“UNEC-in Gənc
Alimlər Şurası mühüm intellektual platformalardan
birinə çevrilməlidir”
Elşən
Bağırzadə: “İqtisad elmi üzrə dünya
mirasının ölkəmizə transfer edilməsi ön
sırada dayanmalıdır”
Dünyada iqtisadi
böhranın yaşandığı bir vaxtda bütün nəzərlər
gənc beyinlərə dikilib. Belə bir dönəmdə
ən çox gözləntilər də məhz
iqtisadçı alimlərə, onların ortaya
qoyacağı geniş tədqiqatlara, həmin tədqiqatlardan
çıxan ciddi nəticələrədir. Bəs universitetlərdə bəşəriyyəti
öz elmi ilə xilas edəcək gənc alimlərin
yetişməsi üçün nə
çatışmır? Suallarımıza
UNEC-in rektorunun müşaviri, dosent Elşən
Bağırzadə cavab verir.
- UNEC-də gənc
alimlərin stimullaşdırılması ilə bağlı
hansı tədbirlər həyata keçirilir?
– Şübhəsiz ki, UNEC-də
alimlərin, eləcə də gənc alimlərin
stimullaşdırılması sisteminin təməlində
“UNEC professor-müəllim heyətinin xidməti fəaliyyətinin
qiymətləndirilməsinə əsaslanan diferensial əmək
haqqı sistemi” dayanır. Bu sistemdə elmi fəaliyyətin
demək olar ki, bütün formalarına geniş yer
ayrılıb və onlar müvafiq qaydada
stimullaşdırılır. Bu sistem imkan
verir ki, UNEC-də istənilən gənc alim daha uğurlu xidməti
fəaliyyət ortaya qoyaraq, daha yüksək əməkhaqqı
alsın. Sistem artıq
üçüncü ildir ki, uğurla fəaliyyət
göstərir və əldə edilən nəticələri
ümidvericidir.
İkincisi, bu gün UNEC Azərbaycan
ali məktəbləri arasında bəlkə də yeganə
ali məktəbdir ki, “Web of Science”ın müvafiq indekslərinə
daxil olan jurnallarda və konfranslarda və Scopus elmi bazasına
daxil olan nəşrlərdə elmi əsərləri
çap edilən əməkdaşlarına hər əsər
üçün 4000 manata qədər birdəfəlik
mükafatlar verir. Bu çərçivədə
artıq bir sıra gənc alimlərimiz müvafiq qaydada
mükafatlandırılıblar və gələcəkdə
bir çoxunun da mükafatlandırılması gözlənilir.
Artıq bu mükafatlandırma sistemləri gənclər
arasında nüfuzlu elmi nəşrlər üçün tədqiqatlar
aparma işinə ciddi təkan verib.
Üçüncü
mühüm istiqamət UNEC-də “gənc professor layihəsi”dir.
Bu layihə çərçivəsində elmlər doktoru
üzrə 6 dissertanta və ya doktoranta Türkiyə başda
olmaqla müxtəlif xarici ölkələrdə tədqiqat
aparma imkanları yaradılır. Bu layihə UNEC-in vəsaiti
və tərəfdaş xarici universitetlərin müvafiq dəstəyi
ilə uğurla davam etdirilir.
Dördüncü istiqamət
UNEC-də gənc alimlərin beynəlxalq tədbirlərdə,
beynəlxalq proqramlarda iştirakına geniş imkanlar
yaradılmasıdır. Bu gün xüsusilə də prioritet hesab edilən elmi
tədbirlərdə iştirak etmək istəyən gənc
alimlərimizə mümkün ola biləcək
dəstəyi göstəririk. Elmi tədbirlərdə,
beynəlxalq proqramlarda iştirak prosesinin kifayət qədər
şəffaf olmasına diqqət yetiririk. Bu
gün Türkiyənin demək olar ki, bütün nüfuzlu
universitetlərilə gənc alimlərimizin akademik əlaqələri
qurulub, qarşılıqlı gediş-gəlişləri,
mübadilə proqramları vasitəsilə əməkdaşlıq
imkanları təmin edilib. Xüsusilə son dövrlər
“MEVLANA” və “ERASMUS+” proqramları vasitəsilə çox
sayda gənc alimimiz Türkiyənin müxtəlif universitetlərində
təcrübə mübadiləsində olub və bu proses
davam edir. Gənc alimlər üçün eyni
imkanlar Almaniya, Şərqi Avropa və MDB ölkələri
çərçivəsində də yaradılıb. Bu baxımdan xüsusilə DAAD proqramı çərçivəsində
son dövrlər çox sayda gənc alimimiz Almaniyanın
Siegen Universitetində akademik təcrübə mübadiləsi
və tədqiqat imkanlarından istifadə edib.
Beşinci istiqamət kimi
xüsusilə də rektorluq tərəfindən gənc alimlər
üçün müxtəlif seminarların, treninqlərin təşkilini
qeyd edə bilərəm. Artıq yerli və
xarici təcrübəli alimlərin UNEC-in gənc alimlərilə
görüşlərinin təşkili, onlara müxtəlif
mövzular üzrə treninqlər verməsi adi hal alıb.
Hər tədris ilində çox sayda belə tədbir
təşkil edilir ki, bu da gənclərin elmi fəaliyyətinin
stimullaşdırılması baxımından əhəmiyyətlidir.
Məsələn, bu qəbildən olan tədbirlərdən
biri kimi ötən tədris ilində Nobel mükafatı
laureatı, böyük alim Aziz Sancarın UNEC-ə dəvət
edilməsi, onun kollektivlə bir həftə ərzində
keçirdiyi görüşlər, gənc alimlərə
verdiyi tövsiyələr gənclərimizin yaddaşında
böyük izlər buraxıb.
Altıncı istiqamət
kimi UNEC-də magistratura və doktorantura təhsilinin müasir
standartlar səviyyəsində yenidən qurulması prosesini
qeyd edə bilərəm. Hesab edirəm ki, bu proses gələcəyini
elmdə görən, elmi ixtisas dərəcəsini
artırmaq istəyən gənclər üçün
yaxşı motivasiya yaradır.
Nəhayət, onu da qeyd etməliyəm
ki, UNEC-də bu gün həyata keçirilən islahatlar, əldə
edilən nailiyyətlər mühüm dərəcədə
UNEC-in gənc alimlərinin potensialından istifadə etməklə
reallaşdırılır ki, bu da onlar üçün
başlıca motivasiya mənbəyidir.
- Alimlərin əsas
tədqiqat istiqamətləri necə müəyyən olunur?
– Tədqiqat istiqamətlərinin
düzgün müəyyən olunması tədqiqat prosesinin ən
vacib və həlledici mərhələsidir. Məsələyə
tədqiqatların cəmiyyətə, iqtisadiyyata töhfəsi
nöqteyi-nəzərindən yanaşırıqsa, heç
şübhəsiz ki, tədqiqat istiqamətləri cəmiyyətin,
iqtisadiyyatın tələblərinə, üzləşdiyi
problemlərə adekvat şəkildə müəyyən
edilməlidir. Bunu təmin etmək
üçün inkişaf etmiş ölkələrdə
formalaşmış bir çox effektiv mexanizmlər
mövcuddur və hesab edirəm ki, bu mexanizmlərdən Azərbaycanda
da geniş şəkildə istifadə edilə bilər.
Ancaq fikrimcə, elmi tədqiqat
istiqamətlərinin müəyyənləşdirilməsi
zamanı yalnız cəmiyyətin, iqtisadiyyatın tələblərini,
problemlərini nəzərə almaq düzgün deyil. Bir sıra tədqiqat
istiqamətləri var ki, həmin istiqamətlər üzrə
aparılan tədqiqatlar indiki dövrdə birbaşa cəmiyyət,
iqtisadiyyat üçün faydalı olmasa da, həmin elmin
özünün inkişafı baxımından
faydalıdır. Yəni, qısa şəkildə
desək, mən elmin ifrat
kommersiyalaşdırılmasının, elmi fəaliyyət
istiqamətlərinin tamamilə bazarın tələbləri əsasında
müəyyən edilməsinin tərəfdarı deyiləm.
Elmi tədqiqatlar həm də elmin
özünün inkişafına, onun imkanlarının
genişləndirilməsinə xidmət etməlidir ki, bu da
sonrakı dövrlərdə cəmiyyət və iqtisadiyyat
üçün daha böyük faydalar gətirə bilər.
Başqa sözlə, elmi tədqiqat istiqamətləri
müəyyən edilən zaman fundamental, nəzəri istiqamətlərə
də diqqət yetirmək lazımdır.
- Gənc alimlərin
tədqiqatlarında keyfiyyət dəyişiklikləri nəzərə
çarpırmı və onların tədqiqatları
günün tələblərinə cavab verirmi?
– UNEC-də son dövrlər bu istiqamətdə
xeyli irəliləyiş əldə edilib. Biz hamımız
bunun şahidi ola bilərik. Belə
ki, son dövrlər dünyanın nüfuzlu elmi nəşrlərində
UNEC əməkdaşlarının çap edilən əsərlərinin
sayında artım müşahidə edilir. Sevindirici haldır ki, bu əməkdaşlar
arasında gənc alimlərimizin sayı da getdikcə
artır. Mən bu gənclər arasında Pərvanə
Axundovanın, Xətai Əliyevin, Təhmasib Əlizadənin,
Əhliman Abbasovun, Araz Aslanlının, Şəhriyar
Muxtarovun və digərlərinin adlarını çəkə
bilərəm.
- Gənc alimlərin
tədqiqat və elmi işlərinin keyfiyyətinin
artırılması üçün əsas göstəricilər
nələrdir?
– Qısa və ümumi şəkildə
onu deyim ki, keyfiyyətli elmi tədqiqat, yeni nəzəri və
praktiki nəticələri olan və bu nəticələrin həqiqətən
də müvafiq sahəyə töhfə verdiyi həmin sahənin
nüfuzlu alim və mütəxəssisləri tərəfindən
qəbul edilən tədqiqatdır. Bu zaman da iki
əsas sual ortaya çıxır. Birincisi,
aparılan tədqiqatın nəticələri nə qədər
nüfuzlu elmi nəşrlərdə (məsələn, “Web
of Science”ın müvafiq indekslərinə və “Scopus”a daxil
olan nəşrlərdə) çap edilib? İkincisi isə əgər patentləşdirmək
mümkündürsə, bu tədqiqatın nəticələri
nə qədər nüfuzlu qurum tərəfindən patentləşdirilib?
Elə müasir universitetlərdə elmi tədqiqat
fəaliyyətlərinin keyfiyyəti də məhz əsasən
nüfuzlu elmi nəşrlərdə çap edilən əsərlərin
sayı və nüfuzlu qurumlar tərəfindən verilən
patentlərin sayı göstəriciləri ilə qiymətləndirilir.
- Digər
universitetlərin gənc alimləri ilə təcrübə
mübadiləsi və birgə elmi tədqiqatlar aparılırmı?
– UNEC gənc alimləri istər
milli, istərsə də xarici olmaqla bir sıra universitetlərin
gənc alimləri ilə təcrübə mübadiləsi
aparır. Bunlar həm beynəlxalq proqramlar, həm
də ikitərəfli əlaqələr çərçivəsində
reallaşdırılır. Ancaq
açığı deyim ki, UNEC-in gənc alimlərinin digər
universitetlərin gənc alimləri ilə birgə elmi tədqiqat
aparma təcrübəsi elə də geniş deyil. Hesab edirəm ki, Gənc Alimlər
Şurasının görməli olduğu əsas işlərdən
biri də məhz bu olmalıdır.
- Elşən
müəllim, UNEC-in Gənc Alimlər Şurasının fəaliyyətini
təkmilləşdirmək istiqamətində konkret olaraq
hansı addımlar atılmalıdır?
– Öncə onu deyim ki, gənclərə
universitetin gələcəyi kimi baxmaq lazımdır. Təcrübə göstərir ki, inkişaf
etmiş cəmiyyətlərdə, eləcə də
inkişaf etmiş universitetlərdə gənclərə məhz
bu aspektdən baxıldığı üçün
yaşlı nəsil onların inkişafına xüsusi diqqət
yetirir və gənclərin inkişafına qoyulan
investisiyalara gələcəklərinə qoyulan investisiyalar
kimi baxırlar. Yaşlı nəslin gənc
nəslə özünün rəqibi kimi baxdığı cəmiyyətlərin,
eləcə də universitetlərin isə gələcəyinin
heç də parlaq olmadığını tarix dəfələrlə
sübut edib. Hesab edirəm ki, gənclərə
yanaşmada bu məqama xüsusi diqqət yetirməliyik.
Hər şeyin ən yaxşısını gəncləri
üçün istəməyən, arzulamayan və bu yolda
çalışmayan cəmiyyətlərin, qurumların
işıqlı gələcəyindən danışmaq da
yersizdir. Bu baxış, bu gün UNEC-də
aparılan islahatların da əsas çıxış
nöqtələrindən birini təşkil edir.
Bildiyiniz kimi, UNEC-də
artıq bir neçə ildir ki, Gənc Alimlər
Şurası fəaliyyət göstərir. Bu Şura
indiyə qədər müəyyən işlər
görüb. Ancaq açığı
deyim ki, UNEC-in gənc alimlərinin potensialını nəzərə
aldıqda Şuranın bu günə qədər olan fəaliyyətini
qənaətbəxş hesab etmək çətindir. Hesab edirəm ki, Şuranın fəaliyyətinin
tamamilə yenidən qurulmasına ehtiyac var.
İlk növbədə
Şuranın potensialını artırmaq məqsədilə
tərkibinə yenidən baxmaq lazımdır. Hesab edirəm
ki, Şura yalnız alimlik dərəcəsi olan və
yaşı 40-ı keçməmiş gənc alimlərdən
təşkil edilməlidir. Onsuz da alimlik dərəcəsi
olmayan, ancaq UNEC-də çalışan müəllimlər
Gənc Müəllimlər Şurasında fəaliyyət
göstərirlər, bu baxımdan onların Gənc Alimlər
Şurasına daxil edilməsinə ehtiyac qalmır.
İkinci mühüm hesab
etdiyim istiqamət, Şuranın təşkilati strukturunun
düzgün formalaşdırılmasıdır. Burada İdarə
Heyəti, İdarə Heyəti sədri və sədrin
müavini, elmi katib, ayrı-ayrı istiqamətlər üzrə
məsul şəxslər – koordinatorların fəaliyyət
göstərməsi zəruridir. Bu baxımdan elmi tədqiqat
layihələri, elmi tədbirlər, elmi nəşrlər,
monitorinq və ictimaiyyətlə əlaqələr və beynəlxalq
əlaqələr üzrə koordinatorların təyin edilməsi
effektli ola bilər.
Şübhəsiz ki, Gənc
Alimlər Şurası ilk növbədə üzvlərinin
elmi tədqiqat bacarıqlarını daim inkişaf etdirməyə
və onların uğurlu elmi tədqiqat layihələri ilə
çıxış etmələrinə
çalışmalıdır. Hesab edirəm ki, bu
istiqamətdə effektli seminar və treninqlərin
keçirilməsi zəruridir. Bu gün UNEC gənc alimlərinin
elmi tədqiqat bacarıqlarının təkmilləşdirilməsi,
elmi tədqiqat layihələri hazırlama və donor təşkilatlarla
səmərəli əlaqələr qurma istiqamətlərində
seminar və treninqlər keçməsinə ehtiyac var.
Düşünürəm ki, Elm Fondu, Bilik Fondu kimi milli donor
təşkilatların, eləcə də beynəlxalq donor təşkilatların
yardımlarından da istifadə edərək, bu seminar və
treninqləri vaxtaşırı təşkil etmək
mümkündür. Eyni zamanda
çalışmaq lazımdır ki, Gənc Alimlər
Şurasının üzvləri ERASMUS, MEVLANA, DAAD kimi beynəlxalq
proqramlar vasitəsilə vaxtaşırı xarici ölkələrdə
elmi tədqiqat təcrübələrində iştirak etsinlər.
Şübhəsiz ki, bu istiqamətdə milli və
xarici təcrübəli professorların, mütəxəssislərin
təcrübələrindən də geniş istifadə edilməli
və bu məqsədlə onlarla da müntəzəm
görüşlər keçirilməlidir.
Bəzən Azərbaycanın
iqtisadçı alimlərindən elmi tədqiqatlarla
bağlı çox böyük gözləntilər olur. Ancaq nəzərə
almaq lazımdır ki, elmdə yaxşı tədqiqatlar
aparıb, yeni biliklər ortaya qoymaq üçün ilk
növbədə dünyanın həmin elm üzrə
mövcud mirasını yaxşı öyrənmək
lazımdır. Etiraf etməliyik ki, Azərbaycanda
bu istiqamətdə çox ciddi problemlər var. Məsələn,
elə iqtisad elmini götürək. Bu
gün iqtisad elmi üzrə dünya mirasının fundamental
əsərlərinin böyük əksəriyyətinin Azərbaycan
dilində tərcümələri yoxdur. İqtisad
elmi daim inkişaf edir. Xüsusilə də dünya
böhranlarından sonra bu proses daha da sürətlənir. Bu gün istər ortodoks, istərsə də
heterodoks iqtisad üzrə böyük elmi miras
formalaşıb. Bu istiqamətdə demək
olar ki, hər gün yeni əsərlər yazılır.
Biz iqtisadçı alimlər, ilk növbədə bu mirasla
yaxından tanış olmalı, bu sahədəki
yenilikləri izləməliyik. Məsələn,
bu gün neçə gənc iqtisadçımızı
saymaq olar ki, Mark Blaugun möhtəşəm elmi mirası ilə
yaxından tanışdır? Neçə
gənc iqtisadçımızı göstərə bilərik
ki, Ha-Joon Changın tədqiqatlarını yaxından izləyir?
Neçə gənc iqtisadçımız var ki,
dünyanın ən çox istinad edilən
iqtisadçıları arasında olan Paul Krugman, Daron
Acemoğlu, Dani Rodrik, Hernando de Soto, Alan Greenspan, Daniel Kahneman,
Jeffrey Sachs, Amartya Sen, Joseph Stiglits, Richar Thaler, Nouriel Roubini,
Thomsa Piketty, Robert Shiller, Jim Stanford, Ben Bernanke, Alan Krueger kimi tədqiqatçıların
əsərləri ilə yaxından tanışdır və
onların yeni tədqiqatlarını daim izləyir? Bu sualları çox uzatmaq olar. Düşünürəm
ki, UNEC Gənc Alimlər Şurası iqtisad elmi üzrə
dünya mirasının ölkəmizə transfer edilməsi
işində ön sırada dayanmalıdır. Bunun üçün kitab tərcümələri
ilə məşğul olmaq, yeni çıxan əsərlərin
müzakirələrini təşkil etmək lazımdır,
mümkün olduğu ölçüdə dünyanın məşhur
alimləri ilə real və virtual formada görüşlər
təşkil edilməlidir.
Fikrimcə, Gənc Alimlər
Şurasının hər il təşkil
edəcəyi bir ənənəvi nüfuzlu beynəlxalq elmi
simpoziumu olmalıdır. Bu, üzvlər arasında elmi tədqiqat
fəaliyyətlərinin stimullaşdırılması, beynəlxalq
təcrübə mübadiləsinin genişləndirilməsi
baxımından əhəmiyyətli ola
bilər. Bu simpoziumu beynəlxalq tərəfdaşların,
sponsorların yardımı ilə həyata keçirmək
mümkündür.
UNEC Gənc Alimlər
Şurasının fəaliyyətinin əsas istiqamətlərindən
biri də hökumət üçün iqtisadi siyasət
tövsiyələrinin hazırlanmasında, UNEC-də həyata
keçirilən islahatlara intellektual və təşkilati dəstək
verilməsi işində aktiv iştirak etmək
olmalıdır.
UNEC Gənc Alimlər
Şurası üzvlərinin elmi tədqiqatlarının nəşr
edilməsi işlərində də onlara müvafiq təşkilati
və hüquqi yardımları göstərə bilməlidir. Məsələn,
üzvlərlə məqalələrin müvafiq standartlarda
hazırlanması, xarici dillərə tərcümə edilməsi
işlərində birgə fəaliyyət faydalı
olardı.
Bundan başqa, UNEC Gənc
Alimlər Şurasının ayrıca internet səhfəsi,
virtual forumu, aylıq bülletenləri, müəyyən
müddətdən sonra müvafiq beynəlxalq tələblərə
cavab verən elmi və populyar jurnalları olmalıdır. Bunların
heç biri əlçatmaz xəyallar deyil. Mən UNEC-in gənc alimlərində bu potensialı
görürəm. Sadəcə, effektli birgə iş
ortaya qoymaq lazımdır ki, bunu da Gənc Alimlər
Şurası təmin etməlidir.
Bildiyiniz kimi, bu günlərdə
UNEC-in rektorunun Gənc Alimlər Şurasının üzvləri
ilə görüşündə də bu məsələlər
geniş müzakirə olundu və müvafiq qərarlar qəbul
edildi.
Ümumi şəkildə
onu deyim ki, UNEC Gənc Alimlər Şurası ölkədə
gənclərin, sözün həqiqi mənasında,
mühüm elmi və intellektual platformalarından birinə
çevrilə bilməlidir.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan
müəllimi.- 2018.- 2 fevral.- S.6.