“Biz Azərbaycanda universitetlərin tərəqqisini diqqətlə
izləyirik”
Böyük
Britaniyanın “Times Higher Education” (THE) jurnalının Rusiya və
MDB ölkələri üzrə icraçı direktoru Yeqor
Yablokov “Azərbaycan müəllimi”nin suallarını
cavablandırır
Müasir dünyanın reallıqları universitetlərin qloballaşması kimi mühüm bir məsələni də günümüzün hadisəsinə çevirib. Ali məktəblərin qlobal reytinqlərdə yeri də onların inkişaf üfüqlərini müəyyən edir. Müasir universitetləri fərqləndirən əsas keyfiyyət kriteriyaları onların reytinqində əksini tapır. Bu mənada Böyük Britaniyanın Times Higher Rankings jurnalı tərəfindən aparılan tədqiqatlar da ali məktəblərin qiymətləndirilməsində mühüm mənbə rolunu oynayır. Bütün dünyada universitetlərin reytinqlərinin işlənib hazırlanmasında 10 ildən artıqdır ki, akademik mənbə rolunu oynayan “Times Higher Education”nun Rusiya və MDB ölkələri üzrə regional direktoru cənab İqor Yablokovun qəzetimizə verdiyi müsahibədə universitetlərin qlobal reytinqinə bir daha nəzər saldıq. Cənab E.Yablokovla “Times” rəhbərliyi ilə razılaşdırılmış müsahibəni oxucularımıza təqdim edirik.
– Universitetlərin
reytinqi necə müəyyən edilir? Ali məktəblərin
akademik nüfuzunun
qiymətləndirilməsində hansı meyarlar əsas
hesab edilir?
– “Times Higher Education World University
Rankings” olaraq
biz universitetlərin dünya
reytinqinin tərtib edilməsi üçün 5 qrupda (pilars)
qruplaşdırılmış
13 göstəricidən (metrics-in) istifadə edirik.
Göstəricilərin birinci qrupu (universitetin inteqral qiymətləndirilməsində
onun xüsusi çəkisi 30% təşkil edir) universitetin təhsil fəaliyyətini xarakterizə edir
və beş ayrı-ayrı göstəricidən ibarətdir.
Göstəricilərin bu qrupuna
keçirilmiş qlobal reputasiya sorğusunun nəticələrinə
görə universitetin akademik (tədqiqat deyil, məhz təhsil)
reputasiyası daxil olur. Universitetin inteqral
qiymətləndirilməsində onun çəkisi 15%-ə bərabərdir.
İkinci qrupa aid göstəricilər
(universitetin inteqral qiymətləndirməsində onun
xüsusi çəkisi həmçinin 30% təşkil edir)
universitetin elmi-tədqiqat fəaliyyətini xarakterizə edir.
Ona üç ayrı göstərici daxildir, onlardan biri
reputasiya sorğusunun (18%) nəticəsidir və digərləri
obyektiv yolla əldə olunan 2 (hər biri 6%) göstəricidir. Universitetin növbəti 30% inteqral
qiymətləndirməsi Field Weighted Citations Impact-ı
adlandırılan göstəriciyə – universitet əməkdaşlarının
elmi nəşrlərindən sitatgətirilmələrin
sayının anoloji nəşrlər
üçün sitat gətirmələrin orta göstəricisinə
nisbətinə əsaslanır.
Beləliklə, göstəricilərin
bu üç qrupuna universitetin inteqral qiymətləndirilməsinin
90 faizi düşür. Qalan 10% universitetin təhsil
və elmi fəaliyyətinin beynəlmiləlləşməsinin
müvəffəqiyyətini xarakterizə edən üç
göstəricidən (inteqral qiymətləndirmədə onun
xüsusi çəkisi 7,5% təşkil edir) ibarət qrup, həmçinin
kommersiya sektorunun xeyrinə yerinə yetirilmiş (qeyri-dövlət)
elmi araşdırmalardan və kəşflərdən əldə
olunan gəlirlərin həcmini xarakterizə edən Industry
Income (2,5%) göstəricisi arasında bölünür.
– Siz bu və ya
digər ali məktəb haqqında
informasiyanı haradan və necə əldə edirsiniz,
universitetin yeri reytinqdə hansı kriteriyalarla müəyyən
olunur?
– “Times Higher Education World University
Rankings” reytinqinin
tərtib edilməsi üçün üç məlumat mənbəyindən istifadə olunur. Onlardan
birincisi – reytinqdə iştirak etməyi arzu edən universitetlərin
xüsusi olaraq yaradılmış portal vasitəsilə
özlərinin verdikləri məlumatlardır. Bu məlumatlar “Times
Higher Education”nun mütəxəssisləri
tərəfindən təkrar yoxlanılır. İkinci məlumat
mənbəyi
Elsevier şirkətinin “Scopus” bibliometrik verilənlər
bazasıdır.
Üçüncü məlumat mənbəyi – “Times Higher
Education Academic Reputation Survey”in qlobal reputasiya sorğusunun nəticələridir
ki, hər il
bütün dünyadan ən azı 10000 alim iştirak edir.
– Biz universitetlərin
iki reytinqinə əsaslanırıq – “Quacquarelli Symonds” (QS) və
“Times Higher Education”. Siz bu reytinqlərin hansı oxşar və
fərqli
xüsusiyyətlərini ayırd edə bilərdiniz?
– “QS” və “Times Higher Education”nun dünya
universitetlərinin reytinqlərinin
metodologiyalarının ümumi xüsusiyyətlərinə
onu da aid etmək olar ki,
onlar universitetlərin qiymətləndirilməsi
zamanı həm obyektiv məlumatlardan, həm də reputasiya
sorğularına dair göstəricilərdən istifadə
edirlər. Hər iki reytinq sistemində elm və təhsil fəaliyyətinin
inkişafının intensivliyini xarakterizə edən göstəricilər, həmçinin universitetdə təhsilin
və elmin beynəlmiləlləşmə səviyyəsi ən
böyük çəkiyə malikdir. Eyni zamanda, “QS” şirkətinin
dünya universitetlərinin
reytinqində reputasiya qiymətləndirməsinin payı “Times Higher Education World
University Rankings” reytinqində
olduğundan əhəmiyyətli
dərəcədə yüksəkdir, yəni biz (Times Higher Education)
ekspert rəylərindən daha az dərəcədə
asılıyıq,
böyük dərəcədə obyektiv məlumatlara
söykənirik. “QS”
şirkətinin dünya universitetlərinin reytinqi
6 göstərici (onlardan 2-i –
reputasiya qiymətləndirmələridir) əsasında tərtib edilir. Ancaq “Times Higher Education World
University Rankings”
reytinqi 13 göstərici
əsasında hazırlanır ki,
onlardan yalnız 2-si
reputasiya qiymətləndirmələrinin payına düşür. Bütovlükdə “QS” reytinqində
universitetlərin inteqral qiymətləndirməsində
reputasiya qiymətləndirməsinin
çəkisi 50% təşkil edir (yəni balların
bütün cəminin yarısı – bu, ekspertlərin fikirləridir),
ancaq “Times Higher Education”nun
reytinqində 33% faiz təşkil edir. Bundan başqa, “QS”-ın və
“Times Higher
Education”un reytinq sistemlərində universitetlərin qlobal reytinqə
daxil olmaları üçün
müxtəlif giriş hədləri, yəni müxtəlif minimal tələblər
mövcuddur ki, universitetlər bu şərtlərə
uyğun olmalıdır. Biz “Times Higher Education
World University Rankings”in
universitetlərin qlobal reytinqə girməsi üçün ən mürəkkəb
reytinq hesab olunduğunu bilirik, lakin bu, onun nüfuzunu, həmçinin bir çox hallarda
geniş ictimaiyyət tərəfindən, eləcə də
ali təhsilin inkişafına görə məsuliyyət
daşıyan milli hökumətlər və nazirliklər tərəfindən
ona göstərilən etimadın səviyyəsini müəyyən edir. Qeyd etməyə dəyər ki,
“Times Higher Education World University Rankings” hal-hazırda müstəqil
auditor şirkətləri tərəfindən tam audit
aparılan yeganə universitet
reytinqidir. Biz hər il
tərəfimizdən aparılmış reytinqlərin
necə təşkil olunmasının tam və
hərtərəfli (metodologiya
və hesablamaların
özü də daxil olmaqla) auditi üçün PricewaterhouseCoopers-i (PwC) auditor xidmətini dəvət edirik.
– Ali məktəbin
fəaliyyətində reytinqlərin rolunu necə qiymətləndirirsiniz?
– Biz öz həmkarlarımızla
(“Times Higer Rankings”) güman edirik ki, reytinqlər universitetlərin fəaliyyətinin
qiymətləndirilməsi
üçün mümkün olan alətlərdən biridir (lakin heç də yeganə
deyil). Reytinqin mənası məhz ondan ibarətdir
ki, universitetlər öz aralarında vahid meyarlar üzrə
müqayisə edilir. Universitet üçün reytinqə
daxil olmaq başqa universitetlərə
nisbətən öz şəxsi effektivliyini ölçmək
şansıdır.
– Bəzən
deyirlər ki, reytinqlər, öz təyinatına görə, rəqabət
prosesinə xidmət edən alətdir, siz
necə hesab edirsiniz?
– Bəli, güman edirəm ki, bu, məsələnin
düzgün anlamıdır. Universitetlərin
reytinqləri onları öz aralarında müqayisə etmək
imkanı üçün lazımdır. Əgər siz
universitetləri öz aralarında
müqayisə edə bilmirsinizsə, deməli, onlar əslində
rəqabət aparmırlar, çünki onlardan hər birinin
sizin anlamınızda öz
“unikal”lığı var. Elə ki, siz meyarların vahid sistemi
üzrə universitetləri öz aralarında müqayisə etməyə
başlayırsınız, bu ali məktəbləri avtomatik olaraq rəqabət vəziyyətində qoyursunuz.
– Ümumiyyətlə,
sizcə, reytinqlər
kimlər
üçün
yaradılır – ali məktəblər, tələbələr
və ya onların valideynləri,
bəlkə işəgötürənlər
üçün?
– Əgər maksimum dərəcədə
ətraflı danışmalı olsaq, onda universitetlərin reytinqlərinin
çoxsaylı
“istehlakçılar” qrupu var.
Daha çox aşkar görünən belə qruplardan biri abituriyentlər və
onların valideynləridir. Həqiqətən
də, əgər biz son illərdə keçirilən beynəlxalq
tədqiqatların nəticələrinə baxsaq, görəcəyik
ki, hal-hazırda xaricdə təhsil almaq üçün
universitet seçən abituriyentlər onların seçiminə
ən böyük təsir göstərən ilk 3
amil arasında ali məktəbin beynəlxalq reytinqlərdəki
reputasiyasını qeyd edirlər. Universitetlər
sözsüz ki,
özlərinin inkişaf strategiyalarını
işləyib hazırlayarkən ali məktəblərin qlobal
reytinqlərini də nəzərə alırlar. Ali məktəbin ayrı-ayrı əməkdaşları
da iş yeri kimi universitetin reytinqinə əsaslanırlar. Universitetlərin reytinqləri ali məktəblər arasında
resursların bölgüsü məsələsinin həlli zamanı bir çox
milli hökumətlər tərəfindən də nəzərə
alınır.
– Son vaxtlar biz
reytinqlərdə Asiya ali məktəblərinin
aktivləşməsini görürük. Bunu nəylə
izah etmək olar?
– Asiya ölkələrindən olan universitetlərin mövqelərinin, həqiqətən
də, ildən-ilə dünya
universitetlərinin əksər reytinqlərində
yaxşılaşmasını görürük. Bu, ona görə olur ki, onlar bu
gün inkişafın templəri üzrə ali təhsilin ənənəvi
liderləri olan
Avropa və Şimali Amerikanın universitetlərini
arxada qoyurlar. Asiyanın bir çox ölkələri,
xüsusən Çin, son illərdə öz universitetlərinin inkişafına
və dünya səhnəsində onların rəqabətə
davamlılığının artımına nəhəng sərmayə
qoyur. Çin, Tayvan, Yaponiya, Koreya Respublikası, Səudiyyə
Ərəbistanı – bunlar artıq bir neçə illərdir
özlərinin akademik üstünlüyü ilə (academic excellence initiatives)
milli təşəbbüslərini
reallaşdıran Asiya ölkələrinin tam olmayan
siyahısıdır. Onlar fəal
surətdə xaricdən alimləri
cəlb edir, universitetlərin maddi-texniki bazasını
inkişaf etdirir, xarici tələbələr və aspirantlar
üçün fövqəladə cazibədar şərait
yaradırlar, onlar üçün
Avropa və Şimali Amerika ölkələrinin
universitetlərindən heç
də geridə qalmayan cazibə mərkəzi olmağa
çalışırlar.
Yalnız öz ölkələrindən deyil, eləcə
də bütün dünyadan ən yaxşı zəkaları
toplamaq imkanı təkcə
Asiya ölkələrinin universitetlərinin özlərinin müvəffəqiyyətlərini
deyil, eləcə də bu ölkələrin
iqtisadiyyatlarının uğurlu gələcəyini qabaqcadan
müəyyən edir.
– Necə hesab
edirsiniz, hazırda dünya universitetləri
qarşısında hansı qlobal çağırışlar durur? Sizcə, ali məktəblərin rəqabətə
davamlılığına hansı amillər təsir edir?
– Son
zamanlar kifayət qədər tez-tez belə fikirlər səslənməyə
başlayıb ki, universitetlər
yeni biliklərin yaradılması kimi öz rolunu itirməyə
başlayıb və yeni nəsil kadrların hazırlığı
funksiyasının öhdəsindən gələ bilmir, belə
ki, özlərinin müasir elmi-texniki inqilab şəraitində
müasir cəmiyyət üçün zəruri olan təhsil proqramlarını sürətlə
yeniləməkdə bir o qədər də aktiv deyil. Düşünmürəm
ki, gözə görünən perspektivdə universitetlər
yox olacaq. Onlardan bir çoxu artıq bir neçə yüz il ərzində
mövcud olublar, həm də
sosial formasiyaların dəyişməsi nəticəsində
də kifayət qədər çox
uğurla transformasiyaya məruz qalıblar, çox
vaxt özləri bu dəyişikliklərin
katalizatorları kimi çıxış ediblər.
Sözsüz ki, universitetlər bu gün cəmiyyətin həyatında
öz sistemyaradıcı
rolunu itirməmək
üçün dəyişikliklərin
lideri olmalıdır, bu dəyişiklikləri yaratmalı,
daha addım-addım onların
arxasınca getməməlidirlər.
– Hazırda
bütün dünyada tədqiqat universitetlərinin rolu
artır. Bu barədə
nə deyə bilərsiniz?
– Bu, qanunauyğun prosesdir,
çünki elmi-texniki inqilab
şəraitində yeni elmi biliklərə tələbat daim
artır və məhz tədqiqat universitetləri onların təmin
olunması üçün lazımı potensiala malikdir. Tədqiqat universitetləri güclü elmi bünövrəyə
və özləri ilə
mövcud elmi məktəblərin inkişafına xidmət
edən və yenilərin
formalaşmasına gətirib çıxaran yeni kadrların
daimi axınına malikdirlər.
– Elm və təhsilin
inteqrasiyası barədə
nə
düşünürsünüz?
– Mənə belə gəlir ki, dünya səviyyəli
müasir universiteti güclü elmi bünövrəsiz təsəvvür
etmək ağlasığmazdır. Biliklər
çox tez köhnəlir, buna görə də onları daim
elmi axtarışlar çərçivəsində yaranan
yeni biliklərlə zənginləşdirmək
lazımdır.
– Sizcə, ali məktəblər
kadr hazırlamalı və ya
elmlə məşğul olmalıdır?
– Universitetlərin müxtəlif
modelləri mövcuddur. Hesab edilir ki, indi ən qabaqcıl universitetlər
3.0 (“3.0
universitetlər”
adlandırılan) model üzrə inkişaf edir. Bu model təhsil, elm və sahibkar funksiyalarının
inteqrasiyasını nəzərdə tutur, hansı ki, bu çərçivədə
universitet yalnız ayrı-ayrı yeni bizneslərin yaranma məkanı kimi yox,
həm də bütöv
biznes-modellər, ekosistemlər, yeni bazarlar məkanı kimi
çıxış etməlidir. Şübhəsiz ki, bu
üçüncü funksiya ikinci funksiyanın – universitetdə
alimlərin iştirakı ilə aparılan elmi-tədqiqatlar
çərçivəsində yeni biliklərin generasiyasının (hansı ki, sonda startaplar, spin-offlar çərçivəsində
və s. kommersiyalaşacaq) lazımi inkişafı olmadan qeyri-mümkündür. Doğrusu, universitetdə
elm və təhsilin inteqrasiyası universitetlərin
inkişafının “universitet 2.0” adlandırılan əvvəlki
modelinin tipik xüsusiyyətidir.
– Bir qədər əvvəl
siz Bakıda idiniz. “Times Higher
Education”un Azərbaycanın
ali təhsil sferasına marağını necə izah edərdiniz?
– “Times Higher Education” dünyanın 200 -dən
çox ölkəsində işləyir və həm
ayrı-ayrı universitetlərin inkişafı, onların
strategiyaları, həm də bütövlükdə ali təhsil
sistemi barədə bilikləri toplayan nüfuzlu mərkəzdir. Bu planda Azərbaycan istisna deyil. Azərbaycanda elmi araşdırmalar
aparan və çox
yaxşı səviyyədə mütəxəssis
hazırlığını həyata keçirən bir
sıra güclü universitetlər var. Bu universitetlər “Times Higher
Education World University Rankings”in
universitetlərin
ümumdünya reytinqinə düşməyə iddia edə
bilər.
– Ali məktəblərimizin
potensialı ilə nə dərəcədə
tanışsınız? Necə
hesab edirsiniz, universitetlərimizə irəli getmək, nüfuzlu reytinqlərdə
layiqli yer tutmaq üçün nələr lazımdır?
– Biz Azərbaycanda universitetlərin tərəqqisini
diqqətlə izləyirik. Güman edirəm ki, ölkə universitetləri
üçün ən rasional yol sıx beynəlxalq
kooperasiyadır.
Görünür, ölkənin miqyasına uyğun
olaraq Azərbaycan universitetlərinə gələcəkdə Avropa və Asiyanın bir sıra iri universitetlərinin
(eləcə də Rusiya ali məktəblərinin) malik olduğu səviyyədə
elmi-tədqiqatlar (xüsusən
də təbiət elmlərinin bir çox sahələrində)
aparmaq üçün infrastruktur tələb olunur. Lakin indi elm olmadan dünya
ölçüləri üzrə rəqabətə
davamlı səviyyədə ali təhsilin inkişafı
haqqında danışmaq
çətindir. Buna görə, mənim fikrimcə, beynəlxalq
kolloborasiyalarda iştirak etməklə təhsil və elm sahələrində
effektiv tərəfdaşlığın axtarılması və
qurulmasına fokuslanmağa dəyər. Bu, yeri gəlmişkən,
zamanla əlaqədar olaraq Azərbaycan universitetlərinin
reputasiyası nöqteyi-nəzərindən əlavə
müsbət nəticə verəcək: necə ki, bizim təhlillərimiz göstərir, elmi sferada
universitetin reputasiyası onun beynəlxalq təhsil və elmi əlaqələrinin
intensivliyi ilə dəqiq korrelyasiyaya malikdir.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2018.- 16 fevral.- S.7.