“Hər bir uğur hədəfi düzgün seçməklə başlayır”

 

Şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanırıq

 

Hesab edirəm ki, müasir dövr bizdən təkcə bilikli deyil, həmçinin də ümumi qayda və dəyərlərə hörmət ruhunda tərbiyə almış şagird yetişdirməyi tələb edir. Çünki təhsil və tərbiyə bir-biri ilə əlaqəlidir. Hətta A.Sent-Ekzüperi “Tərbiyə təhsildən üstündür. Çünki insanı tərbiyə yaradır” deyirdi. Bu baxımdan məktəbimizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı,  şagirdlərin müxtəlif sahələr üzrə bilik və bacarıqlar əldə etməsinə çalışırıq. Məsələn, məktəbimizdə “Şagird özünüidarəetmə qaydaları” tətbiq edilib, “Məktəb parlamenti” yaradılıb, həmçinin, “Şagird özünüidarəetmə günləri” keçirilir. Bu günlərdə “yeni idarəçilər” özlərini işgüzar, təcrübəli və inamlı aparırlar. Bu təcrübə həm də onlarda yeni keyfiyyətlər formalaşdırıb. Artıq şagirdlərimiz məktəbin fəaliyyətinə, müxtəlif tədbirlərə daha yaxından qatılır, bəzi tədbirləri müstəqil şəkildə hazırlayaraq təqdim edirlər.

Ümumilikdə, “Şagird özünüidarəetmə qaydaları”nın tətbiq edilməsi ilə məktəblilərin özünəinam hissi, idarəetmə, sərbəst qərarvermə, müstəqil düşünmə bacarıqları artıb.

Təcrübəyə əsaslanaraq digər məktəblərdə də “Şagird özünüidarəetmə günləri”nin tətbiq olunmasını təklif edirəm, belə ki, bu proses bütün şagirdlərin diqqətini cəlb edirnizam-intizam qaydalarının daha da möhkəmlənməsinə səbəb olur.

 

Şagirdi məktəbə bağlayan üsul

 

Fəaliyyətimin əsas prioritetlərindən biri də şagirdlərin estetik tərbiyəsini, etik davranışlarını təkmilləşdirməkdir. Çünki dünyada ekoloji tarazlığın pozulduğu bir zamanda məktəbdə sağlam ekoloji mühit yaratmaq olduqca vacibdir. Vaxtilə çoxları bunun mümkünlüyünə inanmırdı. Amma bu işi həyata keçirmək üçün əvvəlcə “Necə edim ki, şagirdlər məktəb əmlakına özlərininki kimi yanaşsınlar, onu qorusunlardaha yaxşısını yaratmağa çalışsınlar” deyə düşünərək fəaliyyətə başladım və müsbət nəticələrə nail oldum. Uşaqların estetik zövqünü inkişaf etdirmək, ekoloji maariflənməsini genişləndirmək və ən əsası, onlarda sahiblik hissini formalaşdırmaq üçün məktəbimizi “yaşıl məktəb”ə çevirməyi qarşımıza məqsəd qoyduq. Əvvəl bir az çətin olsa da, indi məktəbimiz sanki bir botanika bağını xatırladır. Məktəbin dəhliz və sinif otaqları gül və çiçəklərdən ibarət yaşıllıqlara bürünüb. Həmçinin, şagirdlərin yaxından iştirakı ilə məktəb bağında çoxlu ağac növləri əkilib-becərilir. Məktəbimizdəki bu əsrarəngiz gözəllik şagirdlərin öz əlləri ilə yaradılıb. Onlar yaratdıqları gözəlliyi qoruyur və dəyərləndirirlər. Bir sözlə, bir neçə il ərzində məktəbimizdə sağlam ekoloji mühit yaratdıq, şagirdlərimizin estetik zövqünü daha da inkişaf etdirdik, onlarda ekoloji sağlamlığın əhəmiyyətini dəyərləndirmək bacarığını,  ətraf mühitə diqqət və qayğı ilə yanaşmaq kimi şəxsi keyfiyyətləri inkişaf etdirməyə nail olduq.

Məktəblilərin bu bacarıqlarının inkişaf etdirilməsi təlim keyfiyyətlərinin də yüksəlməsinə müsbət təsir göstərir. Biz, məktəb kollektivi olaraq, pedaqogikanın əsas prinsiplərindən olan “Şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanaraq, mənfi keyfiyyətlərinin aradan qaldırılması”na riayət etməklə bir çox uğura nail olduq.

 

Hərtərəfli inkişafhumanist hisslər    

 

Şagirdlərimizin yaxından iştirakı ilə məktəbimizdə tarix guşələri də yaradılıb. Guşələrdə zəngin və şərəfli keçmişimizə aid qiymətli materiallar, maddi və yazılı nümunələr toplanıb. Onların vasitəsilə şagirdlərimizə Vətənə, dövlətə və dövlətçiliyimizə sədaqət hissi aşılanır.

Məktəbimizdə kitabxananın işinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Bu səbəbdən, şagirdlərdə mütaliə mədəniyyəti formalaşdırmaq məqsədi ilə maarifləndirici tədbirlər keçiriliroxunulan ədəbiyyatların ayda bir dəfə müzakirəsi aparılır.

Peşə təhsilini stimullaşdırmaq məqsədilə şagirdlərin peşə məktəblərinə könüllü səfərlərini təşkil edirik. Məktəbimizdə texnologiya fənninin tədrisinə xüsusi diqqət yetirilir və hazırda şagirdlər tərəfindən hazırlanmış xeyli sayda əl işi var. Toplanmış işlər sərgilərdə mütəmadi olaraq nümayiş etdirilir. İndi şagirdlər həmin əl işlərini satışa çıxarmağı və əldə olunmuş vəsaiti uşaq evlərinə yönəltməyi təklif edirlər.

Bununla yanaşı, məktəbimizdə milli bayramlar, əlamətdar günlər də təntənəli şəkildə qeyd edilir. Bu da şagirdlərin mənəvi inkişafı və onların hərtərəfli yetişməsi məqsədlərinə xidmət edir.

 

Sağlam kollektiv və gələcəyə inam

 

Məktəbimizdə əldə olunan uğurları güclüsağlam pedaqoji  kollektivin sayəsində qazanmışıq. Qeyd edim ki, məktəbimizdə hər bir müəllim kollektivimiz tərəfindən qəbul olunan vahid geyim formasına keçibbu, məktəbdə təlim-tərbiyə prosesinə müsbət təsir göstərir. Bu hal şagirdlər üçün də nümunədir.

Məktəbimizdə, həmçinin, təhsilin keyfiyyətini yüksəltmək üçün xarici dil müəllimlərinin köməyi ilə qabaqcıl ölkələrin təhsil təcrübəsi tərcümə və müzakirə olunaraq öyrənilir.

Gorülən işlərin məntiqi nəticəsi olaraq, məktəbimizin nüfuzu gündən-günə yüksəlir. Son illər məktəbdə şagirdlərin sayının xeyli artması da buna əyani sübutdur. İldən-ilə artan uğurlar, güclü potensiala malik müəllim kollektivinin formalaşması, şagirdlərin məktəbə axını isə məni yeni, müasir və yaradıcı planları həyata keçirməklə, uğurlu məktəb modelini daha da təkmilləşdirməyə sövq edir. Bir idarəçi və pedaqoq kimi qarşımda məktəbimizi respublikanın ən uğurlu məktəblərindən birinə çevirmək vəzifəsi durur. Bu, cəmiyyətin və dövlətin tələbidir. Bu işin öhdəsindən uğurla gələcəyimə inanıram. Çünki hər bir uğur hədəfi düzgün seçməkdən başlayır. Mənim və kollektivimizin hədəfi məktəbliyə keyfiyyətli təhsil verməklə, ona davranış, etika və digər qaydaları lazımi səviyyədə öyrətməklə gələcək üçün layiqli vətəndaş yetişdirməkdir. Əminəm ki, bu amilləri əsas tutan məktəbimiz qarşıdakı illərdə daha böyük uğurlar əldə edərək ən uğurlu təhsil ocaqlarından biri kimi nüfuzunu daha da artıracaq. (muallim.edu.az)

 

Oktay SƏMƏDOV

279 nömrəli tam orta məktəbin direktoru

 

Azərbaycan müəllimi.- 2018.- 16 fevral.- S.6.