Hər kəsin təhsil
ala biləcəyi universitet
UNEC Azərbaycanın
və Qafqazın inklüziv universitet nümunəsi
olmağı hədəfləyib
Azərbaycan Dövlət
İqtisad Universiteti (UNEC) inklüziv təhsil verən
dünya universitetləri siyahısına düşmək və
nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində
bu təhsil növündə nümunə olmaq niyyətindədir. Rektor Ədalət Muradov rəhbəri
olduğu təhsil müəssisəsinin bu niyyətini
“İnklüziv ali təhsil: beynəlxalq
trendlər və UNEC təcrübəsi” mövzusunda
universitetdə təşkil edilən konfransda deyib.
Maraqlıdır, UNEC nəyə nail
olmaq istəyir? Bu təhsil növünün tətbiqi
ilə universitetdə nə dəyişəcək?
Məlumat üçün
bildirək ki, inklüziv təhsil cəmiyyətdəki
mövqeyindən, statusundan, dilindən, dinindən
asılı olmayaraq, hər bir şəxs üçün
yaradılan bərabər təhsil imkanıdır. Ölkənin indiyədək
qüvvədə olan təhsil qanunvericiliyində “inklüziv
təhsil” anlayışından istifadə olunmasa da, qüvvədə
olan “Təhsil haqqında” qanunun 5-ci maddəsində qeyd edilir
ki, dövlət cinsindən, irqindən, dinindən, dilindən,
siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən,
mənsubiyyətindən, sağlamlıq imkanlarından
asılı olmayaraq, hər bir vətəndaşın təhsil
almaq imkanının yaradılmasına və
ayrı-seçkiliyə yol verilməməsinə təminat
verir. Bu da ona dəlalət edir ki, hansı
anlayışların seçilməsindən, istifadə
olunmasından asılı olmayaraq, Azərbaycan dövləti
indiyədək hər kəsin təhsil hüququnu
tanıyıb və təmin edib.
Buna baxmayaraq, “inklüziv təhsil”
anlayışının qanunvericiliyə gətirilməsi
istiqamətində təşəbbüslər də
cavabsız qalmayıb.
Prezident İlham Əliyevin sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyasında
inklüziv təhsilə geniş yer ayrılıb. “2018-2024-cü illərdə
Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud
şəxslər üçün inklüziv təhsilin
inkişafı üzrə Dövlət Proqramı”nda ali təhsil müəssisələri
qarşısında duran vəzifələr müəyyən
edilib. Yeni qəbul edilən “Məktəbəqədər
təhsil haqqında” qanunda bu anlayış öz əksini
tapıb.
Qeyd etməliyik ki,
inklüziv təhsil özlüyündə daha geniş məna
kəsb etsə də, cəmiyyətdə bu təhsil
növü əlilliyi olan şəxslərə münasibətdə
daha çox aktuallıq kəsb edir və təhsilin bu
növündən danışarkən ilk ağla gələn
məhz onlar olur.
Azərbaycan Respublikasının
Konstitusiyasında, tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə, xüsusilə də
BMT Baş Məclisinin 2006-cı ilin dekabrında qəbul
etdiyi “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Konvensiyada təsbit olunan mühüm hüquqlardan
biri də təhsil hüququdur. Ekspertlər
hesab edir ki, sırf bu səbəbdən əlilliyi olan şəxslərin
inklüziv təhsil imkanlarının artırılması
üçün ilk növbədə təhsilin normativ hüquqi
bazası təkmilləşdirilməlidir.
Bəs, mövcud şərtlər
altında əlilliyi olan şəxslərin təhsili
üçün nə lazımdır?
Əvvəlcə onlara fərq
qoymamağı öyrənək
UNEC-də təşkil edilən
müzakirələrdən sonra belə qənaətə gəlmək
olar ki, sağlamlıq imkanları məhdud şəxslərin
təhsilinə qədər həll edilməli
çoxsaylı məsələ var. Məsələn,
onları necə “fərqləndirməli”?
Rektor Ə.Muradov “əlilliyi
olan şəxs” sözünün azərbaycanca daha humanist
qarşılığının tapılmasını təklif
edir. O, bu
fikirdədir ki, sözügedən ifadə daha humanist sözlə
əvəz edilməlidir. “Əlilliyi olan şəxs”
ifadəsi sağlamlıq imkanları məhdud insanlarda
narahatlıq yarada bilər və yaradır. Azərbaycanın
da qoşulduğu BMT-nin müvafiq sənədlərində “əlilliyi
olan şəxslər” deyə müəyyən olunan bu ifadənin
azərbaycanca xüsusilə kobud səsləndiyi qənaətində
olan Ə.Muradovun fikrinin əksinə olaraq, Dünya Əlillər
Vəqfinin vitse-prezidenti Necdet Öztürk onları
ayırmamağı, cəmiyyətdə fərqləndirməməyi
məsləhət görür. İnsanları
sağlama və ya qeyri-sağlama, qadın və ya kişiyə
ayırmağa ehtiyac yoxdur. Onun fikrincə, əlilliyi olan şəxslərə
münasibətdə vahid dövlət siyasəti
olmalıdır.
Dünya Səhiyyə Təşkilatının
2011-ci il hesabatında
dünya əhalisinin 15 faizinin əlil olduğu
göstərilib. Bu fakta əsaslanan N.Öztürk hesab edir ki,
dünyada dövlətlər əlilliyi olan şəxslərin
problemlərinə kompleks yanaşmalıdır:
“İnkişaf edib-etməməsindən asılı olmayaraq,
bir dövlət fiziki məhdudiyyətli insana yardıma
möhtac kimi baxır, onu saxlamağa vəsait ayırır.
Başqa bir dövlət ona tamamilə fərqli baxaraq, təhsilinə,
inkişafına şərait yaradır və nəticədə
nəinki xərc
çəkir, əksinə, qazanc götürür. Belə ki, o da digər insanlar kimi dövlətə
xidmət edir, hətta öz sahəsində mükəmməl
kadra çevrilir. Fiziki cəhətdən
məhdudiyyətlilər də bütün ölkə vətəndaşları
kimi, oxuyacaq, işləyəcək, karyera quracaq. Əgər o, dövlət məmuruna,
özünü necə ifadə edəcəyini, necə qəbul
etdirəcəyini düşünəcəksə, heç
vaxt uğur qazana bilməyəcək. Dövlətlər
elə etməlidir ki, biz həm ayaqda durmağa
çalışıb, həm həyatla, həm də şəraitlə
mücadilə etmək məcburiyyətində qalmayaq. Bir çox yerdə sağlamlıq imkanları məhdud
olanların sosial vəziyyətilə bağlı faciəvi
durum var. Bir binanın tikintisinə icazə verilərkən,
layihəsi razılaşdırılarkən bəlli standartlar
nəzərə alınmalıdır. Niyə
əlil bir binada necə hərəkət edəcəyinin dərdini
çəkməlidir? Təşkilatlar,
xidmət sahələri vəzifələrini yerinə yetirərsə,
bu cür problemlər olmaz, biz də normal yaşayarıq”.
Əlilliyi olan şəxslərin
cəmiyyətə inteqrasiyasına mane olan səbəbləri
iki qrupa ayıran Əlil Təşkilatları
İttifaqının prezidenti Davud Rəhimlinin fikrincə,
fiziki maneələr maddi amillərlə bağlıdır. Dövlətin
iqtisadi imkanları artdıqca təhsil infrastrukturunun
inkişafı ilə bağlı tədbirlər həyata
keçirilə bilər və keçirilir. Ancaq psixoloji maneələr maddi vəsait çərçivəsində
həll olunan məsələ deyil, insanların şüur səviyyəsindən
asılıdır. Bu da güclü maarifləndirmə
tədbirləri tələb edir.
Təhsildə
inklüzivlik necə təmin ediləcək?
BMT-nin “Əlillərin
hüquqları haqqında” Konvensiyasını dəstəkləyən
160 ölkə arasında Azərbaycan da var. Əlillərin təhsili
ilə bağlı tələb də həmin konvensiyanın
24-cü maddəsində əksini tapıb və burada təhsil,
sadəcə, bütünləşdirilmiş təhsil modeli
ilə qəbul edilir.
N.Öztürkün fikrincə,
əlillərin problemlərinə kompleks yanaşma təhsildə
də öz sözünü mütləq deyir. Təhsildə fiziki
qüsurlu şəxsin orta təhsil almadan ali
təhsil alması mümkün olmadığından,
universitetlərin də ümumtəhsil müəssisələrində
dəstəklənməyən təhsil növünü tətbiq
edərək uğur qazanması mümkün deyil: “Bu
yaxınlarda Kanadada universitetlərdən birində oldum. Burada dünyanın ayrı-ayrı ölkələrindən
gələn 1500 fiziki məhdudiyyətli gənc təhsil
alır. Universitetin ilk üçlükdə yer alan tələbəsi boynundan aşağı
iflicdir. Burada 1500 əlil tələbəyə
gündəlik ehtiyaclarına uyğun xidmət göstərilir.
Bir sinifdə görməyən, eşitməyən,
fiziki qüsurlu və sağlam gənclər eyni müəllimdən
dərs alır. Buna da bütünləşdirilmiş
təhsil modeli deyirlər. Yəni, bir məktəbdə
ayrıca sinif açmır, hamıya birgə təhsil verirlər”.
UNEC inklüziv təhsilə
doğru
Əlil Təşkilatları
İttifaqının prezidenti Davud Rəhimli inklüziv təhsilin
inkişafında universitetlərin üzərinə
böyük məsuliyyət düşdüyü qənaətindədir. O, inklüziv təhsildə
problemlərin aradan qaldırılması ilə bağlı
layihələrin həyata keçirildiyinə diqqət
çəkərək, UNEC də daxil olmaqla, ölkənin 6 ali təhsil müəssisəsində beynəlxalq
təcrübəyə əsaslanan mərkəzlərin
yaradıldığını vurğulayıb: “3 il əvvəl
Avropa Birliyinin maliyyə dəstəyi ilə 6 universitetimizdə
inklüziv təhsil mərkəzlərinin yaradılması ilə
əlaqədar layihə həyata keçirildi. Layihəyə
başlayanda universitetlərdə əlilliyi olan tələbələrin
statistikası belə yox idi. Statistika həm
də ona görə önəmlidir ki, onların təhsildən
sonra məşğulluğunu təmin etmək mümkün
olsun. Artıq Bakıda və regionlarda olan universitetlər
bu sahədə müəyyən təcrübə əldə
etməyə nail olub. Standart qaydalar
yaradılıb ki, həmin qaydalar inklüziv təhsilin təşkil
olunmasında addım sayılır. Növbəti
mərhələdə UNEC və inklüziv təhsil mərkəzləri
yaradılan başqa universitetlər inkubator rolunu oynayacaq.
Nəticədə həmin universitetlər
bölgədə nümunə olacaq”.
Ancaq UNEC, deyəsən, 6 universitetdən
biri deyil, məhz birincisi olmaqda qərarlıdır. İnklüziv təhsil deyəndə, UNEC-də də
əsasən əlilliyi olan şəxslərin təhsilinin təşkil
edilməsi üçün zəruri şəraitin
yaradılması nəzərdə tutulub və bu istiqamətdə
ardıcıl addımlar atılıb. 2015-ci
ildən başlayaraq, əvvəlcə əlilliyi olan tələbələr
üçün mərkəz yaradılıb. 2016-cı ildə rektor Ə.Muradov sosial şəbəkələr
vasitəsilə iqtisadçı olmaq istəyən fiziki məhdudiyyətli
gənclərə müraciət edərək, onları
universitetə dəvət edib. Rusiyada
inklüziv təhsil sahəsində aparıcı universitet
sayılan Moskva Dövlət Humanitar və İqtisad
Universiteti ilə ikitərəfli müqavilə əsasında
UNEC tələbələrinə həmin universitetdə də
təhsil almaq imkanı yaradılıb. Fiziki
məhdudiyyəti olan gənclərin rahat hərəkəti
üçün hər xırdalığın nəzərə
alındığı dünya standartlarına uyğun yeni
korpusun istifadəyə verilməsindən sonra isə UNEC
sağlamlıq imkanlarından asılı olmayaraq hər kəsin
təhsil ala biləcəyi nümunəvi universitetə
çevriləcək.
Rektor Ə.Muradovun sözlərinə
görə, UNEC sadəcə təhsil verməklə də
kifayətlənməyəcək. Yeni qərara əsasən, Startap
layihələri olan tələbələrə dəstək
veriləcək: “Fiziki məhdudiyyəti olan tələbələrimizin
ortaya qoyacağı 3 startap layihəsini UNEC tamamilə maliyyələşdirəcək.
Layihənin icrası,
reallaşdırılması üçün nə
lazımdırsa, təmin ediləcək”.
Bundan başqa, tələbələrin
işlə təmin olunması məqsədi ilə də
müvafiq tədbirlər düşünülüb. Belə ki,
onlar məzun olduqdan sonra elə universitetdəcə işlə
təmin olunacaqlar.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan
müəllimi.- 2018.- 16 fevral.- S.1; 9.