Cümhuriyyət qurucularının təhsil siyasəti

 

1918-1919-cu tədris ilində Gəncə gimnaziyasında cəmi 4 azərbaycanlı qız oxuyurdusa, 1919-1920-ci tədris ilində onların sayı 296 nəfərə çatmışdı

 

1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. Ölkədə demokratik respublika tipli dövlət forması yaratmaq üçün Müəssislər Məclisinə seçkilər keçirilməsi qərara alındı. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Bolşeviklər Müəssislər Məclisini buraxdıqdan sonra, onlar 1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seyminin zəruri addımlar atmasına imkan vermədi. Nəticədə, gürcü nümayəndələri Seymdən çıxdılar və 1918-ci il mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər (bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı, 2004, səh.,28).  Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplandı. Hərtərəfli müzakirədən sonra onlar belə ağır bir zamanda Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan etdilər. Bu iclasda Milli Şuranın rəyasət heyəti seçildi. Rəyasət heyətinə M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov, M.Y.Cəfərov, X.Məlik Aslanov, C.Hacınski, Ə.Şeyxülislamov, X.Sultanov daxil oldular. Gizli səsvermə yolu ilə M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçildi. (bax: Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament (stenoqrafik hesabatlar). I cild, səh.4).

 

İlk Xalq Maarif Nazirliyi

 

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən xalq maarifinin inkişafına xüsusi diqqət yetirirdi. Çünki çar hakimiyyəti Rusiyanın müstəmləkə əsarəti altında olan xalqlarının milli-siyasi mənlik şüurunun oyanmasına hər vasitə ilə mane olmuşdu. Hökumət, bir tərəfdən, xalq təhsilinin inkişafı ilə razılaşmağa məcbur olurdu. Çünki dünyada elm və texnikanın sürətlə inkişafı Rusiyada da maarifin və xalq təhsilinin tamamilə yenidən qurulmasını tələb edirdi. Digər tərəfdən, çarizm xalqın oyanmaqda olan şüurunun qarşısını almaq üçün xalq maarifi işini məhdud çərçivədə saxlamaq istəyirdi. Çar Rusiyasında xalq maarifi və onun əsas daşıyıcısı olan müəllimlər hökumət tərəfindən hər cür həqarət və təqiblərə məruz qalırdı. Ucqarlarda, o cümlədən Şimali Azərbaycanda, vəziyyət daha dözülməz idi. Burada zorla ruslaşdırma siyasət yeridilir, təhsil əsasən, rus dilində aparılır, milli dil və mədəniyyətin inkişafına hər cür əngəllər törədilirdi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildiyi gün Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış birinci hökumət kabinetində Xalq Maarif Nazirliyi də təsis olundu. Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi nazirlik öz fəaliyyətinə Azərbaycan xalq maarifinin vəziyyətinin və bu sahədə həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi ilə başladı.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra - iyunun 30-da hökumətin qərarı ilə XMN-nə nazirliyin ştat cədvəlini müəyyənləşdirmək və Əsasnaməsini hazırlayıb hökumətə təqdim etmək tapşırıldı. 1918-ci il avqustun 2-də xalq maarif naziri tərəfindən hazırlanmış Əsasnamə baxılmaq və təsdiq üçün hökumətə təqdim olundu. Əsasnaməyə görə, XMN-nin ştatı nazirdən, nazir müavinindən, naziryanı şuradan, məktəbləri idarə etmək üçün ali və orta təhsil, ixtisas təhsili sahələri üzrə üç şöbədən ibarət təsdiq olundu (bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005, səh.11).

 

Dövlət dili və milliləşdirmə

 

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər (bax: Rəhman Salmanlı. AXC-nin dil siyasəti. “Azərbaycan” qəzeti, 2016, 27 may).

 

Maarif nazirinin qubernatorlara məktubu

 

Xalq maarif naziri N.Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına göndərdiyi məktubda göstərirdi ki, Azərbaycan Xalq Cümhuriyyətində maarif sahəsində qarşıda çox böyük və çətin vəzifələr durur. Nazirlik yeni məktəblər, müəllim kursları açmaqla, təhsil sahəsində ölkəni mümkün qədər qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün bütün qüvvələri səfərbərliyə aldı. Məktubda qeyd edilirdi ki, indiki zamanda yalnız yüksək maarifə malik olan xalq tərəqqi edə bilər.

Cümhuriyyət Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. 1918-ci ildə Zaqafqaziya dairəsində 25 ibtidai məktəbin açılması üçün nazirlik 199 min manat pul ayırmışdı.

Qadınların təhsilinə xüsusi diqqət yetirilirdi. Orta təhsil müəssisələrində azərbaycanlı qızların sayı artırdı. Məsələn, əgər 1918-1919-cu tədris ilində Gəncə gimnaziyasında cəmisi 4 azərbaycanlı qız oxuyurdusa, 1919-1920-ci tədris ilində onların sayı 296 nəfərə çatmışdır (bax: Azərbaycan tarixi. Yeddi cildlik. V cild. Bakı, 2008, səh., 527).

 

Pedaqoji kursların 150 müdavimi

 

Müəllimlər seminariyaları istisna olmaqla, 1919-1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi.

Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaitləri gətirmək, habelə qısamüddətli kurslarda Azərbaycan dilini bilən savadlı şəxslərdən müəllim kadrları hazırlamaq idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və bu kurslarda 150 nəfər oxumağa başladı. Lakin Gəncədə fəaliyyət göstərən müəllim seminariyası kadrlara olan ehtiyacı ödəyə bilmirdi. Odur ki, Maarif  Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdilər. (bax: Elman Mirzəyev, Səma Babayeva. Azərbaycan Xalq Cümhuriyyəti və təhsil. “Xalq qəzeti”, 2018-ci il, 13 fevral).

Müəllim seminariyasından başqa, xalq maarif sistemi üçün kadrlar hazırlayan müəssisələrdən biri də ali ibtidai məktəblər olmalı idi. Bu məqsədlə respublikanın Maarif Nazirliyi 1918-ci ildə bir sıra işlər görmüşdü: Göyçayda məktəb açılmış, Ağdamda, Nuxa (Şəki) qəzasının Qutqaşen kəndində belə məktəblərin açılması haqqında qərar qəbul edilmişdi.

 

AXC hökuməti Türkiyədən dərsliklərin

alınmasına 1 milyon manat ayırmışdı

 

XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu.

1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarif Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.

 

BDU - açılması nəzərdə tutulan

3 ali təhsil müəssisəsindən biri

 

Azərbaycan Cümhuriyyəti Hökumətinin və Xalq Maarif Nazirliyinin təhsil sahəsində qarşısında duran ən ümdə vəzifələrdən biri də ölkədə ali təhsilin təşkili və ali təhsilli kadrların hazırlanması idi. Cümhuriyyət Hökumətinin fəaliyyət göstərdiyi qısa müddətdə Azərbaycanda üç ali təhsil ocağının - Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutunun və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırılmışdı. Onlardan yalnız birini - Bakı Dövlət Universitetinin açılmasını reallaşdırmaq mümkün oldu. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də “Bakı Dövlət Universitetinin təsisi haqqında” qanun qəbul etdi. 1919-cu il noyabrın 15-də Bakı Dövlət Universitetinin auditoriyalarında ilk mühazirələr oxundu.

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında XMN-nin xətti ilə 100 nəfər azərbaycanlı gənc dövlət hesabına xarici ölkələrə - İngiltərə, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı. Lakin xarici hərbi müdaxilə və vətəndaş müharibəsi getdiyinə görə, bu tədbir baş tutmamışdı. Xarici ölkələrə gedən cavanlar ali təhsil alıb Vətənə qayıtdıqdan sonra 4 il müddətində Azərbaycan hökumətinin təyinatı ilə işləməli idilər. Dövlət hesabına xaricə ali təhsil almağa göndərilən tələbələrdən başqa, Parlament komissiyası tərəfindən 31 nəfər əlavə abituriyent də seçilmişdi ki, onların da öz hesabına, yaxud mesenatların maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin ali məktəblərində təhsil alması nəzərdə tutulmuşdu.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifi sahəsində həyata keçirdiyi mühüm tədbirlərdən biri də ibtidai təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi idi. Təkcə 1919-cu ildə Azərbaycanda dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Cümhuriyyət hökuməti eyni zamanda yaşlıların savadlandırılması qayğısına da qalırdı. Bu məqsədlə 1919-cu il sentyabrın 15-dən Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün Azərbaycan dilini öyrədən xüsusi kurslar, 1919-cu ilin noyabrından isə Bakıda azərbaycanlı fəhlələr üçün texniki axşam kursları açılmışdı. Bu kurslarda 200 nəfərə yaxın azərbaycanlı fəhlə peşə təhsilini artırırdı. Xalq Maarif Nazirliyi bu kursların işinə yaxından kömək göstərirdi.

Azərbaycan Cümhuriyyəti Xalq Maarif Nazirliyi ölkədə maarifin inkişafi üçün geniş tədbirlər planı hazırlamış, həmin plan Azərbaycan hökuməti tərəfindən bəyənilmiş və onun həyata keçirilməsinə razılıq verilmişdi. Lakin aprel işğalı (1920) bu planların gerçəkləşdirilməsini yarımçıq qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində həyata keçirdiyi tədbirlər sonralar Azərbaycanda xalq maarifinin təşkili və inkişafına mühüm kömək göstərdi.

1998-ci il müstəqilliyimizin bərpasından sonra AXC-nin təhsil sahəsindəki ideyalarının ölkəmizdə ardıcıl gerçəkləşdirilməsinə başlandı.

Təhsil sahəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində hazırda Azərbaycan təhsili xeyli inkişaf etmişdir.  Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasındakı nitqində bu məsələni xüsusi açıqlamışdır: “İndi təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Təbii ki, belə bir şəraitdə Azərbaycan özünün təhsil nailiyyətləri ilə inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqla daha böyük uğurların sahibi ola bilər”.

 

Nüşabə EYVAZOVA,

       

Bakı şəhər 195 nömrəli tam orta məktəbin tarix müəllimi

 

Azərbaycan müəllimi.- 2018.- 6 iyul.- S.5.