Sağlam mühit uğur
qazanmağımıza təkan verir
Məktəbdə
işin valideynlərlə birlikdə təşkili təhsildə
nailiyyətləri artırır
Bakı Şəhəri üzrə
Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin
birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin
məqsədi məktəb direktorlarının rəhbərlik
etdikləri təhsil müəssisələri haqqında qələmə
aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin
təşkilində həm pedaqoq, həm də rəhbər
kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə
çatdırmaqdan ibarətdir.
Layihədə məktəbin əsas hədəfləri, özünəməxsusluğu haqqında pedaqoji və ictimai-fəlsəfi baxımdan idarəedənin yanaşmasını ortaya qoymağa da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.
Məktəbdə uğura gedən yol demokratik, sağlam mühitin formalaşdırılmasından, fəaliyyətin müəllim, şagird və valideynlərlə birlikdə planlaşdırılmasından, təhsili dəyərə çevirməkdən başlayır. Bu amillərə söykənərək yeniliklərin tətbiq olunması ilə yüksək nailiyyətlər əldə etmək mümkündür.
Şəffaflığı təmin etmək üçün...
Təcrübə göstərir ki, məktəbdə demokratik, sağlam mühit yaratmaq üçün, ilk növbədə, şəffaflıq təmin olunmalı, eyni zamanda, bu məkanı hər kəs özünə doğma bilməlidir. Məqsəd yalnız tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə, uğur qazanılmasına yönəldilməlidir. Məktəbdə şəffaf mühit formalaşdırmaq üçün isə valideynlərlə işin düzgün qurulmasının müstəsna rolu var.
Bu baxımdan, məktəbimizdə sağlam mühit yaratmaq, məktəb-müəllim-şagird-valideyn münasibətlərini normal qaydada təşkil etmək üçün “Məktəb-icma (valideyn) klubu” yaradılıb. Bu çərçivədə valideynlərin məktəbə cəlb olunması ilə idarəetmədə şəffaflıq, müəllimlərdə məsuliyyət, şagirdlərdə dərsə həvəs formalaşdırırıq. Valideynlər məktəbə gələrək burada aparılan təlim-tərbiyə prosesi və yeniliklərlə tanış olurlar. Bununla da, onlarda ümumi təhsil müəssisəsinə qarşı daha pozitiv münasibət formalaşır. Valideynlərin bu yanaşması, onların məktəbin Fəaliyyət Planının icrasında iştirak etməsi ümumi təhsil müəssisəsinə olan etibar və etimadı yüksəldir, şagirdin nailiyyətlərinin, təhsilin keyfiyyətinin artmasına, islahatların uğurla həyata keçirilməsinə müsbət təsir göstərir.
Amma bir məsələni qeyd edim ki, bəzi valideynlərin övladları ilə onların yaş xüsusiyyətlərinə, tələbat və potensial imkanlarına uyğun düzgün davranmaları üçün məktəbin pedaqoji-psixoloji dəstək göstərməsinə ciddi ehtiyac duyulur. Bu istiqamətdə maarifləndirmə işinin aparılması, seminar və treninqlərin keçirilməsi zəruridir. Çünki müşahidələr göstərir ki, bir çox hallarda düzgün yönləndirmənin olmaması səbəbindən valideyn-övlad münasibətləri pozulur. Bu da həmin övlada, onun təhsil almasına mənfi təsir edir.
Aparılan araşdırmalar da göstərir ki, məktəblinin göstəricisinin yüksəldilməsi üçün məktəb-icma münasibətləri düzgün qurulmalı, valideynlər təhsildə və məktəbdə baş verən proseslərdən məlumatlı olmalıdırlar. Buna görə də, təhsil prosesində şagirdləri istiqamətləndirmək üçün məktəb kollektivi və valideyn tərəfdaş, həmfikir olmalıdır. Onlar şagirdin həm ev, həm də məktəb mühitindəki güclü və zəif tərəflərindən çıxış edərək ona çətinliklərini aradan qaldırmağa psixoloji və mənəvi dəstək göstərməlidir. Belə olarsa, yeniyetmələr arasında qeydə alınan təhsildən yayınma, zərərli vərdişlərə meyil, ailədən qaçma və digər bu kimi neqativ hallar xeyli azalar.
Hesab edirəm ki, təhsildə baş verən yeniliklərlə bağlı keçirilən təlimlərə müəllimlərlə yanaşı, valideynlərin də cəlb edilməsi məqsədəuyğundur. Valideynlər aparılan islahatlardan məlumatlı olsalar, müəyyən təkliflərlə də çıxış edə bilərlər. Övladının təhsil almasına, onun gələcəyinə laqeyd yanaşan valideynlərin isə məsuliyyəti qanunla tənzimlənməlidir.
Pedaqoji fəaliyyət göstərdiyim illər ərzində şəffaflığın təmin edilməsi ilə bağlı gəldiyim nəticələrdən biri də budur ki, dərs prosesi daim məktəb direktoru, ayrı-ayrı müəllimlər və valideynlər üçün açıq olmalıdır. Onlar hər zaman dərsin gedişatını izləyə bilməlidirlər. Bundan ötrü, məsələn, sinif otaqlarının giriş qapısında pəncərə yerləşdirilməsi məqsədəuyğundur. Bu halda, müəllim və şagirdlər dərsin istənilən an izlənilə biləcəyini düşünərək daha məsuliyyətli olurlar.
Bununla yanaşı, məktəblər arasında əməkdaşlığın qurulması, şagirdlərin ayrı-ayrı şəxslərlə görüşlərinin keçirilməsi, ekskursiyaların, müsabiqə və yarışların təşkili kollektivin işə yanaşmasında fərqlilik yaradır. Bu fərqlilik məktəbdə şəffaflığın, sağlam mühitin formalaşmasına imkan verir.
Təhsildə keyfiyyəti şərtləndirən amillər
Ümumi təhsil müəssisələrində sağlam mühit təhsilin keyfiyyətinin yüksəlməsinə və bununla da nailiyyətlərin artmasına şərait yaradır. Keyfiyyətli təhsil dedikdə isə yalnız yüksək səviyyəli elmi-nəzəri biliklərin məktəbliyə ötürülməsi deyil, şagirdin cəmiyyətdə fəal mövqeyə malik, aldığı bilikləri gündəlik həyatda operativ şəkildə tətbiq etməyi bacaran bir vətəndaş kimi yetişməsinə səbəb olan təhsil nəzərdə tutulur. Həmçinin, keyfiyyətli təhsil yüksək səviyyəli maddi-texniki bazası olan məktəbi, səmimi, peşəkar pedaqoji kollektivi, valideynlərin məktəbə, müəllimlərə və texniki işçilərə münasibətini əhatə edir.
Bu baxımdan rəhbərlik etdiyim təhsil müəssisəsində keyfiyyətli təhsili təmin etməyə, fəal dərsin mərhələlərini hər iş günündə reallaşdırmağa çalışıram. Hər iş günüm üçün yeni üsullar düşünürəm. Çalışıram ki, sağlam bir komanda olaraq, bütün kollektiv şagirdlərin hər dərs günündə yeni tədqiqatlar aparmasına şərait yaratsın. Şagirdlər tədris gününün sonunda sözün həqiqi mənasında yeni bilik və bacarıqlarla evə dönsünlər. Fikrimcə, təhsilverən olaraq müəllimlərin əsas uğuru şagirdlərin sərbəst şəkildə gəldikləri düzgün nəticədir. Ona görə də, çalışırıq ki, bütün addımlarımız şagirdlərin hərtərəfli inkişafına xidmət etsin.
Həm də hesab edirəm ki, məktəbdə şagirdlərə bilik verilməklə yanaşı, onlara həm də ümumi dəyərlər aşılanmalıdır. Müəllim məktəblinin gələcəyə baxışını formalaşdırmalıdır. Eyni zamanda, müəllimin özü dəyişməli, inkişafa meyil göstərməlidir. O, sinifdə lider olmalı, şagirdləri əməkdaşlığa sövq etməlidir. Çünki araşdırmalar da göstərir ki, təhsildə əməkdaşlıq edərək öyrənmə bir-biri ilə yarışmaqdan daha səmərəlidir.
Onu da bildirim ki, məktəblilər arasında vətənpərvərlik hissinin aşılanmasına da ciddi fikir veririk. Məktəbimiz də məzunumuz, şəhid Dilavər Məmmədzadənin adını daşıyır. Şagirdlərə D.Məmmədzadə, onun keçdiyi həyat yolu haqqında məlumat verilir. D.Məmmədzadənin 1992-ci ildə ön cəbhədə tankçı kimi düşmənə qarşı vuruşduğu, həmin il sentyabrın 26-da Ağdam rayonu ərazisində yerləşən Fərrux yüksəkliyi uğrunda gedən döyüşlər zamanı yoldaşlarını mühasirədən çıxardığı, özünün isə qəhrəmancasına şəhid olduğu diqqətə çatdırılır. D.Məmmədzadənin Şəhidlər Xiyabanındakı məzarı şagirdlər tərəfindən ziyarət olunur. Hesab edirəm ki, hər bir ümumi təhsil müəssisəsində vətənpərvərlik mövzusuna həssaslıqla yanaşılmalıdır.
Daim yenilik və uğura
doğru
Məktəbimizdə görülən sistemli işin nəticəsidir ki, uğur göstəricilərimiz ilbəil artır. IX və XI sinif buraxılış imtahanları üzrə nəticələr yüksəlir. Təkcə 2017-ci ildə məktəbin 19 məzunu ali məktəblərə daxil olub. Şagirdlərimiz bir sıra layihələrdə, müsabiqələrdə fəal iştirak edib, yerli və beynəlxalq idman yarışlarında qızıl və gümüş medal qazanıblar.
Sonda onu da qeyd edim ki, 2017-ci ildə məktəbimizin 80 illik yubileyi keçirildi. Yubiley tədbirində məktəbin ötən illərdəki göstəriciləri qənaətbəxş hesab olundu. Lakin məqsədimiz məktəbin növbəti yubiley tədbirlərini daha yüksək nailiyyətlərlə qeyd etməkdir.
Məhluqə ƏZİZOVA
Bakı şəhəri 232 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan
müəllimi.- 2018.- 2 fevral.- S.7.