-cü ilədək
davam edərək maye kristalları sahəsi üzrə
magistr, bioloji fizika sahəsi üzrə fəlsəfə
doktoru dərəcələrini alır.
“Rusiyalı professor, nəzəri
fizika üzrə dünya səviyyəli alim Emil Əhmədovla
tanışlıq həyatımı büsbütün dəyişdi”-deyən
Gülməmməd Məmmədov qazandığı hər
bir uğurunda ona mənəvi dəstək göstərdiyini
bildirir. Təhsil aldığı ölkələrdə bu
alimin onunla bağlı göndərdiyi təqdimatlarda, elmi fəaliyyəti
ilə əlaqədar verdiyi rəylərdə hər zaman ona
necə diqqət və həssaslıqla
yanaşdığını söyləyir.
Ağlıma da gəlməzdi
ki, xaricdə elmi fəaliyyətlə məşğul
olacağam
Azərbaycanlı gəncin təhsili
5 ildən çox sürdüyü üçün
qazandığı təqaüd proqramı bitdikdən sonra
Amerika Milli Elm Fondunun (National Science Foundation) qrantı və
universitetin tədqiqatyönümlü təqaüdləri ilə
elmi fəaliyyətini davam etdirir. “Ağlıma da gəlməzdi ki,
xaricdə elmi fəaliyyətlə məşğul olacağam”
- söyləyən azərbaycanlı alim bu müddət ərzində
elmi fəaliyyətlə yanaşı, doktorluq təhsilinin bir
komponenti kimi universitetin Mühəndislik və Həyat elmləri
(life sciences) fakültələrində bakalavr dərəcəsi
üzrə təhsil alan tələbələrə
mütəmadi dərslər keçərək, pedaqoji fəaliyyətlə
də məşğul olur. Doktorluq dissertasiyasını
(Measurement of the Membrane Electric Field and the Swimming Behavior of
Chlamydomonas reinhardtii: Experiments and Analytical Modeling) 2014-cü
ilin sentyabrında müdafiə etdikdən sonra 2015-ci ilin
mayınadək elmi rəhbərinin laboratoriyasında tədqiqat
aparan doktorantlara rəhbərlik etməklə yanaşı,
dissertasiyanın müdafiəsi zamanı ortaya çıxan bəzi
maraqlı problemləri araşdırmaqla fəaliyyətinə
davam edir.
Oxumaq, öyrənmək,
daha da təkmilləşmək. Bu hədəflərinə
sadiq qalan Gülməmməd fizika ilə paralel digər elm sahələrində
də özünü sınayır. 2015-ci ilin
mayından bir il tibbdə Genetik və
Elektron mikroskopik metodları öyrənmək
üçün Nyu-York Dövlət Universiteti (SUNY) şəbəkəsinin
Sirakuz şəhərində yerləşən nüfuzlu ali
məktəblərdən biri sayılan Tibb Universitetində
(Upstate Medical University) elmi işçi kimi
çalışır. Ali təhsilin tədrisi sahəsində
fərqli təcrübələr qazanmaq məqsədilə
2016-cı ilin iyun ayınadək adıçəkilən
universitetlə yanaşı, Nyu-York Dövlət Universiteti
şəbəkəsinin Texnologiya İnstitutunda (SUNY Polytechnic
Institute) və Onondaqa Kollecində (Onondaga Community College)
pedaqoji fəaliyyət göstərir.
Doktoranturada oxuduğu
müddətdə mütəmadi olaraq Sirakuz Universiteti və
digər təhsil ocaqlarında keçirilən elmin tədrisi
istiqaməti üzrə müasir pedaqoji metodologiyaların tətbiqinə
dair təlimlərdə iştirak edir.
İctimai fəaliyyəti
ilə də diqqət çəkib
Gülməmməd müəllim
yüksək bilik və bacarığı, pedaqoji fəaliyyəti
ilə yanaşı, ictimai fəallığı ilə də
seçilib, vətəndaşlıq mövqeyi göstərib. Təhsil
aldığı illərdə Sirakuzda Azərbaycan mədəniyyətini,
həmçinin ermənilərin ölkəmizə
qarşı təcavüzünü əks etdirən təbliğat
xarakterli tədbirlər keçirərək, orada “Xocalıya
ədalət!” kampaniyasını təşkil edib. Həmçinin yerli yəhudi, xristian və müsəlman
icmaları ilə dostluq əlaqələri quraraq ermənilərin
azərbaycanlılara qarşı soyqırımı,
işğal olunmuş torpaqlarımız haqqında onlara
mütəmadi məlumatlar verib. Dəfələrlə
Sirakuz şəhərinin yüksək vəzifəli şəxsləri,
Konqres təmsilçiləri ilə görüşlər
keçirərək Azərbaycan həqiqətlərini onlara
çatdırıb. Sirakuz Universitetinin “Türk Tələbə
Assosiasiyası”nın İdarə Heyətinə üzv
seçildikdən sonra təşkilat adından Sirakuz
Universitetinə rəsmi müraciət edərək, Azərbaycan
Respublikasının Los-Ancelesdəki baş konsulu Nəsimi
Ağayevin universitetə dəvət olunması və ölkəmizin
təbliği istiqamətində tədbirin keçirilməsi
üçün icazə alıb. Universitetin
professor və tələbə heyətinin iştirakı ilə
baş tutan tədbirdə baş konsulun Azərbaycanın mədəni
irsi, xarici siyasəti, Ermənistanın Azərbaycana
qarşı təcavüzü ilə bağlı geniş təqdimatı
olub. Tədbir çərçivəsində
həmçinin baş konsulun universitet rəhbərliyi ilə
görüşlərini təşkil edib.
Vətənə
alim kimi dönən azərbaycanlı
Xaricdə olduğu on il
ərzində Azərbaycana yalnız bir dəfə gəlmək
imkanı əldə etsə də, azərbaycanlı alimin təhsilini
bitirdikdən sonra vətənə dönmək,
qazandığı bilik və təcrübələri
paylaşmaq, ölkədəki ali təhsil sahəsinə
yeniliklər gətirmək yeganə məqsədi olub.
2016-cı ildə Vətənə
qayıdan alim çox çəkmir ki, ölkənin ən
prestijli, tədris proqramı və təhsil üslubu ilə
tanınan beynəlxalq ali təhsil müəssisələrindən
heç də geri qalmayan ADA Universitetində işləmək
üçün dəvət alır. İnformasiya
texnologiyaları və mühəndislik fakültəsində
fizika üzrə assistent professor kimi çalışmağa
başlayır. Hazırda fizika, riyaziyyat,
mühəndislik üzrə dərslər verir, innovativ tədris
üsullarını tətbiq edir, öyrəndiklərini, əldə
etdiyi təcrübəni tələbələri ilə
paylaşır.
Yüksək biliyə
malik, karyerasını özü qurmağı bacaran gənclərin
sayı artarsa...
O, müstəqil fikrə malik, nə
etmək istədiyini bilən, karyerasını özü
qurmağı bacaran gənclərin sayının
artmasını arzulayır: “Bilirik ki, bəzən gənclər
valideynlərin istəyinə uyğun ixtisas seçimi edirlər.
Belə bir yanaşma, düşünürəm
ki, səhvdir. Əslində, hər bir yeniyetmə
artıq bəlli bir yaşdan sonra ixtisas seçimini,
ümumiyyətlə, gələcək həyatını
özü müəyyənləşdirməyi
bacarmalıdır: O nə istəyir və harada
özünü görür? Gənclərimiz sərbəst,
müstəqil düşüncəyə malik olmalı,
özləri üçün müəyyən hədəflər
müəyyənləşdirməyi, verdikləri qərarların
dalında durmağı bacarmalıdırlar. Valideynlər isə onların seçiminə sadəcə
hörmətlə yanaşmalıdırlar. Startap layihələri ilə uğur qazanan, yeni
ideyaları olan, kreativ düçüncəyə və
yüksək biliyə malik gənclərin sayı artarsa, Azərbaycanın
gələcək inkişafı etibarlı əllərdə
olar”.
Hər bir insana
şans verilir, dəyərləndirməyi bacarmaq
lazımdır
Onunla söhbətimiz o qədər
maraqlı idi ki... Həmsöhbətimizin “Gənc
yaşlarında alim adını almaq hər adama nəsib
olmur. Nəzərə alsaq ki, siz bu ada
xarici ölkədə layiq görülmüsünüz.
Həyat hekayəniz ağır olsa da, uğur
hekayənizi özünüz başdan yazmağa müvəffəq
olmusunuz. Sizə qibtə etmək olar.
Bəs siz özünüz necə
düşünürsünüz” sualına cavabı da
özünəməxsus oldu: “Bilirsiniz, hər bir insana
şans verilir, sadəcə onu dəyərləndirməyi
bacarmaq lazımdır. Mən indi tələbələrimə
də bunu deyirəm. Sizə verilən
şansı dəyərləndirməyi bacarın. Özümü şanslı hesab edirəm,
çünki bu şansdan düzgün istifadə edərək
hədəflərimə çatmışam. Mənim Azərbaycanda
ali təhsil almaq, sonradan isə xarici
ölkələrdə bu təhsili davam etdirmək, elmi sahədə
özümü bir alim kimi təsdiq etmək, eyni zamanda,
dünyanın bir neçə ali təhsil ocaqlarının
auditoriyalarında tələbələrə dərs demək
imkanlarım olub. Dünyanın ən
tanınmış alimləri ilə ünsiyyətdə
olmuş, bəziləri ilə birlikdə işləmişəm.
İstəsəydim orada fəaliyyətimi davam
etdirə bilərdim. Ancaq Vətənə
bağlılığım mənim doğma ölkəmə
qayıtmağıma səbəb oldu. Düşünürəm
ki, öz ölkəmdə daha çox lazımam. Fəaliyyətimi tək tədqiqat və tədrislə
məhdudlaşdırmaq istəmirəm. Azərbaycanda
uğurla gedən təhsil islahatlarına mən də öz
töhfəmi vermək, bu sahənin inkişafında
yaxından iştirak etmək, illər ərzində
qazandığım təcrübəni həmkarlarımla
paylaşmaq istəyirəm”.
Bunun
üçün istək və hədəf olmalıdır
Bəzən deyirlər ki,
gənclərin yüksək təhsil almaları, sonradan
peşəkar mütəxəssislər kimi həyatda layiqli
yer tutmaları üçün hər cür şərait
yaradılmalıdır. Təbii ki, bu, ən vacib şərtlərdəndir...
Lakin Gülməmməd müəllimin uğur
hekayəsini dinlədikcə belə qənaətə gəldik
ki, bütün bunların fövqündə insan amili durur:
İnsan istəyərsə bütün çətinlikləri
dəf edə bilər, onun heç bir şəraiti olmasa belə.
Sadəcə, bunun üçün istək və hədəfləri
olmalıdır.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2018.-9 fevral.- S. 11.