Tədqiq edir, adı görünmür
Təhsil İnstitutundan gözləntilər
İnsan kapitalının formalaşdırılmasında təhsilin müstəsna rolu bu sahədə müşahidə olunan problemlərə diqqəti birə-beş artırır. Bəs, həmin problemlərə təhsil sisteminin özündə münasibət necədir? Mövcud vəziyyəti dəyişmək üçün hansı addımlar atıla bilər və bunu kim etməlidir?
Məlumdur ki, təhsilin məzmunu
ilə bağlı ortaya çıxan bütün məsələlər,
hətta ehtimallar belə təhlil edilməli, yeniliklər tətbiq
edilmədən öncə sınaqdan
çıxarılmalıdır. Təhsilin
konseptual problemləri, təhsil sistemində yeni pedaqoji
texnologiyalar, təhsilin məzmunu və onun təhsil
islahatlarının tələblərinə uyğun təkmilləşdirilməsi,
psixoloji və yaş fiziologiyasının müasir problemləri,
inklüziv təhsilin problemləri, təhsilin sosioloji problemləri,
təhsil sistemində tərbiyə problemləri, pedaqoji
kadrların hazırlanması, ixtisasının
artırılması sisteminə yeni texnologiyaların tətbiqi,
təhsilin idarə olunması ilə bağlı problemlər
araşdırılmalıdır. Araşdırılandan sonra
müzakirəyə çıxarılmalı, təhsil
ictimaiyyətin iştirakı ilə təhlil olunmalı, birgə
çıxış yolları tapılmalıdır. Ölkədə məhz bu işləri
təşkil etmək üçün yaradılan bir qurum var:
Təhsil İnstitutu. İnstitut haqqında kim nə qədər
məlumatlıdır, deyə bilmərik. Amma təhsil
ictimaiyyətinin Təhsil İnstitutunun fəaliyyətindən
böyük gözləntiləri var. Bu da təsadüfi
deyil. Məsələ burasındadır ki, ölkə təhsili
fəal bir dönəmdən keçir. İslahatlar həyata
keçirilir, yeniliklər bir-birini əvəz edir. Bu
inkişafın fonunda yeni çətinliklərin ortaya
çıxması da təbii görünür. Ancaq nəzərə
alanda ki, həmin problemlərin böyük bir hissəsi son
ayların, son illərin məsələsi deyil, onda nəzərlər
təhsilin məzmununa cavabdehlik daşıyan bu qurumda cəmlənir.
Ad dəyişikliyi
Sözügedən qurum ölkə Prezidentinin fərmanı ilə yaradılıb. Əsas məqsəd də “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı”nın tələblərinin yerinə yetirilməsinin təmin edilməsi olub. 2016-cı ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb. Adı çoxdan dəyişsə də, hələ də çoxları onu elə Təhsil Problemləri İnstitutu kimi tanıyır. Təhsil eksperti Nadir İsrafilovun fikrincə, işinə, funksiyasına, vəzifələrinə görə Təhsil Problemləri İnstitutu adlandırılması daha uyğun gəlir: “Adın bir daha dəyişməsi isə mahiyyətinin, vəzifələrinin, fəaliyyətində hər hansı dönüşün yaranmasından irəli gəlməyib. İnstitut həmin addan doğan ifadələrlə mətbuatın tənqid hədəfinə çevrildi. Təhsilə problem yaradan institut kimi qələmə verildi. “Problem” sözü, görünür, institut rəhbərliyinin xoşuna gəlmədi. Ona görə də bu sözü çox keçmədən addan ixtisar etdilər.
Əslində, düşünürəm ki, Təhsil Problemləri İnstitutu qurumun funksiyasından, nizamnamə, əsasnamə tələblərindən irəli gələn ad idi. İnstitut təhsilin problemləri ilə məşğul olmalıdır”.
Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, institutun adı dəyişdiriləndə adla yanaşı, təhsilə, problemlərə yanaşma tərzinin dəyişəcəyi də gözlənilsə də, təəssüf ki, konseptual problemlərin həllində indiyədək hər hansı addım atılmayıb.
Müəllimlər onu tədqiqatçı kimi
tanıyır
Addan keçək mahiyyətə. Ad çox şey ifadə etsə də, göstərilən hədəflər və bu istiqamətdə həyata keçirilən fəaliyyət daha önəmlidir. Təhsil İnstitutunun da təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirakçı bir qurum olaraq fəaliyyəti adından daha əhəmiyyətlidir. Çünki Təhsil İnstitutu fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirməyə, təhsilin bütün pillələri üçün məzmun hazırlamağa, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdırmağa məsul bir elmi-tədqiqat müəssisəsidir. Təhsilin hər bir vətəndaşın gündəlik həyatının bir hissəsinə çevrilməsinə nail olmağa çalışır.
Nail ola bilirmi? Əvvəlcə, müəllimlərdən soruşduq. Adını eşidən çoxdur. Hazırda hansı işlərə imza atdığını bilməsələr də, tədqiqat aparan qurum olduğundan xəbərdardırlar. Sadəcə tanımaqla kifayətlənməyib, yolunu tez-tez burdan salanlar da çoxdur.
Nərmin Qaragözova həmin
fəallardan biridir. Artıq 11 ildir ki, Təhsil İnstitutu ilə
yaxından əməkdaşlıq edir. O, hesab edir ki, istənilən
müəllim müraciət edə və Təhsil
İnstitutundan dəstək, istiqamət ala bilər: “Elə mənim
əməkdaşlığım da marağımla
başladı. Burada bir çox çətinliklə
bağlı doğru istiqamət ala bilirik. Hətta deyim ki, rus bölməsinin müəllimi
olsam da, Təhsil İnstitutu ilə əməkdaşlığım
dövründə Azərbaycan dilində
danışığımı səlistləşdirdim.
Burada Ənvər Abbasov, Xanım müəllim
kimi, sözün əsl mənasında, peşəkarlar var.
Onların köməyinə, məsləhətinə
ehtiyacı olan bütün müəllimlərə
qarşı kifayət qədər dözümlü rəftar
edirlər”.
N.Qaragözovanın Təhsil
İnstitutundan gözləntilərinə gəlincə: “Uzun
müddətdir tətbiqinə baxmayaraq, hələ də yeni
təhsil proqramını müəllimlərin
özünün belə mənimsəməsində problemlər
var. Məncə, hər məktəbdə bir “ocaq” olmalı,
bunu da Təhsil İnstitutu yaratmalıdır. Həmin
ocaqlarda müəllimlər olmalı, ehtiyacı olanlara istiqamət
verməlidir”.
Təhsil
İnstitutu həm tədqiqat aparır, həm də…
Sorğuda iştirak edən
müəllimlər qurumun, sadəcə, bir istiqamət
üzrə fəaliyyətindən xəbərdardır. Əslində isə Təhsil
İnstitutu öz işini bir çox istiqamət üzrə
tənzimləyir:
Təhsilin nəzəri və təcrübi
məsələləri ilə bağlı, o cümlədən,
təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi
və strateji planlaşdırma istiqamətləri üzrə
tədqiqatlar aparılır;
Təhsil müəssisələrində
keyfiyyət göstəricilərinin artırılması, o
cümlədən, təhsil imkanlarının genişləndirilməsi
və təhsilalanlar üçün bərabər
imkanların yaradılması məqsədilə tədqiqat
aparılır;
Elmi-pedaqoji tədqiqatlar və
elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir;
Müxtəlif təhsil pillələri
üzrə təhsilin məzmun və qiymətləndirmə
standartlarını, nümunəvi (variativ) kurikulumların və
təhsilin keyfiyyət standartlarını hazırlayır;
Müxtəlif təhsil müəssisələrində
təhsilin inklüzivliyi, psixoloji xidmətin təşkil edilməsi,
istedadlı uşaqlarla işin düzgün qurulması (o
cümlədən, olimpiadalara hazırlıq) və tədris
resurslarından istifadə sahəsində metodik tövsiyələr
hazırlanır;
Elektron təhsilin inkişafı və
elektron məzmun hazırlanır;
Milli və beynəlxalq qiymətləndirmə
tədqiqatları həyata keçirilir;
Təhsilin normativ-hüquqi
bazasına aid sənədlər hazırlanır;
Təhsilin bütün pillə
və səviyyələri ilə bağlı pedaqoji
savadlılığı həyata keçirmək məqsədilə
nəşriyyat, çap (metodik vəsait, metodik tövsiyə
və s.) və maarifləndirmə (konfrans, seminar, “dəyirmi
masa”, müzakirə, təlim kursları və s.) işləri
aparılır.
Bu istiqamətlər üzrə
hansı işlər görülüb? Hansı
tamamlanıb, hansı yarımçıqdır?
“Azərbaycan müəllimi”
bu suallara cavab axtarıb. Araşdırmaya çoxunun onu
tanıdığı, xarakterizə etdiyi, elə qurum rəhbərinin
(hazırda əvəz edən şəxs – R.D.)
özünün belə qürurla ifadə etdiyi tədqiqat
yönündən başlayıb. Beləliklə…
Tədqiqatlar
ötən əsrdən başlanıb
Özünün yaşı az olsa da, tədqiqat təcrübəsi ötən
əsrə dayanır. Axı, Təhsil
İnstitutu iki – Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu və
Respublika Elmi-Metodiki Mərkəzin bazasında təşkil
edilib. Yəni, sələflərindən
biri – Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (ETPEİ)
1930-cu ildən elmi tədqiqat institutu kimi fəaliyyət
göstərib. Əvvəlcə, daha
çox metodik vəsaitlərin hazırlanıb çap edilməsi
ilə məşğul olub. Təhsil sahəsində
Elmi-Tədqiqat Pedalogiya İnstitutu, sonradan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutu kimi fəaliyyət göstərib.
Ancaq “Fəaliyyətimizdə
əsas məqsəd təhsilin müxtəlif sahələrində
elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin
inkişafını nəzəri və praktiki cəhətdən
təmin etməkdir”, – iddiası ilə çıxış
edən Təhsil İnstitutu illər keçdikcə, bu hədəfindən
uzaqlaşıb. Təhsil üzrə ekspert N.İsrafilovun fikrincə,
ETPEİ-nin adı dəyişəndən sonra əvvəlki
işgüzarlığı itməyə başlayıb:
“İnstitutda bir neçə dəfə kadr dəyişikliyi
aparıldı, yenə özünü doğrulda bilmədi”.
N.İsrafilov Təhsil İnstitutunun
fəaliyyətini sələflərindən biri – ETPEİ ilə
müqayisə də edib: “Təhsil sistemində bütün
proqramlar, dərsliklər, tədris planları, tədris
metodikaları bu institutda hazırlanırdı. İnstitutun
əməkdaşlarının əksəriyyəti dərslik
müəllifləri idi. Metodik tövsiyələr
hazırlanırdı. Ölkənin
bütün rayonlarında ezamiyyətlərdə olurdular,
qabaqcıl təcrübəni öyrənib kollegiyanın
müzakirəsinə çıxarırdılar. Elmi-tədqiqat institutunda illik tədqiqatlar
aparılır, nəticələri müzakirə olunurdu, baza
məktəbləri vardı, ayrı-ayrı məsələlər
eksperimentə qoyulur, fərziyyələr irəli
sürülür, nəticələr müzakirə olunurdu.
Məhz həmin müzakirələrin nəticəsi
ilə bağlı Təhsil Nazirliyində qərarlar qəbul
olunurdu”.
Bəs, indi?
N.İsrafilovun qənaətinə
görə, indi vəziyyət pisliyə doğru dəyişib:
“Adı dəyişdiriləndən institut Təhsil Nazirliyinin
qoşması kimi fəaliyyət göstərir. Hazırda bu institutun işi, tədqiqatı,
araşdırması yoxdur. Təşəbbüskarlığını
görmürəm”.
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin
müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin
Əmrullayev isə qurumun fəaliyyətsizliyi ilə
bağlı deyilənlərlə razılaşmır. Bir neçə
vəzifə daşımasının çətinliyinə,
fəaliyyət göstərdiyi iki korpusdan birində təmir
getməsinə baxmayaraq, “Təhsil İnstitutunun tarixən
indiki qədər fəaliyyəti olmayıb”, – deyir. Sözügedən fəaliyyətin
nədən ibarət olduğuna, bu sahədə nə iş
görüldüyünə baxaq.
Tədqiqatlar bu institutun əsas
işi, nəticəyə aparan başlıca vəzifəsidir. E.Əmrullayevin
sözlərinə əsaslansaq, institut əməkdaşlarının
böyük bir hissəsi məhz elmi tədqiqatlarla məşğul
olur. Kollektivin böyük bir hissəsinin
məşğul olduğu tədqiqatlar siyahısında isə
ictimaiyyətə açıqlanan cəmi 2 tədqiqat var.
Təhsil Nazirliyinin ötən
tədris ilinə dair hesabat tədbirində təqdim olunan və
çox maraqla qarşılanan “Məktəbəhazırlığın
I siniflərdə şagird nailiyyətinə təsiri” ilə
bağlı həyata keçirilən tədqiqat, sözün
əsl mənasında, dəyərlidir. Sözügedən
tədqiqat analitik hesabat şəklində çap etdirilib.
89 pilot məktəbdə hazırlıq qruplarında təhsil
alan ümumilikdə 2398 uşaq arasında
aparılıb. Tədqiqatda pilot, digər müəssisələr
və hazırlıqsız qruplar arasındakı ümumi fərqlər,
qız və oğlanların fənlər üzrə orta
balları, məzmun xətləri üzrə pilot, digər
müəssisələr və hazırlıqsız
qrupların göstəriciləri arasındakı fərqləri
təhlil olunub. Bu tədqiqatı bir
çox istiqamət üzrə fəaliyyətsiz görünən
ARTİ-nin yeganə maraqlı işi saymaq olar.
Qurumda həyata keçirilən
daha bir tədqiqat isə valideynlərin və şagirdlərin
məktəbdənkənar fəaliyyət növü
seçimləri ilə bağlıdır.
Vəssalam.
Təhsil sistemində
verilən hər qərarın arxasında böyük tədqiqat
durmalıdır
Təhsil sahəsində tədqiqata
ən böyük ehtiyac dərsliklərlə
bağlıdır. Baxmayaraq ki, Təhsil İnstitutunun yetkililəri
dərsliklərin tezliklə istifadədən
çıxacağına inanırlar, amma bu sahədə tədqiqatları
da zəruri sayırlar. Məsələn,
Təhsil İnstitutunda direktor müavini Ənvər Abbasov
hesab edir ki, dərsliklərin şagirdin səviyyəsinə
uyğun olub-olmadığını tədqiqat aparmadan demək
mümkün deyil. Odur ki, dərsliklərlə
bağlı tədqiqat aparılsa yaxşıdır:
“Əslində, dərslik təhsilin məzmununun bir komponenti
kimi tədqiq olunmağa ehtiyac duyulan bir məsələdir. Ümumiyyətlə, təhsil sistemində verilən
hər qərarın arxasında bir araşdırma,
böyük tədqiqat durmalıdır. Obyektiv
fikir olmalıdır”.
Ə.Abbasovun bu fikri əsassız
deyil. Dərsliyin məzmunundan tutmuş dizaynına qədər
bütün keyfiyyət göstəriciləri ilə
bağlı ciddi iradlar səsləndirilir. Bəs, bu problemlər necə çözüləcək?
Bu məsələdə Təhsil İnstitutunun rolu nədən
ibarət ola bilər?
E.Əmrullayevin “Biz sadəcə
olaraq pilot qaydada dərsliklərin keyfiyyətinin
yaxşılaşması istiqamətində ayrı-ayrı
eksperimentlər, elmi-tədqiqat işləri, elmi
araşdırmalar aparan qurumuq”, – fikri əsas verir ki, dərsliklərlə
bağlı bəhsi açılan tədqiqat, eksperiment,
araşdırmaların olduğunu düşünək. Odur
ki, soruşuruq: Təhsil İnstitutu dərsliklərlə
bağlı nəyi araşdırıb? Cavab
yoxdur.
Tədqiqata ehtiyac olduğu qəbul
edilirsə, bəs, niyə bu tələb ödənilmir?
Təhsil İnstitutunda
direktor müavini Ə.Abbasovun sözlərinə görə,
institutun tədqiqatları metodiki mövzulara həsr edilib. Həmin metodiki
araşdırmaların içərisində məzmuna dair təkliflər
olsa da, onlar ayrıca tədqiqata çevrilməyib: “İndi
belə tədqiqatlara xüsusi ehtiyac var. Ancaq buna da institutun
gücü olmalıdır”.
Halbuki Təhsil İnstitutu
böyük qurumdur. İşçilərinin sayı isə
nazirliyin heyətindən çoxdur.
İslahatlar: nəticələr
təhlil edilirmi?
Yuxarıda da
vurğuladığımız kimi, son 4 ildə təhsil sahəsində
böyük islahatlar həyata keçirilir. Böyük
yenilik və rezonansla müşayiət olunan həmin islahatlar
istər başlamadan öncə, istərsə də
sonuçlandıqdan sonra təhlillər aparılır.
Gözümüz həmin islahatlardan gözləntiləri,
nəticələrinin hesablanmasını əhatə edən
hər hansı tədqiqatı axtarır. E.Əmrullayev
isə deyir: “İctimaiyyətin təhsil sahəsində
islahat kimi gördüyü bir çox iş
bizim işimizdir”.
Təhsil eksperti K.Əsədov deyir
ki, islahatlar başlayanda konkret problemlərin həll ediləcəyinə
ümid edib: “Təhsildə qiymətləndirmənin məzmunu,
qiymətləndirmə maddələri, təhsildə
monitorinq, nəticələrin təhlili kimi problemlərimiz
var. Aparılan monitorinqlər bir yana dursun, Azərbaycanda son 4
il ərzində həyata keçirilən islahatlar var. Proses
başlayanda müəyyən öncəgörmələr
verilmişdi. Bu da təbiidir. Hər
hansı islahatın arxasında mütləq öncəgörmə
var. Təhsil İnstitutu həmin gözləntilərin nə dərəcədə
reallaşıb-reallaşmadığını təhlil edib nəticələri
geniş ictimaiyyətə təqdim etməlidir. 2015-ci ildən müəllimlərin işə qəbulu
həyata keçirilir. Seçilən
müəllimlərin monitorinqi aparılmalıdır.
“Doğru seçim edilibmi?”, “Seçilənlərin təhsilin
inkişafında xidmətləri olubmu?”, “Onların gəlişi
ilə nə dəyişib?”, –
suallarına cavab axtarılmalıdır. Təhsil
İnstitutu məhz bu yöndə fəaliyyət göstərməlidir”.
N.İsrafilov da təhsil sahəsində
yüksək fəallığın müşahidə
olunduğu bir zaman kəsiyində Təhsil İnstitutunun fəaliyyətini
qənaətbəxş saymır: “Təhsilin inkişafına
dair Dövlət Strategiyası qəbul olunub. Sənəddə
təhsilin inkişafı üzrə yeni prioritetlər, yeni
yanaşmalar müəyyən olunub. Bu
müddəaların daşıyıcısı Təhsil
İnstitutudur. Çünki Təhsil İnstitutu Təhsil
Nazirliyinin elmi potensialı, düşünən beynidir.
Ancaq bu beyindən bir səs çıxmır.
Artıq bir neçə ildir ki, təhsildə ən
fəal dövr yaşanır. Təhsilin keyfiyyətinə
yeni yanaşma tələb edilir, təhsildə keyfiyyət ili elan olunub, yeni qiymətləndirmə
modelinin qızğın müzakirələri gedir. Bu məsələlərlə bağlı hamı
fikrini deyir, hamı maraqlanır. Heç
kimin biganə qala bilmədiyi həmin problemlərlə
bağlı Təhsil İnstitutunun hansı əməkdaşı
fikrini deyib? Hansı məsələyə
münasibətlərini bildiriblər. Halbuki
əsas fəallıq Təhsil İnstitutundan gəlməlidir”.
Fəaliyyətə
qiymət
Araşdırmalar dünya təcrübəsində
artıq universitetlər səviyyəsində də həyata
keçirilir.
Hər bir ali təhsil müəssisəsinin
nəzdində təhsil araşdırmaları
bölümü fəaliyyət göstərir. Ancaq Azərbaycanda ayrıca elmi-tədqiqat təhsil
araşdırmaları ilə məşğul olan yoxdur.
K.Əsədovun sözlərinə görə,
pedaqoji kadr hazırlığı ilə məşğul olan
Azərbaycan Dövlət Pedaqoji Universitetindəki
kafedraların vəzifəsi sadəcə, pedaqoji fəaliyyətin
yerinə yetirilməsidir. Halbuki pedaqoji tədqiqatlar,
dissertasiya işi olmayan, qrant layihəsi əsasında araşdırmanın
auditoriyada tətbiqi həyata keçirilməlidir. Bizim universitetlərin heç birində belə bir mərkəz
yoxdur, metodkabinetlər yox dərəcəsindədir. Halbuki Türkiyədə universitetlərin əksəriyyətinin
Təhsil Araşdırmaları mərkəzləri fəaliyyət
göstərir. Odur ki, bu funksiyanı Azərbaycanda
məhz Təhsil İnstitutu yerinə yetirməlidir”.
N.İsrafilov isə Rusiya ilə
müqayisə aparır: “Azərbaycan Təhsil İnstitutunun
fəaliyyəti Rusiya Xüsusi Pedaqoji Elmlər Akademiyasının bir institutunun fəaliyyəti
ilə belə müqayisə olunmayacaq dərəcədə
zəifdir. Hesab edirəm ki, Təhsil
İnstitutunun fəaliyyəti və ya fəaliyyətsizliyi elə
təəssürat formalaşdırır ki, sanki belə bir
qurum ümumiyyətlə, mövcud deyil, ya da onun təhsilə
heç bir aidiyyəti yoxdur”.
Ekspertin fikrincə, metodik vəsaitlər
və təhsilin idarə olunmasına lazım olan vəsaitlərin
verilməsində ciddi problemlər var. İstər məktəbəqədər
təhsil müəssisələrində, istər orta, istərsə
də ali məktəblərdə ümumi
mərkəzdən təhsil materiallarının idarə
olunması, aparılan elmi-tədqiqat işləri ilə
bağlı ciddi qüsurlar var.
Bir sözlə, tədqiqatlardan
danışırıq, amma o tədqiqatların nə adı
var, nə də sanı. Buna rəğmən, E.Əmrullayev bildirir ki, Təhsil
İnstitutunun gördüyü bu qədər iş Təhsil
Nazirliyinin fəaliyyəti kimi başa düşülür.
Yəni, Təhsil
İnstitutu işləyir, Təhsil Nazirliyi qazanır. (muallim.edu.az)
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan
müəllimi.- 2018.- 16 fevral.- S.1; 5.