Bakı Slavyan
Universiteti tarixi yubileylər ərəfəsində
Azərbaycançılıq
ideyalarının və multikultural dəyərlərin
yayılması hədəf seçilib
2018-ci il
xalqımız üçün olduqca əlamətdar yubileylər
ilidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə bu il Şərqdə ilk parlamentli respublikanın - Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasının 100 və ulu öndər Heydər
Əliyevin anadan olmasının 95 illik yubileyləri qeyd olunur.
Bu əlamətdar tarixi hadisələr ölkəmizdə
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə
bir araya təsadüf edir. Ölkənin
ictimai-siyasi və mədəni həyatında önəmli
olan bu tədbirlər universitetlərimizin tədris, təlim-tərbiyə,
elmi-tədqiqat və beynəlxalq əlaqələri istiqamətində
fəaliyyətində ciddi canlanmaya səbəb olmaqla,
professor-müəllim və tələbə heyətinin
konkret layihələrə cəlb edilməsi üçün
geniş perspektivlər açıb. Göstərilən
əlamətdar hadisələrin hər biri ilə
bağlı Bakı Slavyan Universitetində konkret tədbirlər
planları hazırlanmış, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin müvafiq tövsiyələri də nəzərə
alınmaqla onlar Elmi Şurada müzakirə və təsdiq
olunmuş, universitetin müvafiq strukturlarında, fakültə
və şöbələrdə hazırlıq işlərinə
start verilmişdir. Bu məzmunda tədbirlərin
xüsusilə slavyan və digər ölkələrin BSU nəzdində
fəaliyyət göstərən tədris-mədəniyyət
mərkəzlərində, universitetin xaricdəki Azərbaycanşünaslıq,
Azərbaycan dili və mədəniyyəti mərkəzlərində
təşkili və keçirilməsinə böyük
önəm verilir.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 və ulu öndər Heydər
Əliyevin anadan olmasının 95 illik yubileyləri münasibətilə
universitetdə fəaliyyət göstərən bütün
tədris-mədəniyyət mərkəzlərinin illik
iş planlarına əlavələr edilmiş, BSU-nun xarici
universitetlərdə təşkil olunmuş 7 Azərbaycanşünaslıq,
Azərbaycan dili və mədəniyyəti mərkəzləri
üçün konkret fəaliyyət planı
hazırlanmışdır. Fəaliyyət planında Azərbaycan
Xalq Cümhuriyyətinin tarixini, azərbaycançılıq
ideyalarını və xalqımızın dövlətçilik
ənənələrini, müstəqillik ideallarını,
milli-mədəni dəyərlərimizi, ulu öndərin Azərbaycançılıq
məfkurəsini xarici auditoriyalarda tanıdan və təbliğ
edən tədbirlərə, telekörpülərə, “dəyirmi
masa”lara, intellektual yarışlara və mühazirələrə
yer verilir. BSU-nun bütün tədris-mədəniyyət
mərkəzlərində müvafiq ölkələrin səfirlikləri
ilə müştərək tədbirlər, ədəbi-bədii
kompozisiyalar, təqdimatlar, rəsm və fotosərgilərin təşkili
planlaşdırılıb.
Tədbirlər planında BSU-nun
xaricdəki mərkəzlərinin göstərilən yubileylərlə
bağlı elmi, elmi-kütləvi, tədris-metodiki ədəbiyyatlarla
və Azərbaycanın tanıdılmasına yönələn
məlumat kitabçaları ilə təmin olunması, mərkəzlərin
milli geyimlər və rəmzlərlə, onların nəzdindəki
kitabxana fondunun yeni ədəbiyyatlarla təchizi, universitetin
aparıcı alimlərinin xaricdəki mərkəzlərimizdə
mühazirələri və görüşləri nəzərdə
tutulub.
2016-cı ildə özünün 70
illik yubileyini təntənə ilə qeyd edən Bakı
Slavyan Universiteti ötən təqvim ilində həmtəsisçisi
və naşiri olduğu “Azərbaycanda rus dili və ədəbiyyatı”
jurnalının da 70 illiyini bayram etdi. Yubiley tədbirlərində
ölkəmizin təhsil və elmi ictimaiyyətinin, mətbuatın
nümayəndələri ilə yanaşı,
universitetin əməkdaşlıq etdiyi xarici universitetlərin
təmsilçiləri, o cümlədən, Bolqarıstan
Respublikasının vitse-prezidenti xanım Marqarita Popova
iştirak etdi. Universitetin 70 illik yubileyi ərəfəsində
birinci tədris korpusunun əsaslı şəkildə təmiri
və yenidən qurulması, ən yeni tədris
avadanlıqları və texnologiyaları ilə təchiz edilməsi,
50 nəfərədək universitet əməkdaşının
müxtəlif dövlət təltiflərinə - “Əməkdar
elm xadimi”, “Əməkdar müəllim”, “Əməkdar
jurnalist” fəxri adlarına, “Tərəqqi” medalına,
“Qabaqcıl təhsil işçisi” döş
nişanına, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin
Fəxri Fərmanı”na layiq görülməsi, son iki il ərzində
tələbə qəbulu planının yüksək səviyyədə
yerinə yetirilməsi və buna uyğun olaraq professor-müəllim
heyətinin əməkhaqlarının artırılması və
s. tədbirlər universitet həyatında ciddi canlanma
yaratdı.
Ötən təqvim və tədris ili BSU-nun tədris, elmi-tədqiqat və beynəlxalq
əlaqələrində daha yaddaqalan oldu. Azərbaycanın
müxtəlif ölkələrlə, eləcə də
slavyan ölkələri ilə diplomatik əlaqələrinin
yaranmasının 25 illiyi kimi mühüm beynəlxalq tədbirlər
məhz BSU-da qeyd edildi. Ukrayna Respublikasının və
Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliklərinin
təşəbbüsü ilə universitetimizdə təşkil
olunan və həmin ölkələrə aid BSU tədris-mədəniyyət
mərkəzlərinin yaxından iştirakı ilə
keçirilən tədbirlərində slavyan ölkələrini
təmsil edən səfirlərlə yanaşı, 30-dan
artıq digər ölkənin səfirlərinin, beynəlxalq
təşkilatların nümayəndələrinin
iştirakı regionun ən böyük və nüfuzlu
rusistika və slavistika mərkəzi kimi tanınan ali təhsil
ocağına marağın göstəricisidir. Təsadüfi
deyil ki, BSU nümayəndələri ötən il ölkəmizdə
keçirilən Beynəlxalq humanitar forumlarda fəal təmsil
olunmuş, yüksək səviyyəli qonaqları qəbul etmiş, tələbələrə
Bolqarıstan Respublikasının vitse-prezidenti İliyana
Yotovanın, rusiyalı siyasətçilər Aleksandr Duqin və
Gennadi Burbulisin, amerikalı jurnalist Peter Tasenin və
başqalarının mühazirə və ustad dərslərini
dinləmək imkanı yaradılmışdır. ADA Universitetinin xətti ilə xaricdən dəvət
olunmuş beynəlxalq əlaqələr üzrə
tanınmış mütəxəssislərin BSU tələbələri
üçün mühazirələri artıq ənənə
şəklini almışdır. Bu günlərdə
milli bayramımız Novruz ərəfəsində
Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin
təşəbbüsü ilə bu ölkənin Avropa
Birliyinə sədrliyi ilə bağlı təqdimatın
BSU-da keçirilməsinin planlaşdırılması da
universitetimizin slavyan ölkələrinin, onların dil və
mədəniyyətlərinin öyrənilməsi və təbliği
işində davamlı fəaliyyətinin təzahürüdür.
BSU əməkdaşları
Rusiyanın 27 universiteti ilə bağlanılmış ikitərəfli
müqavilələrə əsasən Moskva, Sankt-Peterburq, Ufa,
Kazan, Stavropol, Tula, Volqoqrad və
s. şəhərlərdə, eləcə də MDB
paytaxtlarında (Bişkek, Astana, Düşənbə,
Kişinyov) keçirilən
onlarla beynəlxalq tədbirlərin
iştirakçısı olmuş, Rusiya-Azərbaycan
Universitetləri Assosiasiyasının tədbirlərində və
Rusiya-Azərbaycan regionlararası forumlarda iştirak etmişlər.
2017-ci ilin aprelinə təsadüf edən və Kişinyovda
keçirilən Slavyan universitetlərinin II Forumunda tədris
işləri üzrə prorektor, professor T.H.Cəfərovun rəhbərliyi
ilə professor-müəllim və
tələbə heyətini təmsil edən nümayəndələrin
fəallığına görə BSU YUNESKO-nun xüsusi
diplomuna layiq görülmüşdür.
Ötən tədris ilində BSU
qrant layihələri əsasında iki Beynəlxalq elmi
konfransa ev sahibliyi etmiş, ulu öndərin anadan
olmasının 94-cü ildönümü münasibətilə
keçirilən ənənəvi “Azərbaycanşünaslığın
aktual problemləri” adlı IX Beynəlxalq elmi konfransı
xarici universitetlərdə fəaliyyət göstərən
Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin nümayəndələri
də qatılmaqla yüksək səviyyədə təşkil
etmişdir. Beynəlxalq Rus Dili və Ədəbiyyatı
Müəllimləri Assosiasiyası (MAPRYAL) ilə birgə
keçirilən və Azərbaycanda rus dili və ədəbiyyatının
tədrisi problemlərinə həsr olunan beynəlxalq elmi
konfransda MAPRYALın və Rusiya
Təhsil Akademiyasının prezidenti, akademik Lyudmila Verbitski,
Rusiya Xalqlar Döstluğu Universiteti, Puskin adına Dövlət
Rus Dili İnstitutu, Ukrayna, Belarus, Gürcüstan və
Qazaxıstan universitetlərini təmsil edən 40-dan artıq
metodist-alim, ali və orta məktəb
müəllimi iştirak etmiş, qrant layihəsi çərçivəsində
BSU rusistləri və metodistlərinin müəllifliyi ilə
yazılmış ali və orta
məktəblər üçün “Rus dili” və “Literatura”
dərslik komplekslərinin təqdimatı olmuşdur. “Milli
kimlik” mövzusunda (layihə rəhbəri: prof.R.Qeybullayeva)
BSU-nun Kembric Universiteti ilə birgə keçirdiyi konfrans
professor-müəllim heyəti, doktorant və magistrantların
iştirakı ilə elmi müzakirələrə imkan
vermişdir. Bu beynəlxalq konfransda yerli mütəxəssislərlə
yanaşı, Böyük Britaniyanın Oksford və Kembric,
Türkiyənin Qazi və Mərmərə universitetlərinin
professorlarının iştirakı problemlə bağlı
maraqlı müzakirələrə səbəb olub.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 və ulu öndər Heydər
Əliyevin anadan olmasının 95 illik yubileylərinə
hazırlıq tədbirləri
çərçivəsində universitet hazırda 7
xarici universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq,
Azərbaycan dili və mədəniyyəti mərkəzləri,
bu universitetlərin özləri ilə əlaqələrə
xüsusi önəm verir. Universitet rəhbərliyi BSU-da və onun xaricdə təşkil
etdiyi mərkəzlərdə (Moskva Dövlət Linqvistik
Universiteti, Müqəddəs Oxridski adına Sofiya Universiteti,
Kiyev Linqvistik Universiteti, Poltava Ticarət-Sənaye
Akademiyası, Çerniqov Dövlət Universiteti, M.Tank
adına Belarus Dövlət Pedaqoji Universiteti, Ural Dövlət
Universiteti) azərbaycanşünaslığın
inkişafı ilə bağlı Prezident İlham Əliyevin
2008-ci il tarixli sərəncamına müvafiq olaraq, hər il
konkret tədbirlər planı həyata keçirir. Son bir il ərzində
BSU-nun rektoru, professor Nurlana Əliyevanın rəhbərliyi ilə
nümayəndə heyəti Bolqarıstanda olmuş, Sofiya
Universitetindəki mərkəzin əməkdaşları ilə
görüşmüş, Novruz bayramına təsadüf edən
bu səfər zamanı milli dəyərlərimizin geniş təqdimatı keçirilmişdir. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə bərpa edilmiş “Trapezitsa” Memarlıq Muzey-Qoruğu ziyarət
edilmiş, Sofiya universitetlərində mühazirələr təşkil
olunmuşdur.
Kiyev Linqvistik Universiteti və M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti ilə
müştərək elmi əsərlər çap
olunmuş, Çerniqov Dövlət Texnologiya Universitetində
Azərbaycan dili və mədəniyyəti mərkəzi, Azərbaycan
dili Bazar günü məktəbi fəaliyyətə
başlamışdır. BSU-nun rektoru, professor N.M.Əliyeva və
elmi işlər üzrə prorektor R.M.Novruzov göstərilən
universitetin Fəxri professoru adına layiq
görülmüşlər.
Nəzdində Azərbaycan
dili və mədəniyyəti mərkəzləri fəaliyyət
göstərən slavyan universitetlərinin tələbələri
üçün Azərbaycan dili üzrə Yay və
Qış məktəbləri zəngin və maraqlı
proqramları ilə əcnəbi tələbələrdə
böyük maraq doğurur. Keçən ilin yayında Müqəddəs
Oxridski adına Sofiya Universitetinin, bu qış tətili
zamanı isə Moskva Dövlət Linqvistik Universitetinin “Azərbaycan
dili” ixtisası üzrə təhsil alan tələbələri
üçün BSU-da xüsusi proqram üzrə dil
hazırlığı kursları təşkil olunmuş, tələbələr
paytaxtımız və bölgələrimizlə
tanış edilmişlər.
BSU-nun “Azərbaycanşünaslıq”
Tədris-mədəniyyət mərkəzi sadalanan
bütün xarici mərkəzlər üçün tarixi
hadisələrlə bağlı tədbirlər planı tərtib
etmiş, qarşılıqlı mütəmadi məlumat
mübadiləsi təmin olunmuşdur. Ulu öndərin 95
illiyinə həsr olunan və universitetin təşkilatçılığı
ilə keçirilən beynəlxalq elmi konfransa BSU-nun xaricdəki
Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən
elmi məruzələrin tezisləri qəbul edilməkdədir.
BSU nəzdində fəaliyyət
göstərən tədris-mədəniyyət mərkəzləri
universitetdə təmsil olunan ixtisaslara, dil və mədəniyyətlərə
müvafiq olaraq, müxtəlif layihələr həyata
keçirir.
Mədəni-kütləvi tədbirlər üstünlük
təşkil etsə də, bir sıra mərkəzlər, o
cümlədən, Yunan, Polşa, Belarus, Rusiya, Ukrayna mərkəzləri
builki fəaliyyətlərində bədii tərcümələrə,
lüğətlərin və məlumat
kitabçalarının tərtibinə üstünlük
veriblər. Ötən ilin
noyabrında Yunanıstanın Azərbaycandakı səfiri
Nikolaos Kanellosla BSU-da görüşdən sonra onun təşəbbüsü
ilə 8 ölkənin səfirinin iştirakı ilə “XXI əsr:
dünyaya baxış, təhsil və mədəniyyətin
harmoniyası” mövzusunda “dəyirmi masa” keçirildi.
Yunanıstanın Azərbaycandakı səfirliyinin və
BSU-nun Yunan mərkəzinin təşəbbüsü ilə
müasir yunan ədəbiyyatının tanınmış
nümayəndəsi Amanda Mixalokulu ilə 21 fevral 2018-ci il tarixdə təşkil olunan
görüşdə onun yunanşünas tələbələrimiz
tərəfindən dilimizə çevrilmiş hekayələrinin
təqdimatı böyük maraqla qarşılandı. BSU-nun
“Luğət mərkəzi”nin müdiri,
professor T.Şükürbəyli və M.Tank adına Minsk
Pedaqoji Universitetinin dosenti V.Stariçonokun müəllifliyi ilə
“Belarusca-azərbaycanca, Azərbaycanca-belarusca” lüğəti
tərtib olunmuş və nəşr edilmişdir.
BSU-nun Polşanın Torun Universiteti,
“Adam Marşalek” Holdinqi ilə sıx əməkdaşlıq əlaqələri
ənənəvi olaraq bu ölkədə keçirilən
Asiya Konqresində universitetimizin alimlərinin iştirakına
şərait yaradıb. BSU nümayəndə heyəti
keçən il 14-15 may tarixlərinə təsadüf edən
konqresdə iştirak etmiş, növbəti - V Beynəlxalq
Asiya Konqresinin (9-11 may, 2018-ci il) Polşa və Azərbaycanın
dövlət müstəqilliyinin 100 illik yubileyinə həsr
olunması barədə razılıq əldə
edilmişdir. Göstərilən konqresin təşkilat
komitəsinə BSU alimlərinin məruzələri təqdim
olunmuşdur. Torun Universitetində
keçiriləcək növbəti Asiya Konqresində
universitetimizin nümayəndə heyətinin iştirakı
maraqla gözlənilir.
BSU-nun beş nəfər tələbəsi
M.Tank adına Minsk Pedaqoji Universitetində keçirilən
“MDB ulduzları” festivalında Azərbaycanı təmsil
etmiş, bir qrup rusiyaşünas tələbəmiz isə
Soçidə keçirilən intellektual yarışlarda fərqlənmişlər.
Yaxın günlərdə M.Tank adına Minsk Pedaqoji
Universiteti rektorunun Azərbaycana, BSU rektorunun Belarusa səfərləri,
eləcə də Moskva Dövlət Linqvistik Universiteti
rektorunun Bakıya gəlişi, BSU nümayəndə heyətinin
isə Minskdə keçiriləcək konfransda
iştirakı
planlaşdırılıb.
BSU nəzdində tədris-mədəniyyət
mərkəzlərinin fəaliyyətini gücləndirmək,
universitetdə tədris olunan əcnəbi dillər üzrə
tələbələrin dil-danışıq vərdişlərini
inkişaf etdirmək, onların tələbə və müəllim
mübadiləsi proqramlarında iştirak imkanlarını
genişləndirmək məqsədilə xarici mütəxəssislərin
ilboyu və ya müəyyən müddətə tədris
prosesinə cəlbinə diqqət artırılıb. Polşa,
Almaniya və Çexiyadan dəvət olunmuş əcnəbi
müəllimlər tədrislə yanaşı, nəşr və
tərcümə layihələrinə də qoşulublar.
Müxtəlif slavyan dilləri (“Tərcümə” ixtisası) və
ölkələri (“Regionşünaslıq”) üzrə
bakalavriat səviyyəsini bitirən tələbələrin
BSU ilə əməkdaşlıq edən Rusiya, Polşa,
Çexiya, Belarus, Ukrayna universitetlərində magistratura təhsilini
davam etdirmələri, “Erasmus+”, “Mövlana” Beynəlxalq
proqramları üzrə tələbə mübadiləsində
daha çox tələbənin iştirakı
üçün universitetin Beynəlxalq şöbəsi
müvafiq təqdimatlar edir. Azərbaycanın bir sıra
universitetlərinin, o cümlədən, BSU-nun iştirak etdiyi
yeni “Erasmus+” Beynəlxalq mübadilə proqramı (PETRA) ali təhsil
ocaqlarımızda tədris və təlimə, elmi innovasiyaların tətbiqinə
və “Elektron universitet” layihəsinin icrasına dəstək
olacağına, həm də ölkənin paytaxtda və
regionda yerləşən universitetləri arasında əlaqələrin
yaranmasına və möhkəmlənməsinə xidmət
edəcək.
BSU-da əcnəbi vətəndaşların,
o cümlədən, MDB məkanında yaşayan
soydaşlarımızın bakalavriat, magistratura və
doktorantura səviyyələrində təhsil almalarına
lazımi şərait yaradılıb. Son iki ildə
dövlətlərarası müqavilələr əsasında
Çin, Vyetnam, Türkiyə vətəndaşlarının
magistratura şöbəsində “Rus dili” ixtisası üzrə
təhsil almaq üçün müraciətlərinin
sayı artıb. Tələbə qəbulu
kampaniyasının təşkili məqsədilə Əcnəbi
tələbələrlə iş üzrə
dekanlığın, Beynəlxalq şöbənin, Türk
araşdırmaları mərkəzinin əməkdaşları Türkiyə, Rusiya və
Misirə ezam olunublar.
Hazırda universitetdə ulu
öndərin 95 illiyinə, onun çoxşaxəli fəaliyyətinə,
dil-ədəbiyyat, mədəniyyət və azərbaycanşünaslıq
məsələlərinə münasibətinə həsr
olunmuş elmi məcmuə hazırlanır. Azərbaycan, rus və
ingilis dillərində tərtib olunan bu məcmuə
ümummilli liderin təşəbbüsü ilə
yaradılmış BSU-nun inkişafında onun rolunu
vurğulamaq, universitetin qazandığı müvəffəqiyyətləri,
xarici universitetlərdə fəaliyyət göstərən
Azərbaycan dili və mədəniyyəti mərkəzlərində
və bu tədris ocağının özündə təşkil
olunmuş tədris-mədəniyyət mərkəzlərində
görülən işləri işıqlandırmaq məqsədi
güdür.
Universitetin nəzdində fəaliyyət
göstərən Rusiya tədris-mədəniyyət mərkəzləri
(Moskva və Sankt-Peterburq auditoriyaları) Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi ilə müştərək yubiley tədbirləri,
yaradıcılıq gecələri, yeni dərsliklərin və
kitabların təqdimatlarını keçirib. Puşkin, Lermontov, Yesenin,
Axmatova yaradıcılığına həsr olunmuş ədəbi-bədii
gecələrə tələbələrlə yanaşı,
orta məktəb şagirdləri və müəllimləri dəvət
olunub. Artıq neçə illərdir ki, BSU Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzinin təşkilatçılığı
və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən
Rus dili üzrə Respublika olimpiadasının və
Puşkiniana müsabiqəsinin yekun mərhələsinə ev sahibliyi edir.
Bu tədris ilində BSU-nun müəllimi
Maya Cəfərquliyeva MDB üzrə “Ən yaxşı gənc
alim” Beynəlxalq müsabiqəsinin qalibi olmuş, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi
BSU əməkdaşları professor
Flora Naciyevanı və dosent İlahə Carçıyevanı
“İlin ən yaxşı rus dili və ədəbiyyatı
müəllimi” elan etmişdir.
MDU-nin Bakı Filialı və Rusiya
İnformasiya-Mədəniyyət Mərkəzində rus dilində
təşkil olunan, Rusiyanın etnoqrafiyasına, coğrafiya və
tarixinə həsr edilən imla müsabiqələrində,
rusca kütləvi imla yazısında BSU-nun rus bölmələrinin
tələbələri ilə yanaşı, Azərbaycan
bölmələrinin də tələbələrinin fəal
iştirakına şərait yaradılıb.
BSU
Rusiya
Xalqlar Döstluğu Universiteti tərəfindən icra olunan
“Şəbəkə universiteti” layihəsində
iştirakını davam etdirir və “Filologiya (rus dili və ədəbiyyatı)”
ixtisası üzrə magistratura səviyyəsində ikili
diplom verir.
Universitet Azərbaycan və
rus dillərində təlimlə yanaşı, bir sıra
ixtisaslar üzrə ingilis dilində tədris prosesinin təşkilini
planlaşdırır. Bu aylarda Monteneqro və Rumıniyada Azərbaycan
dili və mədəniyyəti mərkəzlərinin
açılması barədə razılıq əldə
olunub, əməkdaşlıq müqavilələri imzalanıb.
BSU Qafqazda və Zaqafqaziyada
rusistikanın mərkəzi kimi ali və
orta təhsil pilləsində pedaqoji və elmi-pedaqoji
kadrların ixtisasartırma, ixtisasdəyişmə və
stajkeçmə tədbirlərinə xüsusi önəm
verir. Son iki ildə bu məqsədlə Rusiyanın bir
sıra aparıcı universitetləri ilə (Rusiya Xalqlar
Dostluğu Universiteti, Moskva Dövlət Pedaqoji Universiteti,
Puskin adına Dövlət Rus Dili İnstitutu) müştərək
proqramların icrası davam etdirilib.
Ulu öndərin 13 iyun 2000-ci il
tarixli fərmanı ilə keçmiş M.F.Axundov adına
APRDƏİ-nin bazasında yaradılmış Bakı Slavyan
Universitetinin slavyan ölkələrində fəaliyyət
göstərən Azərbaycan dili və mədəniyyəti
mərkəzləri bu gün azərbaycanşünaslığın
və xalqımıza xas olan multikultural dəyərlərin
MDB və Avropa məkanında yayılmasına xidmət edir,
yunan-slavyan və roman-german mədəniyyəti nümunələrinin
Azərbaycanda tanıdılmasına və gənc
nəslin bu mədəni irsə dərindən yiyələnməsinə
səy göstərir. Azərbaycan xalqının ümummilli
lideri, Avrasiya məkanında və bütün dünyada gedən
inteqrasiya və əməkdaşlıq tendensiyalarının
gözəl bilicisi Heydər Əliyevin ideyası əsasında
yaradılmış bu ali məktəbdə təkcə
slavyan və türk xalqlarının tarixi və ədəbi-mədəni
əlaqələrinin deyil, həm də Avrasiya arealını
Qərblə birləşdirən tarixi, mədəni, ədəbi,
dil və dini münasibətlərin öyrədilməsinə
və gündəmdə saxlanılmasına ciddi əhəmiyyət
verilir.
Telman
CƏFƏROV,
Bakı Slavyan
Universitetinin
tədris işləri üzrə
prorektoru, professor
Azərbaycan
müəllimi.- 2018.- 23 fevral.- S.7.