Azərbaycan dili fənninin tədrisində
müasir təlim texnologiyaları
İKT-nin imkanlarından, interaktiv lövhədən
istifadə tədris prosesini yaddaqalan və maraqlı edir
Müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək bilik və bacarıqlara yiyələnmiş gənc nəslin tərbiyə olunmasıdır. Bunun üçün tədris prosesində yeni təlim texnologiyalarından istifadə zəruridir. Bu gün təlimdə yeni texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsi hər bir müəllimin arzusudur və hər birimiz buna çalışırıq.
Fəal təlimə əsaslanan müasir dərsin mahiyyətini düşünmə, öyrənmə və danışma təşkil edir. Metodik ədəbiyyatlarda müasir dərsin strukturu 7 mərhələdən (motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi, nəticə və ümumiləşdirmə, yaradıcı tətbiqetmə, qiymətləndirmə) ibarət göstərilsə də, əslində bu 3 mərhələni özündə ehtiva edir: öyrənmə, tətbiqetmə, dəyərləndirmə. Göründüyü kimi, 45 dəqiqəlik dərsin bütün mərhələlərində şagird fəaliyyətdədir. Bu zaman o, həm yazılı, həm də şifahi fəaliyyət göstərir.
Hər bir fənn üzrə proqramda (kurikulumda) fənnin xarakterinə uyğun fəaliyyət xətləri verilmişdir. Azərbaycan dili fənn proqramında (kurikulumunda) aşağıdakı fəaliyyət xətləri nəzərdə tutulmuşdur.
- Problemin həlli;
- Mühakiməyürütmə və əsaslandırma;
- Ünsiyyət;
- Tədqiqetmə;
- Tətbiqetmə.
Qeyd edilən fəaliyyətlər məzmun standartlarında öz əksini tapır.
Məzmun standartlarının gerçəkləşdirilməsi zamanı şagird araşdırır, mühakimə yürüdür, münasibət bildirir, fikirlərini əsaslandırır, öyrəndiklərini tətbiq edir və bütün bu fəaliyyətlər həm yazılı, həm də şifahi formada yerinə yetirilir.
Müəllim təlim prosesində müzakirə, rollu oyun, ziq-zaq, karusel, klaster, plan tərtibi, dinlənilmiş mətnlərin şifahi təhlili, dinləmə materialları üzrə müsahibə və s. üsullardan istifadə etməklə şagirdləri axtarışa, problemi həll etməyə sövq edə bilər.
Mən də bir ibtidai sinif müəllimi kimi təhsilimizdəki yenilikləri, yeni təlim texnologiyalarını, kurikulumun tələblərinə cavab verən meyarları öz fəaliyyətimdə tətbiq etməyə səy göstərirəm. İnteraktiv təlim metodlarının, fənn kurikulumlarının tətbiqi ilə bağlı keçirilmiş bir çox kursların dinləyicisi olmuşam.
Öyrəndiyim bu yeniliklərdən daim dərslərimdə istifadə edirəm. İş təcrübəmə əsasən deyə bilərəm ki, istifadə etdiyim yeni metodlar şagirdlərdə idrak fəaliyyətinin, müstəqil mütaliə qabiliyyətinin, hər hansı hadisəyə tənqidi yanaşa bilmək kimi müsbət cəhətlərin inkişafına stimul verir. Fəal təlim metodları ilə aparılan dərslərin şagirdlərin sevincinə, marağına səbəb olduğunun şahidiyəm.
Mən müəllim-şagird münasibətlərinin düzgün qurulmasına da xüsusi diqqət verirəm. Çünki bu münasibətlərin şagirdlərin təhsilə marağının artırılmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyəti vardır. Pedaqoji fəaliiyyətin belə əməkdaşlıq əsasında qurulması hər bir şagirdin intellektual imkanlarını, meyil və maraqlarını daha düzgün aşkara çıxarmağa imkan verir. Həmçinin mən hər bir şagirdin nə ilə maraqlandığını öyrənir, onun qabiliyyətinin, istedadının düzgün istiqamətləndirilməsinə, eyni zamanda inkişaf etdirilməsinə kömək etməyə çalışıram. Bu cür münasibət uşaqda özünə inam hissi yaradır. Şagird öz bacarığını, nəyə qadir olduğunu ürəklə nümayiş etdirməyə çalışır.
Təlimdə keyfiyyət əldə etmək üçün şagirdlərin psixoloji xüsusiyyətlərini dərindən bilmək xüsusilə vacibdir. Doğrudan da, düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artırılmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirlərin fəallığına, kollektiv şəkildə işləmələrinə istiqamət verir, şərait yaradır. Şagirdlərə bu cür yanaşma onların qrup işi zamanı da səmərəli əməkdaşlıq etməsinə müsbət təsir göstərir.
Müasir tədris zamanı texniki vasitələrdən istifadə təlimin məzmununu daha da zənginləşdirir. Belə ki, kompüterdə Microsoft Power Point, Microsoft Word, Activİnspire, Bandicam proqramlarından istifadə etməklə rəngarəng dərs nümunələri hazırlamaq mümkündür. Bu cür qurulmuş dərslər şagirdlər tərəfindən maraqla qarşılanır və asan mənimsənilir.
Fəal təlimdə dərs motivasiya ilə başlanır. Hər bir dərsdə qoyulan motivasiya şagirddə maraq oyatmaqla bərabər, onu düşündürür, idrak qabiliyyətini yüksəldir, daha fəal olmağa sövq edir.
Məsələn, mən “K” səsi və hərfi” mövzusunu keçərkən lövhədə kartof, traktor, park şəkillərini nümayiş etdirirəm. Hər şəklin altında yazılan adındakı “K” hərfi qırmızı rənglə işarə olunur. Belədə şagirdlər “qırmızı rənglə verilmiş hərflər necə səslənir” sualına asanlıqla cavab verirlər.
Tədqiqatın aparılması zamanı müxtəlif iş formalarından istifadə edirəm. Qrupla iş zamanı onları adlandırmaq üçün həndəsi fiqurlar, rəngli kağızlar, müxtəlif şəkillər, çiçəklər və s. vasitələr seçmək olar. Qrupların yaranmasında istifadə olunan vasitələrin mövzuya uyğun seçilməsi daha yaxşı olar.
Hər qrupa verdiyim tapşırıqların maraqlı, rəngarəng olmasına çalışıram. Bu çox vacibdir. Qrup işinin əhəmiyyəti odur ki, lövhə qarşısında öz fikrini deməyə utanan və ya cəsarət etməyən şagird, yoldaşları ilə birləşib aydın qərar çıxarır və cəsarətli olur.
Tədqiqatın aparılması zamanı vaxt təyin edirəm və zaman ölçüsü kimi müxtəlif vasitələrdən - müxtəlif saat növlərindən, usaq musiqilərindən istifadə edirəm. Vaxtın qoyulması şagirdlərdə məsuliyyət yaratmaqla bərabər, onları vaxtdan səmərəli istifadəyə istiqamətləndirir.
Məlumat mubadiləsi zamanı qrup lideri məlumat
verir. Hər qrupun verdiyi
məlumat bütün
qrup üzvlərinin geniş məlumatlandırılmasına
səbəb olur.
Onların yaddaşına yeni
məlumat daxil olur. Hətta bu zaman şagirdlər yoldaşlarının
səhv fikirlərini düzəltməklə yeni
fikrə gəlirlər.
Qrupların təqdimatından sonra belə bir cədvəllə
qalib olan qrupu göstərmək də maraqlı olar.
“Bandicam”
proqramının vasitəsilə
internetdən cizgi filmini köçürüb
uşaqlara nümayiş
etdirmək də məqsədəuyğundur.
Qiymətləndirmə isə tapşırıqları
soruşarkən və
ya dərsin sonunda aparılır.
Dərslərdə İKT-nin
imkanlarından, xüsusilə
də interaktiv lövhədən geniş
istifadə olunması tədris prosesini daha da yaddaqalan, maraqlı etməklə yanaşı, təhsilin keyfiyyətinin yüksəlməsinə, sərbəst işlərin çoxalmasına, öyrənməyə
marağın artmasına
zəmin yaradır.
İnteraktiv lövhə
ilə iş zamanı şagirdlərin
onun imkanlarına olan ilk reaksiyası onlarda özünü
aydın büruzə
verən coşğunluğun,
ruh yüksəkliyinin
yaranmasıdır. Bir
toxunuşda lövhədə
baş verən dəyişikliklərin belə
effektli olması dərsə olan həvəsi birə-beş
artırır.
Sonda demək istəyirəm ki, əgər müəllim şagirdlərini
sevmirsə, onlara bağlı deyilsə, nə müəllim, nə də şagirdlər uğur qazana bilməz. Müəllim
şagirdlərini ürəkdən
sevəndə onların
arasında gözəgörünməz bir bağlılıq yaranır.
Bu bağlılıq isə onları uğura aparır.
Sevinc AXUNDOVA,
Salyan şəhəri
Yusif Qasımov adına
4 nömrəli
tam orta məktəbin
ibtidai sinif müəllimi
Azərbaycan müəllimi.-
2018.- 23 fevral.- S.8.