“Mən mütləq cəbhədə olmalıyam, Vətənimi
qorumalıyam”
Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi
tələbəsi Məhəmməd Umudov
Onun şəxsi işi ilə tanış olanda ən çox diqqətimi yaşı cəlb etdi - 18. Günlərdir arasında itib-batdığım arxiv sənədlərinin sahibləri hamısı gənc idi, lakin Məhəmməd onların ən az ömür yaşayanı idi... Belə demək mümkünsə, dünyadan yaşamağa başlayarkən köçmüşdü...
Ünvanı Sumqayıt şəhəri qeyd edilmişdi, telefon yarımçıq... Sənəd ötən əsrin 1991-ci ilindən qalmışdı... Bu, normal idi...
Dosta zəng və Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bir neçə dəqiqədən sonra atası Eldar Umudov ilə anası Dilarə Babanlının telefon nömrələrini verdi.
Şəhid anaları ilə danışmaq ürək istəyir, buna görə də atasını yığdım. Məhəmməd üçün zəng etdiyimi biləndə çox həyəcanlandı:
- Günü sabah anası ilə bütün sənədlərini, şəkillərini götürüm gəlim!
- Yox, siz əziyyət çəkməyin...
- Nə əziyyət, qızım?! Oğlum elə bir ömür yaşamayıb, ondan qalanlar elə bir qovluqdadır... Həm də oğlumun universitetinə gələndə elə hiss edirəm ki, hələ də oxuyur...
Səhər açılar-açılmaz görüşdük. Eldar müəllim, Dilarə xanım və Umudovlar ailəsinin məsumiyyət muzeyi - şəhid övladlarının xatirələri qorunan o qovluq...
Ata qovluqdan səliqə ilə çıxartdığı şəkilləri, sənədləri, cib dəftərçəsi, açıqca, tərifnamə, fəxri fərman və medalları sıra ilə qarşıma düzdükcə ana onlara oğluna sığal çəkirmiş kimi toxunur, gözünün yaşı xatirələri islatmasın deyə geri çəkilirdi...
Hər ikisi çox kövrəkdir. Bilmirəm hardan başlayım və sakitləşmələri üçün şəkillərin arasından çox şirin, yaraşıqlı, saçlarında böyük lent olan uşağın fotosunu götürürəm:
- Nə qəşəng qızdır...
- Odur... - Dilarə xanım gözünün yaşını silir, Eldar müəllim tez müdaxilə edir:
- Ağlama, özünü ələ al, sakit danış... Oğlumuz haqqında yazırlar, fikrini topla ki, heç nəyi unutmayasan...
- Üç oğlum var idi, elə istəyirdim ki, bir qızım da olsun... Dördüncü övladım da oğlan olanda bir müddət saçlarını uzadıb belə lent vurdum... Qızım kimi saçları ilə oynayırdım... Amma lap körpə olanda... Bir az böyüyəndən sonra yox...
- Şəkil neçənci ildə çəkilib?
- 1976-cı ildə, Məhəmmədin 2 yaşı olanda. 1974-cü il martın 18-də dünyaya gəlmişdi. Əvvəlcə 5 saylı orta məktəbə getdi, sonra atası da, mən də gördük ki, riyaziyyat sahəsində fitri istedadı var... Bunu müəllimləri də təsdiqləyirdi. Ona görə də 25 saylı riyaziyyat təmayüllü orta məktəbə gətirdik... Evimin sonbeşiyi olsa da, xasiyyətində uşaqlıq yox idi. O qədər inadkar, əzmli oğlan idi ki... Mən onun evə “3” qiymətlə gəldiyi günü xatırlamıram...
Eldar müəllim davam edir:
- Məhəmməd tək riyazi bilikləri ilə seçilmirdi, həm də idmanda yaxşı nəticələr göstərmişdi. Böyük oğlumla birlikdə karate ilə məşğul olurdular... O, oxuduğu hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edirdi... “Qara kəmər” ustası idi...
Dilarə xanım masaya düzülən medalları göstərir:
- Özündən sonra bizə saysız-hesabsız diplom və medallarını yadigar qoyub getdi... Onun karate formasını isə Azərbaycan Dövlət İqtisad Universitetinin muzeyinə hədiyyə etmişik...
- İxtisas seçiminə qarışmışdınız, yoxsa öz istəyi idi?
- Böyük oğlum Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdi. Məhəmmədin isə arzusu mühasib olmaq idi, lap uşaqlıqdan...
- Uşaqlıqdan deyəndə ki... - Dilarə xanım onun sözünü kəsir: - Balam elə uşaq idi də... 17 yaşında, 1991-ci ildə öz savadı ilə universitetə qəbul olundu... Elə bircə semestr oxudu... Universitetə elə həvəslə gəlib-gedirdi ki... Bu gün kimi yadımdadır, universitetdə ilk imtahanı idi, evə gec gəldi. Düşündüm ki, məktəbə baxma, universitet çətindir, yəqin aşağı qiymət alıb deyə evə gəlmir... Axşam saat 9 olardı, bir də gördüm gülə-gülə girdi qapıdan - “Ana, məni təbrik elə! İmtahandan 5 aldım, ordan da getdim yarışa! Qalib gəldim, bu da medalım!”.
- Bu, onun həm birinci, həm də
sonuncu semestri oldu... İkinci semestr başlayar-başlamaz
Xocalı faciəsi baş verdi... Məhəmməd
çox vətənpərvər oğul idi, evə
sığışmırdı... O gülüşündən,
şənliyindən əsər-əlamət
qalmamışdı... Artıq valideynləri,
dostları, təhsili... hamı, hər şey onun
üçün ikinci plana keçmişdi. Bir gün mənə
dedi ki, “Ata, mən könüllü müharibəyə gedəcəyəm!
Dörd qardaşıq, birimiz getməliyik... Böyük
qardaşım ailə qurub, yenicə ata olub. Digər iki qardaşım isə neçə ildir
universitetdə oxuyur, yarımçıq qoymasınlar. Mən
gedəcəyəm!”.
- Yalvardım, ağladım... Dedim
ki, “ay oğul, sən axı lap uşaqsan... Heç
sağını-solunu düz-əməlli tanımırsan”.
Onda da lap acığı tutdu, dedi - “Ana, ordu
özümüzünküdür! Rus ordusu deyil
ki, komandanı rus dilində versinlər. Öz
dilimizdə danışırlar. Hər şeyi başa
düşürəm!”. Bir də onda xəbər
tutduq ki, gedib...
- O gedəndən sonra əşyalarının
arasından bir dəftəri tapdıq - Eldar müəllim Məhəmmədin
qeydləri olan dəftəri göstərir, - Bax, içində
öz əli ilə silah şəkilləri çəkib,
onların növlərinə dair məlumat yazıb... Öyrəndik
ki, Xocalı hadisəsindən sonra müxtəlif universitetlərdən
28 tələbə bir yerə toplaşıb hərbi təlimlər
keçirmişlər... Elə gedəndə də 28
könüllü qrup şəklində Cəbrayılın
Sirikli kəndinə üz tutmuşdular... Düz iyirmi günə
qədər döyüşdülər...
- Balam nə bir dəfə zəng
etdi, nə bir parça kağız yazdı... Gözümə
yuxu getmirdi... Ad günündə süfrə açdım,
gözlədim ki, bəlkə bu gün gələr... Novruz
bayramı ərəfəsində anadan olmuşdu deyə
düz 17 il idi ki, biz bu günü həm
bayram, həm də Məhəmmədin ad günü kimi qeyd
edirdik. Ailəmiz üçün ikiqat bayram
idi. Amma həmin ili süfrəm
açıq qaldı. Balam 18 yaşını səngərdə,
güllənin, bombanın altında tamamladı. Narahat
oldum ki, deyirlər bir il Novruz
bayramını evində qarşılamayan...
- Axırda məcbur olub, arxasınca
getdim... Orada da komandiri mənə dedi ki, Məhəmmədin
yaşı azdır... Amma haqqında xeyli xoş sözlər
də dedi - cəsur, mərd, şücaətli,
çevikdir... Özümlə gətirdim.
- Amma yenə də fikri-zikri
qalmışdı cəbhədə. Yalvarıb
deyirdim ki, oğul, hara gedirsən? Mənim atam müharibədən
qayıtmayıb, istəmirəm balam da müharibənin
qurbanı olsun... Atanın ata-anası, bacı-qardaşı
yoxdur, onu tək qoyub getmə... Dedi “Ana, narahat olma, hər
şey yaxşı olacaq. Uşaq deyiləm ki,
idmançıyam. Yəni deyirsən
özümü qoruya bilməyəcəyəm? Həm də ki, mən arxa cəbhədə
olacağam. Sənə söz verirəm
ki, ön cəbhəyə getməyəcəyəm”. Hər
vəchlə məni arxayın salmağa
çalışırdı ki, getməyinə razılıq
verim...
- Evə gətirəndən sonra
çalışdım özüm də başa salım.
Dedim, “oğul, sən hələ çox gəncsən, tələbəsən.
Təhsilinlə məşğul ol. Hələ
səni heç cəbhəyə çağıran da yoxdur!”. Xeyli söhbət etdik, mənə söz verdi ki, ata, arxayın ol, başa
düşdüm. Mən də düşündüm ki, daha
universitetə qayıdıb, dərslərini oxuyacaq... Daha nə
bilim...
- Həmən ərəfədə
bir az xəstə idim, işə getməmişdim.
Eldar da “Məhəmməd sənə əmanət,
gözündən qoyma, deyib, getdi işə... Məni yuxu
apardı, oyananda gördüm yoxdur... Dedim yayın
günüdür, evdə necə otursun, bəlkə həyətə
düşüb... Daha atasına söz vermişdi deyə ağlıma
da gəlmədi ki... Xeyli sonra qəfil gözüm
servantın şüşəsinə taxılan kağız
parçasına dəydi... Məktub yazıb qoymuşdu... O məktubu
görəndə artıq başa düşdüm ki, biz Məhəmmədi
heç nə ilə evdə saxlaya bilmərik. O, öz qərarını
verib...
Məhəmmədin öz xətti ilə
yazılmış, illərin saraltdığı məktub
şəkillərin arasındadır:
“Ana, məni
bağışla. Səni yata-yata qoyub gedirəm. Səninlə görüşə bilmədim. Məni bağışla. Atamın
məni geri gətirməsinə baxmayaraq, mən burada qala bilməzdim.
Mən mütləq cəbhədə
olmalıyam, Vətənimi qorumalıyam. Gözəl
anam, salamat qal! Hələlik! Qismət olsa,
görüşərik. 06.06.1992”.
Dilarə xanımın Ağstafada
yaşayan bacısı zəng edib, Məhəmmədin onlara
gəldiyini deyir: “Xala, sizi qorumağa gedirəm,” deyib, Qazax
batalyonuna qoşulmağa getdi...
Eldar müəllim Məhəmmədin
arxasınca Qazağa gedir:
- Orada dedilər ki, getdi Gəncə
batalyonuna... Mən soraqlaya-soraqlaya gedib Gəncə
batalyonuna çıxdım. Hərbi hissəyə
gedib Məhəmmədi təsvir edəndə dedilər hə,
elə bir uşaq gəlmişdi. Azyaşlı
olduğu üçün batalyona qəbul etmədik. Dedik sən evə qayıt, oxu. Sən orada
lazımsan... Araşdırandan sonra məlum oldu ki, Gəncədən
də Tərtərə gəlib... Gəldim Tərtər
batalyonuna... O vaxt Şahin Tağıyevin batalyonu Tərtərdəki
bir məktəb binasında yerləşirdi. Orada
soraqladım, dedilər bəli, buradadır, bizdə
döyüşür. Kəşfiyyat qrupundadır, indi
də əməliyyata gedib, gecə gələcək... Heyrətləndim!
Kəşfiyyat qrupu nədir? Bu uşağın axı 18 yaşı var. Batalyonda
dedilər ki, “Məhəmməd çox qorxmaz, cəsur və
cəlddir. Peşəkar
idmançıdır, ölümün gözünə dik
baxır, buna görə də onu ürəklə əməliyyata
göndərə bilirik. Heç narahat olma, bütün
kəşfiyyat əməliyyatlarından uğurla
qayıdır!”. Oturub gözlədim... Gecə
keçdi... Səhər açıldı... Səhər də
dedilər ki, qayıdan başı birbaşa döyüşə
yollanıb...
- Eldar kor-peşman gəldi ki, Məhəmmədlə
görüşə bilmədim... Dünya mənə dar gəlirdi...
Qızım, bu o vaxtlar idi ki, ölkədə vəziyyət
çox pis idi. 1992-ci ilin yayı xalqımızın
müharibədə ən çox itki verdiyi günlər
idi... Qarabağdan demək olar ki, Azərbaycanın hər tərəfinə
maşınlarla şəhid tabutları gedirdi... Beş həyətdən ikisində şəhid
çadırı qurulurdu... 18 yaşlı oğlu müharibədə
olan bir ana belə vəziyyətdə necə rahat olsun?
- Amma yenə də bütün əsgər
valideynlərinin kabusu olan çadır bizim həyətdə
qurulmamışdı deyə, ümidli idik... İyulun 30-u
idi... Həyətdə qonşularla əyləşib söhbət
edirdim ki, poçtalyon gəldi... Onun gəlişi bu gün
kimi yadımdadır, rus qadın idi... Bizə
yaxınlaşıb, “Umudov kimdir?” soruşdu. Ayağa qalxdım ki, mənəm. Mənə
bir teleqram uzatdı və həmən an həyətdən
qaçaraq çıxdı... Nə isə şübhələndim,
qadın niyə belə bir anın içində yox oldu deyə
bədənimdən bir gizilti keçdi... Əlimdəki
teleqrama baxdım və onda dünyam qaraldı... O anda nələr
yaşadım, indi sözlə deyə bilmərəm. Amma
kaş ki, heç bir ataya belə xəbər gəlməsin...
Qonşular məsələni əhvalımdan başa
düşüb, məni evə qaldırdılar...
Özümü birtəhər ələ alıb xahiş
etdim ki, evdə deməyin... Anası onsuz da günlərdir
yuxu yatmır, bu xəbəri qəfil almasın... Mən təsəvvür
edə bilmirdim ki, bir anaya “oğlun döyüşdə həlak
olub, meyiti belə tapılmayıb” sözünü necə
demək olar... Qonşular məni evə qaldırıb, su
verdilər, sakitləşdirməyə
çalışdılar... Elə bu vaxt qonşu qadınlar
yavaş-yavaş bizə axışmağa başladı...
Daha mənim nə isə deməyimə ehtiyac qalmadı... O özü
hər şeyi başa düşmüşdü... 1992-ci ilin
kabusuna çevrilən, bütün məhəlləni matəmə
bürüyən yas çadırı bizim də həyətdə
quruldu...
- Balamın xəbəri gəlmişdi,
cənazəsi yox... Teleqramda yazılırdı ki, nəşini
döyüş bölgəsindən çıxartmaq
mümkün olmayıb... Bax, teleqram sənədlərin
arasındadır... O vaxt Sumqayıta gələn şəhidlərin
hamısını Nərimanov klubuna gətirirdilər. Eldar
yollandı kluba...
- Nə qədər axtarsam da,
oğlumun meyitini tapa bilmədim. Mənim kimi
oğlunu axtaran bir neçə ata bir-birimizə qoşulub, cəbhə
bölgəsinə yollandıq. Gedib komandirə dedik ki,
gəlmişik balamızı aparıb dəfn etməyə...
Bizi əmin etdilər ki, qayıdın evə,
gözləyin. Döyüşçü
yoldaşları danışdılar ki, Ağdərənin
Kasapet kəndindəki döyüşlərdə...
Düşmən öz mövqeyini yüksəklikdə
qurmuşdu... Məhəmməd
döyüşdə çox cəsurluq etdi, bir neçə
erməni yaraqlısını öldürdü. Son anda
da bizim döyüşçülərə tuşlanan
pulemyotu nişan alıb... Elə bu da
sonuncu atəşi olub... Yanında olan
döyüşçü yoldaşı danışdı ki,
Məhəmmədi bir çalaya uzadıb, üstünü
örtdüm ki, əl-ayaq altda qalmasın. Döyüş meydanından isə
çıxartmaq mümkün olmadı. Hələ
də meyitlərin ərazidən götürülməsi
üçün danışıqlar aparırıq.
Əmin olun, yerini də bilirik, ilk fürsətdə evə
göndərəcəyik...
Ata ürəyidir. Necə
qayıdardım evə? Anasına necə deyərdim ki,
oğlunun nə dirisini gətirə bildim, nə də
ölüsünü... Bütün atalar da mənim kimi naəlac
qalmışdı... O vaxt şəhidləri Tərtər məscidinə
gətirir, orada adət-ənənəyə uyğun yuyub-kəfənləyir,
evlərinə göndərirdilər. Üz
tutduq bu məscidə. Şəhid atası olduğumuzu,
oğlumuzun nəşini axtardığımızı biləndə
bizi meyitlərin arasına buraxdılar... İlahi, bir-birindən
cavan, yaraşıqlı uşaqlar nə halda idilər... Nə
isə... Bu danışmalı mövzu deyil...
- Eldar bu dəfə də əliboş
qayıdıb gəldi... Avqustun 9-u idi. Qonşular qapını döydü ki, “Eldar əmi
evdədir? Uşağı gətiriblər”.
Necə sevindim... Dedim yəqin tapıblar, yaralıdır...
Sağdır balam... Yazıq qonşular da, gözlərinin
qabağında böyüyən uşaq üçün
“meyitini gətiriblər” sözünü deyə bilmirdi...
Maşın da qonşu həyətdə
saxlamışdı... Heç evə qaldırmadılar...
Bircə atası gördü üzünü... Mənə
göstərmədilər... Balamı sonuncu dəfə də
olsa görə bilmədim...
- Heç qardaşlarını da
qoymadım, özüm tək getdim tanımağa... Əmin
olmalı idim ki, oğlumdur, özüdür, Məhəmməddir...
Heç kimi yaxına buraxmadım, istəmədim kimsə onu
elə görsün... O nə anaya, nə də qardaşa
göstəriləcək mənzərə deyildi,
qızım... Ölümündən düz doqquz gün
keçirdi... Bu, bizim sonuncu görüşümüz oldu...
Oğlum çox gənc idi, hələ bir ömür
yaşamamışdı... Sevilməmişdi, sevinməmişdi...
Universitetə yenicə qəbul olunmuşdu ki, o da
yarımçıq qalmışdı... Məhəmmədlə
heç vaxt gizli sirrimiz, söhbətimiz olmamışdı...
Bu görüş bizim ata-bala arasında olan birinci və
sonuncu sirrimiz olaraq qaldı... Ömrümün son
gününə qədər də ürəyimdə
qalacaq... O haqda heç ailə üzvlərimə də
danışmayacağam...
- Dəfnində böyük izdiham
yaşandı... Sumqayıtdakı Şəhidlər
Xiyabanında dəfn etdilər... Yaylım atəşi
açdılar... Məzarı başında komandiri,
döyüşçü yoldaşları
çıxış etdilər... Dedilər ki, yaşı az olsa da, fikri, düşüncəsi,
yanaşması yaşına görə deyildi... Çox mərd,
müdrik və qorxmaz əsgər idi... Cəbhədə
olduğu qısa müddətdə də böyük şücaətlər
göstərdi... Və bu söylənənlərin heç
biri mənə Məhəmmədin bir dəfə “Ana” deməsini
əvəz etmədi...
- İndi hər səhər tezdən
yuxudan oyanıb, Şəhidlər Xiyabanına oğlumla
görüşə gedirəm... Düz iyirmi altı ildir ki,
günə belə başlayıram... Nəvələrim hər
həftə Şəhidlər Xiyabanına gedib, əmiləri
ilə görüşür, onunla qürur duyurlar...
- İldə iki dəfə - iyulun
30-da və avqustun 9-da ailə ilə toplaşıb, anım
gününü qeyd edirik...
***
...Bu, 18 il ömür
yaşamış, bir illik tələbəliyin bir semestrini
auditoriyada, bir semestrini isə səngərdə keçirən,
hələ gəncliyin dadını tam dadmamış Məhəmməd
Umudovun valideynlərinin xatirələri idi... Sizin də əbədi
tələbələrlə bağlı hər hansı xatirələriniz
varsa, mütləq bizə yazın: info@lent.az
Vüsalə
MƏMMƏDOVA
Azərbaycan
müəllimi.- 2018.- 2 fevral.- S.13.