Təhsildə sosial şəbəkələr:
reallıq, yoxsa utopiya?
Pedaqoji mühit
üçün müasir
problemlər
Müdriklərdən biri deyib ki, “heç kim keçmişini dəyişə bilməz, ancaq hamımız gələcəyimizi dəyişməyə müvəffəq ola bilərik”. Bu kəlamı günümüzdə yeri gəldikcə bir çox sahəyə nəzərən söyləmək olar. İnternet və informasiya texnologiyaları ilə az-çox əlaqəli şəxs bəlkə də hər gün bu dəyərli sözlərin çəkisini hiss etməkdədir. Bu gün internetlə bu və ya digər formada əlaqəsi olmayan şəxslə rastlaşmaq asan məsələ deyil. Söhbət heç də ondan getmir ki, hamı monitor qarşısında oturub dünyada baş verənləri internetdən öyrənir, yaxud sosial şəbəkələrdə aktual problemlərin müzakirəsinə qoşulub. İnternet sadəcə hər yerdədir: Azərbaycanın ən ucqar kəndində belə, smartfon sizi ümumdünya informasiya şəbəkəsinə bağlaya bilər.
Bazarlıqdan tutmuş kommunal xərclərin ödənməsinədək, kiçik pul köçürmələrindən iri maliyyə əməliyyatlarınadək hər yerdə internetdən istifadə edirik. İnternet, eyni zamanda, əyləncə və asudə vaxt keçirmək üçün məkandır. Dünyada nə baş verirsə-versin, sayılı dəqiqələrdən sonra internetdədir. Ancaq bütün bunlara rəğmən internetdə heç nə sosial şəbəkələr qədər maraq və hətta önəm kəsb edə bilməz. Bu gün sosial şəbəkələr internet auditoriyasının böyük bir hissəsi üzərində ağırlığa malik ən populyar servisdir.
Sosial şəbəkələr ilk dəfə ABŞ-da meydana gəlsə də, dünyanın istənilən yerində müasir həyatı - əyləncədən tutmuş işgüzar əlaqələrədək bu servissiz təsəvvür etmək mümkün deyil. Hesablamalara görə, dünya əhalisi ay ərzində orta hesabla 3,7 saatı sosial şəbəkələrdə keçirir. Elə ölkələr var ki, ayrıca götürüldükləri halda bu göstərici daha da yüksəkdir. Məsələn, Rusiya əhalisi ay ərzində ortalama təqribən 6,6 saat sosial şəbəkələrdən birində olur. Bu baxımdan, ümumdünya ünsiyyət şəbəkəsi elə bil ayrıca bir ölkədir: burada “yaşayırlar”, “görüşürlər”, “ünsiyyətdə olurlar”, hətta “evlənirlər”. Sanki adi həyatda bütün bunları edə bilmədikləri qədər. Sosial şəbəkələrin hər günü, hər saatı, hər dəqiqəsi, hətta hər saniyəsi belə tükənməyən məlumat axınından ibarətdir. Şəxsi məzmunlu informasiyadan tutmuş ümummilli, bəşəri mahiyyət kəsb edən xəbərədək. Şəkil və video mübadiləsi, paylaşılan və bölüşülən sosial, siyasi, mədəni xəbərlər. Onların içində neqativ məzmunlusu da olur, pozitivi də. Sosial şəbəkələrdən hər məqsədlə istifadə olunur və təəssüf ki, bir çox halda bu, əyləncə və sevinc yox, kədər, depressiya, stress və psixoloji gərginlik də deməkdir.
Əgər internet hər kəsin həyatında varsa, deməli gənclər, yeniyetmə və məktəblilər də bu reallıqdan kənarda deyillər. Son bir neçə ildir mübahisə mövzusu olan “internet və sosial şəbəkələr uşaqların tərbiyəsi və davranışlarına necə təsir edir” problemi aktuallığını itirməsə də, hər halda belə bir reallığı da hamı üçün anlaşılan edib: razılaşmalıyıq ki, gənc nəsli internetsiz, daha konkret isə sosial şəbəkələrsiz qoya bilməyəcəyik. Dünyanın aparıcı dövlətlərində sosial şəbəkələrdən təhsil prosesində yararlanmağa başlanıldığından, belə demək mümkündürsə, heç buna cəhd də etməməliyik!
Ötən saylarımızda problemlə bağlı yazımızda dünyanın bir neçə ölkəsində Facebook və Twitter-dən təhsil prosesində istifadə olunmasına dair faktlardan söhbət açılmışdı. Bundan əlavə qeyd edə bilərik ki, bir sıra yerlərdə sırf məktəb və təhsil problemləri, habelə tapşırıqların yerinə yetirilməsi üçün lokal sosial şəbəkələr fəaliyyət göstərir. Ancaq onlar yuxarıda adları çəkilən servislər qədər populyar deyillər. Bunun bir neçə səbəbi var. Birincisi, istənilən sosial şəbəkə “sakin”i mövcud ünsiyyət vasitəsini dəyişməyə meyilli deyil. Burada onun dostları, həmfikirləri var və aralarındakı münasibətlər illərlə formalaşıb. İkincisi, sosial şəbəkənin sırf təhsillə bağlılığı amili bir çox məktəbli və yeniyetmənin onlardan “qaçması”na səbəb olur. “Məktəbdə onsuz da yoruluruq, bir tərəfdən də internetdə dərs” deyən gənclər üçün dünyaca populyar olan servislər daha cəlbedicidir: axı burada hər şey var - əyləncədən tutmuş fantastikayadək, xəbərdən başlayaraq online filmlərədək, şəbəkə oyunlarından... dərsədək. Məhz bu səbəbdən Qərbdə və əsasən Cənubi-Şərqi Asiyanın iqtisadi cəhətdən qabaqcıl ölkələrində təhsil prosesində Facebook və Twitter kimi sosial şəbəkə servisləri xüsusilə populyardır.
Forumlar, bloqlar, viklər, təhsil portalları və avtomatlaşdırılmış distant təhsil sistemləri güclü didaktik və metodiki üstünlüklərə malik olsalar da, populyarlıq və kommunikasiya miqyası sarıdan sosial şəbəkələrlə rəqabət apara bilməzlər. Təəssüflə olsa da qeyd etməliyik ki, müasir tələbə və məktəblilərin informasiya və kommunikasiya mədəniyyətləri informatika dərslərində və peşəkar pedaqoqlar tərəfindən yaradılmış keyfiyyətli təhsil resurslarında deyil, populyar sosial şəbəkələr hesabına formalaşır və bu, qaçılmazdır. Əksər hallarda bu, uşağın internetə “düşdüyü” andan etibarən istifadə etdiyi ilk resurs olur. Müəyyən mənada həm də bu səbəbdən pedaqoqlar tərəfindən yaradılan tədris dizaynı gənclər üçün cəlbedici deyil. Buna görə də müəllim əlavə vaxt sərf edib uşağı internetdə yaratdığı tədris mühitinə uyğunlaşdırmağa çalışır. Nəticədə uşağın tapdığı rahat və asan mühitlə pedaqoqun təklif etdiyi təhsil müstəvisi arasında bir kompromis, körpü tapmaq məcburiyyəti meydana gəlir.
Azərbaycanda bu problemin hələ aktual olmamasına baxmayaraq, ABŞ-da və Avropada sosial şəbəkələrdən təhsil prosesində yararlanmağın mümkünlüyü məsələsi xeyli müddətdir ciddi müzakirə mövzusudur. Sosial şəbəkələrdən istifadənin üstünlükləri kimi aşağıdakılar göstərilir:
- Sosial şəbəkələrin interfeysi və ideoloji aydınlığı imkan verir ki, ona müraciət edən gənc auditoriya vaxtına qənaət edib təklif olunan daha dar çərçivəli resurslara uyğunlaşmaqdan vaz keçsin. Təhsilalanların daima ünsiyyətə meyillilikləri baxımından sosial şəbəkələrdə həmyaşıdları və həmfikirliləri ilə ünsiyyət (təhsil məsələləri ilə bağlı) onların oxumağa motivasiyalarını artırmış olur;
- Virtual tədris qruplarındakı forumlar gənclərin təkbaşına, yaxud kollektiv halda tədris materialını tərtib etmələrinə şərait yaradır. Söhbət məqalələr, müzakirələr, multimedia kitabxanalarından gedir. Bu, fərdi dərketmə fəaliyyətini stimullaşdırır, konkret yaradıcı və intellektual nəticənin əldə edilməsi müddətini qısaldır, hərtərəfli qiymətləndirmə və əldə edilmiş informasiyanın üzləşdirilməsi imkanlarını genişləndirir;
- Müəllimlə şagird arasında daimi yüksək səviyyəli ünsiyyət tədris prosesinin mütəmadiliyini təmin edir. Kursun nəzəri sualları və təhsilalanların layihə işləri dərsin çərçivələrini aşaraq effektivliyi təmin edir;
- Kommunikativ mühitin multimedialılığı video və audio-materialların, interaktiv əlavələrin yüklənməsi və baxışını asanlaşdırır;
- İşin fərdi və qrup formasında aparılması materialın əxz olunması və fərdi ünsiyyət təhsil trayektoriyalarının yaradılmasına imkan verir və s.
Sosial şəbəkələrin təhsil prosesində istifadə olunmasının problemli tərəfləri kimi isə aşağıdakılar qeyd edilir:
- Müəllimlərdə motivasiya qabiliyyətinin və İKT-savadın səviyyəsinin aşağı olması onlara sosial şəbəkələrdə tam və hərtərəfli peşəkar fəaliyyət göstərmək üçün yetərli olmur;
- Daimi tədris rejimində müəllimin də öyrədilməsi və prosesə dəstək istiqamətində istifadə olunan xərclər artır;
- Bir sıra məktəblərdə auditoriyalarda sosial şəbəkələrə çıxış məhdudiyyəti var.
Qərbdə bu problemlərin öhdəsindən müəyyən mənada gələ bilirlər. Belə ki, müəllimlərin informasiya texnologiyaları sahəsində savadlarının artırılması üçün ixtisasartırma kursları təşkil olunur, onların sosial şəbəkə resurslarından təhsildə yararlanma sahəsində əldə etdikləri uğurlar maddi və mənəvi cəhətdən dəstəklənir. Əlbəttə, sosial media şəbəkə təhsilində yeganə vasitə deyil. Pedaqoji birlik tədris fəaliyyətinin müxtəlif formalarının ortaya çıxarılmasına çalışmalıdır. Bu günə olan reallıq isə ondan ibarətdir ki, biz sosial şəbəkələr və virtual ünsiyyət forumlarının təhsil prosesində oynaya biləcəyi rolun miqyasını tam dərk edə bilməmişik. Açığını qeyd etmək lazımdır ki, pedaqoji mühitin böyük bir qismi bu barədə heç bir dəfə olsun belə düşünməyib. Ancaq düşünməyə nəinki dəyər, buna məcburuq: yalnız bu halda sosial şəbəkələrdən məktəblərdəki neqativ hallardan daha çox təhsil və nailiyyətlər barədə məlumatlar ala bilərik.
Rüstəm QARAXANLI
Azərbaycan
müəllimi.- 2018.- 23 fevral.- S.1; 6.