Soyqırım səbəbkarlarının cəzalandırılması mütləqdir

 

Birmingem Universitetində Xocalı faciəsi anılıb

 

Dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr akademik təhsillə yanaşı, həm yaşadıqları  ölkələrdə  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  fəallıq nümayiş etdirirlər.  Belə tələbələrimizdən biri   2007-2015-ci illərdə  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət  Proqramı  çərçivəsində Böyük Britaniyanın  Birmingem Univertsitetində təhsil alan Məhəmməd Ağamirzəyevdir.  M.Ağamirzəyev 2015-ci ilin dekabrında  Birmingem Universitetində   Azərbaycan Cəmiyyətini  təsis edərək hazırda quruma rəhbərlik edir.   M.Ağamirzəyevlə əlaqə saxlayaraq cəmiyyətin Birmingem Universitetində gördüyü işlərlə maraqlandıq.

“2015-ci ilin dekabr ayında cəmiyyəti təsis etmiş bu yolla Azərbaycanda gedən inkişafın, tariximizin, adət-ənənələrimizin bizə qarşı göstərilmiş ədalətsizlikərin təbliği ilə məşğul olaraq azacıq da olsa, rahatlıq tapmışam”,-deyə tələbəmiz bildirir.  Cəmiyyətin sədrinin səyləri ilə   universitetin tələbə ittifaqına məxsus binanın girişində sərgi açılıb,  ali məktəbdə təhsil alan tələbə müəllimlərə Xocalı soyqırımı barədə əsl həqiqətlər  çatdırılıb.  Onlara soyqırımını əks etdirən məlumat kitabçaları paylanıb.

Tədbir zamanı, əslən fransalı olan, universitetin Siyasi Elmlər Beynəlxalq Tədqiqatlar İnstitutunun mühazirəçisi buraya baş çəkərək Xocalı hadisəsi ilə yaxından tanış olub.  Mühazirəçi baş vermiş qanlı faciə ilə yaxından tanış olduqdan sonra təəssüratlarını paylaşıb: “Bu bu kimi soyqırımların səbəbkarlarının cəzalandırılması mütləqdir. Azərbaycana qarşı edilmiş bu vəhşiliklərin qarşılığında sizin sülh tərəfdarı olmağınız böyük müdriklik göstəricisidir. Ümidvaram ki, yaxın gələcəkdə ədalət bərpa olunar.”

Ziyarətçi tələbələrdən biri isə nümayiş olunan foto məlumatlarla tanış  olduqdan sonra yaxınlaşaraqfaciənin onu kədərləndirdiyini bildirib əlavə edib: “Mən yay tətilində Bakıda oldum. Sizin şəhəriniz çox gözəl, camaatı isə çox istiqanlı qonaqpərvərdirlər. Bu cür mehriban bir xalqa qarşı belə bir vəhşiliyin edilməsini bilmək insanı daha çox sarsıdır”.

Sərgi zamanı yüzlərlə məlumat kitabçası paylanılıb.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 23 fevral.- S.4.