Məktəbdə yaradıcı və sağlam mənəvi-psixoloji mühit

 

Pedaqoji kollektivdə işgüzar şərait və yaradıcılıq əhvali-ruhiyyəsi yaratmaq başlıca şərtdir

 

Çoxillik təcrübəmdən bu qənaətə gəlmişəm ki, hazırkı şəraitdə orta ümumtəhsil məktəblərində təlim-tərbiyə işinin yüksək səviyyədə təşkilində, dərsin müasir tələblərə cavab verməsinin təmin edilməsində pedaqoji kollektivə düzgün rəhbərlik və nəzarət ən mühüm amillərdən biridir. Hesab edirəm ki, yalnız bu amillər mövcud olduqda yüksək səviyyədə intellektli və erudisiyalı, VƏTƏNİNİ, XALQINI canından artıq sevən, savadlı, bilikli VƏTƏNDAŞLAR yetişdirilməsində həlledici rol oynayan sağlam mənəvi-psixoloji mühit yaranar. Nankor qonşularımızla müharibə şəraitində olduğumuz hazırkı dövrdə sadaladığım keyfiyyətlərin şagirdlər üçün nə qədər önəmli olması haqqında danışmağa, zənnimcə, ehtiyac yoxdur.

İşlədiyim kollektivdə müşahidələrimə əsasən deməliyəm ki, rəhbərlik və nəzarət möhkəm olduqda pedaqoji kollektivin fəaliyyətində vahidlik, sistemlilik, yaradıcılıq, təşəbbüskarlıq geniş rəvac tapır.

Kollektivdə işgüzar mühit, qarşılıqlı hörmət və yardım, tapşırılan işin icrasına dərin maraq, məsuliyyət hissi əksər hallarda məhz məktəb rəhbərinin təşkilatçılıq qabiliyyəti ilə, pedaqoji kollektivin hər bir üzvünün nəyə qadir olduğunu bilib əməyini düzgün qiymətləndirmək, lazım gələrsə, ona kömək etmək, istiqamət vermək, bir az da konkretləşdirsəm, rəhbərliyin işini elmi şəkildə qurmaq bacarığı ilə bağlıdır.

Akademik M.Mehdizadənin fikrincə, dərsin müasir tələblər əsasında yenidən qurulması ixtiyari məsələ deyildir. Bu, həyatımızın bütün sahələrində baş verən elmi-texniki inqilabın, ictimai inkişafın obyektiv qanunlarından irəli gələn məsələdir. Biz müstəqil dövlətdə yaşayırıq. Bununla əlaqədar olaraq, xüsusi fəal, təşəbbüskar, zirək, özünə, işinə, həyata tənqidi baxmağı bacaran yeni insanlar tərbiyə etməli və formalaşdırmalıyıq.

Müasir dərsə bu mövqedən yanaşan qabaqcıl məktəb rəhbərləri hər bir müəllimdən təlim-tərbiyə işini yaradıcı şəkildə qurmağı, şagirdlərə dərin, sistemli bilik verməyi, onları həyata hərtərfli hazırlamağı dönmədən tələb edirlər.

Bu baxımdan deməliyəm ki, işlədiyim məktəbdə dərsin gündəlik planlaşdırılmasına, o cümlədən proqram materiallarının düzgün bölünməsinə, mövzuların, saatların miqdarına, təqvim vaxtına, əyani vəsait və texniki vasitədən, təlim üsullarında istifadəyə, fənlərarası əlaqəyə, ekskursiyalara, keçilmişlərin təkrarına, sinifdənxaric oxuya, şagirdlərin biliyinin müntəzəm yoxlanılmasına, tədqiqatçılıq bacarığı, nəzəriyyəni təcrübədə yoxlamaq vərdişi aşılamaq və s. kimi məsələlərə böyük üstünlük verilir. Biz öz işimizdə həmişə belə bir həqiqəti əsas tuturuq ki, şagird öyrənə-öyrənə hər dəfə özünü daha dərindən kəşf etməlidir. Buna görə də sistematik olaraq hər il məktəbimizin 20 - dən artıq məzunu 600 - dən artıq bal toplayır. Əlbəttə, bütün bu işlərdə ayrı - ayrı müəllimlərin nümunəsi, dərsdə aparılan tərbiyə işləri ilə sinifdənxaric və məktəbdənkənar tədbirlərin əlaqələndirilməsi mühüm rol oynamışdır. İftixar hissi ilə deməliyəm ki, müəllimlərimizdən 12-si tədris etdikləri fənlər üzrə fəlsəfə doktorudur.

Aydındır ki, təlim-tərbiyə işlərinin yüksək səviyyədə təşkili üçün məktəb rəhbərləri arasında vəzifə bölgüsü aparılmalıdır. Məktəb direktoru isə vəzifə bölgüsünün necə yerinə yetirildiyinə ciddi nəzarət etməli, qarşıya çıxan məsələlərə prinsipiallıqla yanaşmalıdır.

Məktəbdə təlim-tərbiyə prosesini müasir tələblər səviyyəsində qurmağa çalışan direktor müavinləri tədris işinə rəhbərliyə vaxtını və işini planlaşdırmaqdan başlayır. Onun planı gündəlik, həftəlik, aylıq, yarımillik və illik olmaqla məktəbin planı ilə üst-üstə düşməlidir.

Direktor müavini dərs ilinin ilk həftəsindən proqram materiallarının müəllimlər tərəfindən düzgün planlaşdırılmasına çalışmalı, həftə ərzində aparılacaq öyrədici və yoxlama yazı, praktiklaboratoriya işlərinin qrafikini hazırlamalıdır. Dəftər, jurnal, dərslik və gündəliklərə nəzarət cədvəlinin tutulması da ona aiddir.

Müasir təlim-tərbiyə prosesinə rəhbərlik və nəzarət müxtəlif rəngarəng formaları tələb edir. Burada dərslərin müşahidə edilməsi və təhlili, şagirdlərlə aparılan şifahi sorğu, yoxlama yazı işlərinin keçirilməsi, sinif jurnalları, gündəlik və yazı dəftərlərinin yoxlanılması, kiçik summativ qiymətləndirmə (KSQ) və böyük summativ qiymətləndirmələrin (BSQ) vaxtlı-vaxtında keçirilməsinə nəzarət xüsusilə mühüm yer tutur. Görülmüş bütün işlər isə müvafiq sənədlərdə qeydə alınır.

Məktəb rəhbərləri təlim-tərbiyə işinə nəzarəti planlaşdırarkən müəllimlərin elmi-pedaqojimetodik hazırlığının artırılmasına, dərsin keyfiyyətinin yüksəldilməsinə, təlim-tərbiyənin vahid proses kimi aparılmasına, dərslə təlimin digər təşkili formalarının düzgün əlaqələndirilməsinə, qabaqcıl təcrübənin öyrənilməsinə, ümumiləşdirilməsinə və tətbiqinə, tədris proqramlarının vaxtında yerinə yetirilməsinə xüsusi diqqət yetirirlər.

Yuxarıda göstərilənlərdən başqa məktəb rəhbərləri pedaqoji kollektivin hər bir üzvü ilə fərdi söhbət aparmalı, onların öz üzərində necə çalışdıqlarını müəyyənləşdirməyə səy göstərməlidirlər. Lazım gəldikdə müvafiq təhsildə idarəetmə orqanları ilə birlikdə müəyyən mövzularda elmi-praktik konfrans, nəzəri seminar, məsləhət və ya pedaqoji praktikum, metodbirləşmələrdə praktik məşğələlər təşkil etməlidirlər.

Bəzən məktəblərdə hər bir müəllim üçün yaradıcılıq günü ayrılır. Həmin gün müəllim öz üzərində çalışmaqla dərslərə hazırlaşır, qabaqcıl təcrübəsinə aid materiallarla tanış olurs. Belə günlərdə bəzən məktəb üçün əhəmiyyətli olan ideya da yaranır.

Ümumiyyətlə, çoxillik təcrübəmə əsaslanıb deməliyəm ki, pedaqoji işdə müasirliyə, yeniliyə üstünlük vermək müvəffəqiyyətin rəhnidir. İşgüzarlıq, əlbirlik, fəal yaradıcılıq axtarışları aparmaq, qazanılan nailiyyətlərlə arxayınlaşmamaq, daim öz üzərində çalışmaq və s. kollektivin əsas simasını təyin edir.

Məlumdur ki, məktəb işinə rəhbərlikdə hər cür ehkamçılığa, quru rəsmiyyətçiliyə, çək-çevirə son qoymaq zəruri olduğu kimi, pedaqoji kollektivdə işgüzar şərait, yaradıcılıq əhvali-ruhiyyəsi yaratmaq da başlıca şərtdir.

Rəhbərlik kollektivin hər bir üzvündə öz qüvvəsinə inam oyatmalı, onu pedaqoji fəaliyyətinin səmərəliliyini daha da artırmağa ruhlandırmalıdır. Bu isə həm də o vaxt mümkündür ki, rəhbər işçinin özü yenilikdən çəkinməsin, bu işdə nümunə olsun, belə halda onun fəallığı pedaqoji kollektivə də sirayət edər, sözü eşidilər və sayılar.

Pedaqoji əməyin elmi təşkili uğrunda ardıcıl çalışan məktəb rəhbərləri müəllimlərin yenilik nəfəsi ilə dolu fikirlərinin və təşəbbüslərinin ilk müdafiəçisi və təşkilatçısı olmalıdır. Müəllimlərlə söhbətlərində onların hansı yenilik hissi ilə yaşadıqlarını öyrənməyə, nəyə qabil olduqlarını, arzu və istəklərini müəyyənləşdirməyə səy göstərməlidirlər. Bu vaxt müəllimlərin irəli sürdükləri, bəzən isə həyata keçirilməsinə ümid bəsləmədikləri hər hansı gözəl təşəbbüsün və ya ötəri söylənmiş yaxşı fikrin də üzərində möhkəm dayanmalı, müdafiəçisinə çevrilməlidirlər.

Direktor və müavinlərin mühakimələri, dərin inam hissləri müəllimləri həvəsə gətirməli, sonra onlar pedaqoji kollektivlə birlikdə həmin təşəbbüs və ya fikrin təşkilatçıları kimi ürəkdən işə başlamalıdırlar. Beləliklə, hər bir arzu pedaqoji kollektivin, şagirdlərin, ehtiyac olduqda isə ictimai təşkilatların və valideynlərin əlbir əməyi nəticəsində tezliklə həyata keçirilə bilər.

Təbiidir ki, məktəb rəhbərləri müəllimlərin yaradıcı işləmələri, dərslərdə müasir metodlar tətbiq etmələri üçün zəruri şərait yaratmalıdırlar. Pedaqoji kollektivin hər bir üzvü öz üzərində ciddi çalışmalı, akademik biliklərini yüksəltməli, vaxtaşırı ixtisasartırma kurslarından keçməli, valideynlərlə və ictimai təşkilatlarla əlaqəni möhkəmləndirməli, dərsə verilən müasir tələbləri dərindən öyrənib ardıcıl tətbiq etməli, şagirdlərin mənəvi tərbiyəsinin səmərəli təşkilinə səy göstərməlidir.

Məhz bu halda məktəb qabaqcıllar sırasına çıxar, pedaqoji kollektiv daha çox tanınar. Belə bir nailiyyət yalnız və yalnız hər bir məktəbdə rəhbərlik işi dövlətimizin tələb etdiyi səviyyədə qurduqda qazanıla bilər.

Pedaqoji kollektivin işinə rəhbərlik dərin elmi, nəzəri, habelə pedaqoji hazırlıq tələb edir. Odur ki, hər bir məktəbin rəhbərliyi ilk öncə öz üzərində ciddi çalışmalıdır. O, həmişə planlı, yaradıcı şəkildə fəaliyyət göstərməli, icra prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmaq üçün təsirli vasitələr tapmaqda, konkret yol göstərməkdə çətinlik çəkməməlidir.

Bir sözlə, müasir rəhbər işçi dərin səriştəliklə, intizamlılığı, təşəbbüskarlıq və işə yaradıcı münasibətlə üzvi surətdə birləşdirməlidir. O, hər hansı sahədə ictimai-siyasi cəhətləri, tərbiyə cəhətlərini nəzərə almalı, adamlara, onların ehtiyac və tələblərinə həssaslıqla yanaşmalı, işdə və məişətdə nümunə olmalıdır.

 

Xədicə ƏLİYEVA,

Bakı şəhəri MLK-nın tərbiyə işləri üzrə direktor müavini

 

Azərbaycan müəllimi.- 2018.- 2 fevral.- S.8.