“Vaşinqtonda
festivalın
açılışını mən etdim”
Rüfət
Əsədli: “Amerikalılar rəsmlərimə baxandan sonra ölkəmiz
haqqında daha çox
məlumat öyrənirdilər”
Hər dəfə
fitri istedad sahibi olan uşaq, yeniyetmə,
yaxud gənc
haqqında məqalə hazırlayarkən mənəvi dünyama qeyri-adi bir rahatlıq bəxş olunur.
Bəzən bir
istedad sahibi barədə ürəyimə hakim
kəsilən hissləri vərəqlərə
köçürərkən bulud kimi dolub-boşalıram
da. Çünki
kövrəldiyim anlar, sevincdən gözlərimin
yaşardığı zamanlar da az olmur.
Ancaq bütün
bunların fonunda
qürur hissi
düşüncələrimə işıq saçır və
yazımın dili ilə dəyərli oxucularımın həmsöhbətinə
çevrilirəm. Belə istedadlı şagirdlərdən biri ilə elə bu
günlərdə təhsil
aldığı məkanda - Məktəb-Lisey Kompleksində görüşüb
söhbətləşdik.
Olduqca mehriban, gülərüz, eyni zamanda ciddi görkəmə malik olan bir yeniyetmə idi . Söhbətimiz də olduqca şirin və məzmunlu keçdi. Özünü Rüfət Əsədli kimi təqdim edən həmsöhbətimin dilindən eşitdiklərimi olduğu kimi sizə də nəql edirəm ki, ovqatınız xoş notlara köklənsin.
- 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Nərimanov rayonundakı MLK-nın (Məktəb-Lisey Kompleksi) X sinfində təhsil alıram. Dərs əlaçısıyam. Dəqiq elmlərə, xüsusilə riyaziyyata marağım daha çoxdur. Nümunəvi şagird kimi məktəbin bütün ictimai işlərində fəal iştirak edirəm. Kiçik yaşlarımdan rəssamlığa meylim olub. 2014-cü ildə MTN-in nəzdində fəaliyyət göstərən Şəhriyar adına klubda keçirilən sərgidə dünyanın müxtəlif tarixi və mədəniyyət abidələri əks olunan rəsm əsərimlə iştirak etdim. Bu abidələr rəsmimin sağ tərəfində yerləşirdi. Sol tərəfdəsə rəsm çəkərkən istifadə olunan rənglər və palitra təsvir olunmuşdu. Ortada yazılan “Dünyanı incəsənət xilas edəcək” şüarım da var idi.
Birincı yeri qazanaraq qalib oldum
Rəsmimdə, demək olar ki, bütün ölkələrin mədəniyyət abidələri təsvir olunmuşdu. Əsərim yüksək qiymətləndirildi. Həmin il Belarusun paytaxtı Minsk şəhərində keçirilən sərgidə də nümayiş olunan rəsmlərim həm sərgiyə baxmağa gələn Belarus vətəndaşlarının, həm də münsiflər heyətinin diqqətini daha çox cəlb etdi. Birinci yeri tutaraq qalib adını qazandım və diplomla mükafatlandırıldım. Bu əsərdə rənglərdən məharətlə istifadə etməyim sanki hamını çaşdırmışdi. Ən çox bəyəndiyim rənglər, əsasən, isti rənglərdir, qırmızı, narıncı və sair.
Rəsmlərimə
baxarkən
paytaxtımızla
da maraqlanırdılar
2015-ci
ildə ABŞ-da İnternational Child Art Foundation-ın təşkilatçılığı
ilə rəsm festivalının baş tutması gözlənilirdi.
Mən də bu yarışma və festivala qatılmaq
istədim və idman mövzusunda rəsm çəkərək ABŞ-a
göndərdim. Nəticələr açıqlandı və
qalib qismində keçiriləcək festivalda iştirak etmə
hüququ qazandım. Festival Vaşinqtonda,
Ağ Evin önündə yerləşən
prezident parkında baş tutdu. Hətta,
Fondun sədri cənab Aşfaq İşaq açılışı
etmək üçün məni
seçdi. İngilis dilində nitqimə
başlayaraq hər kəsi salamladım və bizim işlərlə
tanış olmaq üçün
təşrif buyuranlara təşəkkür
etdim. Həmçinin, digər qalib
və iştirakçıları
da uğurlarına görə təbrik etdim. Bacarıqlarımızı
nümayiş etdirmək
üçün bizə
şans verən qurumun nümayəndələrinə təşəkkürümü
ifadə etməyi də unutmadım. Daha sonra isə Azərbaycanımız haqqında
qısa məlumat verdim və azərbaycanlı olduğum
üçün, vətənimi
burada layiqincə təmsil etdiyimə görə qürur hissi keçirdiyimi vurğuladım. Sonda
isə çıxışıma
diqqət kəsilənlərin
hər birinə təşəkkürümü
ifadə edərək
nitqimi yekunlaşdırdım.
Festival boyu digər
ölkələrdən gələn
həmyaşıdlarımızla birlikdə rəsmlər çəkdik, fikir mübadilələri apardıq. Orada mənim rəsmlərim digər rəssamların və TV kanallarının
diqqətini çəkdi.
Tədbirə qatılan yerli
və xarici telekanallara müsahibə verdim. Hətta kanadalı rəssam
məni öz dərslərinə də
dəvət etdi.
Həmin festivalda diplom
və medala layiq görüldüm. Sərgiyə baxmağa gələn əksər amerikalı sənətsevərlər rəsmlərimdə adi detallarla belə maraqlanır və heyran olurdular. Hətta bəzi
amerikalılar rəsmlərimə
baxandan sonra paytaxtımızla daha dərindən maraqlanmağa və ölkəmiz haqqında daha çox məlumat öyrənməyə
çalışırdılar.
Artıq beynəlxalq müsabiqələr
qalibiyəm. Fransa, Belçika, Lüksemburq və Hollandiyadan, Afrikadan
- Nigeriya və Uqandadan şərgilərə qatılmaq
üçün dəvətlər almışam. Amma bir sıra
səbəblər üzündən
iştirak edə
bilməmişəm. Çalışacağam gələcəkdə
beynəlxalq müsabiqələrə
tez-tez qatılım.
Futbolu çox sevirəm
Rəsm
sahəsində olduğu
kimi idmanda da uğurlarım var. Ümumiyyətlə, idmanın
bütün
növlərini çox
sevirəm. Mini-futbol üzrə “Vətən” klubunun tərkibində keçirilən yarışda respublika
çempionu olmuşam.
2015-ci ildə “Barselona”
klubunun Bakıda təşkil etmiş olduğu müvəqqəti
məktəbdə iştirakımı
və ümidverici futbolçu kimi diplomla təltif olunmağımı xüsusilə qeyd etmək istərdim. Belə ki, “Barselona” klubunun müvəqqəti
məktəbinə, təxminən,
100-dən çox yeniyetmənin
cəlb edilməsinə
baxmayaraq, onlardan yalnız çox az bir qisminə belə diplomlar verilmişdir. Ona görə də mənim üçün bu, xüsusilə, qürurvericidir.
Arzum gələcəkdə iqtisadçı olmaqdır
Hazırda yorulmadan öz üzərimdə çalışıram. Arzum gələcəkdə ali
təhsilli iqtisadçı
olmaq, ölkə və dünya iqtisadiyyatının
sirlərinə dərindən
yiyələnməkdir. Təhsilimi
Qərb dövlətlərinin
birində davam
etdirmək də ən böyük arzularımdandır.
MLK-nın tarix müəllimi, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru İlqar Abdullayev öz sevimli şagirdi haqqında deyir: - Hələ aşağı siniflərdə oxuyarkən onun istedadı özünü göstərirdi. Təbiətən çox çalışqan, zəhmətkeş, həmişə özünə qarşı tələbkar olan, əldə edilənlərlə heç vaxt kifayətlənməyən, daim yeni-yeni biliklər əldə etməyə can atan bir şagirddir o. Onun tarix müəllimi kimi qeyd etməliyəm ki, əksər hallarda qədim və orta əsrlərdə baş vermiş bir çox hadisələrin təhlilində, onların müasir dövrdə baş verən müxtəlif hadisələrlə əlaqələndirilməsində Rüfətdən elə cavablar alıram ki, təəccüblənməyə bilmirəm. Rüfətin belə zəhmətkeşliyi və əməksevərliyi tezliklə öz bəhrəsini verdi. O, IX sinifdə buraxılş imtahanı verərkən respublika miqyasında ən yüksək bal toplamış şagird kimi fərqlənmə şəhadətnaməsi ilə təltif edildi. Rüfətin rəsmləri haqqında getdikcə daha geniş dairələrdə danışılırdı. Bu sahədə tanınmış mütəxəssislərin fikrinə görə, Rüfət öz rəsmlərində müasir dövrün bir çox problemləri haqqında yaşına uyğun gəlməyəcək dərəcədə dərin fikir və mülahizələr yürüdür. Əlbəttə, bu işlərdə, yuxarıda qeyd etdiyim kimi, Rüfətin humanitar elmlər, xüsusilə tarix elmi sahəsindəki fundamental bilikləri böyük rol oynayırdı. Təhsil sahəsində 33 illik təcrübəsi olan bir müəllim kimi çox arzu edərdim ki, yeniyetmələrin təki hamısı gələcəkdə belə hərtərəfli inkişaf etmiş, savadlı, hazırlıqlı, ən əsası isə vətənpərvər gənclər olsun.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2018.-
6 iyul.- S.8.