Pedaqogika və psixologiya problemləri
üzrə elmi şura:
reallıqlar və vəzifələr
Elmi-pedaqoji, psixoloji tədqiqatların
müasir yanaşmalar
əsasında daha da
dərinləşdirilməsi və genişləndirilməsi vacibdir
Bu gün Azərbaycanda həyata keçirilən islahatlar, xüsusilə təhsil sahəsində görülən işlər onun yenidən qurulmasına - yeni təhsil sisteminin formalaşdırılmasına xidmət göstərir. Bu işin uğurla yerinə yetirilməsində təhsil elminin üzərinə ciddi vəzifələr düşür. Yeni təhsil məzmununun yaradılması, texnologiyaların, idarəetmə strukturu və sairin formalaşdırılması üçün ilkin olaraq tədqiqatların əlaqələndirilməsinə, düzgün planlaşdırılmasına ehtiyacın yaranması aydın şəkildə diqqəti cəlb edir. Bu baxımdan, AMEA Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının 5 dekabr 2014-cü il tarixli qərarı ilə yaradılmış Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şura (PPPEŞ) bu missiyanı yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2017-ci il tarixli qərarı ilə Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə təsdiq olunub.
Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın əsas məqsədi respublikada pedaqogika və psixologiya sahəsində aparılan fundamental tədqiqatların aktuallığının artırılması, elmi, elmi-metodik işlərin keyfiyyətinin yüksəldilməsi, mövzuların seçimində təkrarlanmaların aradan qaldırılması, eyni zamanda pedaqogika və psixologiya elmlərinin və texnologiyalarının inkişaf meyilləri nəzərə alınmaqla yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi, elmi tədqiqatların əlaqələndirilməsi, elm və təhsilin inkişafının təmin edilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi-texniki potensialın qorunması, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəliliyinin artırılması və s. istiqamətlərdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsi kimi müəyyən edilib.
Şura müvafiq qaydalar əsasında daimi işini və iclaslarını təşkil edir, Şurada qeydiyyata alınan elmi-tədqiqat mövzularını sistemə salır, respublikada pedaqogika və psixologiya sahələri üzrə aparılan elmi tədqiqatların ümumi mənzərəsini əks etdirən yekun əlaqələndirmə planına daxil edilməsi üçün müvafiq təkliflər hazırlayır. Bununla bərabər Şuranın zəruri sənədlərinin (yerlərdən daxil olmuş tematik planlar, müvafiq iclas protokolları, təşkilatlarla olan yazışmalar, hesabatlar) saxlanılmasının təmin olunması, təqdim olunan mövzuların hüquqi qüvvəyə minməsi üçün vacib sənədlərin işlənib hazırlanması və lazımi ünvanlara təqdim edilməsi məsələlərinə də diqqətlə yanaşır. Mühüm vəzifələrdən biri kimi onu da qeyd etməliyik ki, bu Elmi Şura respublikada pedaqogika və psixologiya sahələri üzrə yekun tədqiqat planına daxil olan elmi tədqiqatların tədqiqi vəziyyətini müntəzəm olaraq izləyir, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, müvafiq ali təhsil müəssisələri ilə müntəzəm əlaqə saxlayır, qarşılıqlı informasiya mübadiləsi aparır.
Elmi Şuranın qarşıya qoyulan məqsəd və vəzifələrinin layiqincə həyata keçirilməsi üçün pedaqogika və psixologiya sahələri üzrə respublikada işlənmiş və hazırda işlənən dissertasiya mövzularının müasir elektron bazası yaradılmışdır. Qısa bir müddətdə ötən son 15 ildə müvafiq sahələr üzrə şuranın qərarları ilə təsdiq edilmiş 1500-dən artıq dissertasiya mövzusu haqqında ətraflı məlumatlar elektron proqrama yüklənib. Elektron proqrama yüklənmiş dissertasiya mövzuları həm də vəsait kimi hazırlanmış (Pedaqogika və psixologiya problemləri: dissertasiya mövzuları 1992-2016-cı illər) və 2017-ci ildə çap olunmuşdur. Bu vəsaitdə 1200 dissertasiya mövzusu haqqında məlumat verilir.
Qeyd edək ki, Elmi Şura öz işini müvafiq Əsasnaməyə uyğun həyata keçirir.Ayrı-ayrı təhsil müəssisələrindən pedaqoji-psixoloji və xüsusi metodika sahəsində fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan müvafiq materiallar elektron qeydiyyatdan keçirildikdən sonra dissertasiya mövzularına ilkin rəyin verilməsi məqsədilə mütəxəssislərə təqdim edilir.
Şuranın iclaslarında müzakirə zamanı aşkara çıxarılan qeyri-aktual, az səmərəli və təkrarlanan mövzular geriyə qaytarılır və onların daha aktual yeni mövzularla əvəz edilməsi tövsiyə olunur. Eyni zamanda Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şura mütəxəssislərin və müzakirə zamanı çıxış edən Elmi Şura üzvlərinin rəyinə əsaslanaraq mövzuların əksəriyyətini təsdiq edir. Təsdiq olunmuş mövzular strateji elmi istiqamətlərə uyğun qruplaşdırılıb sistemə salınır və respublikada pedaqogika, psixologiya və metodika sahələri üzrə aparılmış və aparılan tədqiqatların ümumi mənzərəsini əks etdirən “Yekun əlaqələndirmə planı”na daxil edilməsi tövsiyə edilir. Təkcə ötən ildə Elmi Şuranın 3 iclası keçirilmiş və 93 dissertasiya mövzusuna baxılmışdır. Onlardan 81-i fəlsəfə doktoru, 12-si elmlər doktoru proqramı üzrə dissertasiya mövzuları olmuşdur. Bu mövzulardan 49-u olduğu kimi, 42-si redaktə olunaraq dəqiqləşdirilmiş və təsdiq edilmiş, 2-si isə (fəlsəfə doktoru proqramı üzrə) doktorant və ya dissertant olduqları ali təhsil müəssisəsinə geri qaytarılmış, ali məktəbin müvafiq kafedrasında və elmi şurasında yenidən baxılması tövsiyə edilmişdir. Son üç il ərzində (2015, 2016, 2017) isə 14 təhsil müəssisəsindən 341 dissertasiya mövzusuna (262 - pedaqogika; 79 - psixologiya; 299 - fəlsəfə doktoru, 42 - elmlər doktoru proqramı üzrə) baxılmış, onlardan 187-si olduğu kimi, 136-sı redaktə olunaraq təsdiq edilmiş, 18-i isə geri qaytarılmışdır.
İndiyə qədər də təhsil sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra faydalı pedaqoji-psixoloji tədqiqatlar aparılmış, müxtəlif problemlər üzrə dissertasiyalar müdafiə edilmiş, bir sıra maraqlı ideyalar irəli sürülmüş və onların köməyi ilə xeyli uğurlar əldə edilmişdir. Bununla belə, təcrübə və araşdırmalar göstərir ki, tətbiqi xarakterli tədqiqatlar məktəb təcrübəsində, təhsil prosesinin təşkilində qənaətbəxş sayılsa da, fundamental pedaqoji-psixoloji tədqiqatlara az müraciət edilmiş, elmi-nəzəri baxımdan əhəmiyyətli olan bəzi problemlər açıq qalmışdır. Bu gün pedaqoji prosesin müasir problemlərinin elmi əsaslarının daha dərindən işlənməsi üçün fundamental tədqiqatların aparılması alimlərimizin qarşısında mühüm bir vəzifə kimi durur. Məhz bu baxımdan təhsil cəmiyyətin əsas atributlarından biri sayılır. Çünki təhsilin inkişafı cəmiyyətin inkişafı ilə bilavasitə bağlıdır. Hər bir cəmiyyətdə baş verən inkişaf yenilikləri, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində özünü bu və ya digər dərəcədə göstərməklə həmin cəmiyyəti xarakterizə edir. Cəmiyyətin inkişafı təhsilə, təhsilin inkişafı isə cəmiyyətə birbaşa təsir göstərir. Bu baxımdan, yeniləşən cəmiyyət yeniləşən təhsil tələb edir.
Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şurada dissertasiya mövzuları ilə bərabər, ölkəmizin ali təhsil müəssisələrinin müvafiq kafedralarında aparılan elmi-tədqiqat işlərinin mövzuları da müzakirə olunur. Təqdim olunan elmi-tədqiqat mövzuları əsasən bu günümüzlə səsləşən, aktuallığı ilə diqqəti cəlb edən mövzulardır. Əsasən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun problem mövzular müəyyənləşdirilir. Mövzular Azərbaycan təhsilinin modernləşdirilməsinə, innovasiyaların tətbiqi imkan və yollarının araşdırılmasına istiqamətlənir.
PPPEŞ-ə təqdim olunan materiallardan, rəsmi sənədlərdən və eyni zamanda müvafiq işlərlə praktik tanışlıqdan aydın olur ki, tədqiqatlar həm elmin, həm də təhsilin inkişafı üçün nəzəri və praktik baxımdan əhəmiyyətlidir. Hər bir kafedra və ya şöbədə öz funksiyalarına uyğun nəzəri-pedaqoji, praktik, metodik və eyni zamanda psixologiyaya aid müasirliyi ilə diqqət çəkən, aktual mövzular müəyyənləşdirilir və gözlənilən nəticələr aydın şəkildə ifadə edilir. Bu tədqiqatlar ölkə təhsilinin inkişafına yönələn ideyaları özündə əks etdirir. Təhsilin cəmiyyətin siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolunu nəzərə alaraq araşdırılan problemin, elmi-tədqiqat mövzularının dövlətimizin təhsil siyasətinə, elmin inkişaf doktrinasının tələblərinə uyğun, cəmiyyətimizi düşündürən, insan kapitalının, şəxsiyyətin inkişafına istiqamətləndirilməsini təqdirəlayiq hesab edirik. Bu istiqamətdə fəaliyyətimizin daha da dərinləşdirilməsi və genişləndirilməsi vacibdir.
Lakin PPPEŞ-ə təqdim olunan elmi-tədqiqat mövzuları içərisində müasir dövrlə səsləşməyən, pedaqogika, metodika və psixologiya elmlərinin hazırkı inkişaf xüsusiyyətlərini əks etdirməyən, çox ümumi, konkret olmayan, bəzən təkrarlanan, lazımi səviyyədə elmi baxımdan düzgün formalaşdırılmayan mövzular da vardır.
Elə elmi-tədqiqat mövzuları da vardır ki, onların ifadə tərzi düzgün səslənmir və ya mücərrəd xarakter daşıyır. Məsələn, “Ailə tərbiyəsində Milli pedaqogikanın yeniliklərindən istifadə”, “Təlim kateqoriyalarına dair Milli pedaqogikanın yenilikləri” kimi mövzuların adları anlaşılmazlıq yaradır. Yaxud “Şəhidlərin yad edilməsi işinin təşkili metodikası” ifadəsi dəqiq deyildir. Bu iş müəyyən tədbirlərin təşkili və aparılması istiqamətində konkret göstərilsəydi, daha yaxşı olardı.
Digər bir mövzuya diqqət edək: “Qiyabi şöbə üçün proqramın hazırlanması”. Bu mövzuda hansı ixtisas, hansı fənn proqramlarından söhbət getdiyi məlum deyildir.
Bəzi mövzularda ümumi oxşarlıq, müəyyən təkrarlar nəzərə çarpır.Yaxud başqa bir mövzuya diqqət edək: “Nəzarətdə texnologiyalar”. Bu mövzunun elmi istiqaməti isə belə müəyyənləşdirilib: “texnologiyalar”. Göründüyü kimi, mövzunun adı və elmi istiqaməti ciddi elmi tələblər əsasında formalaşdırılmayıb.
Digər bir mövzu isə belə təqdim olunub: “İbtidai siniflərdə mövcud vəziyyətin təhlili”.
Əgər söhbət ibtidai siniflərdə mövcud vəziyyətin təhlilindən gedirsə, deməli, burada qeyd olunmalıdır ki, mövcud vəziyyət hansı problem baxımından öyrəniləcək? Əgər problem məlum deyilsə, o zaman nə öyrəniləcək? İbtidai siniflərin pedaqogika elmi baxımından çoxlu problemləri mövcuddur: təlimin təşkili, tərbiyə, şəxsiyyətin formalaşdırılması, dərsliklər və s. Ona görə də mövzu müəyyənləşdirilərkən elmi tələblər nəzərə alınmalıdır.
Məqbul hesab olunmayan məsələlərdən biri də budur ki, bəzi siyahılarda tədqiqatçı müəllif eyni zamanda öz elmi-tədqiqat işinin rəhbəri kimi təqdim olunub. Halbuki bu işlərin rəhbəri kimi kafedra müdirinin təyin olunması məqsədəuyğun olardı. Bununla yanaşı bəzi mövzularda elmi istiqamət, gözlənilən nəticələr də düzgün ifadə olunmur. Bəzi mövzularla bağlı tədqiqat işinin gözlənilən nəticəsi belə ifadə edilib: “İllik elmi-tədqiqat işi”.
Elmi- tədqiqat mövzusunun düzgün müəyyənləşdirilməsi təkcə tədqiqatçı üçün deyil, bu tədqiqat işini oxuyan, onunla maraqlanan hər kəs üçün mühüm, son dərəcə vacib məsələlərdən biridir. İşin adı bütövlükdə tədqiqatın mahiyyəti haqqında ilkin təsəvvür yaradır.
Yaxşı olardı ki, tədqiqat işinin məqsəd və vəzifələrindən irəli gələn, məzmunundan əldə olunması gözlənilən elmi nəticələr barədə qısa məlumat verilsin.
Qeyd etmək lazımdır ki, cəmiyyətin sürətli inkişafı, təhsil sistemində köklü islahatların aparılması təhsillə, pedaqogika və psixologiya problemləri ilə bağlı daha aktual, cəmiyyətin tələbatlarına, dövlətin təhsil siyasətinə uyğun strateji xarakterli elmi araşdırmalara üstünlük verilməsinin əhəmiyyətini xeyli artırmışdır. Bu gün sürətlə dəyişən, yeniləşən, inkişaf edən cəmiyyət tədqiqatçıdan da çevik, strateji hədəflərə istiqamətlənmiş təfəkkür, səriştəlilik tələb edir. Ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdirildiyi, eyni zamanda qloballaşma, Avroatlantika məkanına inteqrasiya şəraitində kafedra və elmi şöbələrdə aparılan təhsil tədqiqatlarının birillik müddət üçün planlaşdırılması daha məqsədəuyğun olardı.
Aparılan təhlillər göstərdi ki, bəzən işlənən mövzularda ümumi oxşarlıq hiss olunur.Təqdim olunan mövzulara diqqət edək: “Şəxsiyyət və cəmiyyət”; “Şəxsiyyətin formalaşmasında müasir təhsilin rolu”.
Göründüyü kimi, bu mövzular çox ümumi şəkildə müəyyən edilib. Tədqiqat mövzularında araşdırılan problemin mahiyyətinin konkret ifadə olunması yaxşı olardı. Bəzi mövzuların hansının pedaqoji, hansının psixoloji baxımdan tədqiq ediləcəyi məlum olmur. Ona görə də təqdim olunan siyahılarda ayrı - ayrı mövzuların hansı elm sahəsinə aid olması, elmi istiqamətinin düzgün müəyyənləşdirilməsi vacibdir.
Elm sahəsi anlayışı elmi istiqamət anlayışından genişdir. Lakin təəssüf ki, bəzən bu anlayışların mahiyyətinə düzgün yanaşılmadığından təqdim olunan siyahıda elmi istiqamət elm sahəsi kimi, elm sahəsi də elmi istiqamət kimi verilir. Məsələn, “Pedaqogika” istiqamət, “şəxsiyyətin inkişafı və formalaşdırılması” elm sahəsi kimi müəyyənləşdirilmişdir. Digər bir mövzunun isə həm elmi istiqaməti, həm də elm sahəsi kimi “fiziologiya” göstərilib. Təqdim olunan sənədlərin təhlili göstərir ki, bəzi mövzuların tədqiqi üçün birillik müddət nəzərdə tutulsa da, həmin problemlərin əhatə dairəsi həddindən artıq genişdir. Həm də tədris fəaliyyətilə məşğul olan müəllimin əhatə dairəsi geniş olan bir problemi, mövzunu bir il müddətinə tamamlaya bilməsi real görünmür.
Bu baxımdan, bəzi nümunələrə diqqət edək: “Azərbaycanda təhsil islahatları”; “XIX-XX əsrlərdə Azərbaycanda təhsil fəlsəfəsinin inkişaf dialektikası”.
Təqdim olunan siyahıda bəzi mövzularda məzmun səhvləri ilə yanaşı, üslub xətaları xüsusilə diqqəti cəlb edir: “Azərbaycanda müasir təhsil islahatının perspektiv imkanları, təhsil islahatının əsas məzmunu”.
Qeyd etdiyimiz bu və ya digər məsələlər tədqiqat mövzuları seçiminin də nə qədər mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
Ümumiyyətlə, araşdırma və təhlillər göstərir ki, cəmiyyətin daha sürətli inkişafı elmin, texnologiyanın inkişafı ilə bilavasitə bağlı olduğundan elmi-pedaqoji, psixoloji tədqiqatların müasir yanaşmalar əsasında daha da dərinləşdirilməsi və genişləndirilməsi son dərəcə vacibdir. Bu baxımdan hər bir tədqiqatçının üzərinə mühüm vəzifələr düşür. Belə ki, alınan elmi nəticələrin əhəmiyyətliliyi təhsilin, elmin inkişafını və nəticə etibarilə cəmiyyətin inkişafını şərtləndirir.
İntiqam CƏBRAYILOV,
Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi
Şurası Pedaqogika
və Psixologiya Problemləri üzrə
Elmi Şuranın
sədri, pedaqogika üzrə elmlər doktoru,
Təhsil İnstitutunun
Təhsil nəzəriyyəsi
şöbəsinin müdiri
Azərbaycan müəllimi.-
2018.- 23 fevral.- S.13.