Nümunəvi məktəb formalaşdırmaq üçün idarəetməni düzgün qurmalıyıq
Təhsil müəssisələrinin məqsəd və
hədəfləri aydın olmalıdır
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi”
qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb
direktorlarının rəhbərlik
etdikləri təhsil müəssisələri haqqında
qələmə aldığı
uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində
həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini
geniş ictimaiyyətə
çatdırmaqdan ibarətdir.
Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal, şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.
Məktəb mühitində uğur qazanmaq üçün ilk növbədə məqsəd və hədəflər düzgün seçilməli, ümumi inkişafa xidmət edən qərarlar vaxtında və yerində verilməlidir. Nailiyyətlər əldə etmək üçün həm də tədris prosesində düzgün vasitə və metodlardan istifadə olunmalı, sağlam pedaqoji kollektiv formalaşdırılmalı, şagird və valideynlərlə işin qurulmasına xüsusi fikir verilməlidir. İşimizi bu amillər əsasında qurmağımızın nəticəsidir ki, hazırda direktoru olduğum məktəb nümunəvi ümumi təhsil müəssisələri sırasındadır.
Direktorun iş prinsipi
Aydındır ki, məktəbdə uğur qazanılmasında direktorun üzərinə böyük məsuliyyət düşür. O, məktəbin məqsəd və hədəflərinə çatmasını təmin edən cavabdeh şəxsdir. Bu baxımdan direktordan tələb olunur ki, idarəetməni həyata keçirməklə yanaşı, təhsil sisteminə də töhfə verə bilsin, özündə liderlik bacarıqlarını formalaşdırsın.
Fikrimcə, müasir məktəb modelini formalaşdırmaq istəyən direktor ilk növbədə intellektual qabiliyyəti ilə seçilməlidir. O, bilikli, eyni zamanda, məntiq, analiz, mövzu və problemlər üzərində fikri cəmləşdirə bilmək, rəy və düşüncələrini aydın ifadə etmək qabiliyyətinə, müşahidə və qəti qərarvermə bacarığına malik olmalıdır. Direktor həm də güclü xarakteri ilə diqqəti cəlb etməlidir. O, ağılla hiss arasında balans qurmalı, fərqli mühitdə yaşayan və müxtəlif xasiyyətli insanlara uyğunlaşmalı, diqqətli, ehtiyatlı, təşəbbüskar, əzmkar, dinamik və hafizəli olmalıdır. Həmçinin, “Sən” və “Mən” anlayışını “Biz” anlayışına yönəltməli, ətrafdakıların rəğbətini qazanmalı, hadisələrə uyğun hərəkət etməli, güzəştə getməyin və qəti qərarlar verməyin vaxtını dəqiq bilməlidir. Məktəb direktorunun fəaliyyəti həm də dinamik olmalıdır.
Fəaliyyətim dövründə daim bu amillərə əsaslanaraq işi təşkil etməyə çalışmışam. Bunun nəticəsidir ki, işimiz hər zaman uğurlu olub.
Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi
Məktəbimizdə nailiyyətlərin əldə olunmasında pedaqoji heyətin əməyi əvəzsizdir. Bu ümumi təhsil müəssisəsindəki 146 müəllim məktəbdə təhsil alan 1371 şagirdə təhsil verməklə yanaşı, həm də onların hər birinə valideyn kimi yanaşır, çətinliklərinin birgə həllinə çalışır. Bu üsul müəllimlərlə şagirdlər arasında səmimi münasibət yaradır, məktəblilər başda direktor olmaqla, hər kəsə fikirlərini sərbəst şəkildə çatdıra, üzləşdiyi çətinlikləri açıqlaya bilir. Bununla da, məktəblilərin təhsil müəssisəsinə inam və etibarı artır, onlar dərslərinə daha məsuliyyətlə yanaşırlar. Bu hal bizim şagirdlərimizi tanımağımıza da kömək göstərir. Bəzən hansısa şagirdin fikirləri, atdığı addımlar, dərsə hazırlaşma üsulu diqqətimizi cəlb edir. Biz dərhal həmin məsələni müzakirə edərək onu digər şagirdlərə misal göstəririk. Bu hal məktəblilər arasında sağlam rəqabət mühiti yaradır, hər bir şagird nümunəyə çevrilmək istəyir.
Məktəbimizdə müəllimlərin fəaliyyəti də daim qiymətləndirilir. Onların bilik və bacarıqları müşahidələr əsasında təhlil edilərək dəyərləndirilmək üçün müxtəlif tədbirlər görülür. Bu üsul da müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırır və möhkəmləndirir. Hər bir müəllim digər həmkarından fərqlənməyə, dərs dediyi şagirdlərin daha yüksək nailiyyətlər əldə etməsinə çalışır. Bu isə ümumilikdə, məktəbin uğurlarının yüksəlməsinə şərait yaradır.
Bununla yanaşı, müəllimlərimizin bilik və bacarıqlarının artırılması istiqamətində də müvafiq addımlar atılır. Onların öz üzərlərində çalışmasına, yeni texnologiyalardan istifadə bacarıqlarını artırmasına, eləcə də işlərinə daha məsuliyyətlə yanaşmanın təmin olunmasına xüsusi fikir verilir. Bunun üçün məktəbimizdə treninq və seminarlar təşkil olunur. Eyni zamanda, müəllimlərimizin müvafiq institutlar tərəfindən keçirilən tədbirlərdə iştirakı təmin edilir.
Ümumilikdə, qeyd edim ki, məktəbimizdə yüksək elmi biliklərə malik müəllim heyəti fəaliyyət göstərir. Onlara fəaliyyətlərində yüksək nəticə əldə etmək üçün hər cür şərait yaradılıb.
Şagirdlərə qayğı və nəticə
Məktəbimizdə yaradılan sağlam mühitin, müəllimlərin işlərinə məsuliyyətlə yanaşmanın nəticəsidir ki, şagirdlərimizin nailiyyətləri ilbəil artır. Qeyd edim ki, bu təhsil müəssisəsində məktəblilərin keyfiyyətli təhsil alması üçün bütün imkanlardan istifadə olunur. Səylərimizi səfərbər edirik ki, verdiyimiz təhsildən hər kəs razı qalsın və bu, onların əldə etdikləri nailiyyətlərdə özünü göstərsin.
Ona görə də daim çalışırıq ki, şagirdlərin fənlər üzrə göstəriciləri yüksək olsun. Onlar rayon, şəhər və respublika səviyyəli olimpiada, yarış və müsabiqələrdə fəal iştirak etsinlər. Bu istiqamətdə həyata keçirdiyimiz tədbirlər bəhrəsini də verir. Şagirdlərimiz daim yüksək nəticələr əldə edirlər.
Fikrimcə, məktəblilərin rayon, şəhər və respublika səviyyəsində keçirilən tədbirlərdə iştirakına xüsusi fikir verilməlidir. Belə tədbirlər həm məktəblilərin bilik və bacarıqlarını artırır, həm də onlara özlərini təsdiq etmək imkanı yaradır, gələcəyə hazırlayır.
Məktəbimizdə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün də mütəmadi işlər görülür, silsilə tədbirlər keçirilir. İl ərzində çoxsaylı layihə, müsabiqə və yarışlar reallaşdırılır. Məktəblilərin şair və yazıçılarla görüşləri təşkil edilir. Belə tədbirlər məktəbliləri həvəsləndirir, onlar yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyə daha çox səy göstərirlər.
Həmçinin, şagirdlərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması işinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə məktəbdə maarifləndirici tədbirlər keçirilir. Eyni zamanda, şagirdlər üçün tarixi məkanlara, mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil edilir, onlar arasında intellektual oyunlar təşkil olunur.
Görülən bu işlər təlimin keyfiyyətinin və şagirdlərin müvəffəqiyyətinin təmin olunmasına xidmət edir. Bununla yanaşı, məktəblilərin ictimai işlərə cəlb olunmasını da ön plana çəkirik. Belə işlər onların fiziki fəallığını artırır, əməyə məhəbbət hissini yüksəldir.
Valideynlərlə iş və məktəbin
gözləntiləri
Məktəbimizdə müəllim və şagirdlərlə işin düzgün qurulması ilə yanaşı, valideynlərlə səmərəli əməkdaşlıq da təmin edilib. Tez-tez valideynlərlə görüşlər keçirilir, onların fikir və təklifləri dinlənilir. Hər bir valideynin fikri dəyərli hesab olunur. Bəzən valideynlərin fikir və təklifləri müəyyən məsələlərin müsbət həllinə kömək edir.
Valideynlərlə görüşlər şagirdlərin düzgün istiqamətləndirilməsi prosesində də bizə yardımçı olur. Onlarla səmərəli əməkdaşlıq şagirdlərin nailiyyətlərinin artmasına səbəb olur. Ümumiyyətlə, hesab edirəm ki, məktəb direktorları valideynlərlə əməkdaşlıq yaratmaqda maraqlı olmalıdırlar. Əgər şagirdin təlim-tərbiyəsi valideynlə əməkdaşlıq çərçivəsində qurularsa, bu zaman məktəblinin nailiyyətləri daha da yüksələr.
Məqalənin sonunda bildirmək istəyirəm ki, yuxarıda da göstərildiyi
kimi, rəhbərlik etdiyim
pedaqoji kollektivlə birlikdə göstərdiyimiz
səylərin nəticəsində məktəbimizin
uğurları getdikcə artır. Həyata keçirilən
işlər də bizə uğurlarımızın
davamlı olacağını deməyə əsas verir.
Tünzalə ZEYNALOVA,
283 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan müəllimi.-
2018.- 23 fevral.- S.9.