Model kimi Avstriya...
...Mentalitet
baxımından Türkiyə təcrübəsi
Respublikamızda
sağlamlıq imkanları məhdud, kimsəsiz və aztəminatlı
uşaqlar həmişə dövlətimizin diqqət və
qayğısı ilə əhatə olunub. Son illər bu sahəyə
ölkə Prezidenti cənab İlham Əliyev, Birinci
vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
xüsusi diqqət yetirilərək, onların sosial
rifahının yüksəldilməsi, sağlam
böyüyüb təhsil almaları istiqamətində xeyli
işlər görülüb, bir sıra dövlət
proqramları həyata keçirilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
2006-cı ildə təsdiq edilən “Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)” isə uşaqların
müdafiəsi sahəsində həyata keçirilən ən
vacib dövlət proqramlarından biridir. Məhz
həmin Dövlət Proqramının icrasının nəticəsi
olaraq, ölkəmizdə Ailə tipli kiçik qrup evləri
yaradılmışdır. Qeyd edək
respublikamızda hazırda iki Ailə tipli kiçik qrup evi fəaliyyət
göstərir. Bunlardan biri paytaxtda, digəri
isə Lənkəran şəhərindədir.
Kiçik qrup evlərinin yaradılmasında əsas məqsəd
uşaqlara ev şəraitində
qayğı göstərməkdir. Qrup evlərinin əsas vəzifələri
isə uşaqlar üçün ev şəraitində
qayğını təmin etmək, uşağın yaş və
fərdi xüsusiyyətlərini nəzərə almaqla onun mənəvi,
fiziki, psixoloji və sosial inkişafını, müxtəlif
vərdiş və bacarıqlarını
formalaşdırmaqdan ibarətdir. Bundan
başqa, uşağın hüquq və mənafelərini
müdafiə etmək, müstəqil həyata və cəmiyyətə
inteqrasiya olması üçün hazırlamaq da qrup evlərinin
əsas vəzifələrindəndir.
Nəzərə çatdıraq ki,
Bakıdakı 1 nömrəli Ailə tipli kiçik qrup evi
2012-ci ildən Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı”nın çərçivəsində
yaradılan ilk belə müəssisədir.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Beynəlxalq Təşkilatın birgə layihəsi
əsasında yaradılıb. Müəssisə
Dövlət Proqramının icrası olaraq model kimi Avstriya,
mentalitet baxımından isə Türkiyə təcrübəsinə
istinadən yaradılıb.
Buna səbəb isə Avropa ölkələrində
oğlan və qızların eyni qrup evində tərbiyə
alıb yaşadığı halda, Türkiyədə 10
yaşından yuxarı yaşda olan qız və oğlanlar
üçün ayrı-ayrı qrup evlərinin təşkil
olunmasıdır. Qrup evində 12 nəfər
qız uşağı yaşaya bilər. Burada
kimsəsiz uşaqlar 18 yaşadək qayğı ilə əhatə
olunaraq yaşayır. Lakin 18 yaşdan sonra
təhsillərini davam etdirdikləri təqdirdə də
onların kiçik qrup evində yaşamasına icazə
verilir. Kiçik qrup evində yaşayan məktəb
yaşlı uşaqlar evə yaxın ərazidə yerləşən
ümumtəhsil məktəbində təhsil alır.
Oxucularımızı bu müəssisələrlə
yaxından tanış etmək məqsədilə
paytaxtda yerləşən 1 nömrəli Ailə tipli
kiçik qrup evinə yollandıq. Bu evin kiçik sakinləri
üçün yaradılan şəraitlə tanış
olduq. Burada çalışanlarla söhbətləşdik.
“Məqsədimiz
bu uşaqları layiqli bir vətəndaş kimi yetişdirməkdir”
Ailə tipli kiçik qrup evinin
direktoru Süsən Nəbiyeva bizimlə söhbətində
bildirdi ki, burada uşaqların ev mühitində yaşaması
üçün hər bir şərait
mövcuddur. Məqsədimiz bu uşaqları cəmiyyətə
layiqli bir vətəndaş kimi yetişdirməkdir: “Beynəlxalq
təcrübədə uğurlu model hesab edilən Ailə
tipli kiçik qrup evində uşaqlara ev şəraitində
yaşamaq imkanı yaradılır. İlkin olaraq, Kiçik
Qrup Evi fəaliyyətə başladığı dövrdən
öncə həm
Türkiyədə, həm də Vyanada 2 həftəlik təcrübə
səfərində olmuşam. Belə ki, bütün iş
günü ərzində müəssisənin iş fəaliyyəti
ilə, uşaqlara qayğının göstərilməsi,
onun bio-psixo-sosial qiymətləndirilməsi və bunun əsasında
uşaqlara fərdi inkişaf planın tutulmasını
öyrənmişəm. Qrup Evində işləmək
üçün internat məktəblərində iş təcrübəsi
olan tərbiyəçi-müəllimlər müsabiqə
yolu ilə seçilərək 9 aylıq xüsusi
ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb
olunduq. Bu kursları bitirdikdən sonra Türkiyə
Respublikasında təcrübədə olduq. Türkiyədəki
təcrübə proqramı Təhsil Nazirliyinin De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsi tərəfindən
elə təşkil edilmişdi ki, 1 saatımız belə səmərəsiz
keçmirdi. Türkiyədə təcrübələrdə
olduqdan sonra Kiçik Qrup Evində işləyəcək
sosial işçilərin işə qəbul ilə
bağlı xüsusi testlərdən keçdik. Bu testlər bizim xarakterimizi, psixologiyamızı,
liderlik qabiliyyətimizi və digər xüsusiyyətlərimizi
üzə çıxarmaq üçün idi. Testlərdən sonra fərdi müsahibəyə dəvət
olunduq, bu müsahibədən də uğurla keçərək
işə qəbul edildik”. Qrup evlərinə
uşaqların qəbul edilməsi haqqında da danışan
S.Nəbiyeva müəssisədəki qızların uşaq
evlərindən və internat məktəblərindən
seçilərək götürüldüyünü dedi:
Kiçik qrup evinə qəbul edilən uşaqlar tamamilə
kimsəsiz uşaqlardır. İllərlə həmin
uşaqların valideynləri onlarla maraqlanmamış,
arxalarınca gələn olmamışdır. İndi həmin qızların əksəriyyəti
artıq övladlığa verilib. Övladlığa
verilən uşaqlarımızın hər biri ilə indi də
sıx əlaqəmiz var. Hələ ki, haqlarında yalnız
xoş sözlər eşidirik. Bu da bizim
daha çox həvəslə və səmərəli işləməyimizə
stimul yaradır. Ailəyə verilməsi
mümkün olmayan qızlar isə dövlət tərəfindən
bütün şəraitlə təchiz edilmişdir. Belə ki, onlar “Məzun Evi” sosial xidmət müəssisəsində
yaşayış sahəsi ilə də təmin olunurlar.
Kiçik qrup evində elə bir şərait
yaradılıb ki, uşaqlar ailə mühitinə tam
adaptasiya olunurlar”. Dövlət uşaq müəssisəsindən
fərqli olaraq, Kiçik qrup evində uşaqların
ayrıca yataq otaqları, fərdi əşyaları və
yazı masaları olduğunu deyən S.Nəbiyeva onların
asudə vaxtlarının sərbəst şəkildə, istədikləri
kimi qurulmasına şərait
yaradıldığını,
qızların tərbiyəsi ilə növbəlilik
qaydasında sosial işçilərin məşğul olduğunu bildirdi.
Uşaqlar müəssisəyə gələn kimi ilk işlərinin
onların qiymətləndirilməsini aparmaq olduğunu və
bunun çox vacib əhəmiyyət kəsb etdiyini deyən
direktor qiymətləndirmənin 5 sahə üzrə
aparıldığını diqqətə
çatdırdı: “Qiymətləndirmə 5 sahə üzrə
aparılır: Tibbi, sosial, pedaqoji, psixoloji və hüquqi.
Tibbi qiymətləndirmə 26 saylı Birləşmiş
Şəhər Xəstəxanasının sahə həkimi,
sosial qiymətləndirmə sosial işçilərimiz,
hüquqi qiymətləndirmə De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsinin
hüquqşünası, pedaqoji qiymətləndirmə isə
məktəbin müəllimləri tərəfindən
aparılır. Bütün nəticələr
haqqında yazılı və şifahi məlumatlar sosial
işçi tərəfindən uşağın qiymətləndirmə
vərəqəsinə qeyd edilir. Sonra qiymətləndirməyə
əsasən hər bir uşaq üçün fərdi xidmət
və inkişaf planı hazırlanır (1, 3, 6 aylıq və
ya 1 illik). Uşaqlarla iş məhz bu planda nəzərdə
tutulan sahələr üzrə aparılır. Hansı sahə
üzrə problem təcili həll edilməlidirsə, ilk
olaraq həmin sahə üzrə iş başlandı. Məsələn,
sağlamlıqla bağlı problemi varsa birinci mütləq
həkimə yönəldilir, müalicə başlanır. Digər problemlərlə də məhz
ardıcıl və paralel olaraq məşğul olunur”. Belə bir müəssisədə
çalışdığı üçün qürur
hissi keçirdiyini qeyd edən S.Nəbiyeva uşaqlara bu
cür şərait yaradıldığına görə
ölkə Prezidenti cənab İlham Əliyevə xüsusi
minnətdarlığını bildirdi.
“Çalışırıq
ki, məktəbdə, cəmiyyətdə bu qızlar
ayrı-seçkiliyə məruz qalmasınlar”
Kiçik qrup evinin sosial
işçisi Pərixanım İsgəndərova müəssisədə
sağlam mühitin olduğunu, uşaqların burada çox
rahat və sərbəst şəkildə
yaşadığını dedi: “Uşaqların hər bir problemi
ilə yaxından maraqlanırıq. Onların təhsilini
xüsusi nəzarətdə saxlayırıq. Uşaqların təhsil aldıqları məktəblə
sıx əməkdaşlıq edirik. Biz
sosial işçilər hər gün uşaqları məktəbə
aparıb-gətiririk. Bununla yanaşı
tez-tez müəllimlərlə görüşür,
uşaqlar haqqında məlumat alırıq. Məktəbdə keçirilən valideyn
iclaslarında iştirak edirik. Məktəb rəhbərliyi
və bütün kollektiv iş prinsiplərimizi bilir və
bizimlə birlikdə bu uşaqların təlim-tərbiyəsində
bacardıqları köməkliyi göstərirlər. Çalışırıq ki, məktəbdə,
ümumiyyətlə, cəmiyyətdə bu qızlar
ayrı-seçkiliyə məruz qalmasınlar. Ona
görə də
uşağın şəxsi həyatı, hardan gəlməsi,
sosial durumu haqqında məlumatların məxfiliyi qorunur,
ehtiyac olduqda yalnız sinif rəhbərlərinə, əksər
hallarda isə direktora veririk. Maksimum dərəcədə
çalışırıq ki, ailədən gələn
uşaqlarla bizim uşaqlar arasında fərqlilik hiss
olunmasın. Bundan başqa, qızların istək və
qabiliyyətləri nəzərə alınaraq onları ətrafda
fəaliyyət göstərən dərnəklərə cəlb
edirik. Onların içərisində rəqs, şahmat, rəsm,
tikiş, bacarıqlı əllər və s. dərnəklərə
cəlb olunan uşaqlar var”.
“Biz onların hər
uğuruna bir ana kimi sevinirik”
Müəssisənin digər
sosial işçisi Mətanət Ağazadə də bizimlə
fikirlərini bölüşüb. O, Kiçik qrup evi
yarandığı gündən burada çalışdığını
və müəssisədə, sözün həqiqi mənasında,
bir ailə mühitinin formalaşdığını deyir:
“Buradakı uşaqları öz övladlarımız bilirik. Münasibətlərimiz səmimiyyət əsasında
qurulub. Biz onlara yüksək qayğı
ilə yanaşırıq. Uşaqlarımızın
istər təhsilləri, istərsə də tərbiyələri
ürəkaçandır. Bu, bizi həm
sevindirir, həm də qürurlandırır. Biz onların hər uğuruna bir ana kimi sevinirik.
Uşaqlarımız müxtəlif tədbirlərdə
iştirak edirlər. Bundan başqa, təhsil
aldıqları məktəbdə keçirilən fənn
olimpiadası, müsabiqə və yarışlarda da
onların iştirakını məktəb rəhbərliyi ilə
birgə təmin edirik. Vaxtaşırı
onları şəhər gəzintisinə, teatra və
müxtəlif əyləncəli yerlərə
aparırıq”. Ev
tapşırıqlarının yerinə yetirilməsində
uşaqlara kömək etdiklərini, istiqamət verdiklərini
deyən M.Ağazadə bu işdən həm də
böyük zövq aldığını da qeyd etdi.
“Məqsədimiz
qızları həm də bir ana kimi cəmiyyətə
hazırlamaqdır”
Kiçik qrup evinin aşpazı Dilarə Dadaşova uşaqların qidalanması üçün müxtəlif çeşiddə xörəklər bişirdiyini bildirdi. O, müəssisədə hər evdə olduğu kimi mövsümi və gündəlik xörəklərin hazırlandığını və uşaqların bu yeməkləri iştahla yediklərini dedi: “Qızlara yemək hazırlamağı, müxtəlif ev işlərində nələr etmək lazım olduğunu öyrədirəm. Çalışıram ki, onlar müstəqil həyata qədəm qoyanda evdarlığı, yemək bişirməyi bacarsınlar. Məqsədimiz qızları həm də bir ana kimi cəmiyyətə hazırlamaqdır. Qızlarımız da maşallah, yemək bişirməyə, süfrə açmağa çox həvəslidirlər. Bayramlarda və ad günlərində mənə yardımçı olurlar. Onlarla müxtəlif şirniyyatlar bişirir, salatlar hazırlayırıq. Onlar şirniyyatların hazırlanmasına daha həvəslə yanaşırlar. Yemək hazırlayarkən uşaqların xüsusi istəklərini də nəzərə alırıq. Artıq buradakı qızların hansı xörəyi daha çox xoşladıqlarını da bilirəm. Axı biz bir ailəyik”.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2018.- 23 fevral.- S.1; 12.