“UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar

 

Elmi-praktik konfransda qadınların karyera inkişafına mane olan amillər araşdırılıb

 

Qlobal dünyanın çağırışları nə qədər sərt və kəskin olsa da qadınlar dövrün reallıqları və tələblərinə öz elmi potensialları və yaradıcı erudisiyaları ilə cavab vermək iqtidarında olduqlarını  sübut etməkdədirlər.  Son illər qadınlarımızın elm, təhsil, ictimai sahələrdə fəallığı gündəlik həyatımızda tez-tez müşahidə olunmaqdadır. Leksikonumuza daxil olan gender bərabərsizliyi kimi bir problem dünyanın bir sıra ölkələrində qadınların yaradıcı, elmi potensialının inkişafı üçün ciddi buxovlara çevrilsə də, ölkəmizdə zərif cinsin nümayəndələri cəmiyyətin fəal üzvü kimi çıxış etməkdədir. Bu, özünü  xüsusən də təhsil sahəsində  göstərir.

 Bunun əyani nümunəsini isə ölkəmizin nüfuzlu ali məktəblərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunmuş “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlarmövzusunda  keçirilən elmi-praktik  konfransda da görmək olardı.   Konfrans qadınların elmi karyera inkişafına mane olan amilləri araşdırıb, onların aradan qaldırılması məqsədilə təkliflərin səsləndirilməsi ilə yadda qaldı.    Universitetin  Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə  ali məktəbin rektoru, professor  Ədalət Muradov,  millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə,  Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Mehriban Əlişanova, UNEC-in tələbələrlə üzrə prorektoru, dosent Səadət Qəndilova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova,  Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Xalidə Bayramova,  Türkiyənin İstanbul Universitetinin prorektoru,  professor Sedat Murat,  ali məktəbin professor-müəllim heyəti,  gənc qadın tədqiqatçılar iştirak edirdi.

Tədbir barədə məlumat verən Z.Məmmədov  qeyd edib ki, BMT Baş Assambleyasının  11 fevral 2016-cı il tarixində qəbul etdiyi qətnaməyə uyğun olaraq bütün dünyada “Elmdə qadınlar”  Beynəlxalq Günü elan olunub.

 

 Dünya elmində qadınların çəkisi

 

Bildirilib ki,  konfransın mövzusu Azərbaycan ali  təhsil müəssisələrinin tədqiqat universitetlərinə transformasiyası  dönəmində  UNEC-də  gender siyasəti çərçivəsində qadınların elmi-tədqiqat fəaliyyətlərinin  inkişaf etdirilməsi məsələsinə həsr olunub.  Azərbaycan qadınların elm sahəsində inkişafını  özünün  prioritet vəzifələrindən biri elan edib.  Bütün dünyada qadınların gender bərabərsizliyi  sahəsində problemlərin yaşandığı bir vaxtda  UNEC təcrübəsi qadınlara  yaradılan sərait baxımından diqqətəlayiqdir.  Dünyada  elm sahəsində qadınların iştirakı statistikasına diqqət  yetirsək görərik ki,  onların fəaliyyətinə nə qədər maneələr mövcuddur.  Buna baxmayaraq  UNEC-in qadınların elmi fəaliyyətə cəlb olunması baxımından  nə qədər öndə olduğunu görə bilərik.  Dünya elmində qadınların çəkisi cəmi 30 faiz təskil edir.  Orta məktəblərdə işləyən müəllimlərin  51 faizi kişilər, 49 faizi qadınlar,  liseylərdə işləyən müəllimlərin 68 faizi kişilər,  32 faizi qadınlardır.  Bu vəziyyət azala-azala gedir.  Universitet məzunlarının (bakalavr səviyyəsində) 70 faizi kişilər, 30  faizi qadınlar, magistratura səviyyəsində məzunların 75 faizi kişilər, 25 faizi qadınlar,  doktorantların 80 faizi kişilər, 20 faizi  qadınlardır.  Elmi tədqiqatlarda iştirak edənlərin  29 faizini qadınlar təskil edir. Yüksək səviyyədə akademik uğurlar əldə edən qadın dosentprofessorlar  cəmi 11 faiz təskil edir.  Nobel mükafatı alanların cəmi 5 faizi qadındır. Gender siyasətinə xüsusi  önəm verilən Avropanın bir sıra ölkələrində elmi tədqiqatlarda iştirak edən qadınların sayı çox aşağıdır.  Bu rəqəm Portuqaliyada 17, Almaniya kimi bir ölkədə isə cəmi 5 faiz təşkil edir.  Türkiyədə işləyən professorlar arasında qadınlar 25 faiz təşkil edir, baxmayaraq ki, onların məqalələrinə istinadlar hələlik azdır.

 

 UNEC müəllimlərinin 54 faizini qadınlar təşkil edir

 

 Dünya ölkələrində qadınların  elmi fəaliyyətə cəlb olunması mənzərəsi ilə tanış olduqda İqtisad Universitetində vəziyyətin tam fərqli olduğunu  görürük.    Yenilikçi universitet statusu qazanan UNEC-  qadınların elmi tədqiqatlara cəlb olunması yönündə  işlər davam edir.   Hazırda ali məktəbdə professor-müəllim heyəti arasında qadınlar 54 faiz təşkil edir, dünyanın heç bir ölkəsində belə bir göstərici yoxdur.    Universitetdə 3084 magistrdən  1346-sı, 155 doktorant dissertantdan  64-ü qadınlardır.  Qadın əməkdaşların  elmi dissertasiya işlərinin başa çatdırılması sahəsində ali məktəbin rəhbərliyi tərəfindən ciddi tədbirlər görülüb son illərdə qadınların yarımçıq qalmış elmi işləri müdafiə olunub.   Bu sahədə nəzərdə tutulmuş addımlardan biri odur ki, elmi fəaliyyət sahəsinə cəlb olunmuş qadınlara gələcəkdə qrantlar da veriləcək.

 

 “Biz irəli getməliyik

 

 Universitetin rektoru, professor Ədalət Muradov çıxışındaElmdə qadınlar  Beynəlxalq Gününün təsis edilməsi  zərurətinə toxunub. Bildirilib ki, bu günün təsis edilməsi qadınlara   münasibətdə diskriminasiyaya qarşı mübarizədir.   Rektor Azərbaycanda belə bir problemin, qadınlar kişilər arasında heç bir diskriminasiyanın  olmadığını vurğulayıb.   Regionun iqtisadyönümlü 4 ən yaxşı ali məktəbindən biri  olaraq  UNEC inkişaf üçün davamlı təkanlar  axtarır,  onlardan birincisi isə qadınlardır. “Biz irəli getməliyik. İrəli getmək üçün biz dayaq nöqtələri axtarırıq. Bu dayaq nöqtələrindən birincisi ən davamlısı, düşünürəm ki, UNEC-in qadınlarıdır”.

UNEC- alimlərin  elmi tədqiqatlara cəlb olunması məqsədilə görülən stimullaşdırıcı tədbirlərdən danışan rektor ali məktəbdə  pedaqoji fəaliyyət göstərən xanımların yüksək elmi potensiala malik olduğunu qeyd edərək onların  elmi potensialını stimullaşdırmaq məqsədilə müəllimlərin reytinq sisteminin elmi tədqiqat bölümündə qalib olan qadınlar üçün pul mükafatı təsis ediləcəyini bildirib. Eyni zamanda, öz elmi tədqiqatı ilə fərqlənən qadın müəllimlərin üç ay müddətinə tədqiqatını Avropanın ən nüfuzlu universitetində davam etdirəcəyini vurğulayıb.

 

 İddialı universitet

 

 Məlumdur ki, Nazirlər Kabinetinin  qərarı ilə ötən il dekabrın 29-da tədqiqatyönümlü universitet statusu almaq üçün tələb olunan meyarlar təsdiq olunub. İqtisad Universiteti bu yöndə qətiyyətli inamlıdır.

Ə.Muradovun sözlərinə görə,  universitetin  tədqiqatyönümlü olması üçün işlərə xeyli əvvəl başlanılıb.  Həqiqət onu göstərir ki, bütün reytinq sıralamalarında İqtisad Universiteti  önə çıxsa da, irəliləsə , dinamika çox sürətli olsa da,  tədqiqatlarda  UNEC görünmür.  Bütün reytinqlərdə İqtisad Universiteti tədqiqat baxımından çox aşağıdadır. Biz düşünürük ki, indiyə qədər həyata keçirdiyimiz tədbirlərdən əlavə olaraq hansı tədbirləri həyata keçirə bilərik”.

Rektor tədqiqatyönümlü universitet statusu almaq üçün bu vaxta qədər görülən tədbirlərdən hədəflərdən danışıb.   “Biz impakt-faktoru yüksək olan jurnallarda  çap olunmuş hər bir məqaləsinə görə  əməkdaşlarımıza 4 min manat qonorar veririk.  Biz regionda ilk dəfə olaraq müəllimlərin fəaliyyətini  qiymətləndirməyə imkan verən reytinq sistemini  tətbiq etdik.  Bu reytinq sistemində biz elmə 40 faiz verdik. Reytinqin yuxarısında, yüzlükdə qərarlaşmış əməkdaşlarımızın əməkhaqlarına 2 dəfəyədək əlavələr etdik.  Biz yeni bir jurnal – “UNEC Ekspert  nəşr etməyə başladıq.   Gənc Alimlər Şurası yaratdıq.  Biz universitetdə 12 tədqiqat  mərkəzi yaratmışıq.  Hədəfimiz  onların sayını ən azı  50 - çatdırmaqdır.  Lakin əlavə təkanlara da ehtiyac var.  Elə bir təkan ki,  universiteti daha da irəli apara bilsin.  Mən hesab edirəm ki,  təkanverici qüvvə bizim xanımlardır.  Mən bu suala cavab tapmaq istəyirəm: Mən bir rektor olaraq qadınlarımızın elmi tədqiqatlara cəlb olunması üçün hansı əlavə işlər görməliyəm?  Mən xanımlarımızdan sifariş istəyirəm. Xanımlardan tələb istəyirəm. Mən etməliyəm ki, qadınlar  özlərində olan elmi tədqiqatlar potensialını  üzə çıxara, reallaşdıra  bilsinlər”.

 

 “Bu mənim universitetimdir

 

 Rektor əmin olduğunu bildirib ki,  bu gün UNEC- işləyən qadınların  potensialı onların göstərdikləri göstəricilərdən daha yüksəkdir.  “Bu potensialın reallaşdırılması üçün qadınların istəyini eşitmək istəyirəm. Magistrantların yarısı qadınlardır. Magistratura  ciddi,  həm ilkin başlanğıc nöqtə olaraq bir tədqiqat mərkəzidir. Həmin başlanğıc  mərkəzlərində gənclərimizi  tədqiqata alışdırmaq, ortaya çıxan neqativ problemlərin həll ləğvi baxımından təkliflər verilməsi önəmlidir”.  Ə.Muradov qadınlara üz tutaraq “Bu mənim universitetimdirdeyərək irəli çıxmaq üçün  özünüzü daha çox toparlamağınızı,  həm rektor səviyyəsində eşidilə biləcək səviyyədə səsinizi qaldırmağınızı istəyirəmdeyib.

 

 Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 16 fevral.- S.13.